Xəbərlər

Batumidə azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbi fəaliyyətə başlayıb

Azərbaycanın Batumidəki Baş Konsulluğunda fəaliyyət göstərən Heydər Əliyev otağı bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlı yeniyetmə və gənclərin vətənpərvər ruhda yetişmələri üçün geniş imkanlar açır. Bu otaqda Ulu Öndər Heydər Əliyevin irsini öyrənmək üçün hər cür şərait mövcuddur. Həmçinin burada Azərbaycan prezidentinin fəaliyyətinə, rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərə və Milli Qəhrəmanlara aid fotolar, eləcə də balaca fidanların çəkdikləri rəsm əsərləri var.

“Füyuzat” AZƏRTACA istinadən xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə Heydər Əliyev otağının nəzdində azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbi də açılıb.

Bu məktəbdə uşaqlara Azərbaycan dili və ədəbiyyatı ilə yanaşı, rəsm, toxuculuq və musiqi dərsləri də keçirilir. Baş konsul Fuad Əzizov və Azərbaycanın Gürcüstandakı diasporunun rəhbəri Rövşən Namazov uşaqlara baş çəkir, onların qayğısına qalır.

Qeyd edək ki, “Bazar günü” məktəbində təhsil alan uşaqlar, əsasən, Batumidə ingilis, rus və gürcü dillərində fəaliyyət göstərən məktəblərin şagirdləridir. Onlar müxtəlif dillərdə təhsil alsalar da, Azərbaycan dilinə böyük maraq göstərirlər.