Yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada bitən, qeyri-adi və bənzərsiz çiçək, təbiətin ən böyük möcüzələrindən biri – Xarıbülbül.
Elmi adı Ophrys caucasica olan bu bitki orkide fəsiləsinə aiddir. Bu çiçək tək-tək bitir, çoxalmır, bağ salmır. Ən çox Şuşa, Laçın, Kəlbəcər kimi bölgələrdə, yəni dağların qoynunda, dumanın, səssizliyin içində məskən salır.
Gülün qəribə forması insanların marağına səbəb olur. Çiçək olmasına baxmayaraq, görnüşü bülbülü də xatırladır. Sanki çiçək qanad açıb uçacaq. Elə buna görə də xalq arasında ona “xarı bülbül” deyilir. “Xarı” – yəni tikanlı, sərt; “bülbül” isə zərif və kövrək. Bu iki söz bir araya gələndə sevgi və ağrının, sərtlik və gözəlliyin birləşməsindən doğan poetik bir obraz yaranır.
Xarıbülbül ilə bağlı çoxlu əfsanələr və rəvayətlərə rast gəlmək mümkündür. Bunlara aşağıdakıları misal göstərə bilərik:
Deyilənə görə, Fətəli şah Şuşa üçün qəribsəyən həyat yoldaşı, Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa üçün bağ saldırır. Bu bağda Qarabağda, Şuşada bitən bütün ağacları, gülləri yetişdirirlər. Hamısı bitir, bircə xarıbülbüldən başqa.
Vətən bağı al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Bu mahnı da həmin vaxt yaranıb. Xarıbülbülün yaranması ilə bağlı başqa bir rəvayət də var:
Bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirlər. Yalnız zərif, gözəl, ətirli gül küləyə tabe olmur. Onun dimdik durduğunu görən külək heyrətə gəlir:
– Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?
Gül cavab verir:
– Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, heç kəsə baş əymir. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən onun saf məhəbbətidir.
– Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…
Külək bunu deyib kükrəyir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyib əyilən qamətini düzəldir. Bu vaxt gülün tikanı onun sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Gül həmin vaxtdan bülbül görkəmində çiçəklər açır, adı olur xarıbülbül.
Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Bu çiçək II Qarabağ müharibəsində həlak olanların xatirəsinin və Azərbaycan Ordusunun zəfərinin simvoludur.
Bu zərif, eyni zamanda da güclü çiçək yalnız torpağın deyil, xalqın ruhunun da simvoludur. Onun hər ləçəyində bir həsrət, hər tikanında bir şəhid xatirəsi, hər nəfəsində isə azadlığın nəfəsi duyulur. İndi Qarabağ torpağı azaddır və Xarıbülbül də artıq öz yurdunda çiçək açır…
Ləman Vahid



