Məfkurə

Əli bəy Hüseynzadə fenomeninə qısa nəzər…

“Füyuzat” öz zamanında – cəmiyyətin doğru söz eşitməyə, həqiqi olandan feyz almağa ehtiyacı olduğu bir zamanda meydana gəlmişdi. Hərçənd ki bütün tarixi dövrlərdə feyzə ehtiyac olub və belə ehtiyac müxtəlif vasitələrlə (poetik, ədəbi, elmi, fəlsəfi və s.) bu və ya digər səviyyədə ödənilib. “Hər insanın “feyzlənmə” qabiliyyəti onun dünyagörüşünün parametrləri çərçivəsindədir; onun dünyanı dərkinin istiqaməti, səviyyəsi və keyfiyyəti feyzalma imkanını tənzimləyən mexanizmdir” desək, səhv etmərik. Aydın məsələdir ki, ayrı-ayrı şəxslərin mücahidəsi, mənən yüksəlişi bütün cəmiyyəti dəyişdirə bilməz, lakin belə insanların birliyi cəmiyyətin formalaşmasına təkan verir və onun işıqlı həyatı üçün ümid qapısı açır. “Meydani-mücahidədə tək qalan adam qəhrəman olamaz. Bu kimi xeyirli işlərin daimi və inkişaflı olması üçün münasib bir cəmaət və elə bir cəmaətin ayıqlığı lazımdır” (Ə.H.“Şiller”). Fərdlər ümumi bir amalla birləşəndə, xidmət yolunu tutub insanları, camaatı bir araya gətirə biləndə cəmiyyəti bütövlükdə füyuzata istiqamətləndirmiş olurlar, çünki “həyat mənən, fikrən və maddətən daimi bir  hərəkətdən, bir fəaliyyətdən, cismani və ruhani bir nəşvü-nümadan, bizi bir dövri-kəmalə yaxınlaşdıran mütəmadi bir nəşvü-nümadan ibarətdir. Bir fərd üçün belə olduğu  kimi, bir cəmiyyət, bir millət, hətta bütün bəşəriyyət  üçün belədir” (“Qəzetəmizin məsləki”).

Azərbaycan xalqının müdrik ziyalısı Əli bəy Hüseynzadə yüksək əqidə sahibi olaraq insanlara və insanlığa xidmət yolunu tutub həyatını ləyaqətlə yaşadı. Onun təsis etdiyi, cəmiyyətin qəlbinə, beyninə aparan yollardan biri kimi “Füyuzat” qısamüddətli mövcudluğu ilə millətin oyanışına, maariflənməsinə, feyz axtarışına təkan verdi. Zaman göstərdi ki, belə təkanın ömrü fasiləli olsa da, bitmədi, davamlı oldu. Yeraltı çaylar dənizə axdığı kimi, “Füyuzat”ın ikinci gəlişi də qəlblərə axdı!

“Füyuzat”ın doğulması elə bir tarixi dövrə təsadüf etmişdi ki, “bəşəriyyətin öz-özünü tələf etməyə meyli vardı” (Ə.H. “Şüunat”). Bütün pasifistlər kimi Əli bəy Hüseynzadə də müharibələri tənzimləyən hərbi sənayenin dünya miqyasında inkişaf etdirilməsini, özünün yaşadığı dövrdə Fransa, İngiltərə və İspaniyanın birləşərək hərbi gəmilərini Mərakeşin yaxınlığına göndərmələri kimi cinayətkar əməlləri, terrorçuluğu, dünyanın müxtəlif şəhərlərində baş verən partlayışlar nəticəsində insanların məhv olmaları faktlarını kəskinliklə pisləyir, bütün dünyada baş verən olayları düzgün olaraq “bəşəriyyətin özünü tələf etməsi” kimi dəyərləndirir. Bu mənada o, “rəhgüzari-qəm olan həyatın mənası meyli-ədəmdir” (“Şüunat”) deyən alman filosofu Artur Şopenhauerin pessimist fəlsəfəsinə haqq qazandırır. Alman filosofu, irrasionalizmin məşhur nümayəndələrindən biri, mizantron insan, “insan həyatının sonu maskaradın sonunu xatırladır” məşhur deyiminin müəllifi olan Artur Şopenhauer vaxtilə yazırdı ki, “Bəşəriyyət tərəqqi edə-edə, nəhayət, bir məharəti-kamilə ilə birdən-birə özünü məhv edə biləcək və yer üzündə vücudundan bir əsər buraxmayacaqdır”. Əli bəy Hüseynzadə bu fikri çox bəyənir, amma  “bəşəriyyət” kəlməsinin yerinə “əsri-hazır” kəlməsini işlətmək şərti ilə. Artur Şopenhauerdən fərqli olaraq Əli bəy Hüseynzadə nikbin ruhlu təəssübkeş filosof idi. O, bəşəriyyətin hər zaman yox, məhz “əsri-hazır”da özünü tələf etməyə güclü meyli olduğunu deyir, çünki yaşadıqları dövr dəhşətlər dövrüdür, “hər gün bombalar vəhşiyanə rəqs edir” (“Nicat məhəbbətdədir”).

Əli bəy Hüseynzadə nikbin filosof idi. Onun dünyanın gələcəyinə – ədalətin,  hürriyyətin və bərabərliyin qalib olacağı gələcəyinə, işıqlı gələcəyinə, müharibələrin, insan qırğınlarının unudulacağı gələcəyinə inamı böyük idi, bütün varlığı ilə dünyanın xilası ideyasına inanırdı. Əfsuslar olsun ki, müharibəsiz dövran hələ  yetişməyib. Bu gün dünyada baş verən siyasi kataklizmlər, insan qırğınları, terrorçuluq davam edir. Soruşula bilər – “bu gün dünya yüz il bundan əvvəlkindən nə ilə fərqlənir?!” Yalnız texnikanın səviyyəsi ilə. İnsanların xisləti isə dəyişmir. Nə qədər ki insanların həyatı “meyli-füyuzat”dan məhrumdur, nə qədər ki insanlar cismani və ruhani bir “nəşvü-nüma” düşüncəsindən uzaqdırlar, dünya heç vaxt dəyişməyəcəkdir, dünya Artur Şopenhauerin fəlsəfəsi müstəvisindən kənara çıxmayacaqdır. Nikbin filosofun arzuları isə bizim də dövrümüzdən adlayaraq hələlik dünyanın gələcəyinə ümidlə uzanır. “Ah! Bu al qanlar, bu qırmızı qaranlıqlar, bu şeş cəhətdən gələn terror alovları!” (“Nicat məhəbbətdədir”). Ümidsizliyə qapılmayan, ağlının və qəlbinin ziyası ilə qaranlıqlarda işıq görməyi bacaran Əli bəy şər işlərin mehvərini xeyirə çevirməyin imkanlarını görürdü. “Bəşəriyyət əqlini top, tüfəng, barıt, dinamit, roborit kimi heyvanlıq asarı icad edəcəyinə əqlini ziraət və sənaətin, iqtisadın tərəqqisinə həsr edə idi, bu gün ac və biəlac qalmaz idi” deyən mütəfəkkir insanların potensialını dağıdıcı yox, yaradıcı işlərə yönəltməyin faydasından danışırdı. Hürriyyətə çatma yolunda addımlayan cəmiyyətin  keşməkeşli yolunun təsvirini verən böyük ziyalı  belə yazır: “Bütün məmləkətin hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad edə-edə qanuni-əsasiyə doğru dərəcə-dərəcə etila və tərəqqi etməsi hər növ ləkə və nöqsandan ari, pak və əbədi qarlarla örtülü bir dağ zirvəsinə çıxmaq həvəsində bulunan səyyahların yol getməsinə bənzəyir. Yol gah yoxuşdur, baş yuxarıdır, gah enişdir, baş aşağıdır. Lakin burasını unutmamalıdır ki, hər ikinci eniş əvvəlkindən daha az olub mütəaqibən çıxılan hər bir təpə əvvəlkindən daha ucadır. Bu aralıq, ümumiyyətlə, biz eniş enməkdəyiz, fəqət iləridəki, önümüzdəki dağ təpəsi keçmiş olduqlarımızın cümləsindən daha bülənddir” (“Şüunat”).

Bu sətirlərin arxasında gələcəyə böyük ümidlə baxan, həyatın çətinliklərindən qorxmayan, hər cür sədləri dəf etməyə hazır olan iradəli, düzgün amallı və işıqlı insan obrazı canlanır. Bu obrazı  dolğunlaşdıran çox maraqlı cizgilər, detallar diqqəti çəkir.  Bunlardan biri humanistlik keyfiyyəti idi. Əli bəy Hüseynzadənin humanizm konsepsiyası onun portretinin tam təsəvvürünü yaratmaq üçün vacib cizgilərdən biridir. Çində, Rusiyada, İranda, Qafqazda aclıq çəkən insanların həyatına biganə deyildi Əli bəy Hüseynzadə. O, qürbətdə yaşayan dindaşlarının imdadına, həmçinin Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl qəzalarındakı ac insanların imdadına tələsirdi. Böyük humanisti narahat edən məsələ yalnız maddi aclıq deyildi,  həm də daha dərin problem – mənəvi kasadlıq idi. “Biz müşahidə etdik ki, qonşularımızın irəli getməsinin səbəbi qəzetlər, mətbəələr, kitablar, məktəblər, mədrəsələr, sənət nümunələri, cəmiyyətlər, şirkətlər, təşkilatlar, teatrlar imiş!” –  deyə həyəcanlanan ədib maariflənmənin xalqın oyanışında ən güclü vasitə olduğunu bir daha vurğulayır. O, doktor Qarabəy Qarabəyovun “bizim özümüzə məxsus daha layiq, daha şanlı bir mübarizə vəzifəmiz vardır; bu vəzifə də qaranlıqda olan savadsızlar arasında maarifçilik işığını yaymaqdır” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”) fikrini dəstəkləyərək işıqlı düşüncələrə malik bütün mübariz gəncləri, o cümlədən Q.Qarabəyovun özünü “yaşıl işıq” adlandırır. “Qırmızı qaranlıqlar içində yaranan yaşıl işıqlardır. Yaşıl deyirik, çünki öz müsəlmanlarımızdırlar. İslami şamları zümrüd nurları ilə gücləndirməyə cəhd edənlərimizdirlər”.

“Yaşıl işıq” anlayışı Əli bəy Hüseynzadənin həyat fəlsəfəsində islami rəmz statuslu ifadə olub kamal, ictimai əxlaq, bütövlükdə isə kamillik ideyasını daşıyır. “Məcnun və Leylayi-islam” məqaləsində müəllif belə deyir: “Nagah qaranlığın, dumanın içində yaşıl rəngli bir qığılcım peyda oldu. Qığılcım getdikcə nurlandı, nur getdikcə böyüdü, nəhayət, otağımı tərifə sığmayan, son dərəcə gözəl, yaşıl rəngli zümrüdin bir işıq imla etdi. İşığın mənə bəxş etdiyi zövqi-ruhani ilə bir müddət bihuş oldum”. Alleqorik formada yazılmış bu hekayədə “yaşıl işıq” ideyası Əli bəy Hüseynzadə yaradıcılığının özünəməxsusluğunu xüsusi tərzdə göstərir. Böyük ədib məqalələrində yaşıl rəngə, ilk növbədə, İslam simvolikası kontekstində yanaşır. Eyni zamanda bir filosof və həkim kimi qırmızı və yaşıl rənglərə, onların insan psixologiyasına təsiri müstəvisində baxır.

Qırmızı rəng mifoloji dünyagörüşdə müharibə, qan rəmzidir. Roma mifologiyasında Mars – müharibə tanrısı qırmızı rəngdədir. “İnqilab ilə mürtəcelik mübarizə edir. Bu mübarizə nəticəsində ortalıq al-qana boyanır. O qanlardan meydana gələn bir bulud bütün ətrafı zülmətə qərq edir. Budur qırmızı qaranlıq!” (“Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”).

Fizikada qırmızı ən aktiv rəng hesab olunur. Bu rəngin fəlsəfi-psixoloji yozumunda aqressiya, təhlükə motivləri güclüdür. Müasir həyatımızın müxtəlif sahələrinə nəzər salsaq, görərik ki, xəbərdaredici lövhələrdə yazılar (qadağan işarələri, stop siqnallar və s.) qırmızı rəngdə olur, işıqforun qırmızı işığı dayanmaq əmrini verir. Qırmızının kontrastı, yəni əks qütbündə dayanan rəng yaşıldır. Qırmızı – müharibə, təhlükə, ölümdür, dayanmaq əmridirsə, yaşıl – həyat, inkişaf, ahəngdarlıq, qurtuluş,  xilas rəmzidir. Bütün dünyada təhlükəsizliyin rəmzi kimi təxliyə qapılarını göstərən oxlar yaşıl rəngdə olur. Əli bəy Hüseynzadə rənglərin mifoloji, fəlsəfi-psixoloji funksiyasından çıxış edərək yaradıcılığında çox uğurlu bədii-fəlsəfi fiqurlar yaratmış və belə fiqurlar vasitəsilə dövrünün ictimai-siyasi həyatının bəzi spesifik xüsusiyyətlərini təsvir etmişdir.

Əli bəy Hüseynzadə öz yaradıcılığında bütün dövrlərdə filosofları maraqlandıran məsələlərdən olan insanın xoşbəxtliyi məsələsindən yan keçmir.  O, xoşbəxtliyi təmin edən müxtəlif şərait (səbəblər) içərisində birini – insanın yaşını götürərək mülahizələrini yürüdür. “Əcəba hansı  sinndə insan daha məsuddur? İşdə bir məsələ ki, haqqında bir çox üləma və üdəba zehinlərini yormuşlardır” (“Əhvali-aləm və diri müstəhasələr”). Belə bir sualdan sonra müəllif Qədim Romada doğulmuş natiq, filosof, siyasi xadim, hüquqşünas və siyasi nəzəriyyəçi Mark Tulli Siseron haqqında məlumat verir: “Qədim Roma cümhuriyyətinin yetişdirdiyi ən məşhur ədib və xətiblərdən Çiçero bu xüsusda latınca bir risalə yazıb isbat ediyordu ki, insanın ən məsud zamanı sinni-şeyxuxət, yəni ixtiyarlıq, qocalıqdır. Zira bu sinndə hər növ təmayülat və hissiyyat, nəfsaniyyə zayil, hər növ həvavü-həvəs atəşləri müntəfi olub, insan sırf soyuq bir ağıl və məntiqin hökmünə tabe olaraq ancaq həqayiqi-elmiyyə və fənniyyədən zövqiyab olur”. Əli bəy Hüseynzadənin müraciət etdiyi ikinci mənbə fransız filosofu, yazıçısı, bəstəkarı, botaniki, mütəfəkkiri Jan-Jak Russodur. “Fransa inqilabi-kəbirindən əqdəm gəlib, o inqilabı hazırlayanlardan biri bulunan məşhur Jan-Jak Russo bunun tamamilə əksini iddia edirdi. Bu ədibə görə, insanın ən məsud zamanı sinni-tüfuliyyət, yəni çocuqluqdur. Çünki ətfal heç bir şeydən xəbərdar olmayıb həyatın hər növ əndişə və qüyudundan azad bulunurlar”.

Sonra publisist, ədib və tarixçi olan Nikolay Karamzinin xoşbəxtlik haqqında fikrini verir: “Rus üdəbasından müvərrix Karamzin isə bu iki fikrin heç birini bəyənməyib deyirdi ki, insanın ən məsud zamanı sinni-kamal olan kühulətdir”. Daha sonra isə o, Şərq şairlərinin öz şeirlərində gəncliklərinin gəlib-keçməsindən hasil olan şikayət və təəssüf hislərini ifadə etdiklərini deyir. 

Nəhayət, Əli bəy Hüseynzadə özünün xoşbəxtlik haqqında fikirlərini açıqlayır: “Bizə qalırsa, bu fikirlərin heç biri doğru deyildir. Çünki insanları məsud və ya qeyri-məsud edən sin olmayıb sinnin rast gəldiyi dövrdür. İnsanlar hər sinndə məsud ola bilirlər, ancaq lazımdır ki, dövr və zaman bulunduqları sinnə müsaid olsun”. Əli bəy Hüseynzadənin insan və zaman fəlsəfəsi dünyagörüşünün dərinliyinə və bütövlüyünə  görə  nəzərdən keçirdiyi bu fikir filosofların yanaşmalarından üstündür və aksioloji baxımdan daha dəyərlidir. Onun həyat fəlsəfəsində yaşından asılı olmayaraq insanı xoşbəxt edən faktor yaşadığı dövrdür, yəni cəmiyyətdə bərqərar olan ictimai-siyasi qurumdur. Onun düşündüyü insan, zaman və cəmiyyət  üçlüyündə ədalət, hürriyyət və tərəqqi əsasında qurulan insan – cəmiyyət münasibətlərinə zaman dağıdıcı, aşılayıcı yox, qurucu, yaradıcı qüvvə kimi yardımçı olacaq. Bu model-ideya Əli bəy Hüseynzadənin xoşbəxtlik fəlsəfəsinin əsasını təşkil edir. Onun ali məramlı insanlar üçün nəzərdə tutduğu ümdə keyfiyyət – azad yaşamaq ideyası prometeylik xislətinin proyeksiyasıdır – “Bu məmləkətdə heç bir qüvvət hürriyyət şövqünü məhv edəməz! Heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülm və sitəm hürriyyət odunu söndürəməz!” (“Kuhi-Qaf və Simurğ”).

Əli bəy Hüseynzadə şəxsiyyətinin ayrı-ayrı cizgilərinə nəzər salmaqla onun tam portretini yaratmaq mümkün deyil, bəlkə, lazım da deyil. Sonsuzluq keyfiyyəti heç vaxt tama sığmaz! Sonsuz olan işıq şüaları həyatı yaşadır, canlıların həyatının hərəkətverici qüvvələridir, ancaq özləri həyatın fiziki çərçivələrini aşır, onlar fiziki həyatdan genişdir. “Hərəkətverici qüvvə hamının yox, seçilmişlərin fərdi-mənəvi potensialı olmalıdır. Bundan sonrakı vəzifə isə ayrı-ayrı fərdlərin mənəvi yüksəlişini daha geniş təbəqələrin praktikasına çevirmək, bu prosesin yollarını mənimsəməkdən və tətbiq etməkdən ibarətdir”. Əli bəy Hüseynzadənin bütün həyatı türk dünyası üçün hərəkətverici örnək olub, “Füyuzat” jurnalı da bu örnəyin güzgüsüdür.

 Bu gün fəaliyyət göstərən “Füyuzat” jurnalı Əli bəy Hüseynzadə fenomeninin nəşvü-nümasının geniş təbəqələrin praktikasına çevrilməsi mexanizmi kimi dəyərləndirilir. Qoy bu mexanizm əbədiyaşar olsun!

Mətanət Abdullayeva