Avropa və Amerika universitetlərinin son onilliklərdə radikal şəkildə transformasiya yaşadığı və yenidən dəyərləndirildiyi bir faktdır. Artan təhsil haqları, azalan dövlət dəstəyi, onlayn təhsilin yüksəlişi, institusional “ən yaxşı praktikalar” vasitəsilə universitetlərin yenidən yaradılması, “səriştələr”in biznes kültürünün böyüməsi cəmi 30-40 il əvvəlki təhsilin “fil sümüyü qülləsi”nin anaxronist, bahalı olaraq mühakimə edilməsinə yol açdı. Britaniya əksər dövlət institutlarını yarı özəlləşdirərkən (semi-privatizasiya), qalan dövlət maliyyələşdirməsini biliyi “təsir”inə (impact) görə ölçən akademik produktivlik ölçülərinə – metriklərinə tabe edərkən, bu transformasiya ABŞ-də bir az fərqli oldu – daha qeyri-formal renkinq sistemlərinin çoxalması “kraudsorsinq”ə (kraudsorsinq – hər hansı bir problemin həlli, məlumat toplanması və ya bir layihənin həyata keçirilməsi üçün lazım olan işin geniş və qeyri-müəyyən bir insan kütləsinə (adətən, internet vasitəsilə) həvalə edilməsi prosesidir. Yəni “kütlənin zəkasından” və ya resurslarından istifadə edərək bir işi görmək) yönəlir. Təhsil keyfiyyəti ölçüləri “ROİ”yə (return on investment – qoyulan sərmayənin geri dönüşünə) istiqamətlənən metriklər ilə əvəzlənir. Bu metriklər tələbə investorların müəyyən bir ali məktəbdən necə bir işə yerləşdirilməsi və qazancını artıra bilməsinə köklənir. Ali təhsilin dəyərinin fərdi risk və qazanca endirilməsi bir şəxs və ya vətəndaş yetişdirmək qayğılarını aradan qaldırır. Bu, kollec məzunlarından gözlənilən bilik əldəetmə standartları, yolları və pedaqogikanı yenidən formalaşdırmaqla klassik humanist (liberal sənətlər – artes liberales) təhsilindən qalan nə varsa, təməldən sarısıdır. Bu yeni metriklər ali təhsil inqilabını indeksləyir, həm də hərəkətləndirir. Bir vaxtlar intellektual, dərin düşüncəli elitalar ortaya çıxaran, kültürü reproduksiya edən, geniş təhsilli vətəndaşlıq yetişdirən ali təhsil bu gün klassik humanist dəyərləri alt-üst etməklə “insan kapitalı” produksiya edir.
Bilik, düşüncə və təhsil müstəsna şəkildə kapital artırmaya töhfələri perspektivindən dəyərləndirilir və arzulanır. Bu gün əksər peşələr – hüquqdan mühəndisliyə və tibbə kimi – analitik qabiliyyətlər, kommunikasiya bacarıqları, çoxdillilik, bədii yaradıcılıq və icadçılıq bacarığı tələb edir. Bilik yalnız kapital artırmaq məqsədləri üçün əldə edilməyə çalışılır. O, vətəndaş qabiliyyətlərini inkişaf etdirmək, kültürün davamlılığını təmin etmək, dünyanı bilmək və ya daha müxtəlif birgə yaşam formalarını konstruksiya etmək üçün axtarılmır.
İki müharibə arası dövrdən başlayan və 60-cı illərdə zirvəsinə çatan keçən əsr kütlələrə sadəcə savadlılıq deyil, klassik humanist təhsilin vəsflərini də vəd edirdi. O həmçinin bir professoriat, professional sinfin yetişdirilməsi ilə səciyyələnir. Bu əsr incəsənət, ədəbiyyat və elmlərin bir inklüzivi olan geniş kollec təhsilinin orta sinif üzvlüyünün essensial elementi olduğu zaman idi. Liberal sənətlər fəhlələr, qullar və immiqrant nəsillərinin cəmiyyətin əsas səhnəsinə daxil olduğu bir qapı idi. Qərb tarixi, düşüncəsi, ədəbiyyatı, incəsənəti və elmi ilə təməl tanışlıq orta sinfə məxsusluğun ayrılmaz parçası kimi dəyərləndirilirdi.
Bu gün Antik və Orta Əsrlər (mediyeval) çağının məziyyətlərini əks etdirən klassik humanist təhsilin statusu hərtərəfli aşınmaya uğrayır. Çağdaş kültür onu rədd edir, kapital onunla maraqlanmır, neoliberal rasionallıq onu indeksləmir, dövlətlər də artıq ona yatırım etmir. Populyar baxışa görə, liberal sənətlər artıq bir keçmişdir, qoruyucu “fil sümüyü qülləsi” bahalı və arxaik qalıqdır. Universitet özünü bazar vasitəsilə və bazar üçün nə qədər çox yenidən yaradacaqsa, hər kəs daha yaxşı yaşayacaq. XXI əsr işləri üçün tələb olunan bacarıqların özü bazar metrikləri tərəfindən təşkil olunur və universitet həyatı, habelə kontentinin anaxronistik təkəbbürünü əvəzləməyə çalışır. Bu, akademiya içindəkilər və kənardakılar, liberal islahatçılar tərəfindən söylənilən hekayədir. Lakin iş təlimi lehinə geniş və dərin universitet təhsilini kənara atmağın anlamı nələrdir? Tələbələri gələcək insan kapitalına, vətəndaşları manipulyasiya edilə bilən istehlakçılara, ictimaiyyəti ÜDM-ə endirən “ali təhsil”in konsepsiyaları və praktikaları vasitəsilə necə bir dünya inşa ediləcəyi olduqca düşündürücü məsələdir. Hər şeydən öncə təhsildə bu transformasiyanın ümumxalq suverenliyi, klassik vətəndaş idealları baxımından hansı mənanı kəsb edir?
“Sonuncu Professorlar” (The Last Professors) adlı kitabında Frenk Donoqu bu xüsusda olduqca müfəssəl mülahizələr irəli sürür. Ali təhsilin bazar rasionallığı tərəfindən saturasiyası onu sosial və ictimai xeyirdən fərdi gələcəyə şəxsi investisiyaya çevirib. Donoquya görə, bu transformasiyanın anlamı dövlət universitetlərinin missiyası nöqteyi-nəzərindən xüsusilə əhəmiyyətlidir. Bu gün iş təlimi bütün ali təhsil institutları üçün etiraz edilməyən bir mandata çevrilib (5). Bu mandat dövlət universitetlərinin instruksional missiyası və iqtisadiyyatını mənfəət məqsədli kolleclərə yaxınlaşdırıb. Məsələn, tələbələrin ABŞ-də Feniks Universitetinə kultural kapitalı, vətəndaşlıq qabiliyyətləri və ya kollec təhsilinin abstrakt dəyərinə görə deyil, məşğulluq təlimlərinə və vəd etdiyi gələcək gəlirə görə ödəniş etməsi kimi. Ödənişlərin sürətlə artması dərəcə dəyərini və beləliklə də, ali təhsil proyektini gəlir-yaradıcı vədə endirməklə tələbələr və onların valideynləri arasında kollecin instrumental baxışını daha da tətikləyir (1).
Beləliklə, dövlət universitetləri çeşidli tələbə kütlələrinin bazar payı uğrunda özəl universitetlər və kolleclər deyil, daha çox mənfəət məqsədli və Kaplan (2018-ci ildə aktivləri Pördyu Universiteti tərəfindən alındıqdan sonra Pördyu Qlobal – Purdue Global adlandırılır), Feniks Universitetləri kimi, əsasən onlayn təhsil institutları ilə rəqabət aparmaqdadır. Hər iki tip ali təhsil ocaqları gəlir əldə etməkdə yüksək səviyyədə tələbə borclanmasına bel bağlayır. Onların hər ikisi iş və peşə məktəbinə yerləşdirmə dərəcələrini tələbə toplama strategiyalarının əsas məqsədi olaraq müəyyən ediblər.
Dövlət universitetlərinin obrazı və məqsədindəki belə transformasiyalar XX əsrin II yarısında ali təhsilin dəyəri barəsində ABŞ-də iki dominant baxışın aradan qalxdığına dəlalət edir. Bir tərəfdən, biz artıq yuxarıya doğru mobillik və orta-sinif statusunun liberal sənətlər təhsilini tələb etdiyi ideyası ilə idarə olunmuruq. Digər yandan isə ictimai məsələlər və problemlərdə əqli-səlim şəkildə iştirak etmək biliyi və idrakı olan təhsilli publika ideyası da aradan qalxıb. Publika ideyasından tamamilə vaz keçən neoliberal rasionallıq aktiv və təhsilli vətəndaş ideyasını qeyri-koherantlaşdırmaqla subyekti yalnız insan kapitalı kimi tanıyır və interpellasiya edir.
Ali təhsilə yanaşma və dəyərləndirmənin bu total transformasiyası dövlət universitetlərini liberal sənətlərdə bakalavriatura təhsilindən uzaqlaşdırmaqla təhdid edir. Tələbələr ailələri və sosial normalar tərəfindən incəsənət, bəşər elmləri və interpretiv sosial elmlər üzərində biznes, IT, mühəndislik və s. seçməyə sövq edilirlər. Eyni zamanda, universitetlər dərəcə əldə etmək zamanını sıxlaşdırmaqla və təsadüfi akademik işçilər tərəfindən öyrədilən yay və onlayn kurslardan geniş istifadə ilə xərclərə qənaət etməyə çalışırlar. Dərəcə tələbləri və kursları da transformasiyaya məruz qalır, çünki onların fakültə tərəfindən idarəçiliyi tələbələr və korporasiyaların daxil olduğu istehlakçılar və investorları məmnun etməyə yönəlmiş idarəetmə ilə əvəzlənir. İş təlimi və müstəsna şəkildə marketizasiya edilən tədqiqata artan tələb bazar normaları ilə uzlaşmayan və bazar axınlarına əngəl olduğu düşünülən akademik praktikaları marginallaşdırır. Bura akademik azadlıq, fakültə idarəçiliyi, marketizasiya məqsədləri olmayan tədqiqat, refleksiya və insayt qabiliyyətlərini inkişaf etdirməyə yönələn kurslar və tədris daxildir.
Bu transformasiyaların ən ciddi və davamlı təsiri universitet həyatının bürokratikləşməsi, yaxud kommersiallaşması və ya liberal sənətlərin statusunun aşağı düşməsi deyil, ali təhsilin məqsəd, təşkil və kontentindəki bu dönüşün demokratik vətəndaşlıq ənənələrini aradan qaldırmasıdır. Yarım əsrdən çox geniş təhsilli demokratiyaya nail olmaq vasitəsi, sosial mobillik mediumu, fərdi zənginləşdirmə faktoru kimi konstruksiya edilən dövlət ali təhsili sinif trayektoriyalarını pərçimləmək üçün strukturlaşdırılır. O, insan kapitalının dəyərini artırmağa özünü həsr edərkən, ümumxalq suverenliyində iştiraka hazır publika yaratmaq prinsipini tərk edir.
Bu məsələni daha da dərinləşdirmək üçün liberal sənətlər niyə önəmlidir sualını soruşmaq gərəkdir. Liberal sənətlər təhsilinin məqsədi və mənşəyi nə idi? XIV əsrdə müntəzəm istifadəyə daxil olan “artes liberales” termini Raymond Villiamsa görə, aşağı sinfə müvafiq olan bacarıqlar və axtarışlardan fərqli olaraq sosial status təmin edən bilik və qabiliyyətləri müəyyən edir (3). Klassik antik çağda liberal sənətlər (liberus, latınca fərdi azadlıq) azad insanlara müvafiq təhsili ehtiva edir. Başqa sözlə, liberal sənətlər təhsili bu azadlığı icra etmək üçün dünyanı bilmək və onda iştirak perspektivindən azad insanlar üçün zəruri idi. Bu bilik azad insanları indidən daha uzun zaman və daha geniş məkan domeninə yüksəldən, azadlıqdan istifadə biliyi idi. V əsrdə Marsianus Kapella yeddi liberal sənəti, daha dəqiq desək, “Philosophia et septem artes liberales”i müəyyən edir: qrammatika, dialektika, ritorika, həndəsə, cəbr, astronomiya və musiqi. Daha sonralar isə bura, təbiət elmləri ilə birgə tarix, teologiya və təsviri incəsənət də əlavə edildi (4).
Klassik\humanist ali təhsil siyasətinin hədəfi iqtisadi köləlik və ya xalis həyatda qalma deyil, intellektual iştirakçılıq naminə çoxluğa yönəlmək idi. Çünki xalis iqtisadi maraq üzərində nə sağlam fərdi həyat, nə də kollektiv həyat qurula, kultivasiya edilə bilər.
II Dünya müharribəsindən sonra ABŞ-də olduğu qədər heç yerdə bu ideya tam dəstəklənməmiş və institusionallaşmamışdı. Əksər Avropa ölkələri yalnız seçilən azlığı akademik təhsilə, çoxluğu isə spesifik peşə və məşğulluq təliminə göndərən giriş-imtahan sistemlərinə bağlı idi.
Lakin bu gün elə ən çox ABŞ-də dövlət universitetləri barəsində bu şəkildə danışa bilmirik və ya universitetlər artıq özləri barəsində bu formada danışmırlar. Biliyin bazar dəyəri bu gün həm onun hərəkətləndirici məqsədi, həm də ilkin müdafiə xətti olaraq anlaşılır. Hətta bəşər elmləri və interpretiv sosial elmlər peşələrin ehtiyac duyduğu analitik düşüncələri yetişdirmə və ya fərdə daha məmnunedici həyat təmin etmək olaraq nəzərə alındıqda onlar insan kapitalı yetişdirmənin neoliberal anlayışı ilə iç-içə keçir. Bunların heç birisində liberal sənətlər dünyanı təmsiletmə, nəzəriyyələşdirmə, interpretasiya etmə, yaratma və ya mühafizə etmə olaraq təsvir edilmir. Onlar bizi bir-birimizə bağlayan, inkişaf etdirən, və ya yeniləyən olmaqla, bizi təhlükələrə qarşı oyadan, praktikalarımızı, yaxud kollektiv trayektoriyalarımızı həm müəyyən, həm də korreksiya etmək üçün çərçivələr, nəzəriyyələr, alleqoriyalar təmin edən olaraq dərk edilmir. Bu, neoliberallaşmanın nə qədər irəli getdiyinin ölçüsüdür. Bununla biz ədəbiyyatlar, obrazlar, dinlər, tarixlər, miflər, ideyalar, ağıl formaları, qrammatikalar və dillər tərəfindən bir yerə gətirildiyimizin fərqindəliyini itiririk. Əvəzində, bizim texnologiyalar və kapital axınları tərəfindən birləşdirildiyimiz fərz olunur. Bu prezumpsiyanın gerçəkləşməsi insanlığın ən qaranlıq səhifəsinə daxil olacağı anlamına gəlir. Biz çağdaş iqtisadi nəzəri təsəvvürdə “insan kapitalı varlığı”ndan başqa heç nə olmayacağıq.
Liberal sənətlər təhsilinin artıq keçərsiz olduğu yalnız sosial bərabərlik, azadlıq, şüur və xarakterin dünyəvi inkişafının anaxronistləşdiyi və onların digər meyarlar – gəlir axınları, rentabellilik, texnoloji innovasiya və marketizasiya edilə bilən mallar və xidmətlərin təşviqi və inkişafı kimi dar şəkildə konstruksiya edilən cəmiyyətə töhfə ilə əvəz olunduğu dərəcədə doğrudur.
İnkişaf etmiş, azad vətəndaşların dəyərinin kapital təqdiri (insan və ya digəri) dəyəri ilə əvəzləndiyini görmək çətin deyil. Pop-kültür böyük elm adamlarını, ictimai-siyasi xadimləri, sənətkarları deyil, Hollivud və idman ulduzlarını, bəzilərinin kollec və ya universitet “drop-autlar”ı (ali təhsili bitirə bilməyərək onu yarımçıq qoyanlar) olan Eppl, Feysbuk, Netfliks və ya İbey (Ebay) yaradıcılarını mədh edir. “Kimin bir kollec dərəcəsinə ehtiyacı var?” sadəcə Keyn Vest-in ilk CD-sinin deyil, saysız-hesabsız bloqların mövzusudur. O həm də meqazəngin CEO-lar barəsində 2010-cu ilə aid bir Businessweek (2) hekayəsinin manşeti idi. Təhsilsiz və cəfəng “selebriti”ni tərifləməklə yanaşı, populyar və tam nəzarətsiz biznes kültürü ali təhsilin şöhrət, sərvət və hətta icadetmə kimi müəyyən olunan uğura müvafiq olmadığını irəli sürür. Tələbələrə kolleci yarımçıq buraxmaları və biznes təşəbbüslərini reallaşdırmaları üçün 100 min dollar ödəyən milyarder Piter Teyil-in “təqaüd müsabiqəsi” bu nüansı bariz bir şəkildə göstərir.
Kapitalın məqsədlər və ehtiyaclarının universitetə hökm edilməsi ilə paralel olaraq, biznes, dövlət və akademiyanın birləşməsi baş verir. Korporasiyalar tədqiqatlar apararkən və administrativ kampüslər inkişaf etdirərkən, universitetlər maliyyə strukturunda, qiymətləndirmə metriklərində, idarə tərzində, reklam və təşviqində bir şirkətə çevrilir.
Bu iqtisadi və kultural dəyişikliklər və onları dəstəkləyən yeni kollec renking sistemləri, eyni zamanda ali təhsilin qəsvətli çağdaş iqtisadiyyatı kolleclər, universitetlər, xüsusən də, libeal sənətlər təhsili proqramlarını tərk etmək ilə bağlı misligörünməmiş təzyiqlər edir. Digər dəyərlər – təhsilli bir vətəndaş olmaq, habelə informasiya bolluğuna münasibətdə dərin fərqindəliyə sahib olmaq, milli və ümumbəşəri kültürün nemətlərini əxz etmək – tələbə arzusu və tələbi, iqtisadi zərurət və fayda, yaxud da universitetdə xərc səmərəliliyi qarşısında özünü müdafiə edə bilmək gücündən məhrum olur.
Ədəbiyyat və istinadlar:
1. Stefan Collini, “Impact on Humanities: Researchers Must Take a Stand Now or Be Judged and Rewarded as Salesmen,” Times Literary Supplement, November 13, 2009.
2. “Who Needs a Higher Education,” Businessweek, June 1, 2009, http://images.businessweek.com/ss/09/05/0522_no_college_ceos/ index.htm; Denise-Marie Balona, “Who Needs College?: Many Students Skip Higher Education for Jobs, Military,” Orlando Sentinel, June 30, 2010, http:// articles.orlandosentinel.com/2010-06-30/news/os-students-skip-college-062810- 20100630_1_college-trade-school-skipping.
3. Raymond Williams, Keywords: A Vocabulary of Culture and Society, rev. ed. (New York: Oxford University Press, 1985).
4.https://link.springer.com/chapter/10.1007/978-1-4612-3858- 4_16#:~:text=Capella’s%20Marriage%20of%20Philology%20and%20Merc ury%20is,arithmetic%2C%20geometry%2C%20astronomy%2C%20and%20music%20%5Bthe%20quadrium%5D.
5. Donoghue, Frank. The Last Professors, Fordham University Press, 2018



