İnsanlıq tarixinə nəzər yetirdikdə hər dövrün özünəməxsusluğu ilə fərqləndiyi məlum olur. Sekulyarizm, yaxud dünyəvilik modern dövrün özünəməxsusluğunu, yeniliyini açıqlamaq üçün istifadə edilə bilər. İlkin olaraq qərb cəmiyyətlərində ortaya çıxan sekulyarizm dini, dinə olan inancı ortadan qaldırmadı. Bunun əksinə qərb cəmiyyətlərində kilsənin siyasi cəmiyyət üzərində olan hüquqi/siyasi hakimiyyətini məhdudlaşdırdığından yenə modern siyasi cəmiyyətlər siyasi/hüquqi (vətəndaşlıq) baxımdan inanclılar və inancsızlardan mütəşəkkil ola bildi. Misal üçün, orta əsrlərdə siyasi təşkilatlanma din/xanədan anlayışlarına əsaslandığından təklif edilən ortaq kimlik ümmət əsasında olmuşdur. Modern dövrlə bərabər iqtisadiyyatdakı radikal dəyişiklik (kapitalizm, sənaye inqilabı vs.) yeni bir kimliyi zəruri etmişdir. Çünki əksərən kəndlərdə məskən salmış insan oğlu yeni sənaye şəhərlərinə üz tutmuşdur.[1]
Beləliklə, modern dövr insanlıq tarixinə nəzər yetirdikdə dəyişikliklərin, çevrilmələrin daha radikal yaşandığı, inancların sarsıldığı, sorğulandığı bir dövr olaraq qarşımıza çıxır. Belə ki, insanlar tarixdə ilk dəfə kütləvi olaraq şəhərlərdə məskən tutmağa başladılar. İnsanın məkən dəyişikliyi inqilabların nəticəsində baş vermişdir. Bu da öz növbəsində inanc sistemində radikal dəyişikliyə səbəb olmuşdur. Həmin dəyişikliyin nəticəsində din ortadan qalxmamış, varlığına davam etmişdir. Lakin siyasi və hüquqi quruluş sekulyar çərçivədə yenidən tənzimləndiyi üçün dini qurumların (kilsə, rahiblər) siyasi və hüquqi təsir imkanları məhdudlaşdırılmışdır. Beləliklə, modern insanı fərqli bir rol gözləyirdi. Daha doğrusu, insan (fərd+vətəndaş=millət) siyasi sistemin legitimləşdirilməsi və işləyişində ilk dəfə kütləvi (seçki institutu) iştirak imkanı qazanmış oldu. Əslində, modern siyasi fəlsəfi mətnlər ardıcıllıqla tədqiq edildikdə bu dəyişikliyin qaçılmaz olduğu aydın olur. İngilis filosof Con Lokk hökumət haqqında traktatını məhz fərd və onun sahib olması nəzərdə tutulan haqq və imkanlar çərçivəsində formalaşdırmışdı.
Qısası, bu essenin məqsədi sekulyarizm, inanc yaxud inancsızlıq arasında mövqe müəyyən etməkdən daha çox modern millətin ortaya çıxışını zəruri edən dəyişikliyi analamaq və anlatmaqdır.
İlkin olaraq modernizmin yaxın keçmişi olaraq da bilinən intibah dövründə insan formu sənət vasitəsilə önə çıxarılmağa başlandı. Beləliklə, orta əsr düşüncəsində hakim olan dini doktrinanın (kilsənin) qadağan etdiyi insan daha görünən olmağa başladı. İlahi olanın siyasi və hüquqi idarəsindən “azad” olan insan tədricən məkanı yenidən kəşf etməyə başladı. Məlum modernizmin subyekti insan olduğu kimi obyetki də məkan (ölkə, vətən) olmuşdur.
Bu uzun perspektivdə insanın hərəkət etmə azadlığına başlanğıc təşkil edəcəkdi. Tədricən Conn Lokkun öncüsü olduğu liberalizmin formalaşdırdığı fərd formu çərçivəsində universal olduğunu iddia etdiyi bir dünya və nizam qurdu. Fərdin ilkin azadlığı dini olanı təmsil edən kilsəyə qarşı istədiyinə qərar verə bilmək və seçmək azadlığı oldu. Bu səbəblədir ki, klasik liberalizm mətnlərində fərdə radikal azadlıq (liberte) verildiyi halda, dini doktrinanın hakim olduğu anlayışdan izlər ehtiva edən dövlətin minimallaşdırılması nəzərdə tutulmuşdur. Ancaq yeni nizamın qurulması üçün insan-fərd halqası tamamlanmalı idi. Beləliklə, insan millət forumunda sekulyar dünyanın prinsip və narrativi əsasında formalaşdırılacaq nizam üçün legitimləşdirici güc olaraq tarix səhnəsinə çıxmış oldu.
Bu prosesin nəticəsində Qitə Avropasında doğan millət inqilablarla qitənin xaricinə yayılmağa başladı. Beləliklə, öz müqəddəratını təyin etmək istəyən xalqlar millət əsaslı nizam qurmağa can atdılar. Bu səbəblə Massimo “İtaliyanı yaratdıq, qalır italyanlarıyaratmaq” fikrini söyləmişdi. Çünki legitimləşdirici ünsür olaraq millətin varlığı artıq bir zərurət olmuşdur. Bu insanın tarix boyu müxtəlif sivilizasiyalar çərçivəsində formalaşdırılmış quruluşlarda rolunun olduğunu istisna etmir. Lakin ilk dəfə idi ki, insanlıq kütləvi olaraq iqtisadi və siyasi quruluşun mərkəzi, hərəkətverici, legitimləşdirici gücü olmaq imkan və qabiliyyətini qazandı. Beləliklə, modern inqilablar üçün yeni ictimai təxəyyülü zəruri etmişdir. Bu çərçivədə din institusional olaraq varlığını itirməməklə bərabər ilahi olana dair siyasi/hüquqi bağlılıqda dəyişiklik baş vermişdir. Misal üçün, təhsil artıq dini qurumlardan alınmış və elmi prinsiplərə söykənən, milli dildə icra edilən formata keçirilmişdir. Müqayisə üçün Osmanlı son dövrünün dövləti gücləndirən qərarları ilə bilinən Sultan 2-ci Əbdülhəmid dövründə modern məktəblər açılmışdır.
Modern dünyanın əsasının tədqiqi ilə məşğul olan ingilis filosof Çarlz Teylor bu çərçivədə vurğulayır ki, burada diqqət yetirilməsi gərəkən əsas məsələ tanrının dünyanı və insanı yaratmaqla bərabər insanın həyatına da müdaxilə etməyinə [kilsə vasitəsilə – siyasi və hüquqi] olan inancın azalması idi. Bu mənada Qərb ictimai quruluşu – dini yaşayışın zəiflədiyi, alt kültür halına gəldiyi və xüsusi həyatın önə çıxdığı – çevrildi (transformation) və dinə, yəni ilahi olana inanc ictimai və xüsusi həyatda (private life) həlledici olmaq imkanını itirdi.[2] Son təhlildə daha əvvəlki çağlar və insanlıq tarixi nəzərə alındıqda, bəlkə də, ən diqqət çəkən çevrilmə inancdakı çevrilmədir. Yəni modern fərd özünü “bilən subyekt” olaraq təsvir etdi və bu çərçivədə “inanma, iman etmə” ilə özünü var edən modern öncəsi insandan fərqli status qazanmış oldu. Dürkheym bu vəziyyəti “ibtidai cəmiyyət” olaraq xarakterizə edəcəkdi. Əlbəttə, bu proses dinin institusional olaraq olaraq ortadan qalxmasından daha çox dini qurum olan kilsənin və dini zümrə olan rahiblər sinfinin siyasi və hüquqi imtiyazının eliminasiyası ilə nəticələnmişdir. Bu isə öz növbəsində insanın sosial, siyasi, iqtisadi və hüquqi olaraq roluna təsir etmişdir. Beləliklə, hakimiyyətin formalaşmasındakı dəyişiklik öz növbəsində millət formunun ortaya çıxışını şərtləndirmişdir. Yeni nizamın işləməsi və davamlılığı üçün siyasi və hüquqi baxımdan məcra millət olaraq ortaya çıxacaqdı.
Artıq insan bilmək tələbini hansısa bir vasitəçi olmadan, fərdi olaraq verə bilmək iqtidarına sahib olmaqda idi. Bu vəziyyət modern insanın problemi olan “tanınmaq” istəyini də bərabərində gətirdi. Siyasi və hüquqi baxımdan muxtariyyət əldə edən modern insan artıq fərqliliyini və özünəməxsusluğunu idrak etmişdi. Əslində, millətlərin, milli-kimliklərin özünməxsusluluqları fərdin əldə etdiyi siyasi-hüquqi və iqtisadi statusdan başlamış oldu. Modern düşüncədə artıq insan/fərd özünə, təbiətə (həyata) hakim olmuşdur. Bu ağlın hegemoniyası olaraq nəticələndi və modern ağıl sübut oluna və açıqlana bilən sadə/bəsit riyazi, mexaniki düşüncənin istehsal etdiyi ağıl idi. Dekart bunu “bağımsızlaşma” (disengafement) olaraq müəyyən etdi. Modernizm Orta Əsr düşüncəsinin əksinə, subyektin təbiətlə münasibətini dəyişdirdi. “Bu cəhəti ilə ələ alındığı zaman konkret olaraq millət anlayışı modern xarakterə sahibdir” demək mümkündür[3] və ilahi olana münasibət sekulyar prinsip çərçivəsində yenidən formalaşdırıldı. “Bu çərçivədə Fransız İnqilabı və Maariflənmə hərakatının millətin siyasi və hüquqi konkretlik qazanmasında və yayılmasında həlledici rolu olmuşdur. Maariflənmə hərakatının dinə qarşı kəskin bir münasibətdə olduğu aşkardır, bunun səbəbi və nəticəsi isə legitimləşdirmənin mənbəyi olaraq dinin əvəzinə, ağılda, elmin işləyişində, yəni müstəqil fərd və onun fəaliyyətlərində gerçəkləşməsidir”.[4] Bununla belə sekulyarizm çərçivəsində modern nizamın qurulmasının hərəkətverici qüvvəsi olan maarifçiliyin və maarifçilərin məsələni təfsilatı ilə düzgün idrak edib dəyərləndirə bilmədikləri də aşkardır. Çünki Volter və Mirzə Fətəli Axundzadənin nümunəsində bilindiyi kimi, maarifçilər fəaliyyətlərini, əsasən, din yaxud dini olanla mübarizəyə həsr etdiklərindən Kant və onun kimi filosoflar kimi müfəssəl qavrayışı təmsil edə bilməmişlərdir.
II
İnanc çərçivəsində baş verənlər iqtisadi, siyasi həyatda da inqilabi dəyişikliklərlə nəticələnmişdir. Millət anlayışı/formu Qərbi Avropada gerçəkləşən inqilabi dəyişikliklərin nəticəsi olaraq ortaya çıxmışdır. Millətin ortaya çıxışını bu çərçivədə dəyərləndirən Entoni D.Smitə görə, millətin qərbdə ortaya çıxmağı üç inqilab olaraq adlandırdığı – əmək bölgüsündə, idarəetməyə nəzarət edilməsində və mədəni – tənzimləmələrdəki inqilablarla açıqlanmalıdır. (İş bölümü iqtisadi inteqrasiyanı, idarəetmədəki inqilab bürokratik/mərkəzi dövləti və kültürəl inqilab isə dünyəvi xilas duyğusunu təmin etdi).[5]
Ancaq millətin doğuluşunu şərtləndirən əsas səbəblər ilahi olana inancın siyasi və hüquqi gücünü itirməsindən qaynaqlanmışdır. Kültür və təhsildəki inqilablar nəticəsində kilsəyə dayanan ilahi hakimiyyət (authority) və ənənənin yerini içində suveren (sovereign) dövlətin olduğu tamamilə yeni bir konseptual aparat aldı.
İnanc çərçivəsindəki çevrilmələr ailə həyatında da dəyişikliklə nəticələnmişdir. Qərb ictimai quruluşundakı inanc əsaslı çevrilmənin nəticəsində “ailə-kilsə” ikiliyinin yerini “ailə-məktəb”in aldığı gürülməkdədir. Burada istifadə olunan məktəb anlayışı yeni bir öyrənməyə və bu öyrənməyə uyğun yeni məkana işarə etməkdədir. Məlumdur ki, Azərbaycan modernləşməsində bu, çar müstəmləkəçiləri tərəfindən tədavülə gətirilən şkola olmuşdur. Bu çərçivədə Smitə görə, “Tanrı inancını praktik qurtuluş sözünə bağlayan bir dövlət aparatı ilə birlikdə vətəndaşlardan və bərabərlərdən ibarət bir cəmiyyətin yaradılmağı üçün başlanğıcda məhdud olan dünyəvi xilas fikrinin vasitələri formalaşdırıldı”.[6]
Əxlaqi çevrilmə modern millətin doğuşunda ən təməl mərhələ olaraq dəyərləndirilə bilər. Teylorun əsaslandırdığı kimi, “əxlaq qaynaqları”nın diversifikasiyası modern dövrə xas bir gerçəklikdir və əxlaqın artıq dinlə daha doğrusu tək qaynaq olaraq dinə bağlılığı qoparıldığı üçün artıq “millətlərin əxlaqı” anlayışı ortaya çıxmışdır. Millət anlayışı tarix və sosiologiyanın hakim olduğu on doqquzuncu əsrdə siyasi form qazanmışdır. Bu mənada 19-cu əsr “milliyyət əsri” olaraq adlandırılması təsadüfi olmamışdır. Durkeym əxlaq anlayışını artıq milli əxlaq üzərindən alan yeni fərdi əxlaqın (qaynaqlarının) çeşidləndiyini və “İncilin sunduğu əxlaqa əlavələr edə biləcəyini dərk etməsi gərəkdiyinə” diqqət çəkir.[7]
Tarixçi Hobsbauma görə isə tarixin böyük bir hissəsində insan düşünərkən dini terminləri istifdə etmək məcburiyyətində qaldı, ancaq inqilablarla bu vəziyyət dəyişdi və “ictima sfera”ya (public spehere) rasional, maarifçi dünyagörüşü hakim oldu. Nəticədə rahiblərin yerinə yeni dinin qurucusu (“instituteur”) olaraq xatırlanacaq və qeyri dini (dünyəvi) təhsil verən müəllim sinfi ortaya çıxdı.[8] Bu səbəblədir ki, yeni kimlik, əsasən, təhsil vasitəsilə formalaşdırılmışdır. Daha doğrusu, yeni kimliklə bağlı milli şüurun formalaşdırılmasında təhsil aparıcı rol oynamışdır. Ordu kimi qurumlar isə bu kimliyin, anlayışın icrasında öz rolunu ifadə etmişdir. Durkeymə görə təhsil rasionallaşdığından (yeni elmin prinsiplərini ehtiva edərək yenilənməsi) artıq ağlın rədd edəcəyi əxlaqi təhsil mümkün deyildi, əxlaqın din ilə, ənənə əlaqləndirilməsi ibtidai cəmiyyətlərə xas idi. İbtidai cəmiyyətlərin əksinə modern cəmiyyətlərdə əxlaq təhsili dinə deyil, ağla (sekulyar) əsaslanmalıdır. Çünki artıq insanın/fərdin əsas öhdəliyi daha önəmli idi. Əxlaq tanrı üçün deyil, insan üçün idi. Tanrı isə artıq insan/fərd üçün gözətçilik vəzifəsini yerinə yetirməli idi.[9] Yəni artıq əxlaqın formalaşdırılması teoloji qaynaqlarından müstəqil olaraq baş verməkdədir.
Yeni dövr elmin/texnikanın təsirinin artmağı nistəbində din adamlarının yerini alan maarifçilərin yüksəlişinə şahidlik etmişdir. Bu mənada kapitalizm, dövlət və cəmiyyətin həlledici olduğu bir nizamın formalaşdırıldığını demək mümkündür. Bu hal isə Qərbi Avropada gerçəkləşən “üç inqilabın”ın nəticəsində gerçəkləşmişdir. Elmin fərqli bir formada ortaya çıxmağı biliyin istehsalını və eyni zamanda ictimai təxəyyülü dəyişdirmiş və dünyəvi bir baxış yaratmışdır.[10]
Yaşanan çevrilmə nəticəsində problemin epistemik səviyyədən çox, varlıq əsaslı olduğu görülməkdədir. Çünki modern öncəsi dövrdə varlıq tövhid prinsipindən əldə olunduğu halda, modern dövrlə bərabər fərdin bilmək istəyinə enən varlıq anlayışından bəhs edilir.[11] Bu çərçivədə Benedikt Andersonun millət anlayışı haqqındakı təhlilinə yer vermək lazımdır. Anderson milləti xəyal etməyi mümkün edən kültürəl dəyişiklikləri ontoloji çevrilmə ilə əsaslandırmış və çevrilmənin yayılmasını isə kapitalist mətbəə anlayışı ilə əlaqələndirmişdir. Beləliklə, mövcud yazı dilləri (latın dili) ontoloji həqiqətin əldə olunmasındakı gücünü itirmiş; tanrının təmsilçiləri olaraq qəbul edilən hökmdarların birləşdirici fikrinin, gücünün zəifləməsi isə milli kimliklərin, millətlərin xəyal edilməsini mümkün etmişdir.
Teylora görə isə modern insan özünə xas yaxşı anlayışını tapdı/yaratdı və yaxşı anlayışı insanın/fərdin qərarlılığına dayandırıldı. Tanrının vəziyyəti yaradılmışlara xas terminlərlə təsvir olunan bir xoşbəxtlik anlayışına tabe edildi, yəni insanın varlığının məqsədinin artıq özü olan deist görüş əvvəlki görüşü dönüşdürməyə başladı. Bu çərçivədə deist təbiət və xoşbəxtlik anlayışı klassik dövrdəki yücə tale (supreme fate) inancının qəbul edilmədiyi gündəlik həyatın mənimsənməsi prinsipinə dayanır. Gündəlik həyatın mənimsənilməsi iyerarxiya anlayışına qarşı olmaq mənasına gəlməkdə idi. Artıq kilsənin “xüsusi təqdir”lə insanın hekayələrinə müdaxiləsinə yer yox idi. Tanrı dünyanın işləyişinə müdaxilə edə bilməyəcəyi kimi, “həqiqətlər”ə ağılla nail olmaq mümkün olduğundan vəhy əsaslı anlayış siyasi və hüquqi üstünlüyünü itirmiş oldu.[12] Beləliklə, Aristotelin siyasətin məqsədi olaraq təsvir etdiyi yaxşı cəmiyyət formalaşdırılması modern dövrün şərtlərinə, kontektinə uyğun olaraq yenidən inşa edildi. Burada isə nizam özünü daha sekulyar/milli inanc sistemi ilə legitimləşdirdi.
Yəni modern millətin formalaşmağını fərdin yaradıcı ilə olan münasibətinin çevrilməsini analiz etmədən anlamaq çətindir. Artıq dinə/kilsəyə bağlı insan anlayışı çevrilmiş və millət formu bu boşluğu özünü “inanc” və “inancsızlıq” çərçivəsində var edərək doldurmuşdur. Lakin sekulyar prinsip çərçivəsində doğulan millətin varlığı din anlayışını tamamilə ortadan qaldırmadı, yaxud qaldıra bilmədi.
III
Millət anlayışının formalaşmağı haqqında ortaq qənaət son iki əsr içərisində gerçəkləşən inqilablar və inqilabların gətirmiş olduğu çevrilmələr nəticəsində konkretləşdiyi istiqamətindədir. Bu çevrilmə nəticəsində siyasət dini müəyyən etdiyi sərhəd (məbəd) içində tutmuşdur. Misal üçün dövlət və hökumət başçıları müharibə elan etmək üçün parlamentlərdən razılıq almaqdadırlar. Hərçənd modern prinsiplər və qurumların funksionallığını itirdiyi bu günlərdə siyasət qurumu dinlə olan münasibətini bərpa etməkdədir. Lakin hələlik siyasi və hüquqi müstəvidə dəyişiklik edilməmişdir. Misal üçün konstitusiyalarda hələ də dövlət təsvir edilərkən “dünyəvilik” vurğusu qalmağa davam edir. Bu məsələyə essenin sonu hissəsində geri qayıdacağam.
Modern millətin ortaya çıxışı antik fələsəfədən sonra Avqustinlə bərabər xristianlığın, yəni Tanrının hakimiyyətinə/inayətinə keçən ağlın yenidən müstəqilliyini qazanması kimi qiymətləndirilmişdir. Yəni millətin formalaşmağını təmin edən şərtlər “insan nədir?” sualına yeni və daha sekulyar bir cavab formalaşması ilə mümkün olmuşdur. Artıq bu və oxşar klassik suallara fərdin cavab verə bilməsi şərtlənmişdir. Bu mənada millət inşa prosesi bir dünyəvi əxlaq anlayışını da bərabərində gətirmişdir.
Millətin, milli-dövlətlərin tarix səhnəsinə çıxmasında ticarətin yeni dəyər (kapitalizm) qazandığı, romanın doğuluşu, ailə anlayışlarında da dəyişiklik həlledici rol oymamışdır. Ticarətdə yaşanan dəyişiklik nəticəsində ictimai sferanın təməlini təşkil edən aristokratik şərəf, şan yerinə gündəlik həyatla bağlı fəaliyyətlərə diqqət edilməyə başlanmışdır. Romanın ortaya çıxmağı ilə “eyni zamanlılıq” anlayışı vücud tapdı. Belə ki, roman məkan olaraq bərabər olmayan insanları eyni zamanda (anlayışda) birləşdirmişdir. Ana dildə yazılan roman üzərində yaşanılan vətənə dair hekayəni ədəbi üslubla bütün vətəndaşlar üçün əlçatan etmişdir. Bu isə öz növbəsində milli kimliyin inkişafına xidmət etmişdir. Misal üçün “Əli və Nino”, “Qılınc və Qələm” kimi romanların Azərbaycan oxucusunun milli şüurunun formalaşmasında xüsusi rolu olmuşdur.
Yeni dövrlə bərabər necə ki, evlilik və ailə institutları da çevrilmə ilə üzləşmişdir. Ailə institutunda gizlilik önə çıxmağa başladı. Ailə həyatındakı bu inqilab əxlaqi dəyişiklik nəticəsində ortaya çıxan fərdi muxtariyyət iddiasının əks olunmasıdır. Bunun nəticəsində fərdi (ailə) məhrəmiyyət tələbi ortaya çıxdı.[13] Bu çevrilmənin ailə institutunun bu gün məruz qaldığı çevrilmə ilə anlamaq daha yaxşı olardı. Nəticə olaraq modern düşüncə modern öncəsi iyerarxik quruluşa qarşı insanı fərdi müstəqil/hakim etdiyini qəbul edir.
Modern düşüncə təməlini lokal olanın (xalq) diliylə var etdi və əxlaq anlayışını, varlıq təsəvvürünü buna görə formalaşdırdı. Orta əsrdəki din/kilsə əsaslı bilik anlayışından fərqliləşən modern anlayışın mənimsənilməsi üçün insanın/fərdin “oxumaq-yazma”ğı öyrənməsini ehtiyacı ortaya çıxdı. Bu çərçivədə təhsil millət əsaslı nizamın davamlılığı üçün həlledici olmuşdur. Bu səbəblədir ki, iyirminci əsrdə dövlətlər oxuyub-yazmaq (məktəbləşmə) problemini həll etmək üçün dağ məktəblərinə belə məktəb açmaqdan geri durmamış və bu uğurda rəqabət aparmışdır. Misal üçün, Sovet dövründə məktəbləşmənin ucqar kəndlərə qədər aparılmasının səbəbi komunist partiyasının qanunlarının, qərarlarının minumum səviyyədə anlaşılmasını, icrasını asanlaşdırmaq olmuşdur.
Beləliklə, millət anlayışının mahiyyət etibarilə modern olduğunu söyləmək mümkündür. Millət ”eyni zamanlılıq” anlayışı, eyni hissləri eyni zaman və məkanda paylaşan millətin mövcud olmağı mənasına gəlməkdədir. Burada özüylə tək başına qalan fərdin özündən başqasının bilmədiyi[14] “hekayəsi” vardır və bu hekayə mətbənin yayılması ilə bir millətin yaradılmasına/inşasına xidmət edəcək şəkildə yayılmışdır.
Modern dövr texnikanın təbiət üzərində hakimiyyəti olaraq qəbul edilir və bu “texniki hakimiyyət” insanın biliyi əldə etmə müstəqilliyinin nəticəsidir. Milləti bu çərçivədə dəyərləndirdiyimizdə fərdin rasional müstəqilliyə nail olması ilə birbaşa bağlı olduğu ortaya çıxmaqdadır. Millətçiliyin[15] əsas prinsiplərindən biri məhz siyasi iqtidarların onlara tabe olan xalqın iradəsini əks etdirməsi fikri idi. bu hakimiyyət haqqınının xalqa, millətə ötürülməsi ilə gerçəkləşmişdir. Millətin ortaya çıxmağı Teylorun “insan mərkəzlilik” olaraq adlandırdığı modern dövrdə Durkeymin “Tanrını gözətçi” vəziyyətinə endirməsi və “zərər görmə” qorxusunun ortadan qalxmağı nəticəsində mümkün olmuşdur. Qısası, modern olan millətdən daha çox, millət anlayışının dəyişən “inanc” və “inancsızlıq” çərçivəsində çevrilərək yeni məna və forma bürünməsi olmuşdur. Çünki insanın rolu, haqları və öhdəliklərində radikal dəyişikliklər baş vermişdir.
IV
Buraya qədər modern millətin ortaya çıxışı inanc sistemində baş verən çevrilmə çərçivəsində ələ alınmışdır. Lakin çağdaş dünya siyasətinin dinlə olan münasibətindəki dəyişiklik nəzərə alındıqda yazının sonunda çağdaş siyasət və din münasibətinə, bu münasibətin milli kimlik formuna təsirinə toxunmaq zərurəti hasil olmuşdur. Belə ki, Teylorun 16-cı əsrdən etibarən tədricən tanrı inanamamağın siyasi-hüquqi olaraq mümkün olduğu modern sekulyar narrativ, prinsip və kontekst artıq etibarlılıq və funksionallığını itirmişdir. Bu, əlbəttə, kralların siyasi legitimlik üçün özlərini tanrının yerdəki təmsilcisi adlandırdıqları dövrə geri dönüş demək deyil. Lakin modern sekulyar inanc sisteminin kəskin hakimiyyətinin də çevrilməkdə olduğu aydın olur.
Hər şeydən əvvəl modernizmin siyasi və hüquqi çərçivədə dinə, dini qurum və anlayışa qarşı tətbiq etdiyi dünyəvi siyasətin praktikada funksionallığını itirdiyi məlum olur. Belə ki, iki misal bu məsələnin anlaşılması üçün həlledici olacaqdır. Türkiyədə respublikanın qurucu kadrlarının dinə və dini qurumlara qarşı izlədiyi kəskin dünyəvi siyasət artıq bu günkü şərtlərdə funskionallığını itirmişdir. Beləliklə, artıq insanların gündəlik həyatdakı geyim tərzi həmin mövcud qanuna əsasən müəyyən edilmir. Digər tərəfdən yenə Türkiyədə 84 il siyasi və hüquqi statusu (ibadət qadağan deyildi) muzey olan Ayasofiya təkrardan məscid statusu (yenə muzey kimi fəaliyyəti, turistlərin ziyarəti qadağan edilməmişdir) qazanmışdır.[16] Bu özlüyündə sekulyar modern millət anlayışına dair çevrilməni, daha doğrusu teo-politik bir məsələni göstərir.
Lakin siyasətin din ilə olan münasibətindəki dəyişiklik geriyə (orta əsr) doğru siyasi-hüquqi dönüş olaraq da görülməməlidir. Bununla belə siyasətin din ilə münasibətini təkrardan nəzərdən keçirdiyi də məlumdur. Beləliklə, millət anlayışı hələlik siyasi-hüquqi çərçivədə olmasa belə, praktikada dünyəvi özünəməxsusluğunu itirmişdir. Misal üçün, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimində arxasına adəti üzrə xalqdan olan insanları deyil, məhz texno-maqnatları almışdır.[17] Buna paralel olaraq artıq elmə olan modern inanc da gücünü itirmişdir.[18] Beləliklə, modernizmin insan (fərd) mərkəzli inşa etdiyi varlıq anlayışı siyasi-hüquqi funksionallığını itirmişdir.
Digər tərəfdən modern millətlərin doğuluşunu şərtləndirən texnologiya yeni bir mərhələyə qədəm qoymuşdur. Belə ki, artıq mexaniki anlayışından eloktromaqnit anlayışa doğru dəyişən dünyada bioloji və fiziki dünyanın yanında bir də elektron (digital) dünya ortaya çıxmışdır. Yeni ortaya çıxan süni zəka sadəcə insanın rolunu sorğulanması ilə qalmadı milli-dövlətləri var edən suverenliyi də sarsıtmış oldu. Belə ki, dövlətlər artıq sərhədlərinə və sərhədləri daxilindəki vətəndaşlarına əvvəlki kimi tam hakim olmaq imkan və qabiliyyətini itirmişdir. Bu məqsədlə texno şirkətlərlə dövlətlər arasında yeni anlaşmalar imzalanmaqdadır. Bu çevrilmənin yanında ənənəvi kapitalizm öz yerini finans/maliyyə (borc) kapitalizminə vermişdir. Beləliklə, insanlar üçün Con Lokkun cızdığı mülkiyyət (ev vs.) kimi mega sahiblik anlayışı öz yerini kiçik texnoloji cihazlara sahibliyə vermişdir. Beləliklə, çevrilmənin kökləri renessans dövrünə qədər gedib çıxan və özündə inancın çevrilməsi olan modern millləti var edən prinsip və institutlar da çevrilməkdədir.
İstifadə edilmiş ədəbiyyat sihahısı
Anderson, B. (2015). Xəyali Camaatlar . İstanbul: Metis.
Bumin, T. (2016). Tartışılan Modernlik: Descartes ve Spinoza . İstanbul : Yapı Kredi Yayınları .
Çağla, C. (2003). Azərbaycanda Millətçilik və Politika. İstanbul: Bağlam Yayıcılıq.
Diecckhoff və Jaffrelot. (2010). Millətçiliyi Yeniden Düşünmək (Tər. Devrim Çətinkasab). İstanbul : İlətişim .
Durkheim, E. (2010). Ahlak Eğitimi (Tər. Oğuz Adanır). İstanbul: Say Yayınları.
Hobsbawm, E. (2003). Devrim Çağı (Tər. Bahadır Sina Şener). Ankara: Dost.
Renan, E. (2016). Millət Nədir? (Tər. Gökçə Yavaş). İstnanbul : Pinhan Yayın.
Stmith, A. D. (2002). Millətlərin Etnik Kökəni (Tər. Sonay Bayramoğlu, Xülya Kendir). Ankara: Dost.
Taylor, C. (2012). Mənliyin Qaynaqları (Tər. Selma Aygül Baş, Bilal Baş). İstanbul : Kürə .
Taylor, C. (2025). Seküler Çağ (5 ed.). (D. Körpe, Trans.) İstanbul: Türkiye İş Bankası Kültür Yayınları.
[1] Bu mövzuda ətraflı bax., Taylor, C. Seküler Çağ. 5-ci nəşr. Tərc. Dost Körpe. İstanbul, Türkiye İş Bankası Kültür Yayınları. 2025.
[2] Teylor, 2012, 469.
[3] Hobsbawm, 2004, 29.
[4] Çağla 201, 49-50.
[5] Smithh, 2002, 172-177.
[6] Smith, 2002, 175-76
[7] Durkheim, 2010.
[8] Hobsbaum, 2003, 237-39.
[9] Durkheim, 2010: 25-37.
[10] Smith, 2002, 204-209.
[11] Modernizmin varlıq anlayışna dair ciddi tənqidlər də mövcuddur. Bu məqsədlə Prof. İbrahim Kalının əsərlinə baxmaq olar. Ancaq bu mətnin ana xətti modern milləti şərtləndirən inanç zəminindəki siyasi-hüquqi çevrilmə olduğundan ana mətn içində bu mövzuya toxunulmamışdır. Bax., Kalın, İ. Barabar, Modern, Medeni. İnsan Yayınları, İstanbul, 2022; Kalın, İ. Heidegger’in Kulubesine Yolculuk. İnsan Yayınları, İstanbul. 2025.
[12] Teylor, 2012, 405-417.
[13] Teylor, 2012, 433-441.
[14] Burada yerli/milli dillərə işarə edilir.
[15] Millətçiliyin mahiyyətinə dair ətraflı bax., Vəliyev, O. “Millətçilik: qurmağın və qorumağın ideologiyası”, “Füyuzat”, №4 (138), 2024. Digər tərəfdən millətçilik modern “din” olup olmadığına dair müzakirə müvafiq elmi ədəbiyyatda ciddi yer tutur. Ətraflı bax., Greenfeld, L. “The modern religion?”, A Journal of Politics and Society. Vol. 10, 1996. ss. 169-191. https://www.tandfonline.com/doi/pdf/10.1080/08913819608443416
[16] Bu məsələ ilə bağlı bax., Bezci, B. “Dinin ve Devletin Egemenliği Arasında Politik Teolojik Meselemiz: Ayasofya”, Kriter, 2025, 5/48. https://kriterdergi.com/siyaset/dinin-ve-devletin-egemenligi-arasinda-politik-teolojik-meselemiz-ayasofya
[17] Bununla bağlı keçmiş yunan nazirin müəllifi olduğu mənbəyə baxmaq olar. Ətraflı bax., Varoufakis, Y. Tenkofeodalizm: Kapitalizmi Öldüren Neydi?, tərc. Mustafa Güdük. Diplomat, İstanbul. 2026.
[18] Türkiyəli geologiya professoru Cəlal Şəngörün bir qrup həmkarı ilə elm adamlarına dair olan inancın sarsıldığını iddia edən İtalyan Professor Giorgio Parisinin yazısına cavab vermişdir.
Parisi: https://www.theguardian.com/commentisfree/2023/sep/25/tiktok-global-crisis-world-trust-scientists-online-attack
Şengör: https://www.theguardian.com/science/2023/sep/29/sheer-stupidity-is-a-threat-to-our-scientific-progress



