Texnologiya əsri həyatımızı xeyli rahatlaşdırıb. Bəzən düşünürsən ki, bəlkə də, bu qədər rahatlıq insani təbiətimizə yaddır. Səhər oyanır, gözümüzü açan kimi telefonu əlimizə alır və günün ilk anlarını “sürükləyirik”. Sonra hazırlaşır, dərs və ya iş dalınca yollanırıq, yolda “sürükləyirik” və ya heç yerə çıxmasaq belə, evdəki cihazlara öz işlərimizi tapşırıb boş vaxt tapan kimi yenə “sürükləyirik”. Gedəcəyimiz yerdə mənzil başına çatıb işimizə başlamazdan öncə, hər kiçik fasilədə, işin sonunda yenə “sürükləyirik”. Evə yollanırıq, yolda “sürükləyirik”. Çatırıq, işlərimizi qaydasına qoyub ən kiçik bir zaman dilimində yenə “sürükləyirik”. Beləcə, günlər keçir. Biz də sürüklənirik: tənbəlliyə, passivliyə. Beynimizi boş yerə yorur, potensialını da zəiflədirik.
Amma beynimiz həll olunması gərəkən problemlər qarşısında daha da aktivləşir və potensialını ortaya qoyur. Minillər, yüzillər öncə ömür sürmüş insanın həyata baxışı sadə idi, bəlkə də: dünyaya göz açır, necəsə həyata sarılır, böyüyür, həyatda qalmağı öyrənir, yaxşı halda xoşbəxt ömür sürür, ailə qurub valideyn olur, pis halda hansısa xəstəliyin caynağına yaxalanır… Nəhayətdə bizə verilən zamanın necə uçub getdiyinin fərqinə belə varmırdıq. Nəsə tanış gəldi. Bu sıradan həyat XXI əsrdə yaşayan bizlərin yaşamından nə ilə fərqlənir? Minillər keçsə də, insan eyni prinsiplə yaşamırmı? Həyata daha dərindən baxsaq, minillərin ötəsindəki insanların da özlərinə uyğun dərd-səri, sıxıntısı olub və bu gün də müasir insanın da uğrunda mübarizə aparacaq bir qayəsi var. Bu baxımdan deyə bilərik ki, tarixin ağuşunda və ya bu gün yaşamasından asılı olmayaraq, insanı düşündürən suallar da təxminən eynidir: Mən kiməm? Nə üçün varam? Missiyam nədir? Nədən qorxuram? Potensialım nədir? Nəyə inanıram? Nə üçün yaşayıram? və s. bu qəbildən olan onlarla, bəlkə də, minlərlə sual.
İnsanlıq tarixi boyunca bir çox mütəfəkkirlər, bir çox yazarlar bu suallara cavab arayıblar. 2016-cı ildə qələmə alınan azərbaycanlı yazar Coşqun Kərimovun “Kvan” əsəri də bu suallardan bir neçəsi ərtafında insanın öz missiyasını arayışına çıraq tutur. Əlbəttə, bu əsəri də tövsiyə edəcəyimiz insanlar var: kompleksləri olan, cəsarəti, özünü, missiyasını arayan, xəyallarını, hədəflərini müəyyən etmək istəyən, ən əsası isə bizə verilən qısa ömür dilimində həyati qərarını dəqiqləşdirməyə qərar vermiş şəxslər bu əsəri oxumalıdır.

İllər öncə qardaşımın Xəzərin coşqun dalğalarının ağuşunda xidmət edərkən oxuyub mənə tövsiyə etdiyi bu kitabı mütaliə etmək mənə öz həyatımın coşqun dalğaları arasında beyin gəmimi sakit sulara sürükləmək istədikdə nəsib oldu. Təbii ki, həyatda hər şeyin bir zamanının olduğu kimi, bu kitabı da mütaliə etmək məhz doğru zamanı gözləyirdi.
Əsər yeddi sualla başlayır, yeddi sualla da yekunlaşır. Siz “kvan”ın nə olduğunu bilmədən bu yeddiliyi cavablayırsınız, bir də öz kvanınızı tapandan sonra eyni yeddilik sizi qarşılayır. Bu zaman artıq kiminsə hekayəsini oxumaqla qalmır, öz hekayənizin ilk cümlələrini qələmə alırsınız.
Yazar bizə yeddi sualı verdikdən sonra suallara yığcam cavablar verməyimizi istəyir və qeyd edir: “Cavablar sizi qane edirsə və buna uyğun sistemli şəkildə iş görülürsə, o zaman kitabın qalan hissəsi üçün vaxtınızı itirməyin”. Hər şeyi sizə satmağa çalışan marketinq dünyasında oxucusuna “Kitabımı oxuma!” deyir müəllif. Təbii ki, həqiqətən, missiyasını, özünü arayan insana maraqlı gəlir, görəsən, yazar özünü, öz missiyasını, həyat amalını necə tapıb?
Nə yalan deyim, əsəri iftarda içilən su kimi birnəfəsə içib qurtarırsan. Sonra isə içdiyin suyu həzm etmək üçün düşünməyə zaman ayırmaq lazım gəlir. Coşqun Kərimov oxucusuna “həyatın məqsədi budur” demir, “bəs sənin həyatının məqsədi nədir?” deyə sual edir. Sən də bir oxucu kimi düşüncəyə dalırsan: bəs mən nə üçün yaşayıram, mənim amalım nədir?
Əsərin diqqət çəkən başqa bir məqamı da məhz adıdır. “Kvan”ı hərəkət edənlərin mükafatı adlandırır müəllif. Yazıçı qeyd edir: “Hər birimizin həyat hekayəsi var və o davam etməkdədir”. Mükafatı isə yerində sayaraq və ya beynini boş-boş işlərlə məşğul edərək ala bilmərsən. İnkişaf üçün, beyninin potensialını üzə çıxarmaq üçün onu bulandıran, suyunu durğunlaşdıran hərəkətsizliyi dəf etməli, tənbəlliyə meyilləndirən müasir dünyada həyatı yarımçıq yox, tam yaşamaq üçün, zamanı doğru qiymətləndirmək üçün addım atmalısan. O zaman missiyanı da tapar, onu həyata keçirmək üçün güc qazanarsan. Müəllif mənfiyə yönələn oxucusunu bəzən acı və qamçı kimi sözlərlə oyadır: “Mənfi düşüncə min içkidən daha təhlükəlidir”, – deyir. Oxuyub bitirdikdən sonra yaxşı mənada düşünməyi, özünü haqq-hesaba çəkməyi bacaran şəxs, məncə, tənbəlliyin daşını qucaqlayıb özü ilə daşımaqdan ar etməlidir. Çünki yazar sərt sözləri ilə acı gerçəkləri qamçı kimi üzünə vurur. Elə həyat kimi. Sən yerində saydıqca həyatın həqiqətləri də üzünə qamçı kimi vurulur, qədd-qamətini sındırır. Möhkəm dayanmaq üçün düşünməli, qərar verməli, o qərar yönündə addımlar atmalı və daim hərəkət etməlisən. Ancaq o zaman həyat qayəni tapa bilər, missiyanı yerinə yetirmək, yaxşı insan ola bilmək üçün var gücünlə çalışarsan. Elə olduqda nə bozaran dünyanın rənglərinə bürünər, nə də səni hərəkətsizliyə “sürükləyən” işıltılara aldanarsan.



