“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Səma Öztürkün “Sənə bənzər” şeiridir. Xoş mütaliələr!
Gözlərin küləyin unutduğu bir çayır,
səssizliyini tək-tək ağaclar duyar.
Əllərin köhnə bir nağıl qəhrəmanı,
çalışmaqdan yorğun,
amma hələ isti, hələ bahar.
Sən yeriyəndə susardı daşlar,
kölgən düşərdi yollar boyunca.
Qapının önündə bir dağ kimi durardın,
bilməzdin, böyüməkdən qorxardım,
çünki böyümək ürəyimi sıxardı.
Qaynayan qazanlarda sözlərin daşardı, ana,
o daşan yerlərdən çiçəklər açılardı.
Sənə bənzərdi zanbaqlar,
sənə bənzərdi hüsniyusiflər
və adını bilmədiyim mavi bir çiçək –
yalnız küləklə danışan.
Gecəni qatlayıb yastığımın altına qoyardın,
üstümə sabahı sərərdin astaca.
Saçlarımda uçan duaların vardı –
külək əssə belə, dağılmayan.
İndi hansı yağış dəysə üzümə,
hansı külək əssə içimdə,
kürəyimdən bir yorğan düşmüş kimi
üşüyürəm, ana.
Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Lətİfə Abbasova



