Aktual Xəbərlər

Sağlamlığımızı qorumaq üçün nə etməliyik? – MÜTƏXƏSSİS RƏYİ

Sağlam olmaq fiziki olaraq gümrah və enerjili olmağımız üçün vacibdir. Sağlamlığımızı qorumaq üçün isə diqqət və əməl etməli olduğumuz şərtlər var. Bəs bu şərtlər nələrdir və onlara necə riayət edə bilərik?

“Füyuzat” mövzu ilə bağlı həkim-endokrinoloq, funksional tibb uzmanı Səmayə Əliyeva ilə həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik.

– Hansı qidalar insanlar tərəfindən faydalı kimi qəbul olunur, lakin endokrin sistemə mənfi təsir göstərir?

– Aşağıda sadalanan qidalar bir çox insanlar tərəfindən sağlam hesab edilsə də, endokrin sistemə mənfi təsir göstərir.

• Meyvə şirələri;
• Soya məhsulları;
• Pəhriz üçün şəkərsiz məhsullar;
• Qlütensiz “sağlam” qəlyanaltılar;
• Bitki yağları (qarğıdalı, günəbaxan) və s.

– “Az yemək hormonlara təsir edir” fikri nə dərəcədə doğrudur?

Az yemək hormonlara təsir edir” fikri müəyyən dərəcədə doğrudur. Qida qəbulunun azalması bədəndə stress hormonu olan kortizolun səviyyəsini artıra bilər. Bundan əlavə, uzunmüddətli az qidalanma qalxanabənzər vəzi hormonlarının fəaliyyətini zəiflədərək maddələr mübadiləsini ləngidir. İnsulin ifrazı və “leptin–ghrelin” balansı da dəyişir, bu isə aclıq və toxluq siqnallarına təsir edir. Lakin bu təsirlər yemək miqdarı ilə yanaşı, qəbul edilən qidanın keyfiyyəti və balansından da asılıdır. Yəni sadəcə “az yemək” deyil, necə və nə yemək də hormonlar üçün həlledici rol oynayır.

– Qidalanma hormon səviyyələrinə necə təsir göstərir? (insulin, tiroid, kortizol)

– Qidalanma hormonların fəaliyyətinə mühüm təsir göstərir. Şəkər və sürətli karbohidratlar qanda qlükozanı sürətlə artıraraq insulini kəskin yüksəldir. Bu hal uzunmüddətli davam etdikdə, insulin müqavimətinə səbəb ola bilər. Zülal, sağlam yağlar və lifli qidalar isə əksinə, qanda şəkəri stabilləşdirir və insulin həssaslığını yaxşılaşdırır.

Tiroid hormonlarının düzgün sintezi üçün yod, selen və sink kimi minerallar zəruridir. Lakin uzunmüddət davam edən az kalorili pəhrizlər tiroid (boyunun ön hissəsində, qırtlağın dərhal altında yerləşən kəpənək şəkilli bir vəzi) fəaliyyətini zəiflədə bilər.

Kortizol səviyyəsi uzun müdddət aclıqdan, çox şəkər və kafein qəbulundan yüksəlir. Bu da bədənə mənfi təsir göstərə bilər. Balanslı qidalanma isə onu sabit saxlamağa kömək edir. Ümumilikdə, düzgün planlanmış, balanslı qidalanma hormonların tarazlığını qorumaqda əsas rol oynayır.

– Modern həyat tərzi və texnologiya hormon sağlamlığına nə dərəcədə təsir edir və buna qarşı hansı tövsiyələriniz var?

– Modern həyat tərzi və texnologiya hormon sağlamlığına mühüm təsir göstərir. Davamlı stress, yuxu rejiminin pozulması, elektromaqnit sahələrə məruz qalma və az hərəkətli həyat tərzi endokrin sistemi balanssızlaşdırır. Məsələn, uzun müddət ekrana baxmaq melatonin ifrazını azaldaraq yuxu və kortizol ritmlərini poza bilər. Fastfud və emal olunmuş qidaların artması, insulin müqaviməti və tiroid pozğunluqlarına şərait yaradır. Bu təsirlərə qarşı gündəlik hərəkəti artırmaq, balanslı və təbii qidalanmaq, ekran qarşısında fasilələr vermək və keyfiyyətli yuxuya üstünlük vermək vacibdir. Həmçinin stressin idarəsi üçün meditasiya, nəfəs məşqləri və açıq havada vaxt keçirmək faydalı ola bilər. Texnologiyanı şüurlu istifadə etməklə hormon sağlamlığını qorumaq mümkündür.

– Sizin fikrinizcə, sağlam qidalanma mədəniyyətini cəmiyyətdə necə inkişaf etdirmək olar?

– Sağlam qidalanma mədəniyyətinin cəmiyətdə formalaşması üçün ilk növbədə kütləvi maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlara düzgün qidalanmanın yalnız arıqlamaq məqsədi daşımadığı, eyni zamanda, şəkərli diabet, tiroid və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühim olduğu izah edilməlidir. Bu vərdişlərin təməli ailədə qoyulur, valideynlər uşaqlara örnək olmalıdır.

Məktəblərdə və iş yerlərində sağlam yeməklərin təklif olunması da bu mədəniyyətin yayılmasına böyük töhfə verə bilər. Bununla yanaşı, dövlət səviyyəsində zərərli qidaların reklamına məhdudiyyətlər qoyulması və sağlam məhsulların əlçatanlığı bu prosesi əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Unutmamaq lazımdır ki, hər kəsin orqanizmi fərqlidir. Buna görə də, fərdi qidalanma planının hazırlanması üçün həkimlə məsləhətləşmək tövsiyə olunur.

– Təşəkkür edirik, çox sağolun.

– Mən təşəkkür edirəm. Buyurun.

Məryəm Hacıyeva