Kültür-sənət Orxan Vəliyev Xəbərlər

Ankara: bürokratik və nizami şəhər

Ankaraya ilk və sonuncu səfərimi bugünkü kimi xatırlayıram. İlk səfərim 2015-ci ilin yayında doktorantura təhsilimi maliyyələşdirən Yurt Dışı Türklər və Akrabaka Toplulukları Başkanlığının (YTB) prezident Ərdoğanın da iştirak etdiyi məzun günü vəsiləsilə olmuşdu. İlk səfərdə, təbii olaraq, Məhəmməd Əmin Rəsulzadə və Atatürkün məzar abidələrini ziyarət etməyi də unutmamışdıq. Sonuncu səfərim isə 2021-ci ildə doktoranturadan sonra qazandığım doktorantura sonrası araşdırma təqaüdünün bürokratik işlərini tamamlamaq üçün olmuşdu. Həmin tarixdən sonra Türkiyəyə dəfələrlə səfər etməyimə baxmayaraq, Ankara ziyarəti nəsib olmamışdı.

Nəhayət, 2025–2026-cı tədris ilinin ilk həftəsinə təsadüf edən uluslararası bir tədbirdə çıxış üçün dəvət aldım. Qısası, beş ildən sonra Ankaradayam.

Sübh azanından əvvəl Ankaranın küçələrini dolaşdım, gənclik illərində gəzişdiyim küçə və məkanlarda dolaşaraq keçmişə səyahət etdim.

Adətim üzrə başladığım yazıları həmin gün bitirməyi doğru hesab etmirəm. Yazıya ilk başlayanda həmin ankı coşğunluqla mətnin çərçivəsini hazırlayıram. Sonra isə aram-aram yazını tamamlayıram. Təcrübə göstərir ki, bu metodla daha keyfiyyətli mətnlər ortaya çıxır.

Bu ənənə Ankara yazısından da yan keçmədi. Belə ki, Beynəlxalq münasibətlərin təhlili mərkəzinin Türk Dövlətlər Təşkilatının Beyin Mərkəzləri çərçivəsində təşkil etdiyi elmi-praktik konfransda arxamda əyləşən tələbə və həmkarların bitməyən söhbəti məni Ankaraya götürdü. Beləliklə, orada apardığım qeydlər nəticəsində həmin gün yazını bitirdim.

Türk şairi Yəhya Kamal Ankaranın ən gözəl tərəfinin İstanbul dönüşü olduğunu ifadə edir. Hətta deyilənə, yazılanlara görə, Atatürk belə artıq Ankarada müəyyən işləri gördükdən sonra ömrünün sonuna qədər, əsasən, İstanbulda yaşamışdır. Bununla belə Məhəmməd Əmin Rəsulzadənin və bir çox azərbaycanlı mühacir cümhuriyyətçinin məzarının olması Anıtqəbir şəhərin dəyərinə birbaşa təsir edir.

Elə ki, cümhuriyyətin işğalından sonra Ankara İstanbulla yanaşı mühacir azərbaycanlıların əksərən son mənzilləri olubdur. Digər tərəfdən dövlətin siyasi və bürokratik mərkəzi olan Ankaranın özünəməxsus ruhu var. Daha doğrusu, xüsusi bir nizamlılıq olduğunu demək mümkündür. Bu nizmlılıq həm insanların davranışından, həm də binaların düzülüşündən özünü büruzə verir.

Ankara dövlətin inşa və idarə edilməyə davam edilən şəhəridir. Belə olan halda, şəhərdə İstanbulla müqayisədə düzənlilik olduğunu demək lazımdır. Belə ki, Ankaraya ilk ziyarətimdə (2016) yaşadığım təəccübü xatırlayıram. Məşhur Kızılay meydanında insanların uzun bir növbədə səbrlə dayanıb bələdiyyə avtobusuna növbə gözləməkləri mənim üçün bir yenilik idi. İstanbulda bu qədər nizamlılıq olduğunu demək doğru olmazdı. Axı dəniz minik vasitələrindən, dolmuşlara, metro və bələdiyyə avtobusları daxil belə bir növbə mədəniyyətinin olduğunu İstanbulda müşahidə etməmişəm. İstanbulda növbəni taksilər və dolmuşlardan istifadə edərkən görmək olar.

Ankaranı ilk ziyarətimdə bələdiyyə iqtidar partiyasının namizədi tərəfindən idarə edilirdi. Paytaxt ankarada milli ruh daim hakim olduğundan bugünkü bələdiyyə sədri dövründə elə ciddi yenilik gətirilməyib. Bələdiyyənin çalışdığı şirkətlərdə müəyyən dəyişiklik ola bilər. Lakin Ankaranın milli mahiyyətində elə bir yenilik müşahidə edilmədi.

Türkiyənin ən yaxşı universitetlərinin də bir çoxu məhz Ankarada yerləşir. Belə ki, cümhuriyyətin əsas qürur yeri olan və dünya şöhrətli Halil İnalcık kimi dəyərləri yetişdirən Ankara Universiteti ilk ali təhsil ocağı olmuşdur. Atatürk məşhur Dil, Tarix və Coğrafiya fakültəsinə xüsusi dəyər vermişdir. Professor Halil İnalcık bioqrafiyasında Atatürkün 1935–1940-cı illərdə təhsil alan tələbələrə verdiyi dəyəri xüsusi minnətdarlıqla yad edir. Ankara Universitetinin biz Azərbaycanlılar üçün digər əhəmiyyəti isə Hüquq fakültəsidir. Məlumdur ki, Əhməd bəy Ağaoğlu hüquq fakültəsinin qurucuları arasında yer almışdır.

Ankara cümhuriyyətin paytaxtı olaraq sıfırdan inşa edilmişdir. Şəhər memarlığında cümhuriyyətin ideoloji izlərini müşahidə emtək olar. Lakin hazırkı iqtidarın uzun illərə söykənən hakimiyyəti dövründə Ankaranın memarlığında Səlcuqlu-Osmanlı izlərini əks etdirən yeni memarlıq nümunələrinə rast gəlmək olar. Bununla belə, şəhərin əsas mərkəzlərindən olan Çankaya, Kızılay meydanı öz kimliyini mühafizə etməyə davam edir. İqtidardan uzaq qalan cümhuriyyət ideologiyasının izlərini daşıyan Kızılay və çevrəsindəki parklar, binalar köhnəlməyə üz tutmaqdadır.

Anlamaq olur ki, Türkiyə bir keçid mərhələsindədir. Kifayət qədər diqqətli nəzərlə baxan keçid və dəyişikliyi elə Ankaranın küçələrindən hiss edə bilir.

Səhər Kızılayın küçələrində dolaşarkən bələdiyyə avtobusundan enib işə tələsən insanlardan, axşam çağı kafelər küçəsində dolaşarkən gənclərin simasından, restoranların menyularındakı qiymətlərdən ölkədəki iqtisadi sıxıntını müşahidə etmək olurdu… Ancaq maraqlı bir məsələ isə odur ki, Ankarada İstanbul qədər miqranta rast gəlmədik. Hətta demək olar ki, miqrant görmədik. Qısası, Ankara təxminən on il əvvəl ilk dəfə ziyarət etdiyim şəhər deyildi…

Bu dəfəki səfərimiz TED Universitetinin ev sahibliyində gerçəkləşən beynəlxalq bir vorkşop çərçivəsində baş tutdu. Qonaq tədqiqatçılar arasında Azərbaycan, Gürcüstan, Orta Asiya, Şərqi Avropa ölkləri ilə yanaşı, artıq görməyə vərdiş etdiyimiz Macar təmsilçi də var idi. Macarlara qarşı ölkəmiz və Türkiyənin millətçi çevrələrində isti münasibət olsa da, mənim onlara qanım qaynamır!

TED Universiteti Kızılay meydanına çox yaxın məsafədə yerləşir. Yolun iki tərəfində yerləşən binalar yer altından keçidə birləşdirilir. Ümumiyyətlə onu deməliyəm ki, Türkiyədə universitetlər tələbələrin asudə vaxt ehtiyaclarını da nəzərə alaraq dizayn olunur. Kampüs anlayışı Türkiyədə çox fərqlidir. Belə ki, universitetin fiziki binalarının və həyətin dizaynı professor, müəllim və tələbə heyətinin zövqünü nəzərə alaraq dizayn edilmişdir. Bu Türkiyədə bir ənənə olduğundan Qars universitetində də oxşar sistemi müşahidə etmək mümkündür.

Beləliklə, bir Ankara səfərim daha Esenboğa havalimanın səssizliyində təyyarəmizi gözləyərkən başa çatmış oldu…