Günel Natiqqızı Köşə Yazıları Xəbərlər

Bir qadın ovcunda

Bitmək bilməyən savaşlar, axıdılan məsum göz yaşları… Sanki hər addımda dünya bir az daha qəddarlaşır, şəfqət özünə sığınacaq tapa bilmir. Deyirlər, dünya nizamı böyük güclərin, kəskin qərarların çiynində durur. Amma bəlkə də, bizi yanıldan elə bu soyuq düşüncədir. Məncə, dünya, əslində, bir qadın ovcuna sığacaq qədər kiçik və o ovcun şəfaverici istisinə möhtac olacaq qədər kövrəkdir.

Həm zərif, həm də sarsılmazdır bu ovuclar. Sevdiklərini ovcunun içində qorumaq üçün bir qalaya çevriləcək qədər sərtdir. Bir şeyi ovucun içində saxlamaq onu sərt burulğanlardan, yad baxışlardan və zamanın aşınmasından uzaq tutmaqdır. Bir qadının  sevdiklərini qorumaq üçün onları ovcunun içində bərk-bərk saxlaması kimi.

Bu ovuclar həm də bizi ən yaxşı tanıyandır. Elə ovcunun içi kimi bələddir həmin əllər ruhumuza. Bu isə sevgidən də ötə bir məhrəmiyyət deməkdir, əslində.

Həyatın ən ağır sınaqlarında, çarəsizlik qapını döyəndə bu ovuclar başqa bir şəklə düşür. Dua üçün açılan əllər sanki göylə yer arasında bir körpü olur. Bir qadının duası ovucundakı görünməz gülün ətrinə bənzəyir. Hər sözündə ümid çiçəklənir, hər nəfəsində ruhundan süzülən sevginin ətrinə bürünür dünya.

Bir gün qadının ovucunun içindəki o gül qurusa, dünya soyuyar. O çiçək sağ qalarsa, dünya yenidən canlanar. Çünki bu ovuclar bir gülün son sığınacağı, bir eşqin ilk evidir.

Həyat bəzən ətrafımızı susuz səhralığa çevirər. Ümidlərin quruduğu, “ilanların mələşdiyi” o quraq anlarda bir qadın çıxar ortaya. Heç kəsin heç nə bitməyəcəyinə əmin olduğu o quru torpaqda, o sadəcə öz ovucunun istisi ilə bir gül becərər. O gülün adı bəzən qaranlığın köksündə açan bir işıq, bəzən ruhuna sığınacaq axtaran bir kəpənək çırpıntısı, bəzənsə sadəcə eşq olar.

“Bura suzsuz səhralıqdır,

Burda ilan mələşir.

Sən də gül becərirsən

Bir qadın ovucunda”.