Xəbərlər

ABŞ-də həkimlər xəstəni 48 saat ağciyərsiz yaşatdı – inqilabi tibbi nailiyyət

ABŞ-nin Şimal-Qərb Universitetinin (Northwestern University) həkimləri tibbdə misli görünməmiş bir uğura imza atıblar. Cərrahlar ağır vəziyyətdə olan 33 yaşlı bir kişini 48 saat ərzində ağciyərsiz yaşatmağa nail olub və bu müddətdə onu uğurlu ikiqat ağciyər transplantasiyasına hazırlayıblar.

“Füyuzat” xəbər verir ki, əməliyyatla bağlı klinik hesabat “Med” jurnalında dərc olunub.

Həkimlər bunun üçün Tam Süni Ağciyər (TAL – Total Artificial Lung) adlı xüsusi sistem hazırlayıblar. Bu sistem ağciyərlərin funksiyasını müvəqqəti olaraq əvəz edərək qanın oksigenləşdirilməsini təmin edib, eyni zamanda qan axınını tənzimləyərək ürəyi qoruyub.

Hadisə 2023-cü ilin yazında baş verib. Gənc xəstə qriplə bağlı ağır ağciyər çatışmazlığı keçirib və vəziyyət sürətlə pisləşərək pnevmoniya, sepsis, kəskin respirator distress sindromuna (ARDS) çevrilib. İnfeksiya bütün antibiotiklərə davamlı olub və ağciyərlər faktiki olaraq parçalanmağa başlayıb.

Adətən belə hallarda xəstələr süni nəfəs aparatına qoşularaq ağciyərlərin bərpası gözlənilir. Lakin bu xəstədə ağciyərlər həm əsas problem, həm də infeksiyanın mənbəyi idi. Ağciyərlərin çıxarılması demək olar ki, ölüm hökmü sayılırdı.

Bu riski aradan qaldırmaq üçün həkimlər TAL sisteminə ikiqat qan axını kanalı və axına uyğunlaşan şunt əlavə ediblər. Nəticədə qan dövranı sabit saxlanılıb və xəstə donor ağciyərlər tapılanadək həyatda qala bilib.

Ağciyərlər çıxarıldıqdan sonra xəstə infeksiyadan sağalmağa başlayıb. Aparılan molekulyar analizlər göstərib ki, ağciyərlərin öz-özünə bərpası artıq mümkün deyil, transplantasiya yeganə çıxış yolu olub.

Əməliyyatdan iki ildən çox vaxt keçməsinə baxmayaraq, xəstə tam sağalıb və yeni ağciyərləri normal fəaliyyət göstərir.

Mütəxəssislər bildirir ki, TAL sistemi hazırda yalnız ixtisaslaşmış mərkəzlərdə mümkündür. Lakin gələcəkdə bu texnologiyanın standart tibbi cihazlara inteqrasiya ediləcəyi ümid edilir.