Köşə Yazıları Tural İsmayılov Xəbərlər

Ölməmək üçün yazmaq

Kitab yazmaq kağıza sözlər düzmək,  hər hansı işarələrdən istifadə etmək deyil. Özündən bir hissi zamanın axarına buraxmaqdır, həm də onun aqibətini belə bilmədən. Bəlkə, elə bu bilinməzlik, sirr, sonsuz ümid kitab yazmağın mahiyyətini təşkil edir.

Çox vaxt soruşurlar: niyə yazırsan? Cavab vermək çətindir. Çünki əslində, bu hissi prosesdir. Bir növ, “yazmamaq mümkün olsaydı, yazmazdım cavabı” kimi. Bu cümləni ilk dəfə oxuyanda adam gülümsəyir. Sonra düşünür, başa düşür ki, bu ən dürüst yazıçı etirafıdır.

Kitab yazmanın özünəməxsus bir cazibəsi var. Hansı ki, o cazibə yalnız o anda yaşanır. Boş bir səhifənin qarşısında oturub özünün belə mənindən gizlətdiyi, susdurduğu bir həqiqəti söz biçiminə salmağa çalışmaq, vərəyə düzmək. Bu an –  gərgin,  əzablı, bir o qədər də zövqlü olan həmin an bir növ ibadətə bənzəyir.

Fəlsəfi baxımdan yanaşsaq, kitab yazmaq insanın fani dünyaya qarşı ən qədim üsyanlarından biridir. Misir məzar yazılarından tutmuş bu günün elektron sənədlərinə qədər insan həmişə özündən sonra iz qoymaq istəyib.  

Bəzi insanlar soruşur: yazarkən ağrı hiss edirsən, yoxsa zövq? Cavab: ikisini də eyni vaxtda. Yazı prosesi bir cür sevgiyə bənzəyir. İçindəkiləri kənara çıxarmaq, onlarla üzbəüz oturmaq, bəzən onlardan utanmaq, onlarla fəxr etmək kimi. Marsel Prust demişdi: “Həqiqi kəşf səyahət etməkdə deyil, yeni gözlərlə görmə qabiliyyəti qazanmaqdadır”. Bu sözlər yazı üçün də eyni dərəcədə doğrudur: hər kitab həyata fərqli pəncərədən baxmaq üçün açardır.

Kitab yazmağı fərqli edən nədir bəs? Bəlkə, onun tənhalığı. Bu oyun deyil. O, gecə yarısı bir lampanın işığında, yuxusuz gözlərin, yorğun vücudun məhsuludur. Söz tapılır, silinir, yenidən yazılır, yaxud yeniləri ilə əvəzlənir… Bir cümlə düzəldilir, bütün paraqraf dağıdılır. Sonra yenidən başlanır. Bu qarma-qarışıq anlarda yazıçı özünü tapır.

“Füyuzat” kimi mənəvi məkan və maarif ocağı bunun mənasını dərindən bilir. Çünki publisistika ancaq informasiya deyil, o, düşüncənin cəsarətidir. Yazı fikirlərinə sahib çıxmaqdır. Kitab isə bu sahibliyin ən davamlı formasıdır.

Sonda deyəcəyim budur: bir kitab yazan adam dünyaya borcunu ödəyir. Özündən aldığı – ana dilindən, ustadlarından, oxuduğu kitablardan aldığı hər şeyi yeni bir forma ilə geri qaytarır. Bu qaytarma aktında isə ən böyük zövq gizlənir: ölməmək üçün yazmağın özündəki sonsuzluq hissidir.