Füyuzat 133

Daşlar

Çox daşlar var bu dünya evində. Bəzisi kiçik, bəzisi böyük.

Sərt daşlar. Bəzisi ağır, bəzisi yüngül. Bəzisi çox qiymətli, bəzisi isə ayaqlar altında tapdalanıb fərq edilməyəcək qədər adi.

Bəzən insan bu daşları toplayıb özünə ev edər, sığınar onun içərisinə.

Sığındığı evin bütün müvazinətini bünövrəsinə tökülən daşlar saxlayar.

Bəzən daşlar ayaqlar altına düzülər, yol olar.

Bəzən sular, çaylar axar daşların üzərindən.

Bəzən də bulaqlar qaynayıb çıxar daşların arasından.

Heyrətamiz, əzəmətli dağlar belə o daşların, qayaların birləşməsi ilə yüksələr göy üzünə.

Torpağın özü də daşlara tutunub güvənər…

Bəzən daşlardan abidələr ucalar.

Millət dəyər verdiklərinin abidəsini daşlar ilə başların üzərinə ucaldar.

“Bir də neçə başlar yatar torpaqda, başdaşı altında”.

Dünyalıq iddiası olanlar, qürrələnənlər, mülk sahibləri… Olanların da üzərində sinə daşı olar bu daşlar, qəbir daşı…