Türk dünyası məfhumu Orxon-Yenisey sahillərindən Balkanlara qədər Avrasiyanın geniş bir coğrafiyasında tarixi-mədəni miras üzərində modern mədəniyyətin inşasının təşəbbüsü olaraq ortaya çıxmışdır. Bu təşəbbüs ilk dəfə İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusif Akçura kimi aydınlar tərəfindən irəli sürülmüşdür. Ancaq Türk dünyası modernizmin astanasında müstəmləkə altında qaldığından türklərin birlik fikri gerçəkləşmədən tarixə qovuşmuşdur. Daha doğrusu, bu millətlər dövlət qurarkən çarlıq Rusiyasının müstəmləkə reallığı ilə üzləşməkdə idi. Tək müstəqil dövlət olan Osmanlı isə mövcudluğunu qorumaq üçün mübarizə aparmalı oldu. Ümumiyyətlə isə türk birliyi fikrinin mümkün olması üçün ayrı-ayrı müstəqil və suveren dövlətlərin varlığı zəruridir. Müqayisə üçün Avropa Birliyini götürsək, o, ayrı-ayrılıqda öz ərazilərində suverenliklərini təmin etmiş dövlətlər tərəfindən qurulmuşdur.
Ardınca 70 illik SSRİ hakimiyyəti Türk dünyasının üzərinə dəmir pərdə kimi çökdü. Ancaq əsrin sonunda SSRİ-nin dağılması ilə yeni bir ümid doğmuş oldu. Bu çərçivədə Aralıq dənizindən Çin dənizinə şüarı ilə başlayan siyasət ilk türk refleksi olaraq tarixə keçdi.
Türk dünyasına dair ilk ciddi addım 2009-cu ildə Naxçıvanda imzalanan və Türk Dövlətləri Təşkilatının qurucu sənədi olaraq qəbul edilən Naxçıvan anlaşması ilə atılmış oldu. Naxçıvan sənədi XXI əsrin başlanmasını şərtləndirən 2007–2008 maliyyə böhranından sonra verilmiş bir qərar kimi qəbul edilə bilər. Türk Dövlətləri Təşkilatı isə Qarabağda Azərbaycanın əldə etdiyi tarixi zəfərdən də güc alaraq yeni qurulmaqda olan nizama qarşı üçüncü türk refleksi olaraq qəbul edilə bilər. Bu təşkilatlanma hərbi, siyasi, maliyyə, texnologiya kimi əsas məsələləri özündə ehtiva edib müxtəlif fəaliyyətlərə yön verir. II Qarabağ müharibəsində əldə edilən zəfərdən sonra Şuşada imzalanan “Şuşa” və “Qarabağ” bəyannamələrini də Qaspıralının “Tərcüman”ında ideya təki ortaya çıxan Türk aləminin birliyi kimi dəyərləndirmək olar. Yaxın vaxtda qəbul edilən “Ortaq türk əlifbası” isə bu prosesin növbəti addımı kimi qəbul edilə bilər. Məqaləmizdə bu səpkidə kimlik məsələsindən bəhs etmək istərdik…



