Ədəbiyyat Xəbərlər

Analar

Atalar dünyanın quran əlidir,
                     qüvvətli, mətin.
Ana ümid, fərəh, nur məşəlidir
                      bəşəriyyətin!

Dünyada dil açıb ilk dinəndə də
                           “ana” deyirik,
Qocalıb dünyanı tərk edəndə də
                           “ana” deyirik.

Bütün dahilərə layla çalar o,
                           günəşli layla…
Bütün ürəklərə şəfəq salar o,
                           günəşlə, ayla.

Ana mərd olanda, nənə ağbirçək,
                           baxışları nur,
Qızları böyüyər ay parçasıtək
                           qüdrətli, məğrur.

Oğullar dünyanın gələcəyidir,
                            ana bu günü,
İnsanlıq hər şeydən müqəddəs bilir
                             ana südünü!

Əhməd Cəmil