“Füyuzat” çinli-amerikan yazar Ken Liunun 2014-cü ildə yazdığı “Mövcudluq” (“Presence”) hekayəsini Həmid Həmidzadənin tərcüməsində təqdim edir:
Ekrandakı dar görmə sahənizdən bir cüt quş süzüb keçir. Sizdən əvvəlki istifadəçi bağlantını kəsməzdən öncə telemövcudluq aparatını qapının ağzındakı çarpayının yanında saxlamış, kamera və monitoru açıq pəncərəyə tərəf çevirmişdi ki, növbəti istifadəçi, yəni siz, ölüm ayağında olan yad bir adamın üzünə baxmaq məcburiyyətində qalmayasınız. Bunun nəzakətdənmi, yoxsa utancdanmı irəli gəldiyini kəsdirmək çətindir.
Ətrafı görmək üçün idarəetmə pultunu ehmalca tərpədirsiniz; hərəkət rəvan, lakin yavaşdır, sanki hansısa qatı bir maye sizə mane olur. Operatorların əksəriyyəti sizin kimi təcrübəsiz olduğundan, bu lənglik özlüyündə bir növ təhlükəsizlik tədbiridir.
Palata təmizdir, içəridə üç çarpayı var. O, ortadakı çarpayıda, nazik adyalın altında hərəkətsiz, içi boş, qupquru bir qabıq kimi donub qalıb. Ən uzaq küncdəki çarpayıdan zəif inilti səsləri eşidirsiniz, lakin idarə etdiyiniz cihazın mikrofonu səsləri o qədər də aydın ötürə bilmir.
Arxanızdakı pəncərədən düşən gur günəş işığına görə sizə elə gəlir ki, otaq istidir. Açıq pəncərədən içəri dolan mehi, həmin mehlə birgə aşağı küçədəki səyyar satıcıların yeməklərindən qopub burnunuza gələn qoxuları xəyal edirsiniz; ədviyyatlı quzu kababı, açıq ocaqda qovrulmuş yerfındığı, yağ çəlləklərindən düzəldilmiş sobalarda közərmiş şirin kartof qoxusu – hamısı da iyirmi ildən çoxdur ki, dadmadığınız təamlardır.
Palatanın üç çarpayı üçün kifayət qədər geniş olmadığını düşünürsünüz, hər halda Amerika standartları ilə müqayisədə belədir. Lakin tibb bacısı telefonda buranın xəstəxananın ən yaxşı təchiz olunmuş palatası olduğunu vurğulamışdı; elə hazırda içində olub idarə etdiyiniz robot da bunun sübutudur.
Hər həftə məvacib ödədiyiniz baxıcı ayağa qalxıb özünü təqdim edir. Hiss olunur ki, o, bəstəboy bir robotun təpəsinə bərkidilmiş ekranda görünən adamlarla danışmağa öyrəncəlidir. Özünüzə haqq qazandırmaq ehtiyacını səssizcə boğursunuz; ona məzuniyyət günlərindən, karyeranızın indiki mərhələsində işdən icazə almağın çətinliyindən, ən əsası isə hər şeyin nə vaxt… yekunlaşacağını bilmədən okeanın o tayına səfər etməyin qeyri-müəyyənliyindən bəhs etmək istəyini içinizdə basdırırsınız.
– İndi onu oyadaram, – baxıcı qadın deyir.
Uşaqlığınızın dilində ananızdan başqa heç kimlə danışmayalı o qədər uzun müddət keçib ki, indi düzgün tonu, lazımi nəzakət səviyyəsinə uyğun ifadələri tapmaqda çətinlik çəkirsiniz. – Məgər o… yəni… axı… bəlkə, o bir az da yatsın?
Baxıcı sizə acıyaraq baxır, çünki özünüzü yad adam kimi aparırsınız.
O, çarpayıya yaxınlaşıb yatan qadının üzünə yüngülcə toxunur.
– Oyan! Dur! Oğlun gəlib!
Baxıcının qışqırığı o biri çarpayılardakı qadınları da oyadır və onlar narazı halda mızıldanırlar. Sonra o, iki əli ilə ananızın göz qapaqlarını zorla aralayır. Ananızın başını elə çevirir ki, baxışları düz ekrana – sizə tərəf yönəlsin.
Qadının ananızla bu cür rəftarından bir anlıq sarsılırsınız, lakin dərhal düşünürsünüz ki, ananızı bürümüş o dumanı yarıb keçməyin, bəlkə də, yeganə yolu elə budur. Fikirləşirsiniz ki, bəlkə də, bu qədər həssas olmağınız amerikalılaşmış təbiətinizdən irəli gəlir, ya da bəlkə də, bunun arxasında daha qaranlıq bir fakt durur: sizin okeanın o tayında, bu qadının isə orada – düz ananızın yanında olması.
Ananızın tamamilə bulanıq gözlərinə baxıb fikirləşirsiniz ki, o heç sizin burada olduğunuzu anlayırmı, yoxsa ancaq işıqla kölgənin qarışıq cizgilərinimi görür.
– Sizi gördüyünə sevinir, – baxıcı deyir. – Baxın, əlimi çəkəndə belə gözlərini necə açıq saxlayır. Belə hal heç vaxt baş vermir.
Sıxılaraq irəli əyilib, – Mən buradayam, – deyə pıçıldayırsınız.
Bunun sizi sadəcə kompüter ekranından izləməsindən nə fərqi olduğunu düşünürsünüz. Öz-özünüzə sual verirsiniz ki, axı bu qədər pulu nəyə görə ödəyirsiniz.
Üzündəki qırışlar yonulmuş bir maska tək donub qalıb. İnsult onu tamam iflic edib.
Qadın adyalı kənara çəkib ananızın bezini dəyişməyə başlayır. Gözünüzü qaçırmaq istəyirsiniz, lakin o dəqiqə başa düşürsünüz ki, baxmamaq sadəcə özünüzə yalan satmağın bir yolu olardı. Onun havaya qalxmış ayaqlarının hədsiz nazikliyi – sümüklərə sarılmış solğun, ləkəli dəri mənzərəsi – sizi diksindirir və nəfəsinizi içinizə çəkirsiniz.
Amma əlbəttə ki, heç bir qoxu gəlmir. İfrazatın iyini, ananızın çarəsizliyindən doğan o utancı, dezinfeksiyaedici məhlulun, çürümənin və ölümün qoxusunu duymursunuz. Onun vəziyyətinin bu fiziki reallığı sizin qoxu reseptorlarınızın zərif pərdələrinə gəlib çatmır. Sivilizasiya – bizi ölüm həqiqətindən qorumaq üçün getdikcə daha mürəkkəb yalanlar uydurmaqdan ibarətdir. Aranızda hələ də intəhasız bir okean var.
Baxıcı qadın işini səssiz və çevik görür. O, kirlənmiş bezi çarpayının yanındakı vedrəyə atır və ananızı nəm dəsmalla silib təmizləyir. Sonra ayaqlarını bir də qaldırıb altına təzə bez bağlayır. Siz dərindən nəfəs alırsınız.
O biri xəstələrdən biri dillənir: – Siz Amerikada yaşayırsınız?
Başınızı arxaya çevirirsiniz; bu cəmi otuz saniyə çəksə də, adama az qala bir saat kimi gəlir. Sonra onu – üzü dərin bir maraqla dolub-daşan orta yaşlı qadını görürsünüz. Başınızı tərpədib təsdiqləyirsiniz.
– Yaman uzaqdır, – qadın deyir. – O danışa bilməsə də, yəqin ki, sizi tez-tez düşünür. Gərək qayıdıb gələsiniz.
Onun qabalığı və həddini aşması sizi qəzəbləndirir. Ona öhdəliklərinizdən, ipoteka borcunuzdan və balaca uşaqlarınızdan bəhs etmək istəyirsiniz. İzah etmək istəyirsiniz ki, Amerikada yaşamaq, bir iş tapıb onu əldə saxlamaq, baxıcıya pul ödəmək üçün yetərincə qazanmaq heç də asan deyil. O pulu ona görə ödəyirsiniz ki, siz burada deyilsiniz və kadr çatışmazlığı olan bu xəstəxanada ananızın saatlarla öz nəcisi və sidiyi içində yatıb qalmasını istəmirsiniz. Demək istəyirsiniz ki, illərdir onu yanınıza köçməyə razı salmağa çalışmısınız, amma özü yad ölkəyə köçmək istəməyib. Qadının üzünə vurmaq istəyirsiniz ki, elə onun öz uşaqları da onu burada ölümə tərk edib getdiyinə və yanına yalnız bir robot cildinə girmiş ruhlar kimi gəldiklərinə görə o, indi əsəbini sizdən çıxmaq istəyir. Vurğulamaq istəyirsiniz ki, sizin və uşaqlarınız üçün o uzaq, yeni diyarda imkanlarla dolu bir həyatı arzulayan elə ananızın özü olub. Amma bütün bunların əvəzinə, sadəcə başınızı tərpədir və üzünüzü geriyə çevirirsiniz. Bu daha bir əziyyətli otuz saniyə mənasına gəlir.
Baxıcı sizə bir dırnaqtutan uzadır. Alət idarə etdiyiniz robotun qolunun ucundakı tutacaqlara tıqqıltı ilə, möhkəmcə oturur. – Bəlkə, onun dırnaqlarını siz kəsəsiz?
Özünüzü itirirsiniz. İndiyə kimi həyatınızda heç kimin dırnaqlarını kəsməmisiniz.
– İnanın, bu özünüzü daha yaxşı hiss etməyinizə kömək edəcək.
Onun səsindəki mehribanlıq sizi təəccübləndirir.
Ananızı incitmək qorxusundan barmaqlarınız əsir, ancaq robot bu iş üçün proqramlaşdırılıb. Siz sadəcə idarə pultunu o tərəf-bu tərəfə ehmalca itələməli, ekran göstəriş verəndə dırnaqtutanı sıxmalısınız; qalan hər şeyi mexaniki qollar özü görür. Təhlükəsizlik alqoritmləri həm ananızı zədələməyinizin qarşısını alır, həm də sizə onun üçün nəsə etdiyiniz illüziyasını yaşadır. Uzaqdan idarə olunan mexaniki əllərin ananızın əlini tutmasını izləyərkən, o dərinin necə sərin olduğunu, revmatizmli oynaqları saran o qupquru əzələ və dərinin adamın ovcunda nə qədər ağır ola biləcəyini təsəvvür edirsiniz.
Bütün bu proses boyu ananızın gözləri açıq qalır.
***
Siz artıq hər gecə ona baş çəkirsiniz. Robotu idarə etməkdə getdikcə ustalaşdığınız üçün sizə maşın üzərində daha geniş nəzarət imkanı, daha yüksək sürət və manevr sərbəstliyi verirlər. Siz onun bezini dəyişməyi, onu silib təmizləməyi, çarpayısının yanında saatlarla oturub xəyali hərəkət işartıları axtararaq üzünü izləməyi öyrənirsiniz. Arxa fonda, televizorda gedən seriallara qulaq asır və digər iki çarpayıda tez-tez dəyişən xəstələri tanımağa başlayırsınız. Sizin bu maşından bədəninizi növbə ilə işlədən adamlarla isə heç vaxt tanış olmursunuz.
Bu robotlar günahkarlıq hissi ilə qovrulanlar, çox uzaqda yaşayanlar və həddindən artıq çox bəhanəsi olanlar üçün yaradılıb. Buradakı mövcudluğunuzun bir illüziyadan ibarət olduğunu, bu texnologiyanın əslində özünüzü aldatmağınıza xidmət etdiyini dərk etsəniz də, yenə də içinizdə bir rahatlıq tapır, doğrudan da yüngülləşmiş hiss edirsiniz.
***
Bağlantını kəsirsiniz və nə qədər istəsəniz də ağlaya bilmirsiniz.
Tibb bacısının sözləri zehninizdə əks-səda verir.
“Dünən axşam yatdı və oyanmadı”.
Artıq hər gecə oraya baş çəkmək məcburiyyətində qalmayacağınız üçün daxilən rahatlıq tapa biləcəyiniz düşüncəsi sizi komodun üstündəki güzgüdən üz çevirməyə vadar edir.
Filmlərdəki obrazların belə anlarda necə reaksiya verdiyini xatırlamağa çalışırsınız. Ardınca da öz-özünüzə sual verirsiniz ki, axı mənə nə olub, axı mən emosional baxımdan niyə şikəstəm ki, bədii bir uydurmanı yamsılamağa çalışıram.
– Hər şey qaydasındadır? – həyat yoldaşınız soruşur.
– Bu barədə danışmaq istəmirəm! – deyə tərs-tərs cavab verirsiniz.
***
Qızınız yanınıza gəlir. – Dırnaqlarım çox uzanıb, – deyir.
Adətən, belə işlərlə yoldaşınız maraqlanır, lakin bu gün o, bazarlığa gedib.
Qızınızı dizinizin üstündə oturdur və dırnaqtutanı götürürsünüz. Onun saçını qoxlayırsınız, təzə yasəmən və şirin mürəbbə ətri gəlir – o, indicə çiyələk mürəbbəli qızarmış çörək yeyib. Fikirləşirsiniz ki, görəsən, o da ədviyyatlı quzu kababını xoşlayarmı.

Baş verənləri “kimisə itirmək” adlandırmağın nə qədər qəribə olduğunu fikirləşirsiniz; axı əsl itki illər əvvəl, o qədər tədrici, o qədər lal-dinməz baş vermişdi ki, siz bunun nə vaxt olduğunu heç özünüz də hiss etməmişdiniz. Geri qayıtmayacağınıza qərar verdiyiniz o anı xatırlaya bilmirsiniz. Ananızın sizin yanınıza köçməyəcəyi gerçəyi ilə barışdığınız o anı xatırlaya bilmirsiniz. Nə vaxt əsl amerikalıya çevrildiyinizi xatırlaya bilmirsiniz. Minlərcə xırda qərarın üst-üstə qalaqlanaraq necə geridönülməz dəyişikliklərə gətirib çıxardığını, heç bir seçim etməməyin elə özünün də bir seçim olduğu barədə düşünürsünüz. Sizin haqqınızda zərrə qədər də məlumatı olmayan insanların, sizdən necə müəyyən bir çərçivədə davranmağı gözlədikləri barədə düşünürsünüz.
Qızınız dizinizin üstündə qurdalanıb yerini rahatlayır.
Ona heç vaxt üzünü görmədiyi nənəsini necə təsvir edəcəyinizi düşünürsünüz. Ağlı kəsən yaşa çatanda özünüzü necə izah edəcəyinizi, seçimlərinizə necə bəraət qazandıracağınızı fikirləşirsiniz. Başqa bir qitədə, bir okean uzaqlıqda qurulan yeni bir həyat müqabilində ödədiyiniz bədəl haqqında düşünürsünüz.
Heç vaxt nəsibiniz olmayacaq o əfv, o bağışlanma barədə düşünürsünüz. Bu oyunda müqəssir də, hakim də elə siz özünüzsünüz.
Dırnaqtutanı sıxmazdan əvvəl bir az gözləməli olursunuz, çünki gözlərinizi isti yaş doldurub və aydın görmək çətinləşib.



