Ədəbiyyat Muxtar Cəfərli Xəbərlər

Səadət səltənətinin baş tacı – Qadın

“İşıq” jurnalı, №1(69), 2012 (1911–1912)

Uca Yaradan mələklərdən daha ülvi varlıq olan qadına böyük dəyər vermiş, onu Özünün yaradıcı qüdrətinin vəsfi ilə bəzəmiş, həyatın davam etməsində böyük vəzifə ilə şərəfləndirmiş və onu kişidən fərqli təcəllalara məzhər etmişdir.

“Qadın, sadəcə, bir sevgili deyil, o, Haqqın işığıdır, nurudur. Sanki o, məxluq deyil, xaliqdir” deyən böyük Şərq mütəfəkkiri Mövlana Cəlaləddin Rumi qadındakı mənəvi sirr və həqiqəti görərək onu ən bariz şəkildə ucaldıb dəyər vermiş və Allahın xaliqiyyət sifətinin qadınla təcəlla etdiyini söyləmişdir.

Allah kainatda hər şeyi öz camal və cəlalını müşahidə etmək üçün ayna olaraq yaratmışdır. Bütün varlıqlar Haqqın gözəlliyinin, qüdrətinin, əzəmətinin, yaratma gücünün məzhəri və aynasıdır. Haqqın nuruna məzhər olduğu üçün qadın da böyük mənəvi qüvvət sahibidir. Əslində, qadın maddi varlığı ilə deyil, onda əks edən ilahi nurla, onda təcəlla edən gözəlliklə duyğu sahiblərinə təsir edir. Təbii ki, nəfsi istəklərinin əsiri olanlar, şəhvət duyğularının arxasınca qaçanlar bundan istisnadır. Həqiqətdə bütün gözəllərdə olan gözəllikləri Allah öz gözəlliyindən onlara müvəqqəti bir zaman üçün lütf etmişdir. Elə buna görə də mərifət və bəsirət sahiblərinin qadına göstərdikləri ehtiram və sevgi, əslində, Haqqın nuruna, Haqqın gözəlliyinə göstərilən ehtiram və sevgidir.

Qadın ən gözəl mənzumələrin qafiyəsidir…

Qadın namus, vüqar və iffət xəzinəsidir…

Qadın fəzilət və sədaqət qaynağıdır…

Qadın səadət səltənətinin baş tacıdır…

Qadın qaranlıq gecələrin ən parlaq ulduzudur…

Qadın Allahın rəhmət və camal isimlərinin təcəlla etdiyi ilahi əmanətdir…

Qadın məcazi eşqdən həqiqi eşqə körpüdür… Məcnunun Leylada fani olub Mövlasını tapması kimi…

Qadın və kişi bir həqiqətin iki üzüdür. Qadınsız kişinin, kişisiz də qadının varlığının mümkün olmayacağı həqiqəti ilk yaranışla ortaya çıxmışdır.

Kişinin varlığı ilə dünyanın bir qütbü vardı, qadınla ikinci qütbü yarandı. Həzrəti Adəmin (ə) Həvvasız cənnətdəki iztirabı və tənhalığı bu iki varlığın birlikdə olması ilə sona çatdı. Onlar dünya üzərindəki macəraları yaşamağa eyni anda başladılar, eyni çətinlikləri aşdılar, eyni gözəllikləri yaşadılar, bir-birinin əskiklərini tamamlayaraq insan bütünlüyünü təşkil etdilər.

Qadınla kişi arasında həm fitri, həm də vəzifə cəhətdən fərqliliklər mövcud olsa da, bu o demək deyil ki kişi qadından üstün, yaxud qadın kişidən aşağıdır. Qadınla kişi havadakı azot və oksigen kimidir. Hava nə azot, nə də oksigendən ibarətdir. Bunların ikisi birlikdə havanın əsas hissəsini təşkil edir. Burada oksigenin, yaxud azotun hansının daha dəyərli olduğunu düşünmək mənasız olar. Yer üzündə yaşayan hər məxluqun nəfəs alması üçün oksigenə də, azota da ehtiyacı vardır.

Lakin hər şeyin öz yaradılış qayəsi vardır. Qadına kişi, kişiyə qadın vəzifələri yüklənərsə, bu, yaradılış qayəsinə zidd və haqsızlıq olar.

Əslində, qadınla kişi bir-birinin bərabəri deyil, bir-birinin tamamlayıcısıdır. Kainatın fəxri Həzrəti Muhəmməd (səlləllahu əleyhi və alihi vəsəlləm) “Qadınlar kişilərin yarısıdır” deyə buyurur. Qadın kişinin yarısıdırsa, kişi də qadının yarısıdır. Qadının təbiəti fizioloji və psixoloji cəhətdən kişidən fərqli olsa da, onlar bir-birinə həm insan olaraq, həm mənən, həm də dünyadakı missiyaları cəhətdən bərabərdir.

Allah kimə qəlb həyatı yaşadarsa, o şəxsdə bədən cinsiyyəti qalmaz. Çünki qəlbin cinsiyyəti yoxdur. Bir qadın da ər meydanına girdiyi zaman artıq ona qadın deyilməz. Meşədən kükrəyərək çıxıb gələn bir aslanın erkək, yoxsa dişi olduğunu heç kəs soruşmaz.

Kərim olan Quran da qadın və kişiyə insan olaraq bərabər səviyyədə yaxınla­şır, onların arasında ayrı-seçkilik etmədən hər ikisini də Allahın əmrlərinə riayətdə bərabər tutaraq “Ali-İmran” surəsinin 195-ci ayəsində belə buyurur: “İstər kişi, istər­sə də qadın olsun, Mən heç birinizin əməlini zay etmərəm. Siz bir-birinizdənsiniz…”.

15 əsr əvvəl Qərbdə qadına heç bir dəyər verilmədiyi, hətta ondan 5 – 6 əsr sonra qadının ruhunun olub-olmaması, onun şeytan, yaxud insan olması barədə mübahisə edildiyi, qadının “cəhənnəmin qapısı”, “bir xilqət xətası” olduğu fikir­lərinin hakim olduğu bir vaxtda qadına ilk dəfə mülkiyyət haqqı verən İslam dini onların haqq sahibi olduqlarını bəyan edirdi: “Kişilərin qadınlar üzərində bəzi haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” (“Bəqərə”, 228) fərmanı ilə hər hansı bir şərhə meydan verməyəcək şəkildə bu gerçəyi əmr edirdi. İnsanların ən haqpərəsti Həzrəti Muhəmməd (səlləllahu əleyhi və alihi vəsəlləm) insanların insanlıq etibarı ilə bir darağın dişləri kimi bərabər olduqlarını vurğulamış və vida xütbəsində “Sizə qadınların hüququna riayət et­məyinizi və bu barədə Allahdan qorxmağınızı tövsiyə edirəm… qadınlar sizə Allahın əmanətidir” buyurmuşdur. Onun (səlləllahu əleyhi və alihi vəsəlləm) qadına verdiyi dəyər nə o günə qədər, nə də o gündən sonra dünyada misli-bərabəri görünməyən bir səviyyədə olmuşdur.

Qadınlıq çox böyük bir mər­təbədir. Allahın qadına ver­diyi böyük dəyəri cismani zövqlərinin içində itirib-batır­mayan, ruh və qəlb dünyasını qaranlıq düşüncələrin əsiri etməyən, mənəviyyatını yad müdaxilələrlə kirlət­məyən, özlə­rini də, ətraf­larını da çirkaba sürük­ləmə­yən qadınlar həqiqətdə bu mərtə­bəyə çata bilərlər.

Qadın həm də müqəddəs bir vəzifə daşıyan anadır…

Varlığı ilə varlıq tapdığımız, sayəsində var olduğumuz Ana…

Bu aləmdə ilk sevgilimiz, sevgi və şəfqət abidəmiz – Ana…

Haqqı Allah haqqından sonra gələn haqq sahi­bi – Ana…

Cənnətin orta qapısı – Ana…

İnsan yaradılışının təcəllagahı – Ana…

O elə bir sifət, elə bir məqam sahibidir ki, cənnət onun ayaqları altına sərilmiş, Allahın Həbibi (səlləllahu əleyhi və alihi vəsəlləm) tərəfindən ehtiramla vəsf edilmiş, üzünə şəfqətlə baxmaq Kəbəyə baxmağa bərabər tutulmuş, mübarək çöhrəsinə sevgi ilə baxmaq ibadət sayılmışdır. Onun ayağını öpmək cənnətin eşiyini öpmək hesab edilmiş, Haqq hüdudları çərçivəsində ona itaət Rəbbə itaət, ona üsyan isə Rəbbə üsyan kimi qəbul edilmişdir.

Zəmanəsinin böyük arif və mütəfəkkiri olan Bəyazid Bistami “İşlərin sonuncusu bildiyim hiss, hamısından əvvəl gəlirmiş. O da ana razılığıdır. Hər nəyə sahib oldumsa, anamın sayəsində sahib oldum” demişdir.

Bir gecə anasının istəyini yerinə yetirmək üçün səhərə qədər onun başı üstündə gözləmiş, “İllərlə axtardığım şey həmin gecə sübh çağı qapıdan içəri girdi” demişdir.

Ana o qədər şəfqət və mərhəmət sahibidir ki, övladının üstündə tül kimi əsər. Onda bir sıxıntı və kədər görsə, payızda saralıb-solan yarpaq kimi rəngi saralar, hüznlə inildəyər. Bəzən də sərt külək kimi əsər, lakin bu sərtliyi övladının yaxşılığı üçün edər. Hətta əsəbiləşəndə övladına “öl” desə, bil ki, ana bu sözü ilə onun yox, onun pis xasiyyətinin, pisliyinin ölməsini istəyər.

İbadət edənlərin zinəti İmam Səccad (əley­hissalam) müqəddəs varlıq olan ananın haqqı barədə mübarək bəyanında buyurur:

“Anan səni bir müddət daşımışdır, halbuki heç kəs heç kəsi bu qədər daşımaz. O, qəlb (can) şirəsindən sənə yemək vermişdir, halbuki heç kəs başqası üçün belə etməz. O həmişə vaxtını bütün varlığı ilə, göz-qulağını, əl-ayağını, saç və bütün əzalarını sənə sərf etmişdir, eyni zamanda bu işə görə də çox sevinir. Rəbbin qüdrət əli ilə onu səndən ayırıb torpağa tapşırana kimi sənin zəhmətlərinə, ağrı-acına, qəminə və ağırlığına dözür. Sənin tox, özünün isə ac olmasına razı olur. Özünə üryan qalmağı rəva bilir, təki sən geyinəsən. Özü susuz qalır ki, sən susuz qalmayasan. Özü gün istisinə dözür, təki sən kölgədə olasan. O çətinlik içində olarkən sən nemət içində yaşayırdın. Sənə görə gecələri yuxusuz qalmaqla yuxu ləzzətini özünə haram edir. Ananın bətni sənin boyatma yerin, evi də səni saxlamaq məkanı olmuşdur. Sinəsi süd içməyin üçün çeşmən, canı da səni qorumaq vasitəsi olmuşdur. Ana dünyanın isti və soyuğuna dözüb ki, sən yaşayasan.

Sən də bütün bu zəhmət və xidmət müqabilində ona şükür (təşəkkür) et. Lakin Allahdan yardım istəməsən, heç vaxt anana təşəkkürünü yerinə yetirə bilməzsən”.

Muxtar Cəfərli