3 May Türkçülük Günü münasibətilə təqdim olunan bu məqalə, milli kimliyimizin ideoloji əsaslarını və Türk dünyası ilə birliyin strateji əhəmiyyətini önə çəkir. Yazıda qeyd olunduğu kimi, “Bizim ailəmiz Türk dünyasıdır” düşüncəsi həm tarixi köklərimizə bağlılığı, həm də gələcək inkişaf istiqamətimizi müəyyənləşdirir. Türkçülük Günü bu ideyanın həm yaddaşı, həm də davamlılıq çağırışı kimi xüsusi məna daşıyır. Bu münasibətlə Elçin Bilaloğlu “Füyuzat” jurnalında dərc olunmuş məqaləsini oxucularımıza təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 fevral 2024-cü il tarixində keçirilən inaqurasiya mərasimindəki proqram xarakterli çıxışında ölkənin qarşısında duran prioritetlərin ardıcıllığını göstərdi. İlham Əliyev ölkənin inkişafının əsas istiqamətləri haqqında danışanda ordu quruculuğu, hərbi sənayenin inkişafı, sərhədlərin qorunmasının gücləndirilməsi, xarici risklərdən qorunmaq, milli birlik, azərbaycançılıq, azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, iqtisadi və sosial sahədə inkişaf, yoxsulluq və işsizliyin aradan qaldırılması, xarici investisiyaların cəlbi, nəqliyyat infrastrukturu, tranzit imkanlarından faydalanmaq, texnoloji və süni intellekt sahələrinin inkişafı haqqında bəhs etdi. O, Türk Dövlətləri Təşkilatına inteqrasiyanın isə dövlətin xarici siyasətinin əsas prioriteti olduğunu bildirdi. Yeni dövrdə iqtisadi islahatların daha da dərinləşməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, eləcə də sosial-təminat tədbirlərinin daha da gücləndirilməsi kimi hədəflər var. Biz bu yazıda “Füyuzat”ın oxucuları üçün xüsusi önəm kəsb edən məqamlara diqqət yetirəcəyik.
Azərbaycan tarixən dini və dünyəvi dəyərlərin uzlaşdığı, fərqli mədəniyyətlərin bir arada yaşadığı və inkişaf etdiyi, sivilizasiyaların qovuşduğu bir məkandır. Uzun əsrlər boyu Azərbaycan xalqı özünün milli, dini, mənəvi dəyərlərinə bağlılığını qoruyub-saxlayıb, eyni zamanda başqa dinlərin və etnik qrupların nümayəndələri ilə tolerant, mehriban birgəyaşayış mühitində sahib olduğu yüksək mənəvi keyfiyyətlərini inkişaf etdirib. Nəticədə dini, mədəni plüralizmin mövcud olduğu, dini və dünyəvi dünyagörüşünün uzlaşdığı müasir Azərbaycan cəmiyyəti formalaşıb. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında, milli maarifçilik hərəkatının, türkçülük, islamçılıq və qərbçilik ideyalarının davam və inkişaf etdirilməsində müstəsna rol oynamış Əli bəy Hüseynzadə özünün irəli sürüb əsaslandırdığı “türkləşmək, islamlaşmaq, avropalaşmaq” milli dirçəliş və milli istiqlal formulu ilə türkçülüyün siyasi məramnaməsini və elmi-nəzəri əsaslarını yaratdı. Bununla da Əli bəy Hüseynzadə, müasirlərinin dediyi kimi, milli istiqlal mücadiləsinin “Əsas Qanunu”nu yaratmaqla milli tariximizə “türkçülüyün atası” kimi öz əbədi imzasını atmış oldu.
XXI əsrin əvvəlində isə türkçülük ideyaları dövlət səviyyəsində dəstəklənir, yolumuzun Türk dünyasına istiqamətləndiyi rəsmi səviyyədə səslənir. Vurğulamalıyıq ki, Əli bəy Hüseynzadə tərəfindən irəli sürülmüş ideya qısa müddətdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrildi. Bu üçlü məram milli bayrağımızdakı rənglər palitrası vasitəsilə əbədiləşdi və sonsuzluğa qədər Azərbaycan xalqının qan yaddaşına daxil oldu. Bu mənada bu gün də başımız üzərində əzəmətlə dalğalanan milli bayrağımızdakı üç rəngin bildirdiyi simvolik məna Əli bəy Hüseynzadənin müəllifi olduğu “türkləşmək, islamlaşmaq, müasirləşmək” formulunun rənglərlə ifadəsindən ibarətdir. Əli bəy Hüseynzadə belə hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi, mədəni, sosial-siyasi məfkurəsi avropalaşmaq – müasirləşmək olmalıdır.
2024-cü ildə ölkə başçısı cənab İlham Əliyev bütünləşmiş Azərbaycan ərazisində keçirilmiş ilk prezident seçkilərindən sonra baş tutan inaqurasiya mərasimində verdiyi mesajlarla bir daha yolumuzun hansı istiqamətdə olduğunu göstərdi: “Bizim ailəmiz Türk dünyasıdır… Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli faktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Artıq məlumdur ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtılıb. Xristian təşəbbüskeşliyi açıq-aydın müşahidə olunur. Mərkəzi Asiyanın türk cümhuriyyətləri öz aralarındakı su, ərazi, tranzit, miqrasiya və s. problemləri tez bir zamanda yoluna qoyub Türkiyə və Azərbaycanın ümumtürk inteqrasiya təşəbbüslərinə qoşulmalıdır. Belə olan halda, yəqin ki, Türkiyə və Azərbaycanın ardınca yaxın vaxtlarda Mərkəzi Asiyanın türk cümhuriyyətləri də xarici siyasətlərində Türk dünyası ilə daha sıx inteqrasiya olunmağın labüdlüyünü vaxtında və düzgün dəyərləndirəcəklər. Çünki hazırda dünyada cərəyan edən geosiyasi təlatümlər bütün ölkələri seçim etməyə, yönünü, düşərgəsini və prioritetlərini müəyyənləşdirməyə məcbur edir. Bu məsələdə əsla ləngimək olmaz. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Türk Birliyi cazibəli güc mərkəzi halına gətirilərsə, regiondakı digər ölkələr özləri bu ittifaqa can atacaq.
Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli-mənəvi dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən birdəfəlik silinmək təhlükəsi ilə üz-üzə qalmışlar. Zəngin milli-mənəvi dəyərlərimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rola malikdir. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir. Milli-mənəvi dəyərlər deyərkən milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. başa düşülür. Bir sözlə, milli və mənəvi olan bütün nailiyyət və keyfiyyətlərimiz milli-mənəvi dəyərlər sisteminə aiddir. Prezident İlham Əliyev cənabları haqlı olaraq deyir: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən, Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır… Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur”. Prezidentin çıxışına istinad edərək vurğulamaq lazımdır ki, həqiqətən də, bu gün ənənəvi Azərbaycan ailə institutu dünya üçün nümunədir. Çünki sağlam ailə milli dəyərlər sistemində çox önəmli yer tutur. Müasir dünyada ailə institutu tamamilə deqradasiyaya uğrayıb. Belə bir dövrdə milli-mənəvi dəyərlərə sadiq gənc nəslin yetişdirilməsi üçün sağlam ailə institutu daim qorunmalıdır. Həmçinin gənclərin təhsilinin milli-mənəvi dəyərlərə, azərbaycançılıq prinsipinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara yiyələnməsi gələcək inkişafın təminatçısı olar.
Unutmamalıyıq ki, Azərbaycanın xoşbəxt gələcəyinə aparan yol uğurlu siyasi, iqtisadi, ordu quruculuğundan, sənayenin tərəqqisindən, təhsil, səhiyyə və digər sahələrdə zamanın tələb etdiyi islahatların düzgün istiqamətləndirilməsindən keçir. Bu çətin və hərtərəfli işin məharətlə, yorulmadan öhdəsindən gələn qalib Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına inamla aparır. Azərbaycanın hər bir vətəndaşı bu işə öz imkanı daxilində töhfə verməyə cəhd göstərməlidir. Bunun üçün isə vətənpərvərlik, millətinə, Vətəninə və törəyə sadiqlik olmalıdır.
Mənbə: “Füyuzat” dərgisi, №1, 135, 2024



