Orxan Vəliyev Təhlil Xəbərlər

Azərbaycan kimliyinin konsepsiyası: yenən və yenilənən milli kimlik

Giriş

Prezident İlham Əliyevin çıxışları, adətən, elm adamları üçün son dərəcə faydalı olur. Belə ki, Prezident 2025-ci il ərzindəki müsahibələrində və 2026-cı ilin yanvar ayında ötən ilin dəyərləndirməsinə əsasən verdiyi geniş müsahibədə kimlik məsələsi ilə bağlı dövlətin mövqeyini ictimaiyyətin nəzərinə çatdırdı. Prezidentin çıxışı ərazi bütövlüyünü tamamlamış dövlət adından edildiyindən daxili və xarici auditoriyada böyük diqqət və maraqla izləndi.

Etiraf etmək lazımdır ki, müasir dünyada uğurlu millət inşası və davamlılığı üçün dövlət varlığı zəruri şərtdir. Prezidentin lazımi məqamda (Zəfərdən sonra) kimliklə bağlı (ana dili, tarix, Türk dünyası və s.) açıqlamalarına bu çərçivədə baxmaq lazımdır. Xatırlatmaq yerinə düşər ki, Heydər Əliyevin də kimliklə bağlı açıqlamaları, xüsusilə ana dili ilə bağlı cəsur və qərarlı mövqeyi ölkədə ana dilinə dair təqdirəlayiq addımların atılmasına xidmət etmişdir. Daha doğrusu, sovet dövründə rus dili tərəfindən sıxışdırılan Azərbaycan dilinin və ana dilində oxuyub yazanların sosial status qazanmalarını asanlaşdırmışdır. Bu çərçivədə Hegelin “Afrikanın tarixi yoxdur” əsaslandırması da anlaşılandır. Daha doğrusu, arxasında bir dövlət olmayan “Madaqaskar” millətinin bir tarix yazması mümkün görünmür. Qeyd edildiyi kimi, tarixi qaliblər yazır. Belə olan halda ərazi bütövlüyün təmin edən zəfərin Azərbaycan kimliyinin yetkinliyi və davamlılığı üçün əhəmiyyəti anlaşılır.

İlham Əliyevin müsahibədə kimliklə bağlı fikirləri belə idi:

“Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər. Müstəqillik dövründə bu sahədə gördüyümüz işlər həmin müsbət tendensiyaları gücləndirməkdən ibarət olub. Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq. Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə məzhəblərə ayrılmaqdır”[1].

Qısası, suverenliyi (territorial integrity) təmin edən zəfər və müvafiq olaraq siyasi dəyərləndirmənin olduğu şəraitdə milli kimliyə dair akademik, nəzəri dəyərləndirmə də qaçılmazdır. Kimliyə dair yeni dəyərləndirmə müstəmləkə izləri ilə hesablaşmağı özündə ehtiva edəcəkdir.

Məqalədə milli kimlik dil, tarix, coğrafiya və din-dünyəvilik, türkçülükük-azərbaycançılıq çərçivəsində təhlil edilmişdir. Bir məsələ vurğulanmalıdır ki, bu məqalədə artıq “Biz kimik?” sualından daha çox, ərazi bütövlüyünü təmin etmiş millətin kimliyinin yenidən təhlili nəzərdə tutulmuşdur. Sonda isə kimlik və xarici siyasət üçün milli inteqrativ siyasəti təklif edilmişdir.

Tarixi və nəzəri perspektiv

Milli kimlik inşası, əsasən, dövlət dəstəyi ilə cərəyan etmişdir. Bu proses isə özündə texnoloji inkişafı, rabitə imkanlarını, logistika, istehsal sistemlərindəki dəyişikliyi, yeni və müxtəlif siyasi təşkilatları ehtiva edən modernləşmə ilə mümkün olmuşdur. Yeni modernləşmə dövlət və insan (vətəndaş) münasibətlərini yenidən tənzim edəcək qanuni, institusional və məkan dəyişikliklərini də gətirmişdir[2]. Etimoloji olaraq latın dilinin qədimliyində özünə yer tapan millət anlayışının birbaşa nizamın mühafizə edilməsi üçün istifadəsi ancaq modern dövrdə mümkün olmuşdur.

Bununla belə, millətin “mərkəzi prinsip” olduğu siyasi təşkilatlanma (milli-dövlət) müxtəlif formalarda gerçəkləşmişdir. Belə ki, müstəmləkə altındakı xalqların millət inşa prosesi, əsasən, dövlətsiz formada cərəyan etmişdir. Modernləşmə prosesini çarizmin müstəmləkəsi altında təcrübə edən Azərbaycanda[3] da bu proses müstəqil dövlətçilik institutu olmadan gerçəkləşmişdir. Daha doğrusu, modernləşmə “uçitel”, “şkol” anlayışları çərçivəsində gerçəkləşmiş; dövlətlə qanuni, institusional münasibətlər də çar Rusiyasının siyasəti çərçivəsində əks olunmuşdur. Belə olan halda Azərbaycan modernləşməsi texnoloji inkişaf və s. yeniliklərdən daha çox, Mirzə Fətəli Axundzadə kimi çarizm üçün çalışan ilkin modernistlərin nəzəri maariflənmə təşəbbüsləri ilə məhdud qalmışdır. Modernizasiya prosesi yeni nizamın qurulması və davamlılığı üçün milli kimliyi zəruri etmişdir. Ancaq Azərbaycan kimi müstəmləkə altında yaşayan xalqlar üçün milli kimlik inşası fərqli konteksdə gerçəkləşmişdir. Hər şeydən əvvəl milli kimliyi zəruri edəcək dövlət əskikliyi siyasi mahiyyətin formalaşmasını gecikdirmişdir. Məlum olduğu kimi, modern dövr insana məkan konteksində fərdi və kollektiv öz müqəddəratını təyin haqqı/imkanı vermişdir. Beləliklə, Azərbaycan kimliyinin Osmanlı və çar Rusiya millətçiliyinin, yaxud modernizasiyanın içindən çıxaraq muxtar şəkildə formalaşdığını demək olar (Bax: Şəkil 1). Nəticədə, Azərbaycan modern dünyanın mərkəzləri ilə çar Rusiyası və Osmanlı vasitəsilə əlaqə qura bilmişdir. Ancaq Qarabağda əldə edilən hərbi-siyasi zəfərlə Azərbaycan çağdaş dünya ilə vasitəsiz əlaqə qurmaq imkan və qabiliyyətini qazanmışdır (Bax: Şəkil 2). Belə ki, müstəqil və ərazi bütövlüyünü tamamlamış Azərbaycan artıq regionu aşaraq ABŞ başda olmaqla modern dünyanın iqtisadi və siyasi mərkəzləri ilə birbaşa əməkdaşlıq edə bilməkdədir (1-ci və 2-ci şəklə bax). Halbuki Cümhuriyyətin de-yure tanınması üçün Parisə gedən nümayəndə heyəti İstanbul vasitəsilə Parisə yollanmışdılar.


Şəkil 1:
Periferiyanın periferiyası
Mənbə: O.Valiyev. Azerbaycan Milliyetçiliği, 2-ci nəşr. Ankara: Nobel Akademik. 2023. s. 181.

Şəkil 2: Reqional Güc
Mənbə: Dadashli, R. & O. Valiyev. “Debating on Transport Corridors of Azerbaijan in the Context of Globalization”, Cild 6, sayı 1, 1–20, 2024. s. 5.

Dil

Dil milli kimliyin kanonik bir aidiyyətə çevrilməsində strateji elementdir. Belə ki, milli şüurun formalaşması üçün millətin üzvlərinin eyni dildə təhsil alması, hərbi xidməti eyni dildə keçməsi və s. zəruridir. Qısası, dil vətəndaşlar arasında ortaq qənaətin formalaşdırılması üçün ilkin alət rolunu oynayır. Modern dövrdə bazarın (kapitalizm) da tələbi daxil olmaqla şərtlər insan qrupuna dair yeni bir yanaşmanı tələb edirdi. İnsanın (millət) siyasi təşkilatlanmanın mərkəzi prinsipi olduğu şəraitdə millət anlayışına yeni yanaşma zəruri idi. Belə olan halda millətşünaslığın klassiklərindən Benedikt Andersonun ifadə etdiyi kimi, Orta əsr insanını “birləşdirən” müqəddəs dillərin standart, yaxud milli dillərlə əvəzlənməsi zərurəti yaranmışdır[4]. Bununla bərabər tarixi təcrübə onu göstərir ki, müstəmləkə altındakı mübarizə nəticəsində müstəqillik qazanan millətlərdə ana dilin mənimsənilməsi uzun illər tələb edir.

Millətləşmə dövrünün intellektualları və ya ideoloqları milli fərqliliklərini ilkin olaraq dil vasitəsilə kəşf etdilər. Lakin uzun müddətli müstəmləkə varlığı ana dili məsələsində hədəflənən məqsədə nail olmağa mane oldu.

Ana dili məsələsi Axundovdan üzübəri qaysaq bağlamayan bir yara kimi mütəmadi olaraq cəmiyyətin gündəmini məşğul edir. “Kəşkül”, “Həyat”, “Füyuzat” və “Açıq söz” kimi milli şüurun formalaşmasına xidmət etmiş mətbu orqanların sütunlarında ana dili ilə bağlı müxtəlif dəyərləndirmə və yanaşmalar ortaya qoyuldu. Lakin ana dili ilə bağlı ən uğurlu addım 1918, 1991 və 2020-ci illərdən sonra atıla bildi. Bu tarixlərin oxşar xüsusiyyəti müstəqil və sonuncusu tam təşəküllü suveren dövlətdir. Çünki arxasında dövlət olmayan bir fəaliyyətin müvəffəq olması müşkül məsələdir. Lakin Zəfərdən sonra prezidentin şəxsində, dövlətin ana dilinə olan münasibətində daha cəsur və qərarlı addımların atıldığı müşahidə edilməyə başlandı. Belə ki, prezidentin ana dili ilə bağlı iki çıxışına diqqət yetirdikdə dövlətin postmünaqişə dövründə bir sıra məsələlərə olduğu kimi ana dili məsələsinə də Azərbaycan dövlətinin sərhədlərindən kənarda yaşayan soydaşları da ehtiva edən makro siyasətə sahib olduğu aydın olur. Lakin makro siyasət Azərbaycan coğrafiyasının fiziki olaraq böyüdülməsindən daha çox Azərbaycandan kənarda yaşayan soydaşların ana vətəni, kimliyi, dili, kültürü ilə tanışlığını nəzərdə tutur. Bu məqsədlə xaricdə yaşayan yeni nəsil gənclərə ana dilin öyrədilməsinə də başlanmışdır.

Birinci sitat:

“Artıq bu topraqlarda, bu səmada bu torpaq üçün bu səma üçün yad dildə nə mahnı eşidiləcək, nə başqa bir bəyənat səslənəcək. Bundan sonra bu diyara Azərbaycan dili hakim olacaq, necə ki tarixdə belə olub. Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax budur reallıq”[5].

“İlk növbədə, dil insanları birləşdirir, əhalini birləşdirir. Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də, birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə”[6].

Nəticə etibarı ilə post-münaqişə dövründə Azərbaycan dilinin statusunun artırılması strateji bir məsələdir. Bu məqsədlə digər dillərdəki məktəblərdə ana dili saatlarının artırılması ilə yanaşı tarix dərslərinin ana dildə tədrisinə qərar verilmişdir. Qaldı ki milli şüurun əsas daşıyıcıları olan gənclərə, zəfər tarixi başda olmaqla tarixin başqa bir dildə tədris edilməsi doğru olmazdı.

Tarix

Aristotel “Metafizika”da hər insanın bilmək, yəni bilik (episteme) əldə etmək potensialına yaxud iştəhasına sahib olduğunu yazır. Bu insanın bilmək iştahasına olan maraq və istəyini göstərir. Buna müvafiq olaraq tədqiqatçılar insanın bilmək aktını fəlsəfə və tarix çərçivəsində müəyyən etmişlərdir[7]. Bu yazının mövzusuna uyğun olan tarix olduğundan fəlsəfə və bilik mövzusunu burada dayandırıb tarixlə davam edəcəyəm. Ancaq həm fəlsəfi, həm də tarixi qavrayış dövlət nizamına ehtiyac duymaqdadır. Lakin həqiqətin axtarışı ilə məşğul olan fəlsəfədən fərqli olaraq, tarix çərçivəsində olan bilmək aktı ortaq, qrup, kollektiv kimliyin formalaşmasına və davamlılığına töhfə verməkdədir. Məsələn, bir filosof üçün Çaldıran döyüşündə şahın qılıncı ilə sultanın toplarının zəncirini sındırıb-sındırmadığı fikri nəinki maraqlı, hətta yersiz görünə bilər. Bundan fərqli olaraq, insan şüurunun kollektivlik ətrafında formalaşdırılması üçün şahın qılıncı ilə topların zəncirini bir səfərdə ikiyə böldüyünə dair tezisi insan şüuruna işləyə bilər. Beləliklə, tarixşünaslıq insanın içində yaşadığı siyasi quruluşa aidiyyətinin, bağlılığının formalaşmasına xidmət etmiş olar. Misal üçün, Fərman Kərimzadənin və Əzizə Cəfərzadənin yazdığı tarixi romanlar məhz milli şüurun formalaşmasına xidmət etmişdir. Qısası, müvəffəqiyyətli milli kimlik tarixə dair qavrayışı tələb edəcəkdir. Siyasət institutu tarix vasitəsilə kimliyin özünəməxsus hekayəsini formalaşdıra bilər.

Alman fəlsəfəsinin ziddiyyətli filosoflarından Fridrix Nitsşe insanın və xalqların həyatda qalmaq üçün keçmişin biliyini ehtiva edən tarixə ehtiyac duyduqlarını yazır. Əlavə olaraq, Nitsşe tarixə ancaq güclülərin tab gətirə biləcəyini də yazır[8]. Bu çərçivədən baxıldıqda zəngin dövlətçilik mirası olan Azərbaycan əldə etdiyi hərbi-siyasi zəfər sayəsində keçmiş və indiki zamana dair tarixi qavrayışı (tarixşünaslıq) formalaşdıra bilər. Bu özündə müstəmləkənin tarix anlayışı ilə hesablaşmağı da tələb edəcəkdir. Əks halda, eyni anda bir neçə tarixi rol oynamalı olacaqdır ki, bu da öz növbəsində kimlik böhranına səbəb ola bilər.

Modern dövlət müəyyən coğrafiyada hüdudlarını müəyyənləşdirərək suveren və legitim bir güc kimi ortaya çıxmışdır. Bu prinsipdən yola çıxanda müasir dövr Azərbaycanında əvvəlcə xanlıqların, ardınca isə çarizmin müstəmləkəsinin suverenlik və legitimlik qarşısında əngəl olduğu aydın olur. Sovet dövrü çar Rusiyası ilə müqayisədə müəyyən muxtariyyətə sahib olsa da, SRRİ-nın (Qırmızı Ordu) məhz Cümhuriyyəti işğal etdiyini də unutmamaq lazımdır. Qısası, müasir Azərbaycanın siyasi tarixində 1918, 1991, 2020 və 2023-cü illər məhz müstəqil milli tarixi formalaşdıracaq milli-dövlət quruculuğunu, tam təşəkküllü suverenliyi assosiasiya etməkdədir.

Əlbəttə, Cümhuriyyət modern dünyanın bəxş etdiyi öz müqəddəratını təyinetmə haqqının təcəssümü olmuşdur. Lakin Cümhuriyyətin “İstiqlal Bəyənnaməsi”ndə qarşıya qoyulan hədəfləri tam mənası ilə reallaşdırmış konstitusion siyasi təşkilatlanma olmaq imkan və qabiliyyətinə sahib ola bilməmişdir[9]. Yəni Cümhuriyyətin siyasəti öz tarixini yazma imkanı tapa bilmədi. Azərbaycanda siyasət və tarixin institusional əməkdaşlığı xüsusən Sovet dövründə formalaşdırıldı. Ona görə XXI əsrin Azərbaycanı bu reallığı nəzərə alaraq milli siyasət və tarix anlayışını nəzərdən keçirsə, daha məqbul bir nəticə hasil ola bilər. Məlum olduğu kimi, “siyasət mümkün olana dair qərar vermə sənətidir”.

Modern dünyanın siyasi inşası institutların dini doktrinal əsasının dünyəviləşməsi ilə başlamışdır. Siyasi dəyişiklik üçün Kral VIII Henrinin Papanın qadağasını çeynəməsi və dini doktrinanın hakimiyyətində təkid edən Tomas Moru edam etdirməsi Fransada inqilabçıların köhnə rejimi gilyotinə layiq görməsi kimi inqilablarla mümkün olmuşdur. Bu inqilablar bəzən Rusiyada olduğu kimi, köhnə siyasi elitanın edamı ilə də nəticələnmişdir. İngilis siyasəti modern tarix anlayışını ilk millət kimi; fransızlar Böyük Millət (La Grande Nation);[10] kimi inşa etdilər. Azərbaycan isə modern tarix anlayışını “Gülüstani-İrəm”də müstəmləkə sifarişi əsasında zəfərdən məhrum bir şəkildə çarın sifarişi əsasında yazmışdır. Bu çərçivədə ərazi bütövlüyünün tamamlanasına xidmət edən Qarabağ zəfərinin mahiyyəti daha yaxşı anlaşılır.

Axundzadənin tarix anlayışı isə daha çox islami keçmişlə mübarizə ilə formalaşmış və cəmiyyət (millət) formalaşdırmaq iqtidarında olmamışdır. Modern dünyaya xanlıqların parçalanmışlığı və müstəmləkə altında başlayan Azərbaycanın (qısa müddət olduğu üçün Cümhuriyyət dönəmini nəzərə almasaq) yetkin və ilkin zəfəri ancaq iki əsr sonra Şuşada mümkün olmuşdur.

XIX əsrin sonlarından etibarən müstəmləkənin müasir təhsil sistemi içində yetişən yeni aydınlar tarixə dair müasir yanaşmaları ortaya qoymağa başladılar. Ancaq müstəmləkə altında olan bir xalqın aydınlarının çar Rusiyası və Osmanlıdan təsirlənəcəyi aydın idi. Yəni Azərbaycan aydınlarının modern dünyanın prinsiplərini Sankt-Peterburq və İstanbul (Şəkil 1) üzərindən əldə etməyini danmamaq lazımdır. Bu iki imperiya şəhəri Azərbaycan aydınlarının modern dünyadakı dəyişiklik və yeniliklərlə tanış etmişdir. Belə demək mümkündürsə, Nəriman Nərimanov rus dili, Əli bəy Hüseynzadə Osmanlı türkcəsi ilə modern dünyanı tanımışdır. Buradan yola çıxacaq və hər iki ölkənin təsirini inkar etməyən Məhəmmdə Əmin Rəsulzadə modern Azərbaycan fikrini (davasını) türklüyün zənginliyi içində özünəməxsusluğu mühafizə edərək azərbaycançılıq konteksində yaradanlardan olmuşdur.

Azərbaycanın müasir siyasi tarixininin şərti olaraq “Gülüstan” və “Türkmənçay”dan başladığını qəbul etsək, siyasətin (dövlətin) müstəqil tarix yazdırmaq imkan və qabiliyyətinin iki əsr sonra Şuşanın azad edilməsi ilə mümkün olduğunu demək daha doğru olacaq. Bu səbəblə Azərbaycanda siyasət və tarix ətrafındakı müzakirə və mübahisələri anlamaq mümkündür. Keçmişin siyasət, cəmiyyətin tələbat və sifariş əsasında təkrardan yazılması məsələsi gündəlikdədir. Belə demək mümkündürsə, Azərbaycan Sankt-Peterburq (çarlıq) və Moskvanın (SSRİ) sifarişi əsasında yazılmış tarixi yenidən nəzərdən keçirdib yazmaq imkanına və qabiliyyətinə malikdir. Ancaq unutmamaq lazımdır ki, bu müstəqil siyasətin sifarişi əsasında yazılacaq tarix ideallardakı deyil, reallıqda mümkün olana dair olacaqdır.

Coğrafiya

Ernest Renan millətin varlığına dair klassik bir mətn olaraq qəbul edilən “Millət nədir?” (1882) [əslində, bir mühazirə mətnidir] məqaləsində millət inşasında coğrafiyanın rolunu qəbul etməyib. İrq, tarix, din və s. ünsürlərin millət yaratmayacağını əsaslandıran Renan torpağın (coğrafiya) da millət inşasındakı rolunu qəbul etməmişdir.[11] Lakin müasir siyasi fəlsəfənin qurucu mətnlərindən millətə söykənən milli-dövlət nizamının məkanla birbaşa bağlı olduğunu bilirik. Beləliklə, millətə dair komponentlər arasında coğrafiyanın (məkan) ələ alınması zəruridir. Digər tərəfdən millətşünaslığın klassik müəlliflərindən Antoni Smit “Millətlərin etnik kökü” (1986) əsərini aşağıdakı iki sualla başlayır:

  • Nə üçün insanlar canlarını ölkələri [coğrafiya-vətən] üçün fəda edirlər?
  • Nə üçün özlərini milli kimliklə bu qədər güclü şəkildə ifadə edirlər?[12]

Smitin suallarından da anlaşılır ki, müasir dövrdə coğrafiya müəyyən bir milli kimliyin parçası olduğu təqdirdə əhəmiyyət kəsb edir. Çünki Rəsulzadənin “Azərbaycan” qəzetindəki silsilə yazılarının birində vurğuladığı kimi yeni nizamın əsası milliyyət əsasında formalaşdırılmışdır[13]. Coğrafiya tarixlə bərabər milli nizamın formalaşdırılması üçün köməkçi ünsürlərdir. Beləliklə, modern dünya insanın məkana (coğrafiya) dair bilik sahibi olmaq imkan və qabiliyyətini təşviq etmişdir. Nəticə etibarilə feodal boyunduruqdan xilas olan insan məkana (coğrafiya), hakimiyyətinə (suverenlik) əsaslanacaq modern nizamı qurmuşdur. Coğrafiya milli kimlik kontekstində nəzərdən keçirildiyindən məkana dair siyasi dəyərləndirmə əsas götürüləcəkdir.

Azərbaycan coğrafiyasına dair tarixdə ilk yazılı əsərin X əsrdə Əbül-Heyca ər-Rəvvadi tərəfindən qələmə alınan “Azərbaycan tarixi” (Tarixi-Azərbaycan) olduğunu bilirik [14]. Ancaq coğrafiya bu məqalədə modern milli kimlik çərçivəsində nəzərdən keçirilir. Belə olan halda coğrafiyanın siyasiləşməsində (vətənləşmə) ədəbiyyatın (roman və şeir) rolu modern dövrün əsas instrumentləri olmuşdur. Məlum olduğu kimi, millətşünaslığın müəlliflərindən Benedikt Anderson məşhur “Xəyali icmalar” əsərində millətlərin nizamının qurulmasında çap kapitalizmi çərçivəsində konsepsiyalaşdırdığı qəzet və ədəbiyyatın (roman) rolunu xüsusi vurğulamışdır[15]. Ədəbiyyat (roman) məkanın (coğrafiya) vətənləşməsində (siyasiləşmə – milli-dövlət inşası) həlledici rolu olan milli şüurun formalaşmasına xidmət etmişdir.

Azərbaycan milli şüurunu formalaşdıran ədəbi izlərin axtarışında düşdükdə nəsrdən daha çox, şeirin (nəzm) üstünlük təşkil etdiyi aydın olur. Siyasi tarix şeirin məkanda dövlət nizamı qurmaq üçün əsas instrument olmadığını göstərmişdir. Hər nə qədər Orta əsr Şərq saraylarında şeirə xüsusi əhəmiyyət verilmiş olsa da, nəsr daha həlledici olmuşdur. Bununla belə Azərbaycan şeirində məkana dair şeirlərin üstünlük təşkil etdiyi də məlumdur.

Azərbaycana dair əsas şeirlər Sovet dövründə yazılmış olsa da, sürgün və mühacirət həyatı yaşamış Almas İldırım və Cənubi Azərbaycan ədəbiyyatını təmsil edən Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan” şeirləri kəskinliyi ilə fərqlənir. Belə ki, Şəhriyar “Azərbaycan” şeirində coğrafiyanın (vətən) parçalanmasına dair nisgilini belə ifadə edir:

I

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.

II

Övladların nə vaxtadək tərki-vətən olacaqdır
Əl-ələ ver, üsyan eylə, oyan, oyan Azərbaycan!
Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

Bu misralarda coğrafi parçalanmışlıq, vətənin ikiyə bölünməsi açıq şəkildə müşahidə edilir. İkinci misal isə Məmməd Arazdan verilə bilər. Belə ki, Məmməd Arazın müstəqillikdən sonra yazdığı “Ayağa dur, Azərbaycan!” şeirində Azərbaycan coğrafiyasının millətləşməsi, vətənləşməsinə dair daha açıq mövqe görə bilirik. Daha doğrusu şeirin coğrafiya əsasında qurulmuşdur. Şair yazır:

I

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

II

Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Enməzliyə qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!

III

Səninləyəm,
Sözü qəmli, özü dəmli rəhbər adam!
1918-də vuruşurdu,
Danışmırdı rəncbər atan, rəncbər atam!

IV

Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,

V

Oyat bizi, ey yaradan, səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa dur, Azərbaycan, Səninləyəm!

Milli hərəkat sonrasında bərpa edilən müstəqillikdən sonra şair coğrafiya (Azərbaycan) metaforu ilə milləti oyanıb Vətənə sahib çıxmağa səsləyir. 70 ildən sonra müstəqilliyin bərpasının yaratdığı coşqu və erməni işğalı düşünüldükdə şairin misralarındakı kəskinlik anlaşılır.

Digər tərəfdən coğrafiyanın siyasiləşməsinə dair romanlara da baxmaq lazımdır. Bununla belə, ədəbiyyatın nəsr hissəsində coğrafiyanı işləyən ciddi bir romançılıq ənənəsinin olmadığını demək mümkündür.

Şeirlə müqayisədə romançılıq (nəsr) həm zəif olmuş, həm də mövcud romanlarda coğrafiyanın işlənməsinə nadir hallarda təsadüf edilmişdir. Beləliklə, şeirin üstünlüyü özünü göstərmişdir. Bu məqsədlə Aqşin Yeniseyin son dövrlərdə yazılmış və müstəmləkənin coğrafiyada buraxdığı izlərin dekonstruksiyası sayılan “Tarix və Tale”[10] romanına istinad etməklə kifayətlənəcəyəm. Belə ki, yazıçı romanda ata obrazının Azərbaycanda (coğrafiya) hələ də Rusiya (müstəmləkə) vaxtı ilə yaşadığını və onun otağında (coğrafiya) keçmiş zamanın (müstəmləkə izləri) hələ başa çatmadığı anlayışı ilə məkanda öz zamanının (hakimiyyət) formalaşmasına maneə olan müstəmləkəçiliyi dekonstruksiya edir.

Bununla belə, millət və dövlət inşası tarixinə nəzər yetirdikdə məkandan (coğrafiya) milli vətənin (Azərbaycan) yaradılmasına dair ciddi təşəbbüsün olduğunu demək olar. Bunun üçün sadəcə Azərbaycan qəzetinin arxivinə təmas etmək kifayət edəcəkdir. Rəsulzadə “Azərbaycanın paytaxtı” silsilə yazılarının birincisində Bakını “Azərbaycanın paytaxtı” kimi tərif edir. Rəsulzadə yazıda müasir Azərbaycanı izlərini tarixə də söykəyərək Bakı mərkəzli olmaq surətiylə inşa edir[16]. Bununlə belə dövlətin (cümhuriyyət) məkana hakimiyyətinin (suverenlik – ərazi bütövlüyü) tamamlanmamış qalması və de-fakto dövlətin tanınmamaması (de-yure) coğrafiyanın vətənləşməsini yarımçıq saxladı. Buna görə də Cümhuriyyət və qurucularına qarşı cəmiyyətdə özünəməxsus bir yanaşma, sahiblənmə var. Cümhuriyyət və qurucuları xüsusi bir toxunulmazlığa sahibdir.

Coğrafiyaya dair istinad edilən şeirlər və romanlar onu göstərir ki, siyasətin də tələbi olan coğrafi əsaslı vətənləşdirmə mənimsənmişdir. Əlbəttə, şeir və romanlarda türk kültürünün izlərini müşahidə etmək mümkündür. Ancaq son təhlildə şeirin adı coğrafiya əsasında (Azərbaycan) müəyyən edilirsə, vətənləşmənin, kimlik inşasının coğrafi əsaslı davam etdirildiyini demək mümkündür.

Qarabağda əldə edilən Zəfər Azərbaycan coğrafiyasının vətənləşməsinə əskikliyi ortadan qaldırmışdır. Beləliklə, həm ərazi bütövlüyü tamamlanmış, həm də vətənə sahib çıxacaq tam təşəkküllü dövlət institutu vücuda gəlmişdir.

Din və dünyəvilik

Modern dövlət dünyəvilik prinsipi çərçivəsində formalaşdırılmışdır. Bu səbəbdən ictimai müqavilə olaraq qəbul edilən və dövlət-cəmiyyət (vətəndaş) arasındakı münasibətləri tənzimləyən konstitusiyalarda bu öz əksini tapmışdır. Azərbaycan konstitusiyasında da dövlət təsvir olunarkən dünyəvilik öz yerini almışdır.

Din milli kimliyimizin bir parçası olmaqla bərabər, xüsusilə cəmiyyətin əksər hissəsinin inancı olan İslam dininin siyasət institutuna və cəmiyyətə birbaşa təsiri Türkiyə və İranla müqayisədə daha zəif olmuşdur. Bu faktoloji durumun sosial-tarixi səbəbləri var. Belə ki, qismən Osmanlı və əsasən, Səfəvi hakimiyyətində olan (şimali) Azərbaycanda hər iki imperiya hakimiyyətində dinə dair geniş institusional (yazılı – mədrəsə) ənənənin formalaşdığı müşahidə edilmir. Çünki indiki Azərbaycan dövlətinin formalaşdığı coğrafiya hər iki imperiyanın nəzdində “ucqar” [frontier] rolunu icra etmişdir[17]. Müqayisə üçün, Səfəvi dövlətinin dini gücü Cənubi Azərbaycanda (Ərdəbil, Təbriz və s.), Osmanlının dini ənənəsi isə Anadoluda (Konya, Bursa və s.) formalaşmışdır. Beləliklə, Azərbaycanda sekulyar cəmiyyətin formalaşdırılması qonşu iki ölkə ilə müqayisədə daha rahat olmuşdur. Osmanlı və Səfəvi mirası da institusional olaraq Türkiyə və İran tərəfindən sahiblənilmişdir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibədə bu məsələyə xüsisi diqqət ayırması da diqqətdən qaçırılmamalı nüansdır. Hökumətlər ətrafında iqtisadi, mədəni hakimiyyət quracağı siyasi diskursu mənimsəmək istəyərlər. Belə olan halda Azərbaycan dövləti və hökuməti üçün siyasətin dini mahiyyət daşıması və siyasi faəliyyətin bir sıra müsəlman ölkələrində olduğu kimi dini sektalar, qruplar, camaatlar tərəfindən yönləndirilməsi prioritet olmadığı aydın olur. Çünki bu vəziyyət Azərbaycan dövlətinin mahiyyəti ilə ziddiyyət təşkil etməkdədir. Azərbaycan hökumətinin, dövlət qurumlarının dinə, dini qurumlara, camaatlara dair multikultural[18] siyasəti bilinməkdədir. Bununla bərabər, dinin siyasət institutuna dair yeni təsirləri nəzərə alındıqda Azərbaycan dövlətinin dinə dair özünəməxsusluğunu mühafizə edəcək şəkildə strategiyasının olması da zərurətdir.

Bununla belə, Azərbaycan dövləti dinə dair öz siyasətini formalaşdırmağa davam edir. Belə ki, işğaldan azad olunan Şuşada ilk addımlardan birisi məhz Gövhər Ağa məscidinin təmirinə dair olmuşdur. Gövhər Ağa məscidi başda olmaqla, dini məbədlərin təmir olunması, Şuşada ənənəvi memarlıq izlərini də ehtiva edəcək çağdaş üslubda məscidin inşası, Bakıda dini azlıqlara mədəblərin açılmasına verilən siyasi dəstək siyasətin dinə və dindarlara biganə qalmadığını göstərir. Beləliklə, din Azərbaycan kimliyinin parçası olmaqla bərabər, siyasi və hüquqi qərar vermək imkan və qabiliyyətinə sahib deyildir.

Digər məsələ isə din anlayışının inkar olunduğu 70 illik sovet dövrüdür. Beləliklə, modern Azərbaycan cəmiyyətinin, kimliyinin formalaşmasında dinin rolunun yuxarıda sadalanan iki səbəbdən ötrü zəif olduğu aydın olur.

Bununla bərabər, zəfərdən sonra müəyyən yenilənməni də tələb edən kimlik inşası, siyasəti dinə dair yeni yanaşmanı zəruri edir.

Türkçülük, azərbaycançılıq

Hər şeydən əvvəl Azərbaycan milli kimliyi özündə türklüyü (ethnie) inkar etmir. Daha doğrusu, türklüyün ehtivası özünəməxsus və sağlam milli kimliyin inşasının əsas şərtlərindəndir. Uzağa getmədən elə “Dədə Qorqud” dastanının adına istinad vermək kifayətdir. Belə ki, Azərbaycan kimliyinin birləşdirici iki ünsürü dil və tarixə, kültürü də əlavə etmək olar. Tarixi perspektivdə baxıldıqda isə Azərbaycan kimliyinin ortaya çıxışı məhz türklük yaxud türkçülük vasitəsilə formalaşdığı aydın olur. Bu azərbaycanlılara parçalanmağa üz tutan çar kimliyi daxilində özünəməxsusluq qazandırmışdır. Lakin Azərbaycan kimliyini var edəcək dövlət 1918-ci ildə yaradılmasına baxmayaraq, kimliyin institusional inşası Sovet dövründə gerçəkləşmişdir[19]. Bununla belə, Cümhuriyyətin milli kimlik siyasətinin əssası, siyasi-hüquqi bazası azərbaycançılıq çərçivəsində formalaşdırılmışdır. Bu, müəyyən bir məkan (vətən, ölkə) çərçivəsində formalaşan Azərbaycan milli kimliyinə özünəməxsusluq (varlıq) təmin etmişdir.

Müstəqilliyin bərpasından sonrakı dövrü isə işğal faktoru ilə yanaşı, milli kimliyin ana elementlərindən (dil, tarix, kültür) Sovet təsirinin müzakirəsi ilə keçmişdir. Qarabağ zəfəri isə kimliklə bağlı müstəmləkə izlərinin dekonstruksiyasına başlanmasını mümkün etdi. Bir sözlə, Azərbaycan kimliyi yaxud azərbaycançılıq təməlində türklük olan kimliyin özünəməxsusluğunu ifadə edir. Nəticə etibarilə Azərbaycan kimliyini formalaşdıracaq modernizasiya (Azərbaycanlı gənclərin St. Peterburq və İstanbulda təhsil alması) məhz Çar Rusiyası və Osmanlı təsirləri nəticəsində formalaşmışdır (Bax: Cədvəl 1). Azərbaycanın qurucu intellektualları isə türklüyün yatağında ölkənin, coğrafiyanın şərtlərinə uyğun özünəməxsus Azərbaycan kimliyini formalaşdırmışlardır.

Türklük danılmaz bir reallıqdır. Belə ki, Azərbaycanda xalq, kültür, dil, tarix geniş mənada türkdür. Lakin dövlət isə azərbaycançılıq ideologiyası çərçivəsində inşa edilmişdir. Buradakı inşada əsas kimi siyasi və hüquqi baza nəzərdə alınır. Azərbaycanda yuxarıda sadalanan ünsürlərin türklükdən güc aldığı qəbul edilir. Hətta türkçülük milli kimliyi bəsləyən tarix və ədəbiyyat tədqiqatlarında özünü göstərir. Bununla belə, milli kimliyin siyasi və hüquqi statusu azərbaycançılıq (coğrafiya) əsasında formalaşdırılmışdır. Misal üçün, Türkiyədə siyasi və hüquqi baza birbaşa türkçülük konteksində formalaşdırılıb və dövlətə vətəndaş bağı (hüquq) olan hər kəs türk olaraq qəbul edilir. Hətta son illərdəki bir çox inqilabi reform belə Türkiyədə siyasət və hüququn türklüyünü sarsıda bilmiş deyildir. Qısası, Azərbaycanda siyasətin hüquqi kimlik (vətəndaşlıq) inşası coğrafiya çərçivəsində formalaşdırılmışdır. Coğrafi əsaslı kimlik Azərbaycan türklərinin ümumi türk dünyası içində özünəməxsusluğunu göstərməsi baxımından əhəmiyyətlidir. Nəticə etibarilə milli kimlik müəyyən sərhədləri olan məkanla (Vətən) bağlıdır. Belə olan halda Azərbaycan sərhədlərində formalaşan milli kimlik kökü etibarilə Türkiyə və Orta Asiya türk xalqları ilə oxşarlıqları daşısa da, fərqlilikləri də ehtiva etməkdədir.

Nəticə yaxud təklif: milli inteqrativ siyasət

XX əsr siyasi tarix (qərb) təhlili ingilis və fransız dominasiyası arasında qalan və yol axtararkən siyasəti “dost-düşmən” şəklində anlayan almanların uğursuz strategiyası (faşizm) və ödədikləri bədəldən (məğlubiyyət, parçalanma, bayraq dəyişimi, ordunun ləğvi vs.) ibarətdir. Bu məqsədlə Rusiya, Türkiyə və İran arasında öz yolunu axtarmaqda olan Azərbaycanın milli strategiyasını reallığa əsasən formalaşdırması zəruridir. Buna müvafiq olaraq Azərbaycan milli strategiyasının birbaşa post-kolonial tədqqiqatlara təslim olması Azərbaycanı uzun perspektivdə içindən çıxdığı Osmanlı, çar və İran (fars) hakimiyyəti ilə mübarizəyə apara bilər.

Müstəmləkə altında yaşamış xalqların milli-kimlik, dövlət inşası, əsasən, post-kolonial nəzəriyyə əsasında aparılır. Halbuki post-kolonial nəzəriyyə və metoda təslim olmağın müvafiq millətlər üçün yeni təhdid və çağırışları yanaşı gətirəcəyini ifadə etmək mümkündür. Misal üçün Birləşmiş Krallıq kiçilmədiyi yaxud yox olmadığı, hətta qlobal siyasətdə dominant rolunu mühafizə etdiyi reallıqda Hindistan və ya Pakistanın adaya qarşı kəskin post-kolonial iddiadan çıxışının nəticə verməyəcəyini ifadə etmək olar. Bu çərçivədə Azərbaycanda millət və dövlət inşası formalaşdırılarkən prinsip və narrativlər post-kolonyalizmin radikal metoduna təslim olmaq əvəzinə, proqmatik bir yanaşmanın daha çox faydası ola bilər. Belə ki, rusların çarizm və sovet hakimiyyəti konteksindəki müstəmləkə fəaliyyətlərinə acıqlanıb rus dilinin tədrisini birbaşa qadağan edilməsi (əslində, bu Azərbaycan xalqının haqqıdır) uzun perspektivdə geri dönüləcəyindən irrasional bir qərar ola bilər.

Digər tərəfdən keçmiş müstəmləkə təcrübəsindən sonra müstəqillik qazanmış gənc dövlətlərin liberal demokratiyaya “gender bərabərliyi”, “azlıq haqqları” kimi ucqarların (frontier) gənc və kövrək (fragile) xalqlarına qarşı siyasətlərinə də birbaşa inteqrasiya olmaqları post-kolonial siyasət qədər risk və təhdidlər yarada bilər. Müqayisə üçün Azərbaycanın son illərdə başda Qarabağ zəfəri olmaqla beynəlxalq arenada ciddi tərəfdaş, güc kimi qəbul edilməsi hökumət(lər)in istər post-kolonial, istərsə də “gender bərabərliyi” və s. müdafiə gücünün formalaşmasını zəiflədəcək siyasətə öz maraqlarından yanaşa bilməsinə bağlıdır.

Hazırda qlobal siyasət qlobal olaraq qeyri-müəyyənlikdən xilas olub yeni nizamın qurulması üçün mübarizə meydanına çevrilmişdir. Bu səbəbdəndir ki, modern nizamın siyasi, iqtisadi prinsip və institutları bir-bir tərk edilir. Modern nizamın formalaşmasını təmin edən texnoloji inkişaf, logistika, kommunikasiya vasitələri, qanuni baza və s. tamamilə yenilənməkdədir. Necə ki, modern dünya latın dilinin qədimliyindən gələn millət (natio) anlayışına yeni siyasi və hüquqi məna yüklədi, eləcə də çağdaş dövrdə modernizmin bütün anlayış, prinsip, narrativ və qurumlarını ya tərk edir, ya da transformasiya edir.

Qərb blokunun ABŞ başda olmaqla liberal demokratiyanı mənimsəmiş dövlətləri müdafiə gücünü artıracaq milli strategiya formalaşdırmağa cəhd edirlər. Artıq müasir dövrün işləyişi BMT kimi multilateral institutlar tərəfindən dəstəklənən “qayda-əsaslı nizamının” (rule-based order) qlobal “qaydasızlıq” (Normlessness) dövrü ilə əvəz edildiyi məlumdur. Beləliklə yeni çağırışlarla üzləşən milli-dövlətlər bu çərçivədə strategiyalarını yeni şərt və kontekstə görə yeniləməyə çalışırlar.

ABŞ kimi müasir multilateral institutların qurulmasına öncülük etmiş böyük dövlətlərin nəzdində bu özünü dağıdıcı, aqressiv milli siyasətdə göstərməkdədir. Belə ki, müasir multilateral institutların qurucularından olan ABŞ çox qütblü və qeyri-müəyyən dövrdə xarici siyasəti birbaşa daxili siyasətin (Amerika qitəsinin bütün müdaxilələrdən mühafizəsi) ehtiyaclarına görə formalaşdırır. DAVOS İqtidasi Forumunda elan edilən “sülh şurası”na (Board of Peace) bu çərçivədə baxmaq olar. Lakin Azərbaycan kimi uzun müddət müstəmləkə altında yaşamış xalqların hədəfləri və ehtiyacları fərqli olduğundan ayrı bir strategiyaya zərurət vardır. Bu məqalənin sonunda Azərbaycan üçün milli kimlik, dövlət inşası ilə yanaşı xarici siyasətin formalaşdırılmasında da istifadə ediləcək yeni bir milli strategiya təklif edilir: milli inteqrativ siyasət. Belə olan halda İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi hərbi-siyasi zəfərlə ərazi bütövlüyünü tamamlayan Azərbaycan üçün yeni dövrdə kimlik və dövlət inşası ilə yanaşı, xarici siyasətin formalaşdırılmasında da yeni milli siyasətə ehtiyac hasil olmuşdur. Yeni milli milli strategiya sülhə nail olmaqla bərabər, qaydasızlığın hakim olduğu bir dövrdə Azərbaycanın beynəlxalq ictimaiyyətə inteqrasiyasına da töhfə verəcəkdir. Bu çərçivədə bu məqalədə təklif edilən milli inteqrativ siyasət Azərbaycan üçün milli kimlik, dövlət inşası və xarici siyasətin formalaşdırılmasında tətbiq edilə bilər. Milli inteqrativ siyasətlə əsaslandırılmağa çalışılan budur ki, uzun on illiklər müstəmləkə altında yaşamış xalqlar istər milli-kimlik və dövlət inşası, istərsə də xarici siyasəti formalaşdırarkən siyasətin mümkün olana dair qərar vermə sənəti olduğu nəzərdə qaçırılmamalıdır. Belə ki, bu qəbildən olan gənc və qlobal təhdidlər qarşısında “kövrək” (fragile) olan dövlətlərin daha çox beynəlxalq əməkdaşlığı doğuracak inteqrativ siyasətə ehtiyacı var. Bu qəbildən olan dövlətlər beynəlxalq siyasət arenasında irredentist, maksimalist siyasətlə xatırlanmaqdan qaçınmalıdır. Missal üçün prezident İlham Əliyevin Vaşinqton Sammitində və Birləşmiş Ərəb Əmirliklərində “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdimat mərasimindəki çıxışları diqqətlə analiz edildikdə Azərbaycanın post-münaqişə dövründə qazandıqlarını və müstəqilliyi mühafizə edəcək milli inteqrativ siyasi strategiyadan hərək etdiyi görüləcəkdir. Azərbaycanın DAVOS İqtisadi Forumunda ABŞ-ın öncülüyündə yaradılan “sülh şurası”nda (Board of Peace) yer alması da məhz bu məqsədlə milli inteqral siyasətin parçası kimi düşünülə bilər. Milli proqmatik siyasət balanslı siyasətin yeni dövrdə davamı kimi qəbul edilə bilər. Çünki Azərbaycanın yeni konteksti müəyyən çərçivədə proaktiv xarici siyasəti də zəruri etməkdədir. Digər tərəfdən Zəngəzur dəhlizinin ABŞ-ın birbaşa müdaxil olması ilə reallaşdırılma mərhələsinə daxil olması da məhz Azərbaycanın izlədiyi inteqrativ siyasətin nəticəsidir. Belə ki, Azərbaycan Tilflis və Kiyevin düşdüyü xətaya düşməmiş və Pekin-Moskva-Brüssel-Vaşinqtonla olan münasibətlərini doğru bir xətt üzərində bina etmişdir.

Xüsusilə kimlik inşasının elementləri dövlətin və cəmiyyətin istifadə imkan və qabiliyyətini, resurslarını və manevra qabiliyyətini aşacaq şəkildə istifadə olunarsa, bu gələcəkdə uğursuzluqları qaçılmaz edə bilər. Misal üçün, dünyada çox az sayda ölkə (ABŞ, Çin, Rusiya, nisbətən Türkiyə) atom mühəndisi yetişirib iqtisadi, siyasi, hərbi olaraq saxlamaq iqtidarındadır. Azərbaycan kimi bir ölkənin istifadə edə bilmədiyi halda, universitetlərində atom mühəndisi yetişdirib saxlamaq iddiası resurslar və imkanların yanlış istiqamətdə sərfiyyatı olacaqdır. Qısası, milli kimlik inşası, xarici siyasət milli inteqrativ siyasətə söykənəcəyi təqdirdə, əldə olunan nailiyyətlər (zəfər, sülh, Qərblə, xüsusilə ABŞ-la olan münasibətlər, Türk Dövlətləri Təşkilatı) mühafizə edilə bilər. Öz imkan və qabiliyyətlərini və zəif tərəflərini düzgün hesablamayan Ermənistan, Gürcüstan və Ukrayna bu çərçivədə dərs çıxarılması üçün uyğun nümunələr ola bilər.

II Dünya müharibəsindən sonra qurulan nizamı ayaqda tutan multilateral institutların uğursuzluğu bayraqların təkrarda küçələrdə dalğalanmağına və dövlətlər üçün milli siyasətin yüksəlişinə gətirib çıxarmışdır. Belə ki, milli suverenlikləri köç, iqlim dəyişikliyi, texnoloji inkişaf kimi yeni çağırışlar tərəfindən təhdid edilən milli-dövlətlər milli siyasətlərini yeni formatda regional əməkdaşlığı da ehtiva edəcək şəkildə revizə etdilər. Lakin dövlətlərin ehtiyac və imkanlarına görə milli strategiyanın müxtəlif formaları mövcuddur. Aqressiv və dağıdıcı milli siyasət də onlardan biridir və daxili və xarici siyasətdə bu qəbildən kəskin siyasət ancaq böyük dövlətlər, millətlər üçün keçərlidir. Belə ki, ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə dövləti gücləndirmək məqsədilə (Make America Great Again – ABŞ-ın materikdə qeyd-şərtsiz hakimiyyəti, Çin və Rusiya təsirinin idarə edilməsi) radikal iqtisadi addımlarla müşayiət olunan dağıdıcı və aqressiv milli siyasətlə əsasən daxili konsolodiyasiyaya və Amerika qitəsinənin müdagiəsinə fokslanmışdır. Bu mənada, nizamı qorumağın ən effektiv vasitələrindən biri kimi ortaya çıxmış demokratiya və seçki institutu artıq köhnəlmiş hesab olunur. Beləliklə, dağıdıcı və aqressiv siyasət milləti deyil, məhz dövləti gücləndirməyi hədəfləyir. Beynəlxalq siyasətin son on ili, AB-nin məruz qaldığı güc itkisi güclü dövlət və lider anlayışının strateji əhəmiyyətini göstərmişdir.

Lakin modernliyin “kiçik millətləri” adlandırılan və prioritetləri çox vaxt sıxışdırılan dövlətlər siyasətin nihilist dövründə böyük millətlərə xas aqressiv və dağıdıcı milli strategiyaya alət olmaqdan qaçınmalıdır. Nisbətən gənc və təhdidlər qarşısında daha kövrək olan dövlətlərin qlobal dünyaya inteqrasiyanı asanlaşdıracaq daha mötədil milli siyasətə ehtiyacları vardır. Bu səbəblə bu məqalədə Azərbaycan üçün milli inteqrativ siyasət təşəbbüsü irəli sürülmüşdür.

Təklif edilən milli inteqrativ siyasətin hipotezi budur ki, beynəlxalq hüquq və BMT kimi multilateral institutların uğursuzluğa düçar olduqları bir dövrdə milli siyasətin revizə edilməsi qaçılmazdır. Bu qəbildən siyasət dövlətin mübarizə dayanaqlılığını genişləndirəcək sərt gücün inkişafı və əməkdaşlıqların artırılmasını hədəfləməkdədir. Bununla yanaşı müstəmləkə təcrübəsi görmüş gənc və kövrək dövlətlərin qlobal dünyaya inteqrasiya etməsinin müstəqillik və əldə etdikləri uğurların (Qarabağ zəfəri vs.) qorunmasına daha çox xidmət edəcəkdir. Beləliklə, milli inteqrativ siyasət vasitəsilə müstəmləkə təcrübəsindən keçmiş gənc dövlətlərin böyük dövlətlərin müstəqilliklərini təhdid edəcək qlobal hədəflərinə alət olmamağı təklif edilir.

Müstəqillik təcrübəsi Azərbaycan bu reallığı daha doğru dəyərləndirdiyini göstərmişdir. Belə ki, regionun digər iki gənc dövlətləri böyük güclərin regiondakı qlobal hədəflərinə alət olmuşlardır. Belə ki, Ermənistan mənimsədiyi irredentist (beynəlxalq hüququn ziddinə) millətçi siyasətin bədəlini Qarabağda ödəmişdir. Gürcüstan isə regiondakı liberal millətçi siyasətdə alətə çevrilmişdir. Milli inteqrativ siyasət gənc dövlətlərin tanınmasına, müstəqilliklərini qorusumasına xidmət edəcək qlobal iqtisadi və siyasi istablişmentə inteqrasiyasına xidmət edəcəkədir. Belə ki, Qarabağda əldə etdiyi zəfəri rasional formada dəyərləndirən Azərbaycan tərəfi “Vaşinqton” sammitində sülhün ilkin təməlini atmaqla yanaşı regionun yenilənən qlobal ticarətə inteqrasiyasına xidmət edəcək Zəngəzur dəhlizinin implementasiyasına ABŞ-ın tərəfdaşlağına nail olmuşdur. Beləliklə milli inteqrativ siyasət böyük dövlətlərin aqressiv və dağıdıcı siyasətinə alət olmaqdansa resurs, imkan və manevra qabiliyyətinə müfafiq siyasəti təklif edir. Azərbaycan bu mənada daxildə formalaşdırdığı inklusiv milli kimlik siyasəti (Azərbaycançılıq, multikulturalizm) ilə daxili bütünlüyü müvəffəqiyyətlə təmin etmişdir. Digər tərəfdən bu çərçivədə izlənilən xarici siyasət reqionda sülh şəraitində yaşamağın təməlini atmış və Azərbaycanın böyük dövlət(lər)lə əməkdaşlığına töhfə vermişdir. Bu çərçivədə Azərbaycanın post-münaqişə dövründə milli inteqrativ milli siyasət xəttini izlədiyini əsaslandırmaq mümkündür.

Bu baxımdan, coğrafi və geosiyasi heterogenliyinə görə Azərbaycanın həm daxili, həm də xarici siyasətdə milli inteqrativ siyasətə əsaslanan xətt formalaşdırmasının çıxış yolu olduğu əsaslandırılır. Bu yanaşma ABŞ, Çin, qismən Rusiya və Türkiyə kimi hərb industriyası olan böyük və orta ölçülü dövlətlərin nümayiş etdirdiyi dağıdıcı və aqressiv milli siyasət formalarından kənarda qalmağa imkan verəcək. Digər tərəfdən, milli inteqrativ siyasət ölkə daxilində milli birliyin gücləndirilməsinə töhfə verəcəkdir. Dövlətin post-münaqişə dövründə izlədiyi daxili və xarici siyasətə nəzər yetirdikdə inteqrativ metodun izlərini müşahidə etmək mümkündür.

Qeydlər və ədəbiyyat

  1. https://president.az/az/articles/view/69968
  2. Dede, K. “Edebiyatın Ulusu Ulusun Edebiyatı”, Ankara: Nika Yayınevi, 2021. s. 70.
  3. Vəliyev, O. (2026). Modern Azərbaycanın Doğuluşu. Bakı: MİMTA Nəşriyyatı.
  4. Ətraflı bax., Anderon, B. Hayali Cemaatler. Tərc. İstanbul.
  5. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti, 8.11.2021 (Şuşa, Cıdır düzü, hərbiçilər qarşısında çıxışdan)
  6. https://president.az/az/articles/view/71213
  7. Mehdiyev, N. Bir Bilme Teorisi. İstanbul: Dergah Yayınları, 2019. s. 15–28.
  8. Nietzsche, Friedrich. Tarihin Yaşam İçin Yararı ve Zararı. Çev. Mustafa Tüzel. İş Bankası Kültür Yayınları. 2022. s. 39.
  9. Bu xüsusla bağlı aşağıdakı məqalədə yazılmışdır. O.Valiyev və M.Y.Alptekin. “The First Republic of Azerbaijan: A State Without a Nation”, Vol. 26, No 2, 2023, 7-24. https://kjhss.khazar.org/journal/vol26/iss2/6/
  10. Bu mövzuda ətraflı bax: Greenfeld, L. (2017). Milliyetçilik. Tərc. A. Yılmaz. İstanbul: Alfa Yayınları. s. 53–145; 145–291; 291–415.
  11. Renan, E. (2016). Ulus Nedir?. Tərc. Gökçe Yavaş. İstanbul: Pinhan Yayıncılık. s. 49.
  12. Smith. A.D. (2002). Ulusların Etnik Kökeni. Tərc. Sonay Baramoğlu və Hülya Kendir. Ankara: Dost Kitabevi Yayınları. s. 27.
  13. Rəsulzadə, M.Ə. (2024). Azərbaycan yazıları. Bakı: Çaşıoğlu. s. 132.
  14. Nəcəf, Ə.N. (2025). Metatarix:Azərbaycan Tarixinin Metafizikası. Bakı: Çapar. s. 23.
  15. Anderson, B. (2015). Hayali Cemaatler. Tərc. İskender Savaşır. İstanbul: Metis.
  16. Yenisey, A. (2019). Tarix və Tale. Bakı: Teass Press Nəşriyyatı.
  17. Rəsulzadə, M.Ə. (2024). s. 22.
  18. Abdullzadə, T. “Azərbaycanda İslamın kültürəl mahiyyəti və sekulyar cəmiyyətin formalaşmasındakı rolu”, 2021.
    https://top-center.org/az/tehlil/3227/azerbaycanda-islamin-kulturel-mahiyyeti-ve-sekulyar-cemiyyetin-formalasmasindaki-rolu
  19. Ətraflı bax: https://multikulturalizm.gov.az/az/post/755/baki-beynelxalq-multikulturalizm-merkezinin-nizamnamesi.html
  20. Ətraflı məlumat üçün bax: Yılmaz, H. (2013). The Soviet Union and the construction of Azerbaijani national identity in the 1930s. Iranian Studies, 46(4), 511–533.

s.e.ü.f.d. dos. Orxan Vəliyev

Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri, Xəzər Universiteti

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), aparıcı məsləhətçi