Aysel Mübarizqızı
BDU Jurnalistika fakültəsinin magistrantı
Naxçıvan şəhəri mənim üçün çox əzizdir. Doğmalığı ilə sanki daim özünə doğru çəkir. Hər gəlişimizdə mehribanlığı, istiqanlılığı ilə daha da çox xatirimdə qalır. Bu dəfəki gəlişimiz isə olduqca özəl oldu.
Naxçıvana ikinci gəlişimizdir. İlk dəfə 8-ci sinifdə oxuyanda – 2018-ci ildə gəlmişdik. Bu dəfə də bir neçə məkanı, həmçinin müqəddəs “Əshabi-Kəhf”i ziyarət etdik. Bu ziyarət sirlərlə doludur.
Təbiətin hüzurlu sakitliyində insanın qəlbi dinclik tapır. Qayaların arasında eşidilən quşların səsi isə göylərdən gələn İlahi nur kimi ruhu işıqlandırır. Bu şəhərin hər qarış torpağı, hər daşı bir tarixdir. Möminə Xatun türbəsi, Xan sarayı, Tarix muzeyi, Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində olarkən bir daha bunun şahidi olduq. Nuh Peyğəmbərin məzarüstü türbəsi də Naxçıvanın qədim tarixə malik şəhər olduğunu sübut edir. Bəzi tarixçilərin fikrincə, Naxçıvan adının mənşəyi məhz Nuh Peyğəmbərin adı ilə bağlıdır. Elə ona görə də bəzi rəvayətlərə əsasən, şəhərin qədim adı Nuhçıxan olub. Bunu daha çox dünya tufanı əfsanəsi ilə əlaqələndirirlər. Dünya tufanı əfsanəsinə görə, Nuh Peyğəmbərə Tanrıdan yer üzünü su basacağı barədə vəhy gəlir. Bundan sonra o, vəhy əsasında gəmi düzəldir, öz ailəsi və heyvanlardan erkək və dişi olmaqla hərəsindən bir cüt götürərək həmin gəmiyə mindirir. Gəmi İlandağ, Ələngəz dağı, Araz çayı sahilindəki Kəmki dağlarına toxunaraq Gəmiqayada quru əraziyə çıxır. Başqa bir rəvayətə görə isə, Gəmiqayada “Ayı çuxuru” adlı yerdə gəminin qalıqları mövcuddur.
Naxçıvan, əsasən, quraqlıq ərazidə yerləşir. Bu zaman burada dənizin olması insanlarda sual yarada bilər. Türbədə daşlaşmış fauna nümunələri – qarınayaqlılar, başayaqlılar, dəniz kirpisi, molyuska vardır. Bu da öz növbəsində Naxçıvan ərazisində vaxtilə dənizin varlığını isbat edir. Türbədə eksponatlar içərisində on ikinci əsrə aid türbənin divar parçası da yer alır.

Araşdırmalara əsasən, Nuh Peyğəmbər haqqında rəvayətlər məhz Naxçıvanda daha çoxluq təşkil edir. Hətta qəbrinin Naxçıvanda olması, varislərinin də bu bölgədə yaşaması sübuta yetirilmişdir.
Nuh Peyğəmbər ilk mükəmməl gəminin yaradıcısı, eyni zamanda uzunömürlü Peyğəmbər kimi tarixə düşmüşdür. Türbədə çox təsirləndiyim bir yazı oxudum. Rəvayətə görə, Həzrəti Nuh əleyhissəlamdan vəfatına yaxın soruşublar:
– Ey uzunömürlü Peyğəmbər, dünya necə idi?
– Dünya iki qapılı bir ev kimidir. Bir qapıdan girdim, digərindən çıxdım.
Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət edərkən bilmədiyim çox maraqlı, tarixi məlumatları bizə bələdçi Mahir Cəfərov aydın və əhatəli şəkildə izah etdi. Həmçinin Naxçıvanda yerləşən bir çox abidələr haqqında əlavə informasiyalar əldə etmiş olduq.

Gördüklərimin çox az hissəsini qələmə aldım. Amma bu şəhər mənə çox mənəvi hədiyyələr bəxş etdi. Yaddaşıma həkk etdiyin gözəlliklər üçün çox sağ ol, Naxçıvan!..



