Köşə Yazıları Mətanət Abdullayeva Xəbərlər

Həmrəyliyin dərinliyində dayanan vəhdət…

İnsan nəslinin yaşadığı bu planet müxtəlif epitetlərlə işarə olunur – Günəş sisteminin üçüncü planeti, mavi planet, çoxluq aləmi və s. Klassik poeziyada isə Yer planeti kəskin metaforik ifadələrlə adlandırılır. Məsələn, Nizami Gəncəvi dünyanı “həbsxana”, “tikanlı tor”, “mavi günbəz”, “axirət tarlası” və s., Mövlana Cəlaləddin Rumi “ruhun həbsxanası”, Marağalı Əvhədi “quyu” kimi dəyərləndirir. Nümunələ baxaq:

“Ağıllı adam həbsxanaya düşdükdə
Qaçmaq üçün bir yol axtarar,
Sən axı dünya həbsxanasındasan!
Bir yol axtar, yolu bilirsən axı!
Bu işin dərinliyi tapılasıdır.
Bu yükün ağırlığına qatlaşılmalıdır!
Ürəyin qüdrəti, gözün nuru,
Boş yerə yaranmamışdı”

(“Leyli və Məcnun”, filoloji tərcümə,s. 249);

“Bu torun halqaları gözlüklərində
Qərq olmaq qorxusundan əl-ayaq çalıram
Çalışıram ki, bu tikanlı tordan
Murdar deyil, mərdliklə çıxam”

(“Leyli və Məcnun”, filoloji tərcümə,s., 212).

Mövlana Cəlaləddin Rumi “Məsnəvi”sində belə deyir:

“Ruhunuza bu dünyanı həbsxana biliniz,
Yıxıb bədən həbsini, ruhən siz yüksəliniz”.

Marağalı Əvhədi isə “Came-cəm” əsərində yazır:

“Mal-dövlət əsiri olduqca, bil, sən,
Heç vaxt bu quyudan çıxa bilməzsən”
(s., 162).

Yer planetinin bu qədər çoxsaylı adlarının olması onun mahiyyətindən, əlamət və keyfiyyətlərindən irəli gəlir. Çoxluq varsa, adlandırılmalar da çox olacaq. Çoxluq aləmi kimi görünən bu dünya, əslində, vahid ideya üzrə və vahid təməldə bərqərar olub. Vahidliyin həm fiziki, həm də metafiziki ölçüləri var. Vahidlik fiziki səviyyədə çoxluq olaraq görünür. Çoxluğun özünün qayda-qanunları, ədəb-ərkanı var. Çoxluğun özünün saysız paradiqmaları var, bölümləri, ayrımları var. Bu səbəbdən yaranan qanunauyğunluqlar da, qanunauyğunsuzluqlar da vaxtaşırı müxtəlif motivasiyalı münaqişələr yaradır.

Münaqişələr həm irqlər, millətlər arasında baş verir, həm də eyni toplum, millət içində. Münaqişələr sistemli və sistemsiz olur, daimi və ya keçici olur, amma hər zaman olur. Münaqişələrin həll yollarını tolplumların liderləri həll etməyə çalışırlar, tənzimləyirlər. Çoxluq varsa, münaqişə qaçılmazdır. Lakin müdrik həll yolları tapıldıqda əmin-amanlıq bərqərar olur. Müdrik həll yolarından biri insanların həmrəyliyidir. Rəy birliyi alovun üzərinə tökülən su kimidir. Varoluşda ən fundamental həll yolu birlikdir. Birlik dirilikdir, – deyib atalar.

Cəmiyyətdə yüksək və fundamental birlik Vətən sevgisidir. Belə sevgi vətəndaşları birlik halında yaşadır. İctimai həyatda belə birlik tam vahidliyə keçid alarsa, orada kölgələr olmayacaq. İşığa doğru gedənlərin arxasında daima kölgənin görünməsi fiziki qanundur.

Vətən sevgisinin işığına yönlənənlərin də arxalarında kölgələri olur, işığa yaxınlaşdqca kölgə kiçilir, tam işığın altında dura bildikdə isə kölgə yox olur.

Bu, qələbədir – işığın, sevginin qələbəsi! Birliyi tənzimləyən həmrəylik cəmiyyətin, millətin tamlığının, sağlam varoluşunun rəhnidir.

İlahi Nura yaxınlaşma da o cürdür. Daha çox yaxınlaşdıqca daha az nəfs qalır. İnsan özünün kamillik yoluyla irəlilədikcə vəhdətdə varoluşunun dərinliklərini dərk edir. “Quran”a görə, insanların toplumlara, irqlərə parçalanmaları özlərinin səbəbindən olub. “İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi” (“Quran”, Yunus surəsi 19). Bu dünyada bütün parçalanmaların, ayrılmaların və münaqişələrin yeganə təməl səbəbi insanların (alçaq) nəfsidir ki, hər zaman onun səbəbindən fərdlər, qruplar, millətlər arasında ixtilaflar yaranır.

Çoxluğun silinib yox olduğu ülviyyət aləmində – metafiziki varoluşda həmrəyliyə ehtiyac qalmır; bütün ayrılmalar, çoxluq kimi görünənlər sonsuz vahidliyin möhtəviyyatına qarışır, xırda buz parçalarının suda əriyib qarışdıqları kimi. Özünün ilahi həqiqətinə yetişən insan dünya yuxusundan ayılmış olur, sərhədsiz varoluşun içində əriyir.

“Sel dənizə qayıtmalıdır,
Dağdan axan bulaq
Gərək gəlib dənizdə qərar tutsun”

(“İsgəndərnamə”, s.501).

Həmrəylikdən başlanan yol bəzən Ümmanın içində başa çatır.

Gecənin qaranlığında səmada bərq vuran ulduzların sonsuz parlaqlığı, səmanın ənginliyi insanı ehtizaza gətirərək qəlbin vəhdət qapısını aça bilir. Eləcə də göydən Yerə baxanda çoxluq kimi görünən mənzərə daha dərinliklərdə vəhdətin şəhadətinə çevrilir. İnsanlar bunun fərqinə vara bilsəydilər, onlar da ulduzlar kimi sonsuz parlaqlığın içində bərq vurardılar…