Tarix

Hacı Zeynalabdin Tağıyevin türk sultanına hədiyyəsi

XX əsrin əvvəllərində, 1907-ci ildə islamiyyətin müqəddəs kitabı olan Qurani-Kərimin təfsirini Azərbaycan dilinə ilk dəfə tərcümə etdirən şəxs Bakı milyonçusu, xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyev olmuşdur. Bu müqəddəs kitabı tərcümə edənlər isə Bakı quberniya qazisi Məhəmməd Kərim Cəfərzadə və məşhur din xadimi Axund Əbu Turab olmuşlar. Quran üç cilddə – “Kəşfül-Həqayiq” (“Həqiqətlərin Kəşfi”) adı ilə Bakıda “Kaspi” mətbəəsində çap edilmişdir. 

H.Z.Tağıyev nəşr etdirdiyi bu müqəddəs kitabın bir nüsxəsini elə 1907-ci ildə Osmanlı sultanı Əbdülhəmidə hədiyyə olaraq göndərmişdir. Xüsusi olaraq hazırlanmış bu nüsxə görkəmli şair və ictimai xadim Abdulla Şaiqin qardaşı – Xeyriyyə Cəmiyyətinin üzvü, müəllim və pedaqoq Axund Yusif Talıbzadə (Yusif Ziya adı ilə də tanınır) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan Əbdülhəmidə çatdırılmışdır.

Azərbaycan mühacir ziyalılarından olan Nağı Keykurun Ankarada nəşr olunan aylıq “Azerbaycan” kültür dərgisindəki “Böyük bir hayırsever Hacı Zeynalabdin Tağızade (Hatıra defterinden bir yapraq)” adlı məqaləsində yazır ki, bu hədiyyə 4000 altun lirə dəyərində zinətli daş və almazlarla bəzədilərək İstanbula, sultana göndərilmişdir.

Böyük ədib və şairimiz Abdulla Şaiq də böyük qardaşı Axund Yusif Talıbzadənin Türkiyəyə səfəri haqqında belə yazmışdır: “Bakı qazisi Mir Məhəmməd Kərim Mir Cəfərzadə Quranı Azərbaycan dilinə tərcümə edib məşhur sərvətdar Hacı Zeynalabdin Tağıyevin pulu ilə çap etdirmişdir. Hacı tərcümənin əlli nüsxəsini qızıl suyu ilə çap etdirib qiymətli cildə tutdurmuşdur. Bu nüsxələrdən birinin cildini qalın gümüşdən yapdırıb ortasına da “La ilahə illəllah, Muhəmmədən Rəsulullah” sözlərini yazdırmış və qardaşım Axund Yusif Talıbzadə vasitəsilə həmin nüsxəni Türkiyə sultanına hədiyyə göndərmişdir”.

Abdulla Şaiq qardaşının oteldə tanış olduğu zabitlə – əslən Tiflisli Cəlal Ünsizadə ilə saraya gəlməsi haqqında da məlumat verir. Belə ki məsələdən agah olan Cəlal bəy “Ertəsi gün Axund Yusif Talıbzadənin yanına gəlib bildirir ki, əhvalatı həzrətlərinə çatdırdım. Sizi hüzuruna qəbul edəcək. Sədr-əzəmin əmrinə görə, sizi qonaq sifətilə başqa evə köçürməliyik”.

Osmanlı arxivində mühafizə edilən yazılı bir sənədə əsasən, Axund Yusif Talıbzadə Xeyriyyə Cəmiyyətinin idarə işlərində vəzifə daşıdığını, ziyalı bir ailədən gəldiyini, rus ali məktəbindən məzun olduğunu, müsəlman əhalisinin mənən və dinən xilafət məkanına daha qüvvətli bağlanması və onların aydınlanması üçün nəşr etdirdiyi günlük “Tazə həyat” qəzetində yazarlıq etdiyini saray nazirlərinə bildirdikdən sonra Bakıda İslam Xeyriyyə Cəmiyyətinin qurucusu və rəhbəri olan Hacı Zeynalabdin Tağıyevin təqib etməyə çalışdığı xətti-hərəkəti saray üzvlərinə belə bildirmişdir:

1) indiyə qədər Qafqaz türkləri yazışmalarında yalnız farscadan istifadə etmişlər. Bundan sonra farscanın yerinə ana dilimiz olan türkcənin istifadə edilməsi və genişləndirilməsi;

2) məktəb kitablarımızın türkcə ilə yazılması;

3) məktəblərimizin proqramlarının Osmanlı maarif proqramına müvafiq tərtib edilməsi;

4) mərkəzi idarəsi Bolqarıstanın Varna şəhəri ilə İranın Urmiyə şəhərlərində yerləşən Erməni-Amerikan və Erməni-Protestant komitələri Qafqaz və Azərbaycan türklərini xilafət məqamına bağlılıqdan və müqəddəs qayə olan İslam ittihadından uzaqlaşdırmaq üçün ərəbcə, türkcə, farsca və kürdcəyə vaqif olan ermənilərlə Qafqaza zərərli nəşriyyatlar soxurlar. Bunların bir an öncə təsirsiz hala gətirilməsi və Qafqaz müsəlmanlarına təsirini önləmək üçün qarşı nəşriyyatda bulunmağımızın gərəkməsi;

5) Qafqazdan İrana, Misirə və Avropaya fərarilik edib oralarda tutunmayanların bir daha Qafqaza dönmələrinə izin verilməməsi;

6) uyğun bilinən məktəb müdirləri və müəllimlərin Osmanlı hökumətindən Qafqaza göndərilməsinin təmin edilməsi;

7) dini kitabların və təfsirlərin, peyğəmbərimizin hədisləri, əxlaqi kitablar və bu mövzuda yararlı təmimlərin yayınlanması.

Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin və onun sədri H.Z.Tağıyevin həyata keçirmək istədiyi əsas məsələləri bu şəkildə saray üzvlərinə anlatdıqdan sonra Qurani-Kərimin Hacı tərəfindən hazırlatdırılmış türkcə təfsiri Tağıyevin yazdığı bir məktubla birlikdə Osmanlı dövlətinin padşahı və müsəlmanların xəlifəsi olan II Əbdülhəmidə verilmək üçün sədarət məqamına təqdim edilmişdir. Saray məmuru sultan həzrətlərinin hüzuruna çıxaraq qonağı təqdim etmiş, məramını bildirmiş, Axund Yusif Talıbzadə Quranı sultana təqdim etmiş, sultan Qurani-Şərifi öpərək qonağı hörmətlə qəbul etmişdir.

Türkiyədə Osmanlı Dövlət Arxivində saxlanılan, H.Z.Tağıyev tərəfindən Axund Yusif Talıbzadə vasitəsilə Osmanlı padşahı Sultan II Əbdülhəmidə göndərilən məktubun mətni belədir:

“Vəlinemət-i cahan əfəndimiz həzrətləri! Bu ana qədər Rusiya dövlətini təhti-hökumətində bulunan biz 30 milyon türk müsəlmanları beynində türk lisanında Qurani-Şərifin təfsiri bulunmadığından əksəriyyətlə onun məzamin-i aliyəsindən istifadə-yab olamıyorduk.

Li-haza, bu axır vaxtlarda saye-i xilafət-vaye-yi cənab Zillullahi azamilərində Bakı üləmasından vilayət qazisi qulları vasitəsilə Kəlamüllahi-Şərifi türk lisanında təfsir etdirib tab-ü nəşrinə müvəffəq oldum. Əhd-i məali-vefd-i Cənab-i padşahlarında hasil olan işbu müvəffəqiyyəti kəmtəranənin şükranəsi yolunda hüzur-i cəlil-i şəhriyarilərinə məhzən ərz-i fəriza-yi ubudiyyətə vəsilə olmaq üzrə məzkur təfsir-i şərifdən hüzur-i bahirün-nür-i xilafət-pənahilərinə bir takım təqdim etdim. Əlatifi-aliyə və mərahim-i mütəaliyə-i həzrət-i xilafət-pənahilərindən qəbulunu istirham edərim. Ol babda və katibə-i əhvaldə əmr-ü fərman vəlinemət-i cahan xəlife-yi bil-həqq və padşah-i hər-dəm-müvəffəq əfəndimiz həzrətlərinindir”.

Nəşri Maarifi Umur-u Xeyriyyə Cəmiyyət-i – İslamiyyə rəisi General Hacı Zeynelabidin Takiyof qulları, 25 Şəhr-i cumadəl-əvvəl 1325 (1907), Şəhr-i Bakü (5, 218–219).

Abdulla Şaiqin verdiyi məlumata əsasən, Axund Yusif Talıbzadə sultan tərəfindən yüksək səviyyədə qarşılanmış, onunla bərabər yeməyə dəvət olunmuş və hökumətin yüksək ordeni ilə mükafatlandırılmışdır. Belə bir orden Yusif Ziya vasitəsilə Hacı Zeynalabdin Tağıyevə də göndərilmişdir.

Akademik Kamal Talıbzadə “Xalq qəzeti”nin müxbirinə verdiyi müsahibəsində bu barədə belə demişdir: “Hacı Zeynalabdin 1907-ci ildə Quranı Məhəmməd Kərim ağaya tərcümə etdirmiş və onun Azərbaycan dilində üç cildliyini əmimlə Türkiyə sultanı Əbdülhəmidə göndərmişdir. Sultan Əbdülhəmid də bunun əvəzində brilyantla işlənmiş iki böyük medal bağışlamışdır: birini H.Z.Tağıyevə, o birini də əmimə. O medalı atam Abdulla Şaiq ömrünün son illərinə qədər qardaşının yadigarı kimi saxlayırdı”.

Osmanlı Dövlət Arxivində saxlanılan bu sənədlə yanaşı, H.Z.Tağıyevin Quranı aparan Axund Yusif Talıbzadəyə verdiyi vəkalətnamədə olan qeydləri də maarif və mədəniyyətimiz üçün əhəmiyyətli saydığımızdan oxuculara çatdırırıq:

“Bu axır vaxtlarda Rusiyada sakin 30 milyon müsəlman camaatı arasında tərəqqi və taali meyyali görünməkdədir. Ancaq bizlərin müntəzəm məktəblərimiz və kütüb-i elmiyyə və fənniyyə və tədrisiyyələrimiz lüzumi dərəcəsində mevcud bulunmadığından xilafət-i celile-i uzmanın saye-i maarif-vayesində yaşayan müsəlmanlar ilə bir qat daha əlaqə və rabitə kəsb etmək məqsədilə Cəmiyyət-i İslamiyyə Azalarından, Ulum-i ərəbiyyə müdərrisi və Məktəb-i edadi müəllimi Axund Yusif Talıbzadə əfəndi taəti-əfkar və vəsatat-i lazimədə bulunmaq məqsədilə mərkəz-i xilafət-i uzma olan Dərsəadətə irsal olundu. Dərsəadət məmurin-i aidəsi tərəfindən kəndisinə müavinət-i lazimədə bulunmasını biz Rusiya müsəlmanları istirham edəriz”.

Nəşr-i Maarif və Umur-i Xeyriyyə Cəmiyyəti-İslamiyyə rəisi General Hacı Zeynelabidin Takiyof. 25 Cumadəl-əvvəl. Şəhri-Bakü. 1325 (1907). (5, 219–220).

Bu məktub və vəkalətnamədə görünən maraqlı cəhət odur ki, H.Z.Tağıyev yalnız Azərbaycan müsəlmanları üçün deyil, Rusiyada yaşayan 30 milyon müsəlman üçün də Osmanlı padşahından yardım xahişində bulunmuşdur.

Mənbələrdən məlum olmuşdur ki, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Axund Yusif Talıbzadə vasitəsilə göstərdiyi səylərə cavab olaraq 1907-ci ildən etibarən Osmanlı Türkiyəsindən Azərbaycana müəllimlər, din adamları, dini kitablar, kitabxanalar və mətbəə ləvazimatı göndərilmiş, Qafqaz müsəlmanları ilə sıx münasibətlər qurulmuşdur.

İstanbula edilən bu səfər, bəlkə də, Axund Yusif Talıbzadənin Osmanlı dövləti ilə gələcək münasibətləri üçün mühüm bir əsas olmuş və gələcəkdə onun qardaş ölkə ilə bağlantısının bünövrəsini qoymuşdur. Axund Yusif Talıbzadə İstanbulda olduğu qısa müddət ərzində hökumət tərəfindən onu gəzdirmək üçün orada yaşayan ziyalı Cəlal Ünsizadənin bələdçiliyi ilə elm, təhsil mədəniyyət ocaqlarında olmuş, qız və oğlan məktəblərini, tibb institutunu, digər mədəni-maarif müəssisələrini ziyarət etmişdir ki, bütün bunlar da Bakı Xeyriyyə Cəmiyyətinin İstanbul təşkilatları ilə sıx əlaqə və əməkdaşlığına təkan vermişdir.

Rüfət Hüseynzadə
Professor