Füyuzat 147 Xəbərlər

Yeni türk əlifbasının mədəni inqilabı

Ergün Qaracalı
siyasi tarixçi və beynəlxalq əlaqələr üzrə ekspert

Cənubi Qafqazın tarixi və intellektual mərkəzi olan Tiflis XX əsrin əvvəllərində Türk dünyasının müasirləşmə və kimlik inşası səylərinin ən strateji laboratoriyalarından birinə çevrilmişdir. 1917-ci il Oktyabr inqilabı ilə çar Rusiyasının süqutundan sonra bölgədə yaranan hakimiyyət boşluğu yerli türk ziyalıları üçün təkcə siyasi muxtariyyət axtarışını deyil, həm də köklü zehniyyət dəyişikliyini hədəfləyən “mədəni inqilab” dövrünü başlatmışdır. Bu prosesin ən radikal və transformativ halqası 1923-cü ildə cücərməyə başlayan və 1926-cı il Bakıda baş tutan I Türkoloji Qurultayla institusionallaşan ərəb qrafikasından latın qrafikalı yeni türk əlifbasına keçid təşəbbüsüdür. Bu islahat sadəcə bir yazı sistemi dəyişikliyi deyil, dünyəviləşmə, elmi tərəqqi və sovet modernləşməsi ilə uyğun yeni bir cəmiyyət təsəvvürü olaraq qurulmuşdur.

Tiflis bu mədəni inqilab prosesində yaradılan yeni türk əlifbası islahatında Tiflis Komitəsi və Yeni Türk Əlifbası Dostları Cəmiyyəti vasitəsilə institusional lokomotiv rolunu oynamışdır. Sözügedən qurumlar, xüsusilə “Dan ulduzu”, “İşıq yol” və “Zarya Vostoka” kimi mətbuat orqanları latın qrafikasını türk xalqları arasında birlik və tərəqqi rəmzi olaraq təqdim etmişdir. Lakin 1930-cu illərin sonunda Stalin rejiminin “Böyük Terror” siyasəti nəticəsində latın əlifbası “türkçü” bir təhlükə kimi damğalanmış, 1939-cu ildə məcburi olaraq kiril qrafikasına keçidlə bu mədəni təşəbbüs radikal şəkildə səktəyə uğradılmışdır.

Cədidçi irsdən latınlaşmaya:

Tiflisin intellektual mayası

Gürcüstanda milli türk oyanışının kökləri XIX əsrin sonlarında böyük türk ziyalısı, Krım türklərindən olan və “Tərcüman” qəzetinin banisi İsmayıl bəy Qaspıralının rəhbərliyi ilə formalaşmış, üsuli-cədid reformist yanaşmasına əsaslanan cədidçilik hərəkatına gedib çıxır (Yıldırım, 2019, 1). İsmayıl bəyin “Dildə, fikirdə, işdə birlik” şüarı (“Tercüman”, 1912, 1) əzbərçi mədrəsə sisteminə qarşı ana dilində təhsili və müasir elmləri müdafiə edərək Tiflis ziyalılarına dərin təsir göstərmişdir. Müvafiq olaraq 1847 və 1849-cu illərdə fəaliyyətə başlayan Əliyyə və Öməriyyə məktəbləri ilə şəhər maariflənmə prosesinin təşkilati mərkəzlərindən birinə çevrilmişdir (“Кавказ”, 1847, 2; Goca Memmedli, 2021, 1027–1028). Aparılan təhsil islahatları bölgədəki türk cəmiyyətinin icma strukturundan milli kimlik şüuruna keçidindəki ən mühüm katalizator rolunu oynayır, hazırlanan dərsliklər vasitəsilə isə müasir pedaqogikanın və sadələşən türkcənin ilk nümunələri yaranırdı. Səid Ünsizadə “Məktəb uşaqlarımıza” adlı əsərində: “Bizim dildə bunu nəzm eylə ki, oxunub əzbərlənsin”, – deyərək tədrisdə sadə türkcədən istifadə edilməsini önəmli hesab etmişdir (Ünsizadə, 1882, 4–5). Çernyayevski və Vəlibəyovun qələmə aldığı “Vətən dili” dərsliyində isə belə bir fikir qeyd olunmuşdu: “İbtidai şagirdlərə ən başda öz ana dillərinin öyrədilməsi bir borcdur” (Çernyayevski, Vəlibəyov, 1888, 1–3).

1918–1921-ci illər arasındakı müstəqillik dövrü bu cədidçi irsin siyasət sahəsində özünü ifadə etdiyi həlledici mərhələ hesab olunur. Gürcüstan parlamentində Azərbaycan nümayəndələri arasında yer alan Əbdürrəhim bəy Haqverdiyev və Əziz bəy Şərifov ana dilində təhsil və türk məktəblərinin maddi çatışmazlıqlarının həlli üçün mübarizə aparmışlar (Paşayeva, Bayramov & Qocayeva-Məmmədova, 2012, 171–172). Bu dövrdə din dərslərinin ləğvinə yönəlmiş müzakirələr təhsilin dünyəviləşməsi istiqamətindəki mədəni inqilabın ilkin addımları kimi qeydə alınmışdır (“ერთობა”, 1918, 3–4). Həmçinin Pərixanım Sofiyeva 1918-ci ildə Borçalıdan deputat seçilərək Türk və müsəlman dünyasında demokratik yolla parlamentə daxil olmuş ilk qadın nümayəndə kimi modernləşmə prosesinin ictimai simvoluna çevrilmişdir (“საქართველოს რესპუბლიკა”, 1918, 4).

Tiflisdəki maarif şuralarında türk nümayəndələrin iştirakı, Ömər Faiq bəy Nemanzadə (1904) kimi ziyalıların “nicat və salamətimiz naminə üsuli-cədid məktəblərini açaq” çağırışları ilə ideoloji bir güc qazanmışdır. O, Tiflisi Qafqaz türklüyünün mədəni renessans mərkəzi olaraq qiymətləndirmiş və modernləşmənin ancaq milli təhsillə mümkün olması fikrini müdafiə etmişdir (Nemanzade, 1905, 3). Bu təcrübə 1920-ci illərdə sovetləşmədən sonra latın qrafikasına keçid prosesini sürətləndirən intellektual bazanı çox əvvəldən inşa etmişdir.

I Bakı Türkoloji Qurultayı:

Gürcüstan heyəti və ortaq əlifba idealı

1926-cı ildə keçirilən I Türkoloji Qurultay Türk dünyasının əlifba məsələsində əhəmiyyətli tarixi dönüş nöqtəsidir. Qurultay ərəfəsində Tiflis və Bakı mətbuatı latın əsaslı əlifbanı “Oktyabr inqilabının bir nailiyyəti” və “cəhaləti yıxacaq bir silah” olaraq təqdim edən güclü təbliğat aparmışdır. Səməd­ağa bəy Ağamalıoğlu mətbuatda dərc olunan çıxışlarında ərəb əlifbasının türk dillərinin köklərinə uyğun olmadığını və bütün geriliyin bu yazı sistemindən qaynaqlandığını iddia edərək islahatın ideoloji çərçivəsini cızmışdır (“Заря Востока”, 1924, 1).

Qurultayda Gürcüstanı Tiflis Komitəsindən Əziz bəy Şərifov və Maarif Komissarlığından Rzaqulu bəy Nəcəfov təmsil etmişdir (“Kommunist”, 1926, 3). Fevralın 26-da Bakı Maarif Sarayında böyük bir açılış mərasimi ilə başlanan qurultayda salonun “Yeni tatar əlifbası uğrunda mübarizə” sərgiləri ilə bəzədilməsi məsələnin sadəcə texniki deyil, həm də ideoloji bir müharibə meydanı olduğunu göstərmişdir. İstanbuldan gələn tanınmış ziyalı professor Fuad Köprülüzadə və Azərbaycan–Qafqaz türklüyünün dəyərli simalarından professor Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərin iştirakı qurultaya beynəlxalq və elmi legitimlik qazandırmışdır (“კომუნისტი”, 1926 a, 2). Azərbaycan nümayəndəsi Cəlil bəy Məmmədzadə latın əlifbasının savadlılıqda ərəb əlifbasına nisbətən 80% daha uğurlu nəticə verdiyini məruzə etmişdir.

Qurultayın ən təsirli məqamı 4 mart 1926-cı il axşam iclasında latın əsaslı yeni türk əlifbasının 101 səsə qarşı 7 rədd səsi ilə əzici bir üstünlük­lə qəbul edilməsidir (“Заря Востока”, 1926 a, 3). Bu qərar türk xalqları arasında “mədəni birliy”in qurulması yolunda ən istiqamətverici addım idi. Bəkir bəy Çobanzadə bu qələbəni türk-tatar xalqlarının yaratdığı inqilabçı ziyalı təbəqənin bir uğuru kimi qiymətləndirmiş və onların kütlələr arasında mədəniyyəti dərinləşdirəcəyini müdafiə etmişdir (“კომუნისტი”, 1926 b, 2).

Qurultaydan sonra Tiflis mərkəzli nəşrlər qəbul edilən qərarların ideoloji müdafiəsini öz üzərinə götürdü. “Dan ulduzu” jurnalında dərc olunan məqalələrdə latın əlifbası “feodal irs” və “mühafizəkar ənənəçilik”lə haqq-hesab çəkmənin rəmzi kimi təqdim edilmişdir (Safrastjan, 1926, 19–22). Qurultay Tiflisin Şərqin intellektual mərkəzi kimi rolunu möhkəmləndirmiş, təhsil terminologiyasından tutmuş ortaq Türkoloji İnstitutun yaradılmasına qədər çoxşaxəli hədəflərin müzakirə edildiyi bir mühit təmin etmişdir. Bu tarixi zirvə toplantısı Gürcüstanda yaşayan türklərin latın əlifbasını “azadlıq əlifbası” kimi mənimsəməsinə şərait yaratmışdır.

Tiflis Komitəsi və Yeni Türk Əlifbası Dostları Cəmiyyəti

Gürcüstandakı latın qrafikasına keçid təşəbbüsü 14 yanvar 1925-ci il tarixində rəsmən təsdiq edilən Yeni Türk Əlifbası Dostları Cəmiyyətinin nizamnaməsi ilə hüquqi status qazanmışdır. Nizamnamə türk əhali arasında məktəb açmaq, kurs təşkil etmək və yeni əlifba ilə mətbuat nəşr etmək hüququnu rəsmi şəkildə qəbul edirdi (BOA 8/2/M/14/01/1924). Tiflisdəki Nərimanov klubu bu institusional strukturun fiziki qərargahı olmuş, Ağamalıoğlu və Tsxakaya kimi yüksək vəzifəli şəxslər fəxri sədr seçilərək islahatın siyasi çəkisi möhkəmləndirilmişdir. Komitə sədri Həsən Səbri Ayvazov və katib Əziz bəy Şərifov Tiflisi bölgədəki digər türk icmaları üçün də bir təhsil laboratoriyası hesab etmişdir (Шариф, 1923, 4).

Gürcüstan Mərkəzi İcraiyyə Komitəsi 28 dekabr 1925-ci ildə qəbul etdiyi qərarla yeni əlifbanın ərəb əlifbası ilə yanaşı, məcburi istifadəsini təsdiq etmişdir (“Заря Востока”, 1926 b, 5). Bu proses 5 oktyabr 1929-cu ildə dərc olunan tarixi qərarla özünün ən yüksək mərhələsinə çatmışdır (“Заря Востока”, 1929 b, 2). 1 yanvar 1930-cu ildən etibarən isə Gürcüstan SSR sərhədləri daxilindəki azərbaycanlılar üçün açılan bir sıra dövlət qrumlarında türk dilindəki yazışmaların və bütün təhsil fəaliyyətlərinin yalnız yeni türk əlifbası ilə aparılması məcburi edilmişdir. Qərar eyni zamanda ərəb əlifbası ilə çap olunan nəşrlərin dərhal dayandırılmasını və kitabxanaların yeni hərflərlə təchiz edilməsini əmr etmişdir.

Təhsil sahəsindəki institusionallaşma 1929-cu ildə Tiflis Türk Pedaqoji Texnikumunun ilk məzunlarının köməyi ilə peşəkar əsaslar çərçivəsində formalaşmışdır. Məzun olan iyirmi dörd yeni müəllim Borçalı və Axıska kimi bölgələrə təyin edilərək “köhnə müəllimlərin kənarlaşdırılması” və yeni əlifbanın kəndlərə çatdırılması missiyasını üzərlərinə götürmüşdür (И. Т., 1929, 4). Bu dövrdə yeni məktəblər açılmış, türk şagirdlərin sayı beş mindən yeddi minə qədər artmışdır. Xalq maarif komissarı Kandelaki bu təyinatların siyasi əhəmiyyətinə diqqət çəkərək təhsilin “kommunist transformasiyasının aparıcı komponenti” olduğunu vurğulamışdır.

1929-cu ildə Tiflis Komitəsi tərəfindən açılmış makinaçılıq kursları və qadın klublarında aparılan savadlandırma səfərbərliyi islahatın sosial təsirini gücləndirməyə çalışmışdır. 9 iyul 1929-cu ildə başladılan “Oktyabr əlifbası” adlı təyyarə istehsalı üçün ianə kampaniyası islahatın müdafiə və siyasi mənsubiyyətlə necə bütövləşdirildiyini göstərməkdədir (“Заря Востока”, 1929 a, 4). Sözügedən inzibati tədbirlər latın əlifbasını sadəcə bir yazı sistemi kimi deyil, Gürcüstandakı türklər üçün müasir dövlət strukturlarına daxil olmanın əsas vasitələrindən birinə çevirmişdir.

Mətbuatda mədəni inqilab: “İşıq Yol” və “Dan Ulduzu”ndakı fikri mübarizələr

Latınlaşdırma prosesinin ideoloji bayraqdarlığını edən ən mühüm iki mətbuat orqanı “Dan ulduzu” jurnalı və “İşıq yol” qəzeti olmuşdur. “Dan ulduzu” islahatı sadəcə bir hərf dəyişikliyi olaraq deyil, türk dillərinin fonetik azadlığına qovuşması kimi təsvir etmişdir. Jurnalda dərc olunan “A.Safrastyan” imzalı məqalə ərəb hərflərinin türkcədəki “ahəng qanunu” sistemini pozduğunu və savadlılığa mane olduğunu dilçilik elminə əsaslanan dəlillərlə müdafiə etmişdir (Safrastjan, 1926, 19–22).

“İşıq yol” qəzeti isə bu islahatı Tiflis Komitəsinin “xalqın cəhalət zəncirlərini qıran güclü bir inkişaf silahı” hesab etmişdir. Davud Rəsulzadə (1924) qəzetdəki yazılarında latın əlifbasını xalqın ruhuna işləyən bir inqilab kimi səciyyələndirmişdir. Qəzetdə dərc olunan “Dil məsələsi” məqalələri ərəb və rus mənşəli sözlərin dili korladığı fikrini müdafiə edərək xalqın anlaya biləcəyi “saf və sadə bir türkcə” idealını ön plana çıxarmışdır (“Işık Yol”, 1924 a, 2). Əli Nazim kimi şairlərin “Bizlər elm ordusuyuq, hər zaman/Bu qaranlıq üfüqləri silərik” misraları mətbuatın yeni nəsil üzərindəki pedaqoji və emosional təsirini möhkəmləndirmişdir (Nazım, 1924, 1).

Jurnallardakı yazılar latın əlifbasını ictimai tərəqqinin ən təməl şərti olaraq görmüşdür. Rza Süleyman “Nə üçün yeni türk əlifbasını qəbul etdik?” başlıqlı yazısında ərəb yazısını türk millətinə yad bir element kimi izah etmiş və latın hərflərini “zehni istiqlala gedən yol”un açarı olaraq müdafiə etmişdir (Suleyman, 1926, 21–24). M.Nərmi isə (1927) “Türkcəmiz və latın hərfləri” məqaləsində latın hərflərini türk dilinin zəncirlərini qıracaq “müqəddəs bir əl” kimi səciyyələndirərək bu islahatın milli və dövlət əhəmiyyətli bir məsələ olduğunu vurğulamışdır (yenə orada, 53–55). Bu nəşrlər sayəsində latın hərfləri sadəcə bir dövlət siyasəti olmaqdan çıxıb fəhlə və kəndlinin ana dilini ən düzgün şəkildə ifadə etdiyi bir “həyat tərzi”nə çevrilmişdir.

Mətbuatın bu dö­v­rdəki ən böyük mübarizəsi “bisavad ziyalı” adlandırılan və islahata müqavimət göstərən mühafizəkar təbəqəyə qarşı idi. “İşıq yol” qəzetinin “Oradan-buradan” guşəsində bu təbəqələr həcv edilmiş, xalqın yeni əlifbaya göstərdiyi maraq uğur hekayələri ilə dəstəklənmişdir (“Işık Yol”, 1924, 4). Türkiyədəki hərf inqilabı da yaxından izlənilərək “Anadolu türklüyü ilə Qafqaz türklüyü arasında modernləşmə birliyi” bağı gücləndirilmişdir (M., 1926, 22–24).

İctimai transformasiya və qadın:

 jurnal yazılarında dünyəvi kimlik inşası

Jurnallardakı yazılar qadınların ictimai həyatda iştirakı ilə əlifba islahatı arasında sarsılmaz bir əlaqə qurmuşdur. Sacidə xanım Qayıbova “Dan ulduzu” junalındakı yazısında ərəb əlifbasının çətinliyini qadınları “məişət rollarına məhkum edən bir buxov” kimi tərif etmiş, latın əlifbasının isə onları sənaye və sosial həyatın fəal subyektlərinə çevirəcəyini bildirmişdir. Sacidə xanımın fikrincə, yeni əlifba texniki inqilabdan daha çox qadının “bilik və azadlığa” çatmasını təmin edən bir vasitə idi (Qayıbova, 1926, 24). Jurnal səhifələrinə yansıyan, əlində latın qrafikalı kitablar tutan türk qadınlarının fotoşəkilləri müzakirələr zamanı ortaya çıxan fikirlərin real nəticəsini təsvir etmişdir.

Tiflisdəki türk qadın klubları jurnal yazıları ilə təşviq edilən bu idealı real həyatda tətbiq edirdi. “Ortaçalski” imzası ilə “Zarya Vostoka” qəzetində nəşr olunan məqaləyə görə, qadın klublarında siyasi savadlılıq və yeni əlifba kursları sayəsində türk qadınları müasir həyatın bir parçasına çevrildi (Ортачальский, 1927, 3). Borçalı kəndlərinə qədər uzanan bu qadın təşkilatlanması yeni əlifbanı qadınların “mədəni müstəqillik” mübarizəsinin açarı olaraq təqdim etmişdir. 1928-ci il tarixli yazıda Nərimanov klubu nəzdində savadlanan türk qadınlarının tikiş-naxışdan səhiyyəyə qədər müxtəlif sahələrdə təhsil aldıqları qeyd edilmişdir (Т. Д-ли, 1928, 4).

Jurnal və qəzetlərdə yer alan vizual təsvirlər qadınların savadlandırılma səfərbərliyinin ən təsirli detallarındandır. Komsomol üzvlərinin yaşlı türk qadınlarına hərf öyrətdiyi səhnələri təsvir edən yazılar və fotoşəkillər islahatın nəsillərarası mədəni bir körpü qurduğunu göstərmişdir (“დროშა”, 1930, 9). Tiflisdəki türk əmək məktəblərində qız və oğlan şagirdlərin birlikdə təhsil aldığı siniflər “mədəni inqilabın” dünyəvi və bərabərhüquqlu xarakterini mətbuat vasitəsilə bütün cəmiyyətə bəyan etmişdir (Быкова, 2011, 180–181).

Bu ictimai transformasiya qadınların sadəcə oxumasını deyil, eyni zamanda yazmasını və ictimai məsələlərdə söz sahibi olmasını da bərabərində gətirmişdir. Nazlı Şahtaxtinski və Hüsniyyə Hacızadə kimi qadın pedaqoqların dərslik hazırlama proseslərində fəal iştirakı, latın əlifbasının qadın ziyalılar üçün necə azad fəaliyyət sahəsi formalaşdırdığını sənədləşdirməkdədir (Şahtahtinski, Hacızadə və Həsənzadə, 1929, 1). Qadın klublarında açılan xüsusi yeni türk əlifbası kursları türk qadınlarını evdən çıxarıb fabriklərə və sosialist quruculuq proseslərinə daxil edən bir “keçid mərasimi” funksiyasını yerinə yetirmişdir (Ортачальский, 1927, 3).

Nəticə etibarilə 1923–1939-cu illər arasında Gürcüstanda yeni türk əlifbası ətrafında gedən proseslər bir xalqın müasir dünya ilə inteqrasiya olunmaq və öz kimliyinin elmi zəmində inşası istiqamətində göstərdiyi səylərin mühüm tarixi göstəricisidir. Tiflis Komitəsinin başçılığı altında “Dan ulduzu” və “İşıq yol” kimi məcmuələrin intellektual dəstəyi ilə həyata keçirilən bu “mədəni inqilab” türk cəmiyyətini dünyəviləşmə, təhsildə bərabərlik və mədəni oyanış idealları ilə tanış etmişdir. Jurnal səhifələrində dərc olunan hər bir məqalə və fotoşəkil bu maarifçilik təşəbbüsünün ictimai həyata necə nüfuz etdiyinin tarixi isbatıdır.

Lakin bu təşəbbüs totalitar rejimin təhlükəsizlik prioritetləri və assimilyasiya siyasəti adı altında qurban verilmişdir. “Böyük Terror” və 1939-cu il “kiril müdaxiləsi” yeni türk əlifbasının sadəcə hərflərdən ibarət olmadığını, onun həm də bir millətin müstəqillik və mədəniyyət uğrunda iradəsinin simvolu olduğunu sübut etmişdir. Tiflis mərkəzli bu maarifçilik təşəbbüsü dayandırılsa da, mətbuat vasitəsilə torpağa səpilən o modernləşmə toxumları bölgədəki türklərin tarixi yaddaşında “işıq yolu” kimi parlamağa davam edir.

Mirzə Fətəli bəy Axundzadənin iştirakı ilə əsası qoyulan və 1926-cı ildə Bakı Türkoloji Qurultayında Yeni Türk Əlifbası ilə təcəssüm tapan bu tarixi hadisə coşqun bir çayın yolunun 1939-cu ildə kiril buzlaqları ilə qəflətən kəsilməsinə bənzəyir. Axın dayandırılmış, yaddaş dondurulmuş kimi görünsə də, sətir aralarına və kitab səhifələrinə sığınan o mədəniyyət iradəsi torpağın dərinliklərində daim diri qalmışdır. 1991-ci ildən etibarən buzların əriməsi ilə yenidən canlanan və 2026-cı ilin üfüqündə Türk dünyası ideyası altında bütünləşən bu proses uca bir çinarın kökündən ən gənc budaqlarına doğru yayılan inadkar bir həyat suyudur; dünən dondurulduğu sanılan tarix bu gün gələcəyi inşa edən sarsılmaz bir mirasa çevrilmişdir.

Ədəbiyyat

Başbakanlık Osmanlı Arşivi (BOA). (1924). 8/2/M/14/01/1924. İstanbul: Devlet Arşivleri Başkanlığı.

Çernyayevski, A.O. və Vəlibəyov, S.A.B. (1888). Vətən dili: Türki-Azərbaycan dilində təlimi-qiraət və inşa və imla məşğuliyyəti üçün kitapçadır. Tiflis: Kəşkül.

M. (1926, iyun). Türkiyə latın əlifbasını qəbul etmək üzrədir. “Dan Yıldızı”, 2, s. 22–24.

Memmedli, G.G. (2021). Gürcistan’ın usûl-i cedit okullarında şeriat dersi (19. yüzyılda ve 20. yüzyılın başlarında). Turkic Studies – Education, 3(2), s. 1023–1034.

Mətbuat: Dil məsələsi. (1924, 4 iyul). “Işık Yol”, 16, s. 2.

Nazım, Ə. (1924, 11 iyul). Məktəbli marşı. “Işık Yol”, 17, s. 1.

Nemanzadə, F. (1905, 7 avqust). Ağacı qurd içindən yeyər. Hayat, s. 65.

Nemanzadə. (1904, 28 avqust–2 sentyabr). Biz də vaxta görə çalışaq. “Şərqi-Rus), 147–152.

Nərmi, M. (1927, oktyabr). Türkcəmiz və latın hərfləri. “Dan Yıldızı”, 10, s. 53–55.

Oradan-buradan. (1924, 3 oktyabr). “Işık Yol”, 29, 4.

Paşayeva, Ə., Bayramov, N. və Qocayeva-Məmmədova, G. (2012). Gürcüstanda Azərbaycan məktəbləri. Tbilisi: Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi.

Qayıbova, S. (1926, sentyabr). İctimai həyata Turq qadını və savad. “Dan Yıldızı”, 5, 24.

Safrastjan, A. (1926, iyun). İmla məsələsi və onu həll etməq yolları. “Dan Yıldızı”, 2, s. 19–22.

Suleyman, R. (1926, sentyabr). Nə üçün Yeni Turq Əlifbasını qəbul etdiq? “Dan Yıldızı”, 5, s. 21–24.

Şahtahtinski, N., Hacızade, H. və Hasanzade, H. (1929). Yeni kənt: Gürcüstan Türk məktəblərinin üçüncü sinif üçün iş kitabı. Tiflis: Gürcüstan Dövlət Nəşriyyatı.

Tercüman. (1912). “Tercüman”, 30 (1), s. 1.

Türkoloji qurultayına yeni nümayəndələr. (1926, 26 fevral). “Kommunist”, 49, s. 3.

Ünsizadə, S. (1882). Məktəb uşaqlarımıza, oxumaqdan ötrü sadə Türki dilimizdə tərtib olunmuş əqaid və nəsayəh risaləyi-mənzuməsidir. Tiflis.

Yıldırım, S., Saburgaliyeva, N. və Boranbayeva, B. (2019). Kazakistan Ceditçilik hareketinde bir din adamı: Ömer Karaş, hayatı ve faaliyetleri (1875–1921). “Gazi Akademik Bakış”, 13(24), s. 245–279.

Быкова, Е.Ю. (2011). Реформирование системы школьного образования в СССР в 1917–1930 гг.: Организационные и идеологические аспекты. Вестник Томского государственного университета: Философия. Социология. Политология, 1, с. 180–181.

Газета: Тyрская пресса – За новый алфавит. (1924, 28 февраля). “Заря Востока”, с. 1.

Д-ли, Т. (1928, 8 март). Женщина на производстве… “Заря Востока”, с. 4.

Закавкаский день: В ЦИК е ЗСФСР – Новый тюркский алфавит. (1926, 5 марта). “Заря Востока”, с. 5.

Кавказ. (1847). “Кавказ”, 51, с. 2.

Октябрьский алфавит. (1929, я июль). “Заря Востока”, с. 4.

Ортачальский. (1927, я март). Работнича: За культуру и коммунизм (Тифлис). “Заря Востока”, с. 3.

Расул-Заде, Д. (1924, 5 май). Тюркский алфавит. “Заря Востока”, с. 1.

Т., И. (1929, 25 июня). Двадцать пять: Первое восприятие тюркских учительтелей в Грузии. “Заря Востока”, с. 4.

Тюркологический съезд: Вечернее заседание – Резолюция о новом Тюркском алфавите. (1926, 5 март). “Заря Востока”, с. 5.

Через новый алфавит – К знанию: Постановление Всероссийского Центрального Исполнительного Комитета. (12 октября 1929 г.). “Заря Востока”, с. 2.

Шариф, А. (1923, 17 апрель). О реформе Тюркского алфавита. “Заря Востока”, с. 4.

დროშა. (1930, 15 აგვისტო). “დროშა”, 15 (39).

თურქოლოგიურ ღრილობ: ახალი თურქული ალფაბეტის გამარჯვება – პროფ. ჩობან-ზადეს აზრი. (1926, 7 მარტი). “კომუნისტი”, 53, გ. 3.

თურქოლოგიურ ღრილობისათვის: სტამბოლის დელეგაცია თურქოლოგიურ ღრილობაზე. (1926, 21 თებერვალი). “კომუნისტი”, 42, გ. 3.

საქართველოს პარლამენტი: 22 ნოემბერის სხდომა. (1918, 26 ნოემბერი). “ერთობა”, გ. 3–4.

საქართველოს რესპუბლიკა (1918, 30 ივლისი). “საქართველოს რესპუბლიკა”, გ. 4.