Aygün Əzimova Ədəbiyyat Füyuzat 124

Əhməd Həmdi Qaraağazadə və “Azərbaycan” qəzeti

Ötən əsrin sonlarında Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşması itirilmiş atributların, üzərinə qadağa qoyulmuş dəyərlərimizin, bir sözlə, tariximizin yeni müstəvidə qiymətləndirilməsi ilə inkişafına təkan verdi. Sovet dönəmində ideoloji kanonların təsiri alttında təqdim edilmiş bu tarixi mənbənin – mətbuat tarixinin öyrənilməsi, xüsusilə millətin tarixi və taleyində böyük rol oynamış AXC dövrünün yaradıcıları, yazarları, onların dünyagörüşü, məqsədləri və uğrunda mübarizə apardıqları amalların obyektiv və yeni baxış bucağından araşdırılması bu günümüz üçün aktuallıq kəsb etməklə bərabər, həm də zərurətə çevrilmişdir. Bu zərurət milli müstəqillik və azadlıq, türkçülüyümüz uğrunda uzun illər mübarizə aparan tarixi şəxsiyyətlərin, onların iştirak etdiyi mətbuat orqanlarının araşdırılmasına yol açdı. Bu araşdırmalar nəinki tarixi keçmişimizi öyrənməkdə, habelə gələcəyimizi müəyyənləşdirməkdə böyük əhəmiyyət daşıyır.

Azərbaycan istiqlalının mücahidləri sırasında özünü təsdiq etmiş, sovet dövrü tədqiqatlarından kənarda qalmış, eləcə də müasir araşdırmalarda çox az müraciət olunmuş məfkurəçi şəxsiyyətlərdən biri olan Əhməd Həmdi Qaraağazadə irsinin tədqiqi də bugünkü mətbuat tarixinin qarşısında duran vəzifələrdən biridir. Onun mətbu fəaliyyəti, publisistikası haqqında araşdırmalar, demək olar, yox dərəcəsindədir.

Azərbaycan istiqlal hərəkatının iştirakçısı, Azərbaycan Milli Şurasının üzvü –  Əhməd Həmdi Qaraağazadə Milli Şuranın “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun”na (19 noyabr 1918) əsasən, Cümhuriyyət parlamentinin tərkibinə “Müsavat və bitərəflər fraksiyası”nın üzvü kimi daxil olmuşdur. Dövrün müxtəlif mətbuat orqanlarında türkçülük, istiqlal idealları ilə yoğrulmuş ictimai-siyasi məzmunlu yazılarla çıxış edən alovlu publisistin mətbu fəaliyyətinin tədqiqatlardan kənarda qalması acı təəssüf doğurur.

Bu sırada “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)” adlı əsər “Azərbaycan parlamentinin tarixinə dair qiymətli kitab” olmaqla yanaşı, həm də Əhməd Həmdinin publisistik məqalələrinin bir hissəsinin toplanıb təqdimi baxımından dəyərli mənbə kimi də qiymətləndirilə bilər. Kitabın tərtibçisi, Azərbaycan mətbuat tarixinin tədqiqatçısı Şirməmməd Hüseynov türkiyəli araşdırmaçı, professor Yavuz Akpınarın köməyi ilə Əhməd Həmdinin həyatı haqqında da məlumatlar təqdim etməklə gələcək araşdırmalara cığır açmış oldu.

Azərbaycan mühacirlərinin nəşr etdirdikləri “Azəri-Türk” dərgisinin 1928-ci il 20-ci sayında redaktor Məhəmməd Əmin Rəsulzadənin İstanbulda vəfat edən Əhməd Həmdi bəylə bağlı “Əməkdaş haqqında” adlı məqaləsi və nekroloq xarakterli “Əhməd Həmdi – mərhum müxtəsər tərcümeyi-hal” yazısı böyük şəxsiyyət haqqında ilk tədqiqat kimi xüsusilə önəmlidir. Əhməd Həmdi bəylə bağlı öz düşüncələrini, xatirələrini qələmə alan M.Ə.Rəsulzadə ədiblə ilk tanışlığı, onun həyat və fəaliyyətinin qayəsi barədə məlumat verir. Tərcümeyi-haldan məlum olur ki, əslən acaralı olan ədib Batumda doğulmuşdur. Acaranın əsilzadələrindən olan atası hələ uşaqkən ona həm türk, həm də fransızca təhsil vermişdir. İstanbula gələn Ə.Həmdi burada türkcə təhsilini davam etdirir.

1917-ci il Rusiya inqilabı illərində Əhməd Həmdi Bakıya gəlir. Bütün Qafqaziya müsəlmanlarının mədəni və siyasi hərəkatının mərkəzi olan Bakı onun həyatında böyük rol oynayır. İlk olaraq “Açıq söz” qəzetində gürcü dilindən tərcümələr edən ədib sonralar qəzetin yazarlarından biri olur. Onun M.Ə.Rəsulzadə ilə tanışlığı da məhz bu qəzetin redaksiyasında başlayır: “M.Ə.Rəsulzadə “Azəri-Türk” jurnalında dərc etdirdiyi “Əməkdaş həqqində” məqaləsində yazırdı: “Açıq söz”ün çıxar-çıxmaz gürcü qonşularımız arasında və mətbuatında mühüm bir əks-səda oyandıra bilməsi ancaq Həmdi sayəsində olmuşdu…”

Ədib “Açıq söz” qəzetində “Gürcü mətbuatı” rubrikası altında tanınmış gürcü qəzetlərindən Azərbaycanla bağlı seçmə məqalələr tərcümə etməklə yanaşı, bəzən bu yazılara münasibət də bildirirdi.

Qəzetin 118-ci (23 fevral 1916) sayında həmin rubrika altında Tiflisdə çıxan “Saxalxo purseli” qəzetində Zaqa­tala müsəl­man­larının tarixi keçmişini və müasir həyatını əks etdirən “İnqiloda” sərlövhəli geniş məqaləsinin tərcüməsi təqdim edilmişdir. Digər sayda (13 mart 1916, №131) gürcü mətbu orqanı olan “Dreiba”nın yaranma tarixi və fəaliyyətindən, ölkənin ictimai-siyasi, iqtisadi həya­tın­da, eləcə də Qafqaz xalq­ları arasında sülh və əmin-amanlığında oynadığı roldan bəhs edən “Dreiba”nın əlli illiyi” adlı tərcümə məqaləsi də mövzu və aktuallıq baxımından maraq doğurur.

Əhməd Həmdi mətbu fəaliyyəti ilə nəinki Azərbaycanda milli azadlıq şüurunun formalaşmasında dəyərli rol oynadı, həmçinin bu ideal uğrunda mübarizəyə də çağırış etdi. “İstiqlal” qəzetinin başlığı altındakı Əhməd Həmdiyə məxsus “İnsanlara hürriyyət, millətlərə müsavat!” şüarındakı məfkurəçilik roluna böyük qiymət verən M.Ə.Rəsulzadə yazırdı: “Bu dövrdə məfkurələri bir tərəfdən dini islamçılıq, digər tərəfdən rus demokrasisi miqyasında sosialistlik olan bəzi münəvvərlər “Müsavat”ın türkçülüyündən və Azərbaycan şüarının elanından diksinmiş ikən, Əhməd Həmdi bu məfkurəni bənimsəmiş və “İstiqlal” qəzetəsinin məsul bir mühərriri olacaq qədər bu qayəyə isinmişdir” (“Azəri-Türk”, 15 təşrini-sani 1928, №20).

“Müsavat” firqəsinin rəsmi orqanı ­– “İstiqlal”da fəaliyyətindən sonra Ə.Həmdi Azərbaycan Məclisi-Məbusanının üzvü və parlamentin mətbu orqanı olan “Azərbaycan” qəzetinin baş yazarlarından – analitiklərindən biri olur.

Qəzetin, xüsusilə, 1919-cu ilin noyabrından 1920-ci ilin aprelinə qədərki saylarında onun 40-dan çox maraqlı, analitik yazılarını görə bilərik. O bu məqalələri “Ə.H.”, “Ə.Həmdi” imzaları ilə qələmə almışdır.

Əhməd Həmdi publisistik janrlardan sənətkarlıqla bəhrələnmişdir. Publisistikasında analitik təhlillərlə ictimai-siyasi, tarixi, dini, hüquqi məsələlərlə bağlı məqalələr daha çox əhəmiyyət kəsb edir. Bu məqalələr konkret fakt və hadisələrə, məntiqi fikir və mülahizələrə əsaslanmaqla ideyalar mübarizəsində kəsərli silaha çevrilir. 1917–20-ci illərin ictimai-siyasi həyatının elə bir sahəsi yoxdur ki, Əhməd Həmdi publisistikasında öz əksini tapmasın. İstiqlal və hürriyyət, suveren dövlət quruculuğu, erməni separatizmi və təcavüzkarlığı, daxili-siyasi durum, Azərbaycanda öz müstəmləkəçilik hökmranlığını bərpa etməyə çalışan Qərb və onun havadarlarının təxribatçılıq siyasəti, ordu quruculuğu, iqtisadi problemlər Əhməd Həmdini düşündürən məsələlər idi.

Əhməd Həmdi 1918-ci ildə istiqlaliyyətini yenicə əldə etmiş Azərbaycan dövlətinin ictimai-siyasi həyatını diqqətlə izləyərək özü də bu tarixi prosesin iştirakçısına və təbliğatçısına çevrilmişdir.

Ə.Həmdi “Azərbaycan” qəzetinin 28 may 1919-cu il tarixli 190-cı sayında dərc olunmuş “Böyük bir gün” məqaləsini milli qürur günümüz olan Cümhuriyyətimizin elan olunmasının ildönümünə həsr etmişdi. Ədib bu tarixi günü müsəlman aləminin müqəddəs günləri ilə əlaqələndirir: “Günlər vardır ki, böyük bir həqiqəti elan etmiş…böyük peyğəmbərləri doğurmuş…bütün insaniyyət üçün mövcibi-iftixar olmuş…kiçik bir millət böyümüş, böyük bir milləti oyandırmış, böyük vətənpərvərlərdən böyük millətlər yetişdirmiş…” Burada Nuhun bir gün tufana düşməsi, təbiətlə bəşər arasındakı mübarizənin tarixi, İsa peyğəmbərin şagirdlərinə dediyi “Sənə sağdan toqat vurarlarsa, sol tərəfini çevir!” sitatı sülh aləminin qapısının açılması kimi təqdim edilir. Bu bir günü bəşəriyyət tarixində, mədəniyyətdə tərəqqi və təkamül meyarı kimi təqdim edən ədib başqa tarixi hadisələrdən misallar da gətirərək qeyd edir ki, bu gün Rusiya ixtilal etdi, bu gün Lehistan, Ukrayna, Litva, Finlandiya, Sibirya, Qafqasiya ayrıldı və bir gün gəldi ki, həmin gün türklərin günü oldu: “Azərbaycan elani-istiqlal etdi!..qiymətli olan günlər kiçik millətlərin məsərrət və məhzun günləridir”.

Əhməd Həmdi 1920-ci il yanvarın 11-də Paris sülh konfransının Ali Şurasının qətnaməsi ilə müttəfiq və birləşmiş dövlətlərin Azərbaycan hökumətini de-fakto səviyyəsində tanınmasını tariximizin böyük bir günü kimi qiymətləndirir. “Azərbaycanın böyük günü” (14 yanvar 1920) məqaləsində qürur hissi ilə göstərir ki, Azərbaycan istiqlalının təsdiqinə qədərki dövr uzun və böyük şərəf və fəzilət tarixi kimi kitaba düşəcək: “Bu gün həqiqətən bir Azərbaycan var, bir də Azərbaycan türkünün beynəldüvəl təsdiq və qəbul edilmiş siyasi, milli bir mövcudiyyət və istiqlaliyyəti var!..”         

Bu günü çəkilən bütün əziyyətlərin, keşməkeşli yolların mükafatı adlandıran Əhməd Həmdi hər kəsi qüvvətli bir arzu, hərarətli bir iman ilə hər işdə müvəffəqiyyət qazanmağa səsləyir. Ədibin haqqın və hüququn təsdiqi adlandırdığı bu tarixi gün 1991-ci ildə yenidən bərpa edildi və dövlətçilik ənənələrinin inkişafında böyük rol oynadı. Onun “Azərbaycan” qəzetinin səhifələrində dərc etdirdiyi “Azərbaycan parlamanının birinci illiyi” (9 dekabr 1919, №340), “1920-ci il” (1 yanvar 1920, №1), “Sərvəqt olmalıdır” (12 yanvar 1910, №10), “İstiqlaliyyətin amilləri və nəticələri” (18 yanvar 1920, №14), “Sovet hökumətinin təklifinə cavab” (19 yanvar 1920, №15), “İcmali-siyasi” (1 fevral 1920, №20), “Bolşevik təhrikatı” (2 fevral 1920, №21), “Bolşeviklər və biz” (12 fevral 1920, №30), “Qars məsələsinə dair” (15 fevral 1920, №32), “Türkiyə məsələsi” (19 fevral 1920, №36) “Batum məsələsi” (27 fevral 1920, №41) və digər məqalələri Ə.Həmdinin istiqlal savaşında məsləkdaşları ilə birgə addımladığını və necə bir siyasətçi olduğunu təsdiqləyir. Ə.Həmdinin istər Azərbaycanda, istərsə də mühacirətdəki əsərləri Azərbaycan Cümhuriyyəti dövrü tarixinin öyrənilməsi baxımından da əhəmiyyətlidir. Əhməd Həmdi 27 oktyabr 1919-cu ildə “Azərbaycan” qəzetində çıxan “Məmləkətimizin halı nasıldır?” məqaləsində bugünkü günümüz üçün də önəmli olan çox ciddi bir məsələni gündəmə gətirir. Burada biz xarici və yerli bədxahların diktəsi ilə ölkəni siyasi oyunlar meydanına çevirmək istəyən müxalif parlament üzvlərinə və mətbuat nümayəndələrinə qarşı əsl vətəndaş mövqeyini görürük: “Bir məmləkətdə müxalifətin qiymət və səmimiyyəti o zaman təsdiq olunur ki, müəyyən və müştərək mənfəətlər iyicə bilindikdən sonra millətin həyati-siyasiyyə və amali-milliyəsinə prinsip ədd edilən məsələ və mövzularda ixtilaf edilsin” (“Azərbaycan”, 27 oktyabr 1919, №306).

Belə müxalifəti sağlam, ali və mötəbər qəbul edən müəllif sağ və sol müxalifətin pozuculuq fəaliyyətlərini Azərbaycan dövlətçiliyinə qarşı düşmənçilik mövqeyi kimi qiymətləndirir. Müxalif mətbu orqanların isə parlament üsulu ilə idarə olunan və tam şəkildə demokratik qaydalara uyğun fəaliyyət göstərən, eləcə də parlament kürsüsündə “Mətbuat qanunu” müzakirə edilən hökumətin Nikolay və Əbdülhəmid hökumətləri ilə müqayisəsini “şəxsi təərrüzlər və şəxsi rəqabətlər” kimi xarakterizə edir: “Az-çox müxalif qəzetələri oxuyan və müxaliflərin tənqid və təriflərini eşidənlər də heyrətlər içərisindədir: – Nə olmuş, nə varmış? “Zəhmət sədası” məmləkəti böyük bir bəla və fəlakət içərisində görüyor. Məmləkət batıyor, hökumət yox, rüşvət alanlar çox, məhkəmələr pozuq, burjualar ciblərini dolduruyor, füqərayi-kasibə soyuluyor. Sağ tərəfdə “İttihad” isə daha böyük vəlvələ çıxarıyor. Bugünki varlığımız, daxili və xarici siyasətimiz bərbaddır. Bizim dediklərimizə kimsə əhəmiyyət vermiyor. Hər kəs öz cibinin faydasına baxıyor və sairə”.

 Həm problem, həm məzmunca müasir dövrümüzü də əks etdirən məqalədə ədibin müxalif qüvvələrə ciddi, kəskin və aydın şəkildə cavabı onun publisist qələminin kəsərini göstərir: “…Təəccübdür, bir məmləkətdə parlamentarizm üsuli olduqdan və demokratik bir cümhuriyyətdə bulunduqdan sonra nə üçün hər fərd əqlinə və məntiqinə görə dilini işlətməsin?

Hökumət göydən enmiş bi şeymidir ki, hər yazı yazanın, hər ağzı işləyənin boş tənqid və təərrüzlərinə məruz qalsın?”

İstiqlaliyyət mövzusu Əhməd Həmdi publisistikasının ana xəttini təşkil edir. O, Zaqafqaziya cümhuriyyətləri arasında Azərbaycan və Gürcüstanın bir gündə istiqlaliyyətə nail olmalarını alqışlayır, bunu hər iki cümhuriyyətin siyasi həyatı üçün şərəfli bir hadisə kimi qiymətləndirir. Ədib “İstiqlaliyyətin amilləri və nəticələri” (18 yanvar 1920) məqaləsində Azərbaycan və Gürcüstan ittifaqının Azərbaycanı xristian düşməni, Gürcüstanı ixtilalçı kimi tanıtmaq istəyənlərə – mənfur qüvvələrə böyük zərbə olduğunu qeyd edir. Zaman keçdikcə Azərbaycanın siyasi xadimləri və Gürcüstan rəhbərlərinin bu siyasi ittifaqın güclənməsi, möhkəmlənməsi yolunda atdıqları addımları təqdir edən ədib ölkəsi qarşısında daha məsuliyyətli və mədəni fəaliyyət sahəsi açıldığını göstərir: “Azərbaycanın əcnəbi dövlətlərlə rabitəyə girməsi Azərbaycanın əmniyyətini, tammını, sözünü qüvvətləndirməgə bir vasitə ola biləcəgi kibi, hər dürlü tərəqqi və inkişafına yol açar. Bundan sonra Azərbaycanın maliyyəsi müğləq bir məsələ degil, feli bir amil (le factur reale) olmuşdur. Bu gündən etibarən Azərbaycanın maliyyəsi və pulu beynəlmiləl (directcon)maliyyata daxil olmuş hesab olunur”.

Ədib istiqlaliyyətin nəticələri sırasında Azərbaycandan xaricə gedən səfirlərlə birgə ölkəni tanıtmaq, inkişafını sürətləndirməyin də mümkünlüyünü qeyd etməklə bərabər, həmçinin əlaqələri genişləndirərək xarici sərmayədarlarla münasibət qurmaq imkanının da yarandığını diqqətə çatdırır. Aydın məsələdir ki, bu da yeni yaranmış Azərbaycan dövlətinin xarici iqtisadi ticarət siyasətində və dövlətin büdcə məsələsində böyük rol oynayır. Əhməd Həmdi analitik kimi dövlətin iqtisadi inkişaf sahəsində açılan imkanlardan danışmaqla bərabər, bu məsələlərin dövlət üçün əhəmiyyətini də nəzərə çatdırmağa çalışmışdır. Ədib müstəqilliyin verdiyi ən böyük önəmi –“Xarici düşmən ilə sülh, yaxud hərb etmək bizim üçün tamamilə kəndi ixtiyarımıza” malik olmağımızı da istiqlalımızın nəticəsi kimi qiymətləndirir.

 “Bu da dostluqmu?” (7 aprel 1920) məqaləsi Ə.Həmdinin bu günümüzün reallığı, Azərbaycanın tarixən üzləşdiyi çox ciddi bir problemə – Qarabağ ətrafında baş verən hadisələrə qonşu dövlətlərin, eləcə də Gürcüstanın mətbuat orqanlarının qeyri-müəyyən məlumatlarla, təhriflərlə, obyektivlikdən kənar yanaşmasına etirazı idi: “Borba” ilə bərabər gürcücə intişar edən “Ertoba”, “Sakartvelo”, “Saxalxu saqeə” və “Şroma” qəzetələri… Qarabağ hadisələrini bitərəfanə təhlil və tədqiq edəcəkləri yerdə qurnazcasına təsni etdikləri təqsirlərlə Azərbaycana sərzənişlərdə bulunuyorlar”.

Qafqaz millətləri arasında çıxa biləcək bütün ixtilafları quru sözlər və boş nəsihətlərlə həll etməyi düzgün yol hesab etməyən Əhməd Həmdi qeyri-müəyyən istinadlardan uzaq olub həqiqəti yazmağı tövsiyə edirdi: “Təəssüf olunur ki, Gürcüstan mətbuatı Qarabağ hadisələri üzərində bizi müəyyən bir fakt ilə müttəhim etmiyorlar. Yazdıqları qeyri-müəyyən istinadlardır”.

Ədib Ermənistan və Gürcüstan qoşunlarının bir-birinə qəsdini də imperializmin Cənubi Qafqazda apardığı siyasi oyunlardan biri kimi qiymətləndirir. Belə bir qarşıdurma yaşayan Gürcüstanın bəzi mətbuat orqanlarının Azərbaycana qarşı ittiham irəli sürməsini kəskin tənqid edən Əhməd Həmdi gürcü mətbuatından sitat gətirir: “Şimaldan bir bolşevik təhlükəsi var. Cənubdan da iki qonşu dövlət yekdigərlərilə hərb ediyor. Azərbaycan kəndisinin nə qədər məsuliyyətli olduğunu fərq edəmiyor, ermənilərlə müharibəyə girişiyor. Bu yazıları yazan mühərrirlərin insan ilk nəzərdə Qafqasiyadan xaric bir məmləkətdə olduqlarını zənn edər”.

Ədib Şimaldan gələn təhlükədən Ermənistanın qurdcasına sui-istifadəsinə münasibət bidirərək yazır: “Və bu qurdcasına oynanılan oyuna qarşı Azərbaycan qoyuncasına ərzi-mütaviətmi etməli idi? Bu məsuliyyət əqli-səlim sahibi üçün də aşkar bir şeydir ki, kim bu hadisələri qurmuş, kim əlaltı bu planları hazırlayıb da birdən Qarabağ üzərinə saldırmış isə ona aiddir. “Müharibəyə girişən də Azərbaycan degil, Ermənistanın təşkil edib də iləri sürdügü bandalardır”.

Əhməd Həmdi Azərbaycanın demokratik bir hökumət olaraq tarixi faktları, gerçək həqiqətləri araşdırmadan mətbuatda özünə yer tapan belə yazılara etiraz olaraq bunu bir imperializm taktikası və diplomatiyası adlandırmasına haqq qazandırır.

Yüz ildən çox keçməsinə baxmayaraq bu gün də Avropa mətbuatı klassik erməni təbliğatına sahib çıxaraq Azərbaycana qarşı qərəzli, böhtan xarakterli yazılar dərc etməklə imperializm taktikalarını həyata keçirir.

Əhməd Həmdinin günümüzün reallığı baxımından böyük maraq doğuran “Bir həqsizlik” (14 aprel 1920, №74) məqaləsi 1918–20-ci illər erməni siyasi terrorist hərəkatının Zaqafqaziyada törətdikləri islam qətliamı və bu soyqırımılarla bağlı xeyli faktları ortaya qoyur. Məqalədə həmçinin Qars əyalətində islam qətliamı, Ordubad, Qarabağ müsəlmanlarına qarşı həyasızcasına davam edən hərbi hərəkata, erməni-daşnak silahlı quldur dəstələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi basqınlar və kütləvi qırğınlarla bağlı Antanta dövlətləri nümayəndələrinin etinasızlığına və onlara olan havadarlığına ədibin münasibəti, analizi bu günümüzlə də səsləşir: “Naxçıvan, Ordubad müntəzəm erməni taborları tərəfindən yaxılıb-yıxılır ikən Paris, Londra və yaxud Nyu-Yorkdan gələn və Ermənistanın nizamilə mütəhəssis olan və müxil Ermənistan üçün məsudi-əməl və niyətlər pərvərdə edən Avropa müməssilləri bu həqayiq faciə, bu vəqaye…hüzuri-qəlb ilə baxdılar”.

Ermənistan Məclisi-Məbusanında hökumətin rəisinin erməni əsgərlərinin “qəhrəman­lığı”n­dan bəhs etdiyi halda Antanta dövlətlərinin Zaqafqaziyadakı nümayəndələrinin Ermənistanı təhdid edəcəkləri təqdirdə Azərbaycana nəsihətamiz nota göndərmələrinə etiraz edən Əhməd Həmdi yazır: “Dağılan köylər müsəlman köyləri, imha edilən canlar müsəlman canı, günlərcə süngü və qılınc ucunda taxılan müsəlman qadın və çocuqları olduğu halda əsl xain Ermənistan burada da məzlum oluyor, burada bigünah çıxıyor, ona rəhmət oxunuyor… Məzlum islamları yenə zalim Ermənistan basdırır, məğdur yenə Ermənistan olur”.

XX əsrin sonu – XXI əsrin əvvəllərində də tarixin təkrar olunduğunu, beynəlxalq miqyasda fəaliyyət göstərən erməni daşnak terror təşkilatlarının dəhşətli cinayətləri və onlara havadarlıq edən Avropa dövlətlərinin imperialist siyasəti ilə üz-üzə dayanaraq müstəqil Azərbaycan dövlətinin apardığı mübarizənin şahidiyik.

Əhməd Həmdi “Azərbaycan” qəzetində Qarabağ problemi ilə bağlı dərc etdirdiyi yazılarında bu məsələnin tarixi köklərini, Rusiyanın Qafqaziyada apardığı siyasətin mahiyyətini, Qars faciəsi, Zəngəzur, Naxçıvan, Ordubad hadisələrində o tarixi siyasət ənənəsinin təkrar edilmiş səhifələrinə bir araşdırmaçı publisist kimi münasibət bildirmişdir. “Vəziyyətə hakim olmalıdır” (31 mart 1920, №64) yazısında təqdim olunan faktlar və analizlər çox maraqlıdır.

Əhməd Həmdi Ermənistanın tarixi bir ənənəsini – Rusiya üçün Qafqasiya üzərində istənilən vaxtda ortalığı atəş və qanla qarışdırmaq vasitəsi olduğunu yaddan çıxarmağın hansı faciələrlə nəticələndiyini faktlarla təqdim edir: “Biz daima şahid olduq ki, Rusiya ilə Qafqasiya arasında birincisinin bütün amali-siyasiyyə və ehtirasatına amil və vasitə olan ikinci bir millət və məmləkət vardır ki, bu gün də “Ermənistan” namı altında Qarabağ hadisələrini hazırlamış və “bulanıq suda balıq ovlamaq” məharətini tamam vəsaitlə icrayə girişmişdir”.

Ədib 1905-ci il oktyabr inqilabı zamanında Azərbaycan Cümhuriyyəti dövründə Qarabağ hadisələri ilə birgə Zəngəzurda, Qars faciəsində, Naxçıvan və Ordubadda baş verən qanlı fəlakətlərdə erməni daşnakların böyük rolunu bu siyasətin bir üzü kimi təqdim edir. I Dünya müharibəsi dövründə Rusiya–Türkiyə savaşında daşnakların fəaliyyətini önə çəkən Ə.Həmdi yazır: “Rusiya naminə Qafqasiyada diktatorluq edən və o tarixdən etibarən müsəlmanlar ilə ermənilər arasında bilainqita vuruşmaların zühuruna bilqəsd təsir edən yenə daşnaklar degilmi idi?”

Əhməd Həmdi bu məqamda ermənilərə xas olan bir fakta da diqqəti cəlb edir. Şimaldan Rusiya təhlükəsi baş verən zaman ermənilərin dərhal cənubdan qonşu bir hökumət və millətə təcavüzlə onu zəiflətmək kimi planının – məkrli siyasətinin iç üzünü ortaya qoyur. O belə siyasi vəziyyətlərə laqeyd qalmağımızın acı nəticəsini göstərir: “…neçün Qarabağ kimi Azərbaycanın göbəyində bulunan bir yeri xudaya əmanət buraxaraq nagəhani bir təərrüzə hədəf olmuşuz?”

Əhməd Həmdi bu məqalədə istiqlalımıza düşmən olan qüvvələr qarşısında məsuliyyətimizi dərk etməyə, bütün mənası ilə “vəziyyəti-siyasiyyəyə hakim” olmağa çağırır.

Əhməd Həmdinin siyasi məzmunlu publisistik yazılarında analitik kimi hadisə və faktlara yanaşması, eləcə də mülahizələri maraqlıdır. “Çiçerinin notası münasibətilə” (8 fevral 1920, №26) məqaləsində Rusiyanın – sovet hökumətinin xarici siyasətində Azərbaycana qarşı tutduğu istiqamətə aydınlıq gətirən ədib Çiçerinin ittiham xarakterli notasının arxasında gizlənən qaranlıq məsələləri şərh edir: “Minlər, yüz minlərcə türk, bolşevik Rusiyasının boyunduruğu altında, Lenin hökuməti naminə qanlarını, canlarını fəda etdikləri halda Başqırdıstan, Türkistan, Qırğızıstanın müstəqil bir hökumətləri varmıdır? Xayır! Bunlar həp birər alət, vasitə olmuşlar. Beynəlmiləl inqilab, beynəlmiləl şüarlar naminə qurban olub getmişlərdir”. O, Sovet Rusiyasının Azərbaycanla müttəfiqlik etmək əvəzinə öz çirkin siyasəti ilə onu özünə tabe etməyə çalışmasına, Çiçerinin Azərbaycan–İngiltərə münasibətlərini pozmasına və istiqlaliyyətimizin Denikin təhlükəsi ilə təhdidinə kəskin qələmi ilə cavab verir: “Azərbaycan xaricdən rəçtəyə möhtac degildir. Azərbaycan türkligi, kəndi qanı və canı bahasına əldə etdigi bir səadəti doğrudan-doğruya mühafizəyə də müqtədirdir. Doğrudan-doğruya onun uğrunda canını fəda etməgə hazırdır”.

“Azərbaycan” qəzeti ilə əməkdaş olduğu dövrdə beynəlxalq ictimai-siyasi prosesləri bir politoloq kimi müntəzəm şəkildə izləmiş ədib baş verən hər bir hadisəni, yeniliyi obyektiv və qərəzsiz olaraq təhlil etmiş, hər bir problemə öz münasibətini bildirərək əsas qayəsinə – türkçülük, azərbaycançılıq ideyalarına hər zaman sadiq qalmışdır.

Göründüyü kimi, Azərbaycan Cümhuriyyəti dövründə tarixi proseslərin gedişində önəmli rol oynayan, hadisələrin və faktların açılmasında və izahında mühüm işlər görən şəxsiyyətlər sırasında Əhməd Həmdinin ictimai, siyasi və ədəbi yaradıcılığının hərtərəfli öyrənilməsi mühüm əhəmiyyət kəsb etməklə bərabər, mətbuat tariximizin də qarşısında duran vacib məsələlərdən biridir. Bu onun yaşadığı dövrü və mühiti daha dolğun, düzgün əks etdirməklə yanaşı, əldə olunan təcrübədən geniş və səmərəli şəkildə faydalanmağa, müsbət ənənələrin qorunub saxlanılmasına da yaxından kömək edəcəkdir.