Oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın ictimai fikir mühitində mühüm tarixi hadisəyə şahidlik edən önəmli bir sərəncam imzaladı: 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq!
Türkoloji qurultay təkcə dünya türkologiyasının inkişafında deyil, Azərbaycanın siyasi tarixində də mühüm hadisə sayılır. Bir əsr əvvəl Bakıda keçirilən bu tarixi qurultay yüz ildir ki, dünyanın humanitar müstəvisində ən aktual məsələlərdən biri olaraq qalır və tədricən türk dövlətlərinin siyasi həyatına, türk düşüncəsinin məfkurəvi istiqamətlərinə sirayət edir. Məhz buna görə Bakı yalnız dünya türkologiyasının deyil, bütövlükdə türk fikir məqamının mərkəzinə çevrilir. Bu nədən qaynaqlanır? Çünki qurultayda müzakirə olunan məsələlər sırf elmi xarakter daşıyırdı və özündə tarix, ədəbiyyat, linqvistika, etnoqrafiya kimi sahələrdə son dərəcə ciddi problemləri əhatə edirdi. Bu müzakirələrin dərin qatında isə gələcəkdə yaradılacaq türk birliyinin təməli qoyulurdu. O birlik ki, biz bu gün özümüz həmin tarixi prosesin iştirakçılarıyıq.
Türkoloji qurultayda qaldırılan məsələlərin həlli istiqamətində son otuz ildə xeyli işlər görülüb. Sözügedən sərəncam isə qurultayla bağlı ilk sənəd deyil. Cənab prezident Türkoloji qurultayın 80 və 90 illik yubileylərinin keçirilməsi üçün də sərəncamlar imzalamışdı. Amma Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra qurultayın 100 illik yubileyinin qeyd edilməsi siyasi-ideoloji baxımdan xüsusi önəm daşıyır. Bu gün Bakı yenidən həm türkoloji mərkəzdir, həm də türk dövlətlərinin ideya və düşüncə məkanı kimi dünyanın diqqətini cəlb edir.
1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın ideyaları Sovet dönəmindəki düşüncə mühitinə istiqamət verməkdə davam edirdi. Görkəmli qazax yazıçısı Oljas Süleymenovun “Az i Ya” əsəri də həmin ideya xəttinin bariz nümunəsi idi və təsadüfi deyildi ki, o, erməni-daşnak ideoloqlarının Azərbaycan əleyhinə yazdıqları əsərlərə, xüsusən Zori Balayanın “Ocaq”ına ilk kəskin və tutarlı cavabı vermişdi. 100 il əvvəl keçirilmiş I Türkoloji Qurultayın təsir gücü Stalin repressiyaları dövründə də türkdilli xalqların dirəniş ruhuna stimul verirdi.
1926-cı ildə I Türkoloji Qurultayın Bakıda keçirilməsinə ən əsaslı izahı böyük rus alimi Bartold verirdi. O, mülahizələrində yazır: “Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır… Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan Cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur”.
XX əsrin iyirminci illərində dünya türkologiyasının ən aktual problemlərinin məhz Bakıda müzakirə olunması ictimai fikir tariximizin bənzərsiz və qürurverici səhifələrindən birini yaratmışdı. Bu gün isə qurultayın 100 illiyinin keçirilməsi bir daha təsdiq edir ki, Bakı artıq təkcə elmi düşüncənin deyil, Türk birliyinin siyasi həyatının da mərkəzinə çevrilməkdədir…
Elnarə Akimova
Milli Məclisin deputatı



