Zaman… Yaradılışdan etibarən sürətlə keçib-gedən və bir daha geri qayıtması mümkün olmayan ən böyük dəyərlərdən biri…
Bəzən su kimi axıb gedən, bəzən də keçmək bilməyən…
Bəzən yaxşı və gözəl işlərlə bəzədiyimiz, bəzən də boş və mənasız yerə sərf etdiyimiz sərmayə…
İtirməmək üçün çox səy göstərməli olduğumuz, lakin ən asan itirdiyimiz xəzinə…
Bizi əzəldən əbədə, yəni zamansızlıq üfüqünə götürən məfhum…
Uca Yaradan müqəddəs kitabında: “And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!” “And olsun işıqlanmaqda olan gündüzə” (“Leyl” 1-2), “And olsun dan yerinə” (“Fəcr” 1), “And olsun səhərə!” (“Duha” 1), “And olsun Günəşə və onun aydınlığına!” (“Şəms” 1), “And olsun Aya!” (“Muddəssir” 32) buyurmaqla fərqli zaman kəsiklərinə, habelə zamanı bizim üçün təyin edən Günəş və Aya and içir. Bu da qulluq və imtahan məqsədilə yaradılan insanın həyatında zamanın nə qədər əhəmiyyətli olduğunu göstərir. O cümlədən “Əsr” surəsinin ilk ayəsində Uca Allah əsrə – zamana and içir. Sonra gələn ayədə isə insanın ziyan içərisində olduğundan bəhs edir. Bu baxımdan “zaman” və “ziyan” məfhumları bir-biri ilə çox yaxından əlaqəlidir. Bəlkə də, bu ziyan insanın zamandan doğru istifadə etməməsindən doğur. Lakin iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlər bundan istisnadır. Deməli, ziyan və xüsrana düşməmək üçün əvvəlcə zamanın qədrini bilməliyik. Keçən zamanı geri qaytara və gələcəkdə də nə olacağını bilmədiyimizə görə hazırkı zamanı yaxşı dəyərləndirməliyik. Çünki hər ötən gün bizdən nələri isə götürüb aparır, qəlbimizə bir həsrət qoyur, sonra da keçib-gedir. Eynilə dəniz sularında hərəkəti nəzərə çarpmadan uzaqlaşan gəmi kimi. Zaman heç birimiz üçün dayanmır. Ona görə də üzərimizdəki qəflət pərdələrini qaldırıb hər yeni günü bizə bəxş edilən qiymətli bir nemət bilərək yaşamalıyıq. Çünki biz yaşadığımız zamana, zaman da bizə və etdiklərimizə şahidlik edir.
Zamanın insanlığa bəxş edilmiş dəyərli sərmayə olmasına baxmayaraq, çoxumuzun ondan layiqincə istifadə etmədiyi də bir həqiqətdir. Bu həqiqəti Kainatın Fəxri – həzrət Muhəmməd (s) bir hədisində belə ifadə edir: “İki nemət var ki, insanların çoxu onların dəyərini bilməz: sağlamlıq və boş zaman”.
Bəlkə də, əvəz ödəmədən sahib olduğumuz üçün əksər hallarda zamanın dəyərini anlamırıq, asanlıqla onu israf edirik. Çox vaxt bir şey keçib-getdikdən, tükəndikdən sonra onun nə qədər dəyərli olduğunun fərqinə varırıq. Keçən zamanı yenidən əldə etmək istəsək də, bircə anını da geri qaytarmağımız mümkün deyil. Bu günü yaşayarkən dünəni geri gətirmək necə mümkün ola bilər? Böyük ariflərdən Həsən Bəsri bunu belə ifadə edir: “Ey insan! Sən günlərdən, yəni zamandan ibarətsən. Hər gün keçdikcə sənin bir parçan da onunla gedir…”
Keçən zamandan isə geriyə müsbət və ya mənfi təsirləri qalır. İnsan yenidən onu əldə etməyin mümkün olmadığını bildiyi üçün bir çox hallarda kədərlənib təəssüf hissi keçirir. Elə keçən zamana təəssüf etmək özü də ayrı bir vaxt tələb edir. Buna vaxt sərf etmək, itirilən zamana kədərlənməklə məşğul olmaq ayrıca vaxt itkisidir. Çünki hər zamanın özünəxas görülməli zəruri işləri vardır…