Əhməd bəy Ağaoğlu XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında önəmli şəxsiyyətlərdən biri olmaqla yanaşı, həm də türkçülük ideologiyasının inkişafında, türk ictimaiyyəti tərəfindən cümhuriyyət düşüncəsinin qəbul edilməsində, Türkiyədə sosial-ictimai, mədəni islahatların həyata keçirilməsində böyük təsirə malik olmuşdur. İttihadçılarla tanış olması və onlara məxsus mətbuat orqanlarında dərc olunan məqalələrində Ağaoğlunun türkçülük mövqeyi meydana çıxmış, digər kütləvi informasiya vasitələrində türk tarixi və ideologiyasına uyğun yazıları yayımlanmışdır. Türk millətinin ictimai, sosial, siyasi həyatını əks etdirən, onun problemlərini düşünərək qələmə alan və mətbuat səhifələrində işıqlandıran Əhməd bəy Ağaoğlu xalqın ağrı-acısını öz dərdi hesab edərək bu yolda əlindən gələn köməyi göstərməyə çalışmışdır.
İstanbulda yaşadığı dönəmlərdə dövri mətbuatda Ağaoğlunun nəşr olunan məqalələrində “Rus ədəbiyyatı tarixi” mövzusu da yer alır. Bu yazılar “Yeni məcmuə” dərgisində dərc olunurdu. Mövzuya dərindən bələd olan Ağaoğlu Bakıda olduğu zaman rus ədəbiyyatı haqqında “Kafkaz”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” qəzetlərində çox sayda yazılar yazmışdı. Türkiyəyə mühacirət etdikdən sonra isə İstanbul Universitetində rus dili və ədəbiyyatı professoru kimi fəaliyyət göstərmiş, “Rus ədəbiyyatı tarixi” kursundan dərs demişdir…