Köşə Yazıları Səbinə İzzətli

“Əkinçi”dən biçinçiyə…

Milli mətbuatımızın yaranmasından bir əsr yarım vaxt keçir. Bu zaman kəsimi bizə deyir ki, əslində, mətbuatımız özünün formalaşması üçün kifayət qədər yol qət edib (gediləsi yol isə daha uzun kimi görünür). Təzə deyil, yəni köhnədən də köhnədir. “Əkinçi” qəzeti ilə başlayan bu yolçuluq haqqında şərh vermək mənə düşməz. Böyüklərimizdən ar edərəm. Sadəcə olaraq, müasir mediamızın tədqiqatının bir ucundan yapışan biri kimi bu gün bəzi (mənə görə ciddi) nüanslara toxunmaq istəyirəm, nacizanə…Toxunmaq istəyirəm, çünki söz deyə bilmərəm, qoy sözü bu sahədə saçını ağartmış, qələmini isbatlamış əsl peşəkarlar desinlər! Mənimki sözardı olsun…

“Əkinçi”nin nəşri Azərbaycanda jurnalistikanın əsaslarının qoyulmasına, peşəkar jurnalistika prinsiplərinin formalaşmasına və jurnalist nəslinin yaranmasına təkan verdi. Danılmazdır! Bu mətbu orqan Azərbaycan dilini rəsmi səviyyədə fəaliyyətinin mərkəzinə çevirərək milli dildə jurnalistikanın bünövrəsini qoydu. Maarifçilik ideyalarını yaymaqla “Əkinçi” milli düşüncəli ziyalıların formalaşmasında mühüm rol oynadı. Bu qəzet sonrakı dövrlərdə bir çox milli mətbuat nümunələrinin meydana gəlməsinə də, şübhəsiz, yol açdı.

Elə bu yol ilə günümüzə gəlib çıxan yerli mətbuatımız yubiley ərəfəsindədir. Çox məsələlər düşündürür insanı. Bu gün milli mətbuatımızın paylaşdığı məzmunu incələdiyimizdə nələri görə bilirik? Xəbər dəyərində olmayan məlumat yığınının jurnalist məhsulu kimi təqdim olunması, sensasiyalı başlıqlar, reytinqin qurbanına çevrilən o yazıq jurnalist mətnləri… Necə də kədərli situasiya yaradır başlıqla içəriyi uyğun gəlməyən xəbərlər! Necə də sürətlə tirajlanır dəqiqləşdirilməyən, birinci olan o çox vacib xəbərlər! Necə də asanlıqla çeynənir jurnalistin peşə normaları, etik dəyərləri! Yubiley ərəfəsində gəlin, özümüzü tənqid edək, durmadan, usanmadan edək. Əyrilərimizi düzəltmək üçün bunu özümüz etməliyik. Alqışlamağa, alqışlanmağa tələsməyək. Onun da zamanı və yeri vardır…

Hələliksə bir məsələyə diqqət edək, sosial mediada həmkarların yubiley təbrikləri ilə bağlı çox səmimi paylaşımlarını daha çox görürük. Bu paylaşımlarda jurnalistləri bəzi şirkətlərin, dövlət və qeyri-hökumət təşkilatlarının ziyafət masası ətrafında görmək məni çox narahat və məyus edir! Başqa nüanslar da var, ancaq ən çox bu məni narahat edir! Məsələ tamamilə normallaşıb! Artıq auditoriyanın gözünə də xoş gəlir sanki… Başa düşürəm, etik normalar da fərqlənir, müəyyən “icazə”lər var. Mən isə sırf obyektivlik baxımından təfəkkür edə bilmirəm. Jurnalist əgər tərəfsiz, qərəzsiz, obyektiv olmalıdırsa… Onun belə rahat hərəkətindən sonra hazırladığı xəbərlərə nə qədər güvənə bilərəm?! Sırf psixoloji faktor nöqteyi-nəzərindən götürək elə!

“Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun”, – yazırdı ustadımız Həsən bəy Zərdabi (“Əkinçi”nin banisi). Bu gün mətbuatımızın aynasında gördüklərimiz, gerçəkdən, vətəndaşlarımızın qayğısıdırmı? Ziyafət masalarından, qəbul edilən hədiyyələrdən sonra jurnalistlər öz oxucuları qarşısında obyektiv ola bilirmi? Yaxşı-yamanlığı aşkar etmək üçün nə qədər vicdanımız təmiz, emosiyalarımız qərəzsiz, perspektivimiz tərəfsizdir?!

Ümumiyyətlə, bir xəbəri hazırlayarkən bu dəyərləri sorğulamağı özümüzə adət edə bilmişikmi? Bunları düşünək, dərk edək. “Filan məclisə filankəsi çağırdılar, bizi yox”, “filankəsə filan mükafatı verdilər, mənə yox”, “filankəs filankəslə şəkil çəkdirib qabağa düşdü” təfəkküründən çıxaq. Oxucularımıza, auditoriyamıza arxalanaq. Axı bizim xidmətimiz onlaradır. Haqqımızı da onlar versinlər. Oxucumuzda güvən yaradan məzmunlar hazırlayaq ki, onlar bizi qazandırsın, qazansın. Elə şəffaf olan da bu deyilmi? Elə “Əkinçi” də bizlərə ianə, abunəlik mədəniyyətini miras qoymadımı? Mətbuat bu gün iqtisadi azadlığını təmin etməsə, onun kənar qurumlardan asılılığı davam edəcək. Gəliri daima ip kimi asılı qalacaq, auditoriyaya şəffaf tutulmayan, riskli qaynaqlardan maliyyələşdikcə bu belə də davam edəcək. Özünü yeniləməyəcək, statik qalacaq mətbuatımız. Əksi olsa, oxucusu qarşısında məsuliyyəti, yaradıcılığı, yenilikçi yanaşması artacaq. Dünya təcrübəsi bizə bunu göstərir. Bir çox nüfuzlu media qurumları artıq pullu abunəlik strategiyasına qayıdıblar. Mənmi mühafizəkaram?! Peşəmi dəyişib?!

Müraciətim, həm də bəzi qurumların mətbuat katiblərinədir. Siz ki əksərən jurnalistikadan gələnlərsiniz. Bu peşəni bilənlərsiniz. O zaman nə üçün sözçüsü olduğunuz qurumlar bəzi əlamətdar günlərdə jurnalistləri təbrik etmək üçün bahalı hədiyyələr, yemək ziyafətləri verir? Bir açıqca ilə, bir telefon zəngi ilə, lap elə sosial mediada bir postla da təbrik etmək olmazmı? Bu peşəni korporativ maraqlara çevirmək şərtdirmi? Axı jurnalistika çoxdan təbliğat və təşviqat aləti olmaqdan çıxıb. Peşələri qarışdırmayaq, lütfən. Jurnalistika çox həssas peşədir. Ləkə götürəndir, özü də gec təmizlənən ləkə.

Üz tuturam həm də bu peşəni icra edənlərə. Yaxşı, deyək ki, həmin qurumlarda bu təbrikləri təşkil edənlərin bu peşədən, onun məsuliyyət və etik dəyərlərindən xəbərsizdirlər. Bəs siz? Sizə nə olub? Nəzakətlə imtina etmək olmazmı bu yığıncaqlardan? Bəlkə, elə özümüz bu sərhəddi qoymalıyıq? Yoxsa efirinizi paylaşdığınız o rəsmilərin, ekspertlərin, müsahiblərin təmsil etdiyi qurumlar hesabına təşkil olunan ziyafətlərdə məqsəd nədir? Sadəcə təbrikmi? Əlbəttə ki, kommunikasiyanı gücləndirmək, medianın rəğbətini qazanmaq da, güman ki, bu niyyətin içindədir, elə deyilmi? Ehtimalı belə bəs edir…

Arzulayıram ki, bu kimi önəmli günlərdə jurnalistikanın real problemləri üzərində daha ciddi düşünək. “Bu sahəni necə daha yaxşı edə bilərik?” sualı ətrafında daha fəal müzakirələr aparaq. Əlbəttə, görülən müsbət işlər də var – konfranslar, forumlar, kitab təqdimatları, təlimlər və s. – bunları inkar etmək olmaz. Amma gəlin, bu günü yalnız yeyib-içmə məclislərinə çevirməyək. Heç olmasa, aidiyyəti qurumlara izah edək ki, jurnalistlərə bu cür rəsmi və səthi təbriklər göndərmək düzgün deyil. Məncə, bu, bir növ peşəyə hörmətsizlikdir.

Bir zamanlar bir çox sahələrlə yanaşı, məişətdəki yeniliyə qarşı çıxanlara sərt cavab verən ustad Həsən bəy Zərdabi yazırdı: “…nə qədər səy edək ki, buğda bitsin, olmaz. Alaq otları artacaq və bir qərinədən sonra onları biçib əvəzinə qeyrə hasil edəcəklər”. Bu gün isə yerli mətbuatımızdakı bu yanlış ənənələrə qarşı çıxaraq “Əkinçi”nin əkdiklərini qorumağa məhkumuq. Əks təqdirdə, alaq otları artmağa davam edəcək, “Əkinçi” dən biçinçiyə bir dəyər qalmayacaq!