Atalarımızın belə bir sözü var: “Yaxın qonşu uzaq qohumdan yaxşıdır”. Təəssüf ki, millət və dövlət olaraq taleyimizə yazılmış qonşular tarixən bizim üçün düşmən olub, yaxud da bu “missiya”nı yerinə yetirməkdə kimlərinsə alətinə çevriliblər. Uzun əsrlər davam edən bu proses yenə də əvvəlki yerindədir. Bəziləri düşmənçiliklərini açıq-aşkar bildirsələr də, bir qismi saman altından su yeritməklə məşğuldurlar.
İlk olaraq son iki yüz ildə erməni terrorçu dəstələrinin və himayədarlarının apardığı siyasət nəticəsində Azərbaycan xalqına qarşı həyata keçirilən çoxsaylı qətliamlar, soyqırımı aktları barədə kiçik qeydlərimizi dəyərli oxucuların diqqətinə çatdıraq. Yalnız son iki əsr ərzində 2 milyondan çox azərbaycanlı qətlə yetirilib, yüzlərlə şəhər və kənd dağıdılıb. Ermənilərə göstərilən hərbi-siyasi dəstəklə azərbaycanlılar doğma torpaqları olmuş indiki Ermənistan adlandırılan ərazidən didərgin salınmış, tarixi irsi yerlə-yeksan edilmişdir.
1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarına məxsus torpaqlarda yeni inzibati bölgüyə əsasən erməni vilayəti təşkil edilərkən bu ərazidə mövcud 1111 yaşayış məntəqəsindən cəmi 62-si erməni kəndi olmuşdur. Həmin illərdə dağıdılmış 359 Azərbaycan kəndinin əhalisinin çox hissəsi öldürülmüş, qalanları isə təqiblərə və milli ayrı-seçkilik siyasətinə məruz qalaraq İran, Türkiyə torpaqlarına qaçmağa məcbur olmuşlar. XX əsrin əvvəllərində xarici ölkələrdən köçürülən ermənilərin sayının bir milyona çatması ilə bölgədə demoqrafik vəziyyət tamamilə dəyişdi. Erməni daşnak millətçilərinin “böyük Ermənistan” ideyasını həyatakeçirmə təbliğatı Qafqaz bölgəsinin türk əhalisinin milli qırğınlarına səbəb oldu. Ötən əsrin ilk onilliyində Bakıda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, Gəncədə, Qarabağda və Cənubi Azərbaycanda bu qırğınlar mütəmadi olaraq davam etmişdir. Erməni daşnak quldur dəstələri 1905-ci il noyabrın 28-də Qarabağ bölgəsinin şəhər və kəndlərini yandırmış, uşaqlara, qadınlara, qocalara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Şuşa, Cavanşir, Cəbrayıl qəzalarında 75-ə qədər Azərbaycan kəndini, İrəvan və Zəngəzur quberniyalarında isə 200-dən çox yaşayış məntəqəsini dağıtmış, əhalini vəhşicəsinə qətlə yetirmişlər.
XX əsrin 80-ci illərindən başlayan münaqişədən geniş yazmaq istəməzdim. Çünki müasir tariximiz olan bu dövrdən çox yazılıb. Yalnız onu qeyd etmək istərdim ki, 30 ilə yaxın bir dövrdə Qarabağ və Şərqi Zəngəzur erməni vandallarının işğalı altında inləyib. 2020-ci ildə şanlı ordumuz həmin torpaqları azad etməklə dost və düşmənimizin kimliyini bir daha Azərbaycan insanına göstərmiş oldu.
44 günlük müharibə nəticəsində əldə etdiyimiz şanlı qələbə dostlarımızı sevindirsə də, üzdə dost, arxada yağı düşməndən betər olan bəzilərinin iç üzünün açılması ilə nəticələndi.
Qələbədən sonra rəsmi Bakı İrana çox yaxşı layihələr təklif etmişdi. Azərbaycan Qafqazda İranla da bəzi layihələri birgə reallaşdırmağı düşünürdü. Amma görünən odur ki, İran obyektiv reallığı dərk edib düzgün nəticə çıxarmağı bacarmadı. Təəssüf ki, teokratik İran rejimi İslam bayrağı altında sələflərindən miras qalan şovinist siyasətini davam etdirməkdədir. Bu da, sözsüz ki, bölgə üçün yaxşı nəsə vəd etmir.
Birgə layihələr həyata keçirmək və real istiqamətlər üzrə addımlamaq lazımdır. Buna görə hələ ki İranın vaxtı var. Yaxşı olardı, İran regionla bağlı xarici siyasətini format etdirsin və bu siyasətə sıfırdan, yəni yenidən başlasın; eyni zamanda Ermənistanın yanında olaraq Qafan, Zəngəzur bölgəsində yaşayan ermənilərə “biz burada sizi qoruyacağıq” deməsin. Və unutmasın ki, Qafanda da, Gorusda da, Mehridə də yaşayan ermənilər oraya gəlmə, o coğrafiyada qonaqdırlar. Həqiqi ev sahibləri isə istənilən zaman onlara real və adekvat cavab verə bilər. Min il boyunca farsın canı, malı, dili, mədəniyyəti türkün qılıncıyla mühafizə olunub. Fəqət İranda fars sülaləsi hakimiyyət başına keçəndən ölkədəki türklərə, türkün dilinə, mənəvi dəyərlərinə göstərilən münasibətin buna tamam zidd olduğu hər kəsə gün kimi aydındır. Minillik xidmətin əvəzi budurmu?
İran Cənubi Qafqazda özünün strateji müttəfiqi olaraq Ermənistanı görür. Təbii ki, bu onun seçimidir. Belə olan halda biz də İrandakı soydaşlarımızın milli və insani haqlarının qorunmasının beynəlxalq miqyasda müzakirəyə çıxarılması barədə düşünməliyik.
Bu gün azərbaycanlılar İran dövləti tərəfindən ciddi şəkildə ayrı-seçkiliyə məruz qalırlar. Başa düşülməlidir ki, X əsrdən 1920-ci illərin ortalarına kimi məhz Azərbaycan türkləri tərəfindən bütün bu coğrafiyalar, Arazın cənub istiqamətində də dövlət qurub idarə etmişdir. Hazırda onların ana dilində məktəblərinin olmaması, həqiqətən də, anlaşılan deyil. Əgər söhbət çoxluqdan, azlıqdan gedirsə, çoxluq da, azlıq da hər zaman öz ana dilində dərsini keçib. Amma İranda azərbaycanlılara qarşı belə bir siyasətin hansı səbəblərə görə yürüdüldüyü məlumdur.
Digər tərəfdən, İranda yaşayan azərbaycanlılar farslardan heç də az deyil, əksinə, bəlkə də, çoxdur. İki yüz minlik erməni toplumunun İran ərazisində 50-dən çox məktəbi olduğu halda, 40 milyonluq xalqın – azərbaycanlıların dili orada tədris olunmur. Dünyada qlobal dəyişikliklərin baş verdiyi bir zamanda azərbaycanlıların İranda söz sahibi olmaları üçün mübarizəyə başlaması labüddür və Azərbaycan dövləti, eləcə də hər bir vətəndaşımız bütün imkanları ilə cənublu soydaşlarımızın yanında olmalıdır.
Bu məqamda qeyd etmək istərdim ki, ikiüzlülüyü ilə regionda ad çıxarmış Ermənistanın baş naziri Nikol Paşinyanın aktiv şəkildə Qərbin qarşısında quyruq bulaması, ATƏT-in missiyasını və faktiki olaraq Qərb müşahidəçilərini regiona dəvət etməsi fonunda İran potensial təhlükə kimi onlardan ehtiyat edir. Buna görə də İrəvanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atır. Qərb ölkələrinin Cənubi Qafqazda güclənməsi fonunda İran təsir nöqtələrinin axtarışına çıxıb. Qərbi Zəngəzurda tələm-tələsik İran konsulluğunun açılması bu ölkənin məkrli siyasətindən xəbər verir.
Bütün bunlardan əlavə, Cənubi Azərbaycanla bağlı önəmli bir haşiyəni də xüsusi vurğulayaq: son aylar İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra ölməsinə etiraz olaraq baş vermiş hadisələr dəyişikliklərə səbəb ola bilərmi və ya belə olacağı halda Cənubi Azərbaycandakı soydaşlarımızı hansı aqibət gözləyir? Ölkəmiz İrandakı dəyişikliklərə hazırdırmı?
Nəzərə almaq lazımdır ki, İran inqilabının baş tutacağından danışmaq hələ tezdir. Bu etirazlar əvvəllər də olub. Ancaq hakimiyyət total repressiyalarla etirazları yatıra bilib. Son aksiyalar isə göstərir ki, orada inqilaba doğru proses gedir. Əslində, inqilabi şərait təkcə aksiyalarla ölçülmür. Bunun üçün həm hakimiyyət daxilində, həm də xaricdə fəallıq olmalıdır. Cənublu soydaşlarımız bu məqamdan istifadə etməlidirlər. Sadəcə olaraq, uzun illərdir, İrandakı soydaşlarımız lidersizlikdən əziyyət çəkirlər. Əslində, proseslər bir-biri ilə o qədər sıx bağlıdır ki, ölkələrin hətta davranışları belə digərlərinə təsir edir. O cümlədən Qərbin İranla bağlı siyasətində Azərbaycan kənarda dura bilməz və artıq bu proseslərin içindədir. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti illərdir anti-İran koalisiyasına qoşulmamağa çalışır. Ancaq yenə bu proseslərdən kənar qala bilmək imkanı yoxdur. Çünki regionda olacaq hər hansı dəyişiklik bizə də təsir edəcək. İranda baş verə biləcək inqilab dinc yolla olmazsa, o halda Azərbaycanı ciddi fəlakət gözləyir. İranda arzuolunmaz variantı götürsək, yəni oradakı inqilab genişmiqyaslı qan tökülməsi ilə nəticələnsə, o zaman sərhədlərin qıfılı açılacaq, İrandan ölkəmizə axın olacaq. Onda ciddi humanitar fəlakət baş verə, ölkəmizin sabitliyi pozula bilər. Bütün bunlara baxmayaraq, Cənubi Azərbaycanda inqilabi dəyişiklik qaçılmazdır.
İranda Azərbaycan türklərinin hüquqları pozulur. Doğrudur, bu ölkənin rəsmiləri Azərbaycan türklərinin hüquqlarının pozulması iddiası ilə razılaşmır. Diqqətlə müşahidə apardıqda məlum olur ki, təkcə soydaşlarımızın yox, bütövlükdə İranda yaşayan əhalinin siyasi hüquqları ilə bağlı ciddi problemlər var. Bunun da qayəsində İran İslam İnqilabının qurduğu siyasi özülün dağılmasının qarşısını almaq istəyi durur. Əgər siyasi azadlıqlara azacıq da olsa sərbəstlik verilsə, o zaman İran dövlətinin təlatümlər yaşaması qaçılmazdır. Hələ ki bu istəklərin qarşısı zopa ilə alınır. Lakin vəziyyət belə davam etməz. Yaxın vaxtlarda İranda siyasi dəyişikliklər baş verəcək və bu təqdirdə məhz Azərbaycan türkləri öncül olacaqlar.
İstəməzdik ki, milyonlarla soydaşımızın yaşadığı məkanda insanlar əzab-əziyyət çəksinlər. Buna görə də İranda çağdaş islahatların getməsində, siyasi azadlıqların təmin olunmasında və Azərbaycan türklərinin mədəni hüquqlarının bərpa edilməsində maraqlıyıq. Yetər ki sadaladıqlarımız olsun. Əlbəttə, cənublu soydaşlarımızın da bu məsələnin həllində birmənalı mövqe tutması vacibdir. Qonşu ölkədə yaşayan soydaşlarımızın bundan öncə buraxdıqları səhvləri təkrarlamaması vacibdir.
Ermənistan və İran nümunəsində qonşu olan iki dövlətin bizə münasibətini əyani şəkildə görürük: dostluğu bacarmırlar, düşmənçilik edirlər. Soydaşlarımız özləri qərar verməlidirlər. Heç kimə güvənməməli, öz taleyimizi özümüz müəyyənləşdirməliyik.