Yer üzündə ilk insandan bu günə qədər yaşamış hər kəsin peşmanlığını və həsrətini ifadə edən bir söz var: “kaş…” Keçmişini xatırlayan hər kəs istər-istəməz bu sözlə qarşılaşır, düşüncə dünyasında peşmanlıq hissi ilə qarışan xatirələri canlanır. Sanki bu təkhecalı söz insanın fitrətinə yazılıb – itməyən bir səs kimi ömür boyu hey onun içində dolaşır. “Kaş ki etsəydim…” və ya “kaş ki etməsəydim…” deyərək bəzən özünü qınayır, bəzən də keçmişinə haqq qazandırmağa çalışır. Bu “kaş ki”lər onun üçün gah səhvlərini düzəldə bilmək ümidinə çevrilir, gah da heç vaxt geri qaytara bilməyəcəyi itkilərin məyusluğuna…
Kiminin “kaş ki”si özünü sorğulamağa, səhvlərini düzəltməyə, yeni başlanğıca addım atmağa sövq edir. Kiminin də “kaş ki”si həyata keçməmiş arzuların, gerçəkləşməmiş xəyalların həsrətini dilə gətirir, bütün peşmanlıqlarını bir “kaş ki”nin içində yenidən yaşayır.
Bəzi insanlar isə onlara bəxş edilən nemətlərlə kifayətlənməyib daha çox dünyəvi istəklərin, rahatlıq və dəbdəbənin cazibəsinə qapılmış “kaş ki”ləri dilə gətirirlər. Halbuki belə “kaş ki”lər müsbət təmənnilər deyil. Əgər bir “kaş” insanın gələcək yoluna işıq salıb onu xeyirə yönəltmirsə, keçmişi ilə bağlı hər giley-güzarı, əslində, Allahın müəyyən etdiyi qədərə etiraz və həddi aşmaqdır. Bu səbəbdən kainatın fəxri Həzrət Muhəmməd (s) buyurur: “Əgər başına bir iş gələrsə, “Kaş ki belə etsəydim, onda belə olardı” demə… Çünki bu söz şeytanın vəsvəsəsinə yol açar”.
İnsan bu həyatda saysız-hesabsız seçimlərlə üz-üzə qalır, qarşısına çıxan hər yolayrıcında iradəsi müxtəlif sınaqlara çəkilir. Çox vaxt bir anın içində qərar verməyə məcbur qalır. Seçdiyi yolun doğru, yoxsa yanlış olduğunu bilmədən addımlayır, hər addımı ilə qeyb pərdəsinin arxasında gizlənmiş aqibətə doğru irəliləyir. Hər yolun sonunda onu nə gözlədiyini, bu seçimin Yaradanın rizasına uyğun olub-olmadığını, xeyirlə, yoxsa zərərlə nəticələnəcəyini əvvəlcədən görə bilmir. Yekunda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmədiyi, başladığı işi yarımçıq qoyduğu üçün insanın qəlbi peşmanlıqla sızlayır.
Bütün bunlarla yanaşı, İlahi rizanı cəlb edən “kaş”lar da vardır. Bu “kaş” insanın həqiqət uğrunda etdiyi çoxlu xeyir və yaxşılıqları az, gördüyü böyük işləri isə kiçik saymasından qaynaqlanır. Təvazö ilə yoğrulmuş bu səmimi peşmanlıq insana mənəvi qazanc gətirir. Belə bir “kaş” insanı günahlardan dönməyə, qəlbini saflaşdırmağa, itirdiklərini bərpa etməyə və gələcəkdə eyni səhvləri təkrarlamamağa sövq etdiyi üçün onun həyatına bərəkət qatır.
Bəzi “kaş ki”lər də vardır ki, onları dilə gətirənlər yalnız özlərinə görə deyil, bütün bəşəriyyətin oyanışı naminə söyləyirlər. “Qurani-Kərim”in bizə təqdim etdiyi mübariz qəhrəmanlardan Həbib ibn Məzahir kimi şəxsiyyətlər insanlara haqqı və həqiqəti tanıtdırmaq, onları zülmətin içindən nura çıxarmaq üçün bu sözü ifadə ediblər. Lakin o bu uca missiyanın əvəzində daş-qalaqla, kötəklə və haqsızlıqla cəzalandırılmışdı. Şəhidlik məqamına yüksəldiyi anda belə öz ağrılarını unudub xalqının səadətini düşünmüşdü. Həqiqətə sadiq dostun, haqq aşiqinin dilindən süzülən o ülvi nida isə bütün zamanların səssizliyini bir “kaş ki” ilə yarmışdı: “Ah, kaş qövmüm biləydi! Rəbbim məni bağışladı və mənə necə gözəl ikram etdi” (“Yasin”, 27). Onun dilindən səslənən bu nida əsrlər boyu insanlara haqqın səsini eşitməyi öyrədir, bağışlanmağın və səadətin yolunu göstərir…



