Füyuzat 140 Mahir Qəribov,

Əhməd bəy Ağaoğlunun “Yeni məcmuə” dərgisindəki yazıları

Əvvəli ötən sayımızda…

Əhməd bəy Ağaoğlu “Karamzin dövrü” yazısında məşhur rus yazıçısı N.M.Karamzinin adını daşıyan bu dövrün 1791-ci ildən – Karamzinin “Bir rus səyyahının məktubları”nın çap olunması ilə başlayıb 1821-ci ilə – A.S.Puşkinin “Ruslan və Lüdmila” əsərinə qədər davam etdiyini bildirir. Ədib Karamzinin rus ədəbiyyatındakı mövqeyinin üç mühüm inqilabla müəyyən olunduğunu göstərərək yazır: “Bu inqilablardan birisi Karamzin sayəsində sentimentalizm tərzinin Rusiyada o zaman psevdoklassizmi tamamən modadan çıxarmasından ibarətdir… Karamzinin etdiyi ikinci mühüm inqilab dilə aiddir. Karamzin məktublarında bütün əski slavyan kəlmələrini, latın-alman tərkiblərini, arxaizmləri tərk edir. Bu məktublar yazı dilini canlı dilə yaxınlaşdırmaq xüsusunda mükəmməl bir örnəkdir. Karamzinin icra etmiş olduğu üçüncü inqilab tarixə aiddir. İlk əvvəl tarixi bir elm kimi alıb mənalandıran və bu münasibəti başqalarına da qəbul etdirən Karamzindir” (“Yeni məcmuə”, №12, 28 sentyabr 1917, s. 238). Yazıda həmçinin Karamzinin nəzəriyyələrinin nöqsanlı cəhətlərindən də söz açılır. Belə ki, onun Rusiya üçün qurtuluşu keçmişə bağlılıqda axtarması, İvan Qroznı nəzəriyyələrini elmi əsasda verməsi, fikirlərində mühafizəkar mövqedə olması və hər cür ani inqilablara qarşı olması bu səciyyəyə aid edilir. N.M.Karamzini “Pan­slavizmin müjdəçisi” hesab edən Ə.Ağaoğlu İ.A.Krılov və A.S.Qriboyedovun yaradıcılığının dövrün digər yazıçılarından xüsusilə seçildiyini bildirir.

Karamzin dövrünün dilinin uyğunsuzluğuna və mürəkkəbliyinə toxunduqdan sonra Karamzinin onları necə nizama salmağa çalışdığını, slavyan, alman və başqa dillərdən alınmış sözləri necə ustalıqla çıxardığını izah edir və deyir ki, ədib bunların əvəzinə danışıq dilindən sözləri götürüb ya köklü sözlər düzəldib, ya da xarici dillərdən sözlər götürərək rus dilinə uyğunlaşdırıb. O bildirir ki, Karamzin  mürəkkəb və dəbdəbəli ifadələri dəyişərək əvəzinə qısa cümlələr və sadə ifadələr işlədib. Ədib həmçinin rus tənqidçilərinin bu ədəbiyyatın “Lomonosov” və “Karamzin” dövrünü milli ədəbiyyat sırasına daxil etmədiklərini də bildirir. “Ancaq bu iki mərhələ rus ədəbiyyatının yeni əsaslarla, yeni zəmində qurulmasında keçid dövrü hesab olunmalıdır”, – deyir (“Yeni məcmuə”, №12, 28 sentyabr 1917, s. 239).

Əhməd bəy Ağaoğlu Puşkinin rus ədəbiyyatında özünəməxsus yeri olduğunu, hətta milli ədəbiyyatın onunla başladığını bildirir…