Köşə Yazıları Ülviyyə Rəhman Xəbərlər

Coğrafiya və qədər

Belə bir deyim var ki, doğulduğun yer qədərindir. Düşünürəm ki, qədər insanın yaşayışından, onun həyata tutumundan, sabaha atdığı addımlardan, yaşadığı yerdən, doğulduğu ailədən, aldığı təhsildən, işlədiyi iş mühitindən, hətta evə hansı yolla gedib-gəldiyindən, boş zamanlarını necə dəyərləndirdiyindən, nəyə sevinib nəyə kədərləndiyindən – onlarla, yüzlərlə belə faktorlardan asılıdır. Yəni təkcə coğrafiyanı qədər adlandırmaq doğru olmazdı, yəqin. Fəqət doğulduğumuz və yaşadığımız coğrafiyanın həyatımızda rolu danılmazdır.

Hər coğrafiyanın özünəxas dərdləri, problemləri, çətinlikləri olur, əlbəttə. İnsan dünyanın hansı tərəfində olur olsun, mütləq sınaqlarla qarşılaşır. O sınaqlardan alnıaçıq, üzüağ çıxmaq üçün kimisi yaşadığı coğrafiyanın şərtlərini qəbul edir, onlara uyğunlaşır, içində ucalan üsyanı boğazında udur.

Kimisi öz coğrafiyasının şərtlərini, adət halını alan yanlış anlayışlarını qəbul edə bilmir, daxilində səslənən “bu doğru deyil” hayqırışına qulaq verir, yaşadığı ərazinin daha gözəl, daha mədəni, daha ədalətli olması üçün əlindən gələnləri edir. Belə şəxslər onillər, yüzillər sonra “maarifçi”, “yenilikçi”, “aydın” sözləri ilə tərif edilir.

Lakin bir qrup da var ki, doğulub boya-başa çatdığı coğrafiyanın nə şərtlərini qəbul edir, nə də orada ömür sürə bilir, həyat boğçasını da çiyninə bürmələyib köç edir başqa coğrafiyaya. Bu köç edənlər də özlüyündə bir neçə qrupa bölünür.

Köçü təhsil almaq niyyəti ilə olanlar ya daha sonra öz coğrafiyasına yenilik gətirmək üçün dönənlər, ya da elə təhsil aldığı mühitdə və ya dünyanın başqa bir yerindəcə öz coğrafiyalarını təmsil edənlərə çevrilirlər. Bu iki qrupda olan insanları da “maarifçi”, “ziyalı” adlandıra bilərik.

Təhsil almaq üçün gedib elə getdiyi coğrafiyada yaşayanların bir qrupu da var ki, bunlar nə vətənini, nə vətənindəki yaxınlarını yada salar, nə də ana yurd hesab edər o vətəni. Belələri beyin köçü, mənəvi köç etmişlərdir. Onların bir zamanlar aid olduqları coğrafiya ilə artıq heç bir bağı qalmayıb.

Kimisi ehtiyacdan, iş dalınca tərk edər ana torpağını, kimisi müharibədən qaçar, kimisi sadəcə başqa əraziləri də görmək, oradakı həyatları da tanımaq, bilmək istər. Qədərin bir çox faktordan asılı olması kimi coğrafiyada qalmaq və ya oradan baş götürüb, bəzən ürək götürüb getmək də yüzlərlə faktordan asılı ola bilər. “Coğrafiya” bir-biri ilə sıx əlaqədə olan deməkdir, yeri təsvir etmək deməkdir. İnsanlar bəzən bir evdən, bir ölkədən gedərkən o evin də başqa bir damın altında olduğunu unudurlar. Hara gedirsən get, harada yaşayırsan yaşa, üzərində addımladığımız yer eynidir, planetimiz bizim evimizdir. Əgər sən yaşadığın yeri, coğrafiyanı gözəlləşdirmək üçün əlindən gələni etməyəcəksənsə, qədərin də dəyişlməyəcək. İstəyirsən, dünyanın o biri ucuna get, yenə çiyninə yük olanlar sənlə sürünəcək. Ona görə də coğrafiyanı qədər adlandırmaq öz məsuliyyətini nəfsin, şeytanın, başqalarının çiyninə atmaq kimi bir şeydir. Heç nə etməyib sadəcə orada duran coğrafiyanın heç bir günahı yoxdur. Günah coğrafiyaya qədər köynəyini geyindirməyə çalışan bizlərdə – insanlardadır.