Məfkurə

Vətəndaş olmaq

Vətəndaş olmaq…
Vətənin daşını-torpağını, gülünü-çiçəyini sevə bilmənin adı…

Vətəndaş olmaq…
Vətənin hər daşında, torpağında, hər çiçəyin ləçəyində Vətəni görmək, onu duymağın başqa bir adı…

Vətəndaş olmaq…
Vətən adlı bir ananın övladları olaraq, minlərlə, milyonlarla qardaşa, arxa-dayağa malik olmaq…

Vətəndaş olmaq…
Dünyanın dörd bir yanına yayılmış Vətən övladlarını bağrına basmaq, onların dərdinə, ağrı-acısına şərik olmaq, onlara –
Mənim ürəyimi qanatsın gərək,
Sənin ayağına dəyən çırtma daş.
deyib, səslənə bilmək…

Vətəndaş olmaq…
Vətənin daşına-torpağına qurban olmaq, daşlaşmış sinələrə Vətən sevgisinin toxumlarını əkmək, o sinələrdə boy atan sevgi fidanlarını göz yaşlarıyla sulamaq, onları qəlbinin hərarətiylə yetişdirmək qeyrəti…

Vətəndaş olmaq…
Milli kimliyinə, irsinə, mədəniyyətinə, tarixinə, mənəviyyatına, qürbət diyarlarda qalan vətən övladlarına – Nəsimilərə, Füzulilərə, sinəsi vətən dağlı –
Səndən uzaq düşsəm də, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.
deyən Şəhriyarlara sahib çıxmaq…

Vətəndaş olmaq…
Vətəni varlığı bilib, hər şeyini onun uğruna qurban etməyə hazır olan –
Saxlaram gözlərim üstündə onu,
Ölərəm əldən əgər getsə Vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
deyən vətəndaşın səsini qəlbində yanğılamaq…

Vətəndaş olmaq…
Vətənin əzəmətli qayalarında onun əzəmətini, ətirli çiçəklərində gözəlliyini görüb:
Azərbaycan, qayalarda bitən bir çiçək,
Azərbaycan, çiçəklərin içində qaya.
deyə bilmək…

Vətəndaş olmaq…
Yağı tapdağı altında qalan Vətən torpağına qarışmış qeyrətli, şəhid vətəndaşlarımızın iniltisini sinələrdə hiss etmək, onların hayqırışlarını duya bilmək…

Vətəndaş olmaq…
Şərqin sinəsində açan bir çiçəyin – Azərbaycan gülünün ətrini bütün dünyaya yaymaq niyyətində olanların məqsədi…

Vətəndaş olmaq…
Yediyi hər tikədə qabarlı əllərin halal zəhmətini görməyin, içdiyi hər damla suda Vətənin dadını, nəfəs aldığı havada Vətənin ətrini duymağın və bu nemətlərin haqqını ödəməyin yollarını aramaq…

Vətəndaş olmaq…
Şəhidlərin qanı hopmuş vətən torpaqlarından yadların ayağını kəsmək, atdığı hər addımı bu şüurla atmaq, yazdığı hər kəlməni bu niyyətlə yazmaq, bütün fikrini-düşüncəsini bu niyyət üzərində kökləmək…

Vətəndaş olmaq…
Ağır, amma şərəfli bir yük…
Bu yükü daşımaq “Vətən” deyən hər bir azərbaycanlının müqəddəs borcudur. Vətəndaş olmağın verdiyi məsuliyyəti dərk edən, azərbaycanlı olmasıyla həmişə fəxr edən babalarımızın bizlərə qoyduğu əmanət…

Vətəndaş olmaq…
“Daş ol, torpaq ol, amma vətənin ol, yadın olma!” deyən böyüklərimizin yolu…
Onlar – o böyüklərimiz, nəsillərdən-nəsillərə ötürülən bir səslə, bir hayqırışla mənə, sənə, ona – bizlərə – bütün Vətən övladlarına belə səslənirlər:
“Harada olursan ol, bir şeyi unutma ki, sən bu vətənin vətəndaşısan, sən bu vətəndən bir parçasan. Bu ada layiq ol, onu şərəflə daşı! Sən Azərbaycan vətəndaşısan!..”

Əsəd Aslanoğlu