Muxtar Cəfərli,
araşdırmaçı-yazar
Kainatda ən kiçik zərrədən tutmuş ucsuz-bucaqsız qalaktikalara qədər mövcud olan hər varlıq yarandığı andan etibarən özünə aid istiqamətdə hərəkətə başlayır. Hər biri yaradılış məqsədinə uyğun nizam daxilində öz hədəfinə doğru irəliləyir. Su daş və qayaların sərt sinəsinə çırpıla-çırpıla, gah sakit, gah da gurultulu axa-axa uzun yollar qət edir və nəhayət, dənizin qoynuna sığınıb orada aramlıq tapır. Günəş səmanın sonsuzluğunda səyyahtək bir an belə dayanmadan onun üçün təyin olunmuş mənzilinə doğru yol alır. Buludlar göyün köçəri sakinləri kimi bir diyardan digərinə üz tutur, daşıdığı yükünü yağışa çevirib torpağa həyat bəxş edir. Quşlar havada qanad çırparaq uzaq məsafələri ümidlə aşır, lakin sonda yenə də yuvalarına qayıdırlar. Ağaclar kökləri ilə torpağın dərinliklərinə enib möhkəmlənir, səmaya qol-budaq atır, səssiz-səmirsiz böyüyərək öz yollarını tamamlayır. Toxum torpağın qaranlıq bağrında çatlayıb işığa can atır, çətin yolun sonunda həyatın bir möcüzəsinə çevrilir. Dalğalar sahilə tərəf tələsir, qayalara çırpılıb geri çəkilsələr də, heç vaxt yollarından vaz keçmir. Hər geri dönüşləri yeni bir cəhdin başlanğıcı olur. Arılar çiçəkdən-çiçəyə qonaraq min bir zəhmətlə şirə toplayır, qarışqalar özlərindən ağır yükləri daşıyaraq əzmlə yuvalarına aparırlar. Kəpənəklər qısa ömürlərinə baxmayaraq, rəngli qanadları ilə dünyaya gözəllik yayırlar. Bir sözlə, hər varlıq öz yolunu, öz həyat hekayəsini fərqli şəkildə yazır.
Bütün bu yollar arasında ən ülvi və ən mənalı yol insanın yoludur. İnsan həyat imtahanlarından keçə-keçə, nəfsi ilə mübarizə apara-apara, qəlbini saflaşdıraraq addım-addım əbədiyyət aləminə yönəlir. Çünki onun üçün əsl hədəf yalnız maddi mənzilə varmaq deyil, varlığın sirrinə çatmaq və əbədi səadətə qovuşmaqdır. Lakin bu yolun da özünəməxsus çətinlikləri – eniş-yoxuşu, dərə-təpəsi, çiləsi-sıxıntısı var. Yunus Əmrə hikmət dolu misralarında dediyi kimi:
Bu yol uzundur,
Mənzili çoxdur,
Keçidi yoxdur,
Dərin sular var.
İnsan digər yaradılmışlarla qarşılıqlı əlaqə və təsir içində yaşayan varlıqdır. Onun söylədiyi hər söz, atdığı hər addım, sərgilədiyi hər davranış, verdiyi hər qərar istər-istəməz başqalarının həyatına toxunur, onlarda müsbət, yaxud mənfi izlər qoyur. İnsanın əməlləri bəzən kiçik və əhəmiyyətsiz damla kimi görünsə də, zaman keçdikcə həmin damlalar birləşərək böyük bir çayın istiqamətini dəyişdirəcək gücə çevrilir. Elə bu səbəbdən insan öz etdikləri ilə yanaşı, başqalarının düşüncəsində, qəlbində və həyat yolunda yaratdığı təsirə görə də məsuliyyət daşıyır. Kainatın fəxri Həzrət Muhəmməd (s) bu həqiqəti belə ifadə edir: “İslamda kim yaxşılığa bir cığır açarsa, ona savab vardır. O cığırla gedənlərin savabından ona da pay verilər, onların savabından isə heç nə əskilməz. Kim də pisliyə bir cığır açarsa, ona günah yazılar. O pis cığırla gedənlərin günahından ona da pay ayrılar, onların günahından isə heç nə azalmaz”.
Hər yaxşılıq torpağa səpilən toxum kimidir: əkilir, kök salır, cücərir, boy atır və nəhayət, bir gün bar verir. Bəzən həmin toxumu əkən insan onun bəhrəsini görə bilməsə də, o yaxşılıq illər sonra başqalarının həyatında ümidə, mərhəmətə və yolgöstərən işığa çevrilir. Eyni şəkildə, hər pislik də əvvəlcə kiçik və nəzərə çarpmayan qığılcım kimi başlayır. Vaxtında qarşısı alınmasa, böyük bir yanğına çevrilib ətrafı külə döndərir. Bir sözlə, insanın açdığı yaxşı və pis yollar təkcə özü ilə bitmir, zamanın axarında yaşayır, nəsildən-nəslə ötürülür.
Yeni və xeyirli cığır açmaq ağır məsuliyyət tələb edir, eyni zamanda bu, çox böyük fəzilətdir. Çünki hər müsbət dəyişiklik, hər xeyirli davranış gələcək nəsillərin yoluna işıq saçır. Xeyirdə, yaxşılıqda və yardımlaşmada öncül olmaq insan üçün tükənməyən savab qapısı açır. Hətta insanın yaxşılıq etməyə maddi və ya fiziki cəhətdən gücü çatmasa belə, xeyirli bir işə səbəb olması və təşviq etməsi özlüyündə böyük dəyər daşıyır. Həqiqət yolunun ən böyük sərdarı Həzrət Muhəmməd (s) buyurur: “Xeyirli bir iş üçün yol göstərən, ona səbəb olan və öncüllük edən o işi görmüş kimidir…”
Eynilə pis və zərərli bir yolun başlanğıcı da özü ilə ağır günah yükü gətirir. Üstəlik, pisliyə yol açanın məsuliyyəti təkcə öz etdikləri ilə məhdudlaşmır. O adam həmin yolla gedən, eyni davranışı sərgiləyən hər kəsin günahından pay alır. Çünki həmin şəxs bu pis başlanğıcı etməsəydi, bəlkə də, o yol heç açılmaz, başqaları da ora yönəlməzdilər. Bu səbəbdən insan hər addımında qoyduğu izin başqalarına necə təsir göstərəcəyini, onları hara aparacağını yaxşı düşünməlidir.
Yaxşılığın ölçüsü, sərhədi yoxdur.
O, bəzən insanın simasında yaranan səmimi bir təbəssümdür. Bəzən yetim başını oxşamaq, ona kimsəsiz olmadığını hiss etdirmək, bəzən də qəlb qırmamaq üçün susmağı bacarmaqdır. Bəzən kiminsə dərdinə şərik olmaq, bir möhtacın ehtiyacını qarşılamaq, bəzən isə insanın ruhunu oxşayan, qəlbinə təsəlli verən xoş sözdür. Bəzən ədaləti tərənnüm edən yazı, haqqı müdafiə edən kəskin dil, bəzən də heç bir söz söyləmədən sərgilənən nümunəvi davranışdır.
Yaxşılıq insanın özündən sonra qoyub getdiyi ən qiymətli və əbədi mirasdır.
Axı bu dünya keçici olsa da, yaxşılıqlar qalıcıdır. Başqaları kölgəsindən faydalandığı müddətcə ağac əkən şəxs savab qazanır. Məktəb tikdirən adam orada oxuyanlar olduqca mənəvi töhfəsini alır. Məbəd tikdirən şəxsə orada edilən hər duadan pay çatır. Qəlblərə iman və mərhəmət sevgisinin toxumlarını atan, cəmiyyəti xeyirə təşviq edən dünya durduqca mükafatını qazanır.
Yaxşılıq həm də görünməz mirasdır.
Heç bir maddi sərvət insanın özündən sonra qoyduğu yaxşılıq qədər dəyərli ola bilməz. Elə yaxşılıqda öncül olan şəxslər də insanlığın görünməyən gizli qəhrəmanlarıdır. Onlar bir xeyir qapısını açır, ardınca o qapıdan keçən yüzlərlə insanın həyatı dəyişir. Hər dəfə o ilk addımı atanların əməl dəftərinə yeni-yeni savablar yazılır.
Pislik də yaxşılıq kimi yayılır, lakin onun təsiri daha zəncirvari və təhlükəlidir. Bir insan pis bir davranışa başladıqda və başqaları da onu nümunə götürdükdə həmin şəxs təkcə öz günahını deyil, onun ardınca gedənlərin günahını da üzərinə götürmüş olur. Pisliyi yayan, fitnəni alovlandıran, açıq-aşkar günah edən insanın ömrü başa çatdıqdan sonra belə əməl dəftərinə günah yazılmağa davam edir. Çünki insan dünyadan köçəndə əməl dəftəri bağlansa da, onun başlatdığı yaxşılığın və ya pisliyin izləri itmir. Buna görə də pislikdə öncül olmaq sadəcə fərdi səhv deyil, eyni zamanda cəmiyyətin vicdanını qaraldan və gələcək nəsillərə ötürülən ağır bir mirasdır.
Bu gün hansısa pisliyi “normal” və ya “qəbulolunan” kimi təqdim edən şəxs, əslində, sabahın vəbalını yüklənir. Bu pis yol bəzən moda, bəzən hansısa ideologiya, bəzən də media axını ilə başlayır və insanlar fərqinə varmadan onun izinə düşüb gedirlər. Təmtəraqlı həyat, eqoizm, zorakılıq və haqsızlıq cazibədar göstərildikdə bütöv bir nəsil bu pis nümunələri öz dəyərləri sanaraq böyüyür. Bu zaman vəbal yalnız bu işi edənin deyil, eyni zamanda onu başladanın da üzərinə düşür.
Biz də yaxşılıqda öndə gedənlərdən olsaq, mərhəmət və sevginin qapılarını açarıq. Yox, əgər pisliyə yol açsaq, fitnə və təfriqə toxumu səpərik. Bu səbəbdən özümüzlə hesablaşarkən təkcə “nə qazandıq?” və ya “nə itirdik?” sualları ilə kifayətlənə bilmərik. Eyni zamanda bu sualları da özümüzə verməliyik: “Bizdən sonra kim nə qazanacaq, kim nə itirəcək?” Yaşadığımız dövrün problemlərinə həll yolları tapa bilirikmi? Millətinə və insanlığa faydalı şəxsiyyətlər yetişdirmək üçün gecəmizi gündüzümüzə qatırıqmı? Milli-mənəvi dəyərlərimizi yaşadacaq, insanların qurtuluşuna yol açacaq əsərlər ortaya qoya bilirikmi? Əgər bütün bunlara nail ola biliriksə, bizdən sonra gələn nəsillərin qəlbində yolumuz və izimiz yaşamağa davam edəcək.
Biz yaradılışdan etibarən özümüzə xas dəyərlərə malik varlıqlarıq. Hər birimizin varlığı Yaradanın bizə bəxş etdiyi misilsiz nemətdir. Sanki Uca Yaradan hər birimizə belə xitab edir: “Sən çox dəyərlisən. Bu dünyanı sənin üçün yaratmışam, sənsiz bu dünyanın mənası yoxdur”. Lakin biz çox vaxt bu həqiqəti ya unuduruq, ya da gözardı edirik. Özümüzü həqiqi mənada dəyərli bilmək əvəzinə, “önəmli” görünməyə çalışır, zahiri uğurlarla, məqam və alqışlarla dəyərimizi təyin etməyə cəhd göstəririk.
Kainatın hər səhifəsində, hətta hər sətrində bizə yol göstərəcək saysız-hesabsız izlər, işarələr və hikmətlər vardır. Elə biz özümüz də yaradılmışların ən üstünü olaraq iz və mənalarla dolu möhtəşəm sənət əsəriyik.
Həm özümüzü, həm də kainatı diqqətlə oxuyub anladıqda onların Sahibinə, Sənətkarına və Yaradıcısına yaxınlaşa bilərik. Bu yol isə həm zövqlü, həm də çiləlidir. İnsan bəzən Yusif kimi quyuya atıla, bəzən də əsir kimi qul bazarında satıla bilər. Lakin yolunu tapan insan üçün dağlar düzə çevrilər, səhralar maneəsiz hala gələr. O, keçilməz yolları ildırım sürəti ilə qət edər, çətinlikləri fürsətə, uğursuzluqları isə həyat dərsinə çevirər.
Gündüz vaxtı belə yolunu itirən, balaca bir tikana ilişib qalan, hətta kiçik bir təpəni də aşa bilməyən şəxs isə heç vaxt hədəfinə çata bilməz. Bu yolun əsl qəhrəmanlığı qarşıya çıxan bütün çətinliklərə sinə gərməkdə, sınaqlardan əzmlə çıxmaqda və hər maneəni yüksəliş üçün mənəvi pillə kimi görməkdədir.
Yaxşılıqda ön sırada durmaq bir növ ibadətdir, pislikdə öncül olmaq isə ağır vəbaldır.
Biri qəlbləri rəngarəng çiçəklərlə bəzəyib gülüstana çevirir, digəri isə ümidləri susuz qoyub səhraya döndərir. Elə isə bir anlıq dayanıb düşünək: özümüzdən sonra hansı izləri qoymaq istəyirik? Cənnət yolunda gül əkmək istəyirik, yoxsa cəhənnəm yoluna tikan səpmək? Unutmayaq ki, yaxşılıqla başlanan hər yol cənnətin qapısına aparan nur, pisliklə başlanan hər yol isə cəhənnəmin qaranlığına açılan zülmətdir.



