Ədəbiyyat Fidan Vahid Xəbərlər

Gerçəyin ruhuna sadiq qalmaq və ya ağrının ilkin mərhələsi

Səma Öztürkün “Müzəyyənin yuxuları” hekayələr kitabına resenziya
   
      “Səs gözlədi…”

Onun hekayələrində təkcə insanlar yox, ümidlər, arzular, ölümlər və hətta səslər də gözləyir. Hekayələr kitabında özünəxas üslubu ilə seçilən “Bir yalnızlıq məsaisi”də baş qəhrəman Fikrət əsər boyu o gəlməyəcək səsi gözləyir – ömür-gün yoldaşının isti nəfəsini, hənirini, cavabını. Amma fasiləsiz dialoq üzərində qurulan süjet son ana qədər oxucudan bu yası gizlətməyi bacarır. Xədicənin vaxtsız ölümü ilə barışa bilməyən Fikrət yasın hələ ilkin/inkar mərhələsində olduğu üçün itkinin ağırlığı ilə üzləşməyi bacarmır və onunla xəyali ünsiyyətə başlayır.

Çünki xəyal gücünə sığınmanın kökənində reallıqdan qaçış gizlənir. Gerçəkliklə barışa bilməyən insan yaşadığı dünyanın sərhədlərini aşıb keçməyə can atır. Reallığın olduğu kimi qavranıla bilməməsi və ona alternativ situasiyaların qurulması da məhz burdan qaynaqlanır. Azərbaycan poeziyasında Əlisəmid Kür şeirindən ikicə misranı xatırlayaq:

– Ata, məni eşidirsən?

– Al-lo, mən səni görürəm, qızım…

İnsan ən çox itirdikləri ilə razılaşmayanda, özünü yarım-yamalaq, kimsəsiz hiss etdiyi anlarda sözə sığınır. Sözün sehrini aşıb keçməklə özünə yeni bir düzən yaradır. Bəzən ölümünə üzüldüyü həyat yoldaşını sözlə canlandırıb özünə təsəlli tapır:

Əgər evimdə o əvvəlki illərdəkitək yenə də mikrofonlar quraşdırılsaydı,

səs yazanlar, dinləyənlər hökmən dəli sanardılar məni;

yazırlar və səninlə ən adi şeylər haqqında danışdığımı,

hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi

eşidirlər; arabir, indiki zamanda, elə-belə “səni sevirəm” deyirəm…

Ana Blandiana

Həyat yoldaşını itirən rumın şairi Ana Blandiana xanım bu şeiri ilə siyasi rejimi və onun “əməllərini” ifşa etməklə yanaşı, həm də bu itkidən sonra sevgisini necə yaşatdığını təsvir edir. Bu cəhət Səma Öztürkün “Bir yalnızlıq məsaisi” öyküsündə daha təsirli və bənzərsiz şəkildə təsvir olunmuşdur. Yaşadığı evdə Fikrəti eşidən heç kim yoxdur. Bunu ilk dəfə məhəllələrinə çıxdığı səhnədə başa düşürük: “Qonşusu gözlərində yaranan hüznü gördüyü üçün geri çəkildi…” Bu səhnə süjetin əvvəlindən bəri Fikrətin yaratdığı xoşbəxt ər-arvad modelini yerlə yeksan edir, bu anda oxucu bir an duruxur. Əsər boyu Xədicə ilə söhbətlərində çox xoşbəxt görünən Fikrətin gözünün altına evə döndüyündə onu qarşılayan boş odanın kədər kölgəsi qonmuşdu… Amma buna baxmayaraq, Fikrətin evində Xədicə hələ ölməmişdi… Ev motivi Səma Öztürk yaradıcılığında xüsusi önəm qazanmışdır.

Obrazın yaşadığı evin təsviri bəzən onun daxili sarsıntılarını və iç dünyasını açan mühüm bir detal olur. Bu cəhətilə Səma xanım braziliyalı yazar, dişi Kafka adlandırılan Klaris Lispektorla bənzərlik təşkil edir. Lispektor “Qızılgülün təqlidi”ndə cəmiyyətdə və ailəsində özünə yer tapa bilməyən və sonda dəli olan qadın qəhrəmanını belə təsvir edir: “Laura Karlota kimi evini özünə oxşadan qadınlardan deyildi. Onun evi heç kimə bənzəmirdi. Evinin konkret “kimliyi” yox idi. Sanki məhz bu cəhətə görə də Laura üçün qüsursuz idi”. Deməli, ev onun içində ömür sürən insanların daxili dünyasını da özündə əks etdirir. Başqa bir misala nəzər salsaq, Dino Buzzatinin “Tatar çölü” əsərində baş qəhrəman Droqo uzun illərdən sonra evinə qayıdır. Müəllif qəhrəmanın öz doğma evinə yabancılaşmasını çox təsirli, xırda bir detalla təsvir edir: Droqo gecə vaxtı ayılır, evdə hərəkət edir, amma anası onun ayaq səslərinə bu dəfə ayılmır. Sanki onun ayaq səsləri keçən bu illər ərzində dəyişmiş, dosdoğma anasına özgələşmişdi. Səma xanımın “Müzəyyənin yuxuları” hekayəsinin qəhrəmanı Müzəyyən də bir çox cəhətdən bu qəhrəmanlara bənzəməklə yanaşı, “evinin içi həmişə sonbahar sərinliyində” olan biridir. Evin içinə heç vaxt Günəş şüası – istilik, hərarət, sevgi daxil ola bilmir…

Səma Öztürk yaradıcılığına xas olan reallıqdan qaçış motivi təkcə bu hekayələrlə məhdudlaşmır. Təsadüfi deyil ki, kitab məhz bu sətirlərlə başlayır: “Gerçəyə sadiq qalmaq məcburiyyətində deyilsən, onun ruhuna sadiq qalmağın kifayət edir”. Yazarın bütün qəhrəmanları bu və ya başqa formalarda kədərindən qaçmaq üçün nəyəsə/kiməsə sığınır, biz burada yasın transformasiyasını görürük… Xəyali söhbətlərə, yuxulara (“Müzəyyənin yuxuları”), qara bir daşa (“Çinçin”), quyuya (“Quyu”), boş qəbirə (“Tümsək”) və s. bağlanmanın kökənində həmişə ağrı dayanır.

“Acı bir gün dil kimi, əl kimi, göz kimi bədənin bir üzvü halına gələ bilərmi?”

“Gələr”…

Bu əsərlərdə oxucu heç də göz yaşı, qışqırıq, fəryad görmür, əksinə, hər şey səssiz və kimsəsizdir. Elə həyatın özü kimi, insan kimi…

Sonda yazının adına qayıdaraq demək olar ki, Səma Öztürk bu hekayələrdə reallıqdan qaçmır. O, sadəcə gerçəkliyin ruhunu qoruyaraq onu başqa bir ölçüdə yaşadır. Məhz buna görə də bu hekayələrdə ağrı qışqırmır – səssizcə insanın içində yaşayır.

Fidan Vahid