Ədəbiyyat

Ağlayan məzarlar

Sərin bir bahar günü idi. Sonuncu çərşənbəyə iki gün qalmışdı. Adətim üzrə məzarlığa gəlib valideynlərimin məzarına səməni qoydum. Bildiyim duaları onların ruhuna bağışladım.

Birdən yaxınlıqdan hönkürtü səsi eşitdim. Bir az aralıda şəhidlər dəfn olunan ərazi var idi. Düşündüm, yəqin hansı şəhidinsə əzizləri onu ziyarətə gəlib. Ağlaşmadan hiss olunurdu ki, bu bir adamın hönkürtüsü deyil. Təsəlli vermək məqsədi ilə məzarların arasına göz gəzdirdim. Yaxında heç kim yox idi. Ağlaşma səsi gəlirdi, amma məzarlıqda məndən başqa heç kim yox idi.

Heyrət içində qalmışdım. Məzarların arası ilə gəzib şəhidlərin başdaşında olan doğum-ölüm tarixlərinə baxdıqca ürəyim param-parça olurdu. Birdən diqqətimi təzə-tər güllərlə bəzənmiş məzarlar çəkdi. Bəzi məzarların hündür başdaşları belə güllərin içində görünməz olmuşdu. Bəzi məzarlar əlvan lentlərlə əhatələnmiş, məzarın üstünə qucaq dolusu güllər səpilmişdi, səmənilər qolulmuşdu.

Ağlaşma səsi hələ də gəlirdi…

Gözümü dolandırıb üzərində bir qərənfili belə olmayan, boynubükük məzarlara baxdım.

Ürəyim ağrıdı.

Bir an mənə belə gəldi ki, bu ağlayan elə üzərində güllər olmayan məzarlardır. Yəqin ki bu məzarlarda uyuyan şəhidlər uşaq evində böyüyən, ata-anası olmayan, amma qeyrəti dağ yaran igidlərdir.

Əgər məzarlar danışa bilsəydi, fəryad edib deyərdilər: “Axı biz də canımızı gül-çiçək içində yatan şəhidlər kimi vətənə qurban vermişik. Nə olar, öz balalarınızın məzarını güllərə qərq edəndə bir-iki qərənfil də bizim məzarımızın üzərinə qoyun! Bizi də əzizləyin! Təkcə məktəblilər buranı ziyarətə gələndə bütün məzarların üzərinə güllər düzürlər.”

Bir an mənə elə gəldi ki, gülsüz məzarların sahiblərinin bu gileyini açıq-aydın eşidirəm…

Görəsən, bu hayqırtını məndən savayı bir eşidən olurmu?

Hönkürtü eşitdim şəhid məzarlığında…

Məzarlar ağlayırdı…

Gülarə Munis