Azərbaycanın siyasi mühacirəti ilə taleyi kəsişən, tanınmış türk alimlərindən biri başqırd mənşəli Əbdülqədir İnan idi. O, Məhəmməd Əmin Rəsulzadənin İstanbulda nəşr olunan “Yeni Kafkasya” dərgisi ilə əməkdaşlıq etmiş, mühacirlərdən Məhəmməd Ağaoğlu ilə birlikdə Türküstan və Azərbaycanı Öyrənmə Cəmiyyətində yer almışdır.
Başqırdıstandan başlanan yol
Əsl adı Fəthülqədir olan Əbdülqədir İnan 29 noyabr 1889-cu ildə Başqırdıstanın Pirme vilayətinə bağlı Yekaterinburq (Sverdlovsk) şəhərinin Şiqay kəndində bir çadırda dünyaya göz açmışdır. Atasının adı İmam Musaffa, anasının adı Zəkiyyə idi.
İlk təhsilini Alimcan Barudinin Şiqayda təsis etdiyi üsuli-cədid məktəbində alıb. Bir müddət Çelyabinsk şəhərində yerləşən Axund Həkim Həzrət Mədrəsəsində təhsilini davam etdirməklə yanaşı, rus-başqırd məktəbində fəaliyyət göstərən müəllimdən rus dili və riyaziyyat dərsləri alıb. Atasının rus məktəblərində oxumasına razılıq verməməsi səbəbindən Troitsk şəhərində yeni üsullu təhsil verən Rəsuliyyə mədrəsəsinə daxil olub. Bu dövrdə Rusiya universitetlərində təhsil almaq məqsədilə paralel şəkildə rus dilini təkmilləşdirməyə çalışıb.
1914-cü ildə ali müəllimlik məktəbini bitirən alim 1915-ci ildə “Bütün Rusiya müsəlmanlarının məhkəmeyi-şəriyyə” qurumu hüzurunda dini elmlərdən imtahan verərək müdərris ünvanını qazanmış və 1915–1923-cü illərdə müxtəlif məktəblərdə müəllim kimi fəaliyyət göstərmişdir. O, 1917-ci ildə Başqırdıstan Sovetinin sədri seçilib və Zəki Vəlidi Toğanın rəhbərliyi ilə yaradılmış Başqırdıstan hökumətinə bağlı Çelyabinsk Xalq Komitəsinin üzvü olub. 18 iyun 1917-ci ildə “Başqırd” qəzetinin nəşrinə başlayan Ə.İnan elə həmin ilin 5–9 dekabr tarixlərində Moskvada keçirilən Sovetlər Qurultayında Başqırdıstan nümayəndəsi kimi iştirak edib. Ardınca Başqırd Maarif Vəkalətinin Elmi Heyətinə baş üzv təyin olunub, həmçinin 1919-cu ildə Ufada Başqırdıstan Tarixi və Etnoqrafiyasını Öyrənmə Cəmiyyətini təsis edərək sədr kimi fəaliyyət göstərib. Bununla o, 1919–1920-ci illərdə Petroqrad kitabxanasında çalışaraq türk tarixi, mədəniyyəti ilə bağlı qiymətli kitabları Başqırdıstana gətirib.
1920-ci ildən etibarən bolşeviklərin başqırdlara qarşı təzyiq siyasətinin gücləndiyi ərəfələrdə o, digər yerli ziyalı nümayəndələrlə birlikdə Türküstana gedib, Türküstan Basmaçı hərəkatına qoşulub. Daha sonra Daşkəndə köçərək qazax-qırğız orta məktəblərində Əbdülqədir Cılkıbay (Yılkıbay) adı ilə direktor və müəllim kimi çalışıb. O, Zəki Vəlidi ilə birlikdə Türküstan Milli Birlik Komitəsi adından Rusiyada türklərin yaşadığı müxtəlif bölgələrdə fəaliyyət göstərməklə yanaşı, İran, Əfqanıstan, Hindistan, Paris və Berlində elmi və ictimai fəaliyyətini davam etdirib və 20 may 1925-ci ildə İstanbula gedib.
Şəxsi arxivimizdə onun Zəki Vəlidi ilə birgə İran sərhədində 1923-cü ildə türkmən qiyafətində çəkilmiş bir fotoşəkli mövcuddur. Toğan 1969-cu ildə İstanbulda nəşr etdirdiyi xatirələrində həmin dövrdəki həyatları ilə bağlı maraqlı məlumatlar verib.
Türkiyəyə gəldikdən sonra İnanın fəaliyyəti Mehmed Fuad Köprülü tərəfindən yüksək qiymətləndirilib və o, Türkiyyat İnstitutuna türkologiya üzrə assistent təyin edilib. 1933-cü ildə Türk Dili Tədqiq Cəmiyyətinin ixtisas katibi, növbəti ildə isə cəmiyyətin rəhbər heyət üzvü olub.
1936-cı ildə Mustafa Kamal Atatürk tərəfindən Dil və Tarix-Coğrafiya fakültəsində Şərqi türk ləhcələri üzrə professor təyin edilib. 3 may 1944-cü ildə türkçülük və türk milliyyətçiliyi işi ilə əlaqədar Həsən Əli Yücelin göstərişi ilə vəzifəsindən uzaqlaşdırlıb. Bir müddət sonra müəllim kimi fəaliyyətini davam etdirsə də, 1948-ci ildə fakültədəki vəzifəsinə xitam verilib. Bu məsələ Türkiyə Böyük Millət Məclisində müzakirə olunub və bundan sonra müəllim kimi fəaliyyətini davam etdirib. 1955-ci ildə təqaüd hüquqlarından məhrum edilərək yenidən vəzifəsindən uzaqlaşdırılıb. Həmin dövrdə Türk Tarix Qurumunun həqiqi üzvü seçilməsinə və Türk Dil Qurumunda baş mütəxəssis kimi fəaliyyət göstərməsinə rəğmən, dildə yeniləşmə siyasətini dəstəkləmədiyi üçün bu vəzifəsinə də son verilib. 1961-ci ildə Diyanət İşləri Başqanlığının Müşavirə Heyətində Elmi Əsərlərin Tədqiqi Komissiyasında, 1964-cü ildə isə Türk Mədəniyyətini Araşdırma İnstitutunda fəaliyyət göstərib, institutun “Türk Kültürü” və “Türk Kültürü Araşdırmaları” jurnallarında məqalələri dərc olunub. 1 oktyabr 1976-cı ildə Ankarada vəfat edən alim paytaxtdakı Karşıyaka qəbiristanlığında dəfn olunub.
“Vakit”dən başlanan yol
İnan elmi-publisistik fəaliyyətinə 1908-ci ildə Orenburqda nəşr olunan “Vakit” qəzetində ruslara pul müqabilində torpaq satılmasının doğura biləcəyi fəlakət haqqında yazdığı məqalə ilə başlayıb. Həmin illərdə eyni zamanda “Başqırd” və “Akyol” qəzetlərində xalqın sosial problemləri və folkloru ilə bağlı məqalələr, “Şura” jurnalında isə başqırd həyatına dair hekayə və şeirlər nəşr etdirib. Rəsuliyyə məktəbinin müdiri Əbdürrəhman Rəsuli və Orenburqda çıxan “Müəllim” dərgisinin naşiri və mühərriri Həsən Əli əfəndinin təşviqiylə 1910-cu ildən etibarən folklor sahəsi ilə məşğul olub. Əvvəlcə ancaq başqırdlar barədə tədqiqat aparmağa başlasa da, Zəki Vəlidinin tövsiyəsi ilə altay, qazax, qırğız və özbəklər başda olmaqla, demək olar ki, bütün türk xalqlarının folkloru, etnoqrafiyası, dastanları, milli adət-ənənələri və dini inancları ilə bağlı materiallar toplayıb.
O, Türkiyyat İnstitutunda M.Fuad Köprülünün rəhbərliyi altında elmi fəaliyyətini daha da genişləndirərək 1927-ci ildə Zəki Vəlidi ilə birlikdə “Yeni Türkistan” jurnalını nəşr etdirib. 1929-cu ilin noyabr ayında isə Mehmed Xalid (Bayrı), Əhməd Cəfəroğlu, İsmayıl Hikmət (Ertaylan), Əhməd Kutsi (Tecer) və Sadəddin Nüzhet (Ergun) ilə birlikdə Xalq Bilikləri Cəmiyyətinin nəşr orqanı kimi “Xalq bilgisi xəbərləri” jurnalının nəşrinə başlayıb. “Türkiyyat məcmuəsi”, “Türk yurdu”, “Türk hüquq və iqtisad tarixi”, “Azərbaycan yurd bilgisi” kimi jurnallarda Türküstanlı, Türkmən, İdiloğlu, Fəthülqədir, Əbdülqədir Ulu Katayoğlu, A.Başqurd, F.Süleyman, Əbdülqədir Cılkıbay və Əbdülqədir Süleyman (Süleyman babasını adı olub) təxəllüsləri ilə çoxsaylı məqalələr dərc etdirib.
1929-cu ildə Ə.İnan Ərzurum, Ərzincan, Həsənqala bölgələrindən folklor nümunələri toplayaraq “Birinci elmi səyahətə aid raport” adlı əsəri nəşr etdirib.
Türkiyədə millətçi camiə ilə yaxın münasibətdə olan İnan onların çıxartdığı jurnallarla da əməkdaşlıq edib. Məsələn, 1940-cı illərdə “Bozqurd” jurnalında onun “Altay-Yenisey türkləri”, “Yakut (Saxa) türkləri”, “Qırğızlar”, “Qaraqalpaqlar”, “Rus məktəblərində ədəbiyyat dərsləri” və s. yazıları dərc olunub.
Ə.İnanın “Türk ədəbiyyatı” (İstanbul, 1934), “Türkoloji dərs xülasələri” (İstanbul, 1936), “Tarixdə və bu gün şamanizm” (Ankara, 1954), “Qurani-Kərim”in türkcə tərcümələri üzərində bir incələmə” (Ankara, 1961), “Xurafələr və mənşələri” (Ankara, 1962), “Əski türk dini tarixi” (İstanbul, 1976) və digər əsərləri, həmçinin tərcümələri mövcuddur.
Əbdülqədir İnan “Yeni Kafkasya”da
Türkiyə Diplomatik Arxivində qorunan 5 may 1925-ci ilə aid iki sənəddə “Yeni Kafkasya” məcmuəsində məqalələr dərc edən Əbdülqədir adlı müəllimin Türkiyəyə gəlmək istəyindən bəhs olunur. Bu fakt göstərir ki, həmin tarixə qədər Ə.İnanın məqalələri M.Ə.Rəsulzadənin nəşr etdirdiyi məcmuədə yer almışdır. İnan bu jurnalda Fəthülqədir Süleyman imzası ilə yazılar qələmə alıb. Jurnalın 1925-ci ildə çıxan 36, 37 və 38-ci saylarında onun bu imza altında qələmə aldığı “Xaric türklərində milli hars məsələsi” adlı üç hissəli yazısı başqırd milli hərəkatının siyasi və mədəni tərəfini geniş şəkildə təqdim edib. Məcmuədə onun məqaləsi ilə bağlı göndərdiyi bir məktub da dərc olunub.
Əbdülqədir İnanın “Yeni Kafkasya”dakı məqaləsi birmənalı qarşılanmayıb. İdil-Ural türklərinin tanınmış ziyalılarından Abdulla Battal Taymasın dərginin 40 və 42-ci sayında “Kazanlı” imzası ilə cavab məqaləsi yer alıb.
İnanla bağlı yazılan bioqrafiyalarda İdiloğlu imzasının ona məxsusluğu qeyd edilib. Bu imza ilə “Yeni Kafkasya”da “İdilboyunda İslam və Türk mədəniyyətinə qarşı mücadilə” (28-ci say, 16 noyabr 1924) adlı məqalə mövcuddur. Dərgidəki “Türkmən” və “Türküstanlı” imzası ilə dərc olunan bir neçə yazının isə ona məxsusluğunu tam şəkildə iddia etmək mümkün deyildir.
“Yeni Kafkasya”nın 27 aprel 1927-ci ildə işıq üzü görən 84-cü sayı Azərbaycan Cümhuriyyətinin işğalı hadisəsinə həsr edilib. Dərginin bu sayında Əbdülqədir İnanın “27 aprelin xüsusiyyəti” adlı məqaləsi dərc olunub. O, yazısında bu hadisənin təkcə azərbaycanlıların deyil, Rusiya əsarətindəki bütün türk xalqlarının matəmi olduğunu bildirib: “27 aprel günü qardaş Azərbaycanın istiqlalını qeyb etdiyi gün, tarixi türk düşməninin kirli çizməsi Azərbaycan istiqlalını təkrar çeynədiyi qara bir gündür. Bu qara gün yalnız azəri qardaşlar üçün deyil, istiqlal cidalının şanlı meydanına atılmış bulunan Rusiya əsarətindəki bütün türk gəncliyi üçün bir matəm günüdür”.
İnan 1552-ci ildə Kazanın işğalından Cavad xanın şəhid olmasına qədər türk xalqlarının matəm günlərini sadalayaraq vətən uğrunda axıdılan müqəddəs qanların bihudə olmadığını ifadə edib: “İstila altında əzilən vətənimizin istiqlal həsrətiylə məhzun duran minarələrində böyük Tanrıya müstəvlilərdən şikayətlə inləyən azanlar, mehrablarında ağlayan tilavətlər, şəhidlər məzarlarında intiqam hissiylə coşan dualar, bu mənhus mazinin gətirdiyi qara günlərin matəmini tərənnüm edərək milləti mücahədəyə dəvət edirdi”.
“Yeni Kafkasya”nın 28 may 1927-ci il tarixində çıxan xüsusi sayında (86-cı nömrə) isə İnanın “Rus damğası” adlı xatirə məqaləsi işıq üzü görüb. O, məqaləsinin girişində qırmızı istilaya məruz qalmış Azərbaycanın istiqlal gününü düşünərkən türk ellərinin kədərli vəziyyətini xatırladığını bildirib, müstəqilliyin itirilməsinin necə bir dəhşətli hadisə olduğunu hökmü itmiş pasport üzərindən göstərib:
“Bir gün buxaralı dostumla polis idarəsinə gedirik. Polis əməkdaşlarının bizi rus dəftərinə “rus” kimi qeyd etməsinə etiraz edirik. Buxaralı dost deyir: “Biz rus deyilik. Biz türküstanlı türkük, vətənimiz, milliyyətimiz var!” İstiqlal sevgisi ilə yanan bir qəlbdən çıxan bu etiraz nəzakətli məmura təsir etmiş olmalıdır ki, “Məmləkətlər bələdçisi” kitabına baxaraq Buxara və Türküstan adında müstəqil dövlət tapa bilmədi, amma “Rus Türküstanında Buxara adında bir rus xanlığı və onun Buxara deyilən rus şəhərini” tapdı.
Dostumun gözlərindən qeyri-ixtiyari inci dənələri kimi yaşların düşdüyünü gördüm. Cibinin dərin bir küncündən köhnə bir pasport çıxarıb məmura verdi. Pasportda fransızca və türkcə “Müstəqil Buxara Cümhuriyyəti” ifadəsi var idi. Nəzakətli məmur çiyinlərini çəkməklə kifayətlənib pasportu geri qaytardı. Bizə “rus mühacirlərinə məxsus” iqamət vəsiqəsi verdi.
Dostumun pasportu saxta deyildi. Bir çox ölkələrdə bu pasportla səyahət etmişdi. Lakin dünya imperialist dövlətlərinin müstəmləkələrini, məzlum Şərq millətlərini azad etməyə namizəd olan rus ordularının Türküstanı yenidən işğal etdikləri, milli hökuməti devirdikləri, istiqlal tərəfdarlarını asdıqları gün bu pasportun hökmü bitmişdi!..”
15 iyul 1927-ci ildə İstanbulda Türküstan və Azərbaycanı Öyrənmə Dərnəyi adlı elmi cəmiyyətdə bir sıra azərbaycanlı və türküstanlı alim yer alıb. Azərbaycandan Məhəmməd Ağaoğlu, Mirzə Hacızadə (Göygöl), Türküstandan isə Əhməd Zəki Vəlidi Toğan və Əbdülqədir İnan bu qurumun çətiri altında birlikdə fəaliyyət göstəriblər.
Digər azərbaycanlı mühacir alim Əhməd Cəfəroğlunun 1932–1934-cü illərdə İstanbulda nəşr etdiyi “Azərbaycan yurd bilgisi” jurnalında da İnanın bir sıra məqalələri dərc olunub. Bu məcmuədə onun “Başqırd türklərilə rus mücadiləsi tarixindən”, “Cənubi Türküstan istilası ərəfəsində”, “Dastani nəsli Çingiz xan kitabı haqqında”, “Qırğız dil yadigarlarından Manas dastanı”, “Türk ülküsü zəfərinin onuncu ili”, “Türküstan milli qəhrəmanları” kimi iyirmidən çox yazısı işıq üzü görüb.
Ədəbiyyat
Türkiyə Diplomatik Arxivi
“Yeni Kafkasya. 1923–1927” (4 cild). (2018). Haz: Prof. Dr. Yavuz Akpınar, Selçuk Türkyılmaz, Yılmaz Özkaya, İstanbul: Teas Press.
Hikmet Tanyu. (1976). Prof. Abdülkadir İnan (1889–1976). “Türk Kültürü” dergisi, 169. sayı.
Mustafa Erkan. (2000). Abdulkadir İnan ve Eserleri. “Erdem” dergisi, 36. sayı.



