Hürzət Təhməzli Köşə Yazıları Xəbərlər

Təqvimin dəyişən səhifəsi

Yeni il… Təqvimin dəyişən bir səhifəsindən daha artıq məna daşıyan, insan ruhunda sakit, amma dərin bir tərpəniş yaradan zaman kəsiyidir. Köhnə ilin son günləri yaxınlaşdıqca sanki hər kəs içində görünməz bir sandığı açır: xatirələr, peşmanlıqlar, yarımçıq qalan arzular, susdurulmuş ümidlər bir-bir üzə çıxır. Keçmişdə baş verən pis hadisələrin artıq keçmişdə qalacağına inanmaq istəyir insan. Çünki yeni il yenidən başlamağa verilən səssiz bir fürsətdir.

İnsan yeni ilə həmişə ümidlə baxır. Elə bil zaman özü deyir: “Sən yenidən cəhd edə bilərsən.” Bu il bacarmadıqlarının, yarımçıq qoyduqlarının gələn il mütləq alınacağına inanmaq istəyirsən. Bəzən bu inam sadəcə özünü aldatmaq kimi görünə bilər, amma əslində insanı ayaqda saxlayan da elə bu inamdır. Ümid olmasa, zaman sadəcə ard-arda düzülmüş günlərdən ibarət olar.

Yeni ilin gəlişi ilə hər evdə, hər ürəkdə bir hazırlıq başlayır. Təmizlik təkcə evlərdə deyil, düşüncələrdə də aparılır. İnsanlar köhnə əşyaları atmaqla yanaşı, köhnə inciklikləri, ağır xatirələri də geridə qoymaq istəyir. Kimisi bağışlayır, kimisi susur, kimisi isə sadəcə unudur. Hamısı eyni məqsədə xidmət edir: yeni ilə yüngülləşmiş bir ruhla daxil olmaq.

Hətta hər ölkənin, hər xalqın yeni ilə dair öz inancları, adətləri var. Bəziləri saat on iki olanda masanın altında 12 üzüm yeyir, bəziləri evdəki köhnə əşyaları atır, bəziləri isə masanı dairəvi formada olan qablarla, yeməklərlə süfrəni bəzəyir. Bu adətlər bəzən sadəlövh görünə bilər, amma onların kökündə insanın ümidə sarılmaq ehtiyacı dayanır. İnsan inanmaq istəyir ki, kainat onu eşidir, zaman onun xeyrinə işləyə bilər.

Yeni il eyni zamanda insanın öz-özü ilə verdiyi səssiz sözlərdir. “Bu il daha səbirli olacağam”, “özümə daha çox dəyər verəcəyəm”, “qorxularımla üzləşəcəyəm” – deyə içimizdən keçən cümlələrdir bunlar. Hər il bu sözlər bəzən unudulur, bəzən yarımçıq qalır, amma yenə də hər yeni ildə təzədən doğulur. Çünki insan dəyişmək istəyindən heç vaxt tam əlini üzmür.

Bəlkə də yeni ilin ən gözəl tərəfi onun verdiyi illüziyadır: hər şeyin mümkün olduğu hissi. Həyatın sərt reallıqları bir anlıq kənara çəkilir, yerini işıqlı pəncərələrə, bəzədilmiş küçələrə, gülümsəyən üzlərə verir. Bu qısa zaman kəsiyində insanlar bir-birinə daha yumşaq baxır, daha tez bağışlayır, daha səmimi olur.

Yeni il gəlir və bizə bir daha xatırladır: zaman axır, amma ümid hər dəfə yenidən doğulur. Keçmiş dəyişmir, amma gələcəyə baxış dəyişə bilər. Bəlkə də bütün yeni il adətlərinin, inanclarının, arzularının əsas sirri elə bundadır: insanın öz taleyinə bir az da olsa ümid qatmaq istəyi. Və bəzən elə bu ümid, bir ilin ən böyük möcüzəsinə çevrilir.