Xəbərlər

Həftənin seçilmiş şeiri – Nəğmə olmaq istəyirəm, ay ana!

“Fuyuzat.az” saytı olaraq “həftənin seçilmiş hekayəsi”, “həftənin seçilmiş məqaləsi”, “həftənin seçilmiş şeiri” layihəsində sizləri salamlayırıq, əziz oxucular. Bu “Həftənin şeiri” nominasiyası üzrə seçilən əsər Nəbi Xəzrinin “Nəğmə olmaq istəyirəm, ay ana!” şeiridir. Xoş mütaliələr!

– Dəniz olmaq istəyirəm, ay ana!
Öz sinəmi göylər üçün açaram.
– Yox, ay bala, anan qurban boyuna!
Dəniz olsan, necə səni qucaram?

– Zirvə olmaq istəyirəm, ay ana.
Ucalarda hər an səni araram.
– Yox, ay bala, anan qurban boyuna!
Necə onda saçlarını dararam?

– Nəğmə olmaq istəyirəm, ay ana!
Mən səslənim, batma dərdə-qəmə sən.
– Ol, ay bala, anan qurban boyuna,
Sən onsuz da mənə sonsuz nəğməsən.

– Günəş olmaq istəyirəm, ay ana.
İşıq alsın məndən torpaq, asiman.
– Yox, ay bala, anan qurban boyuna.
Günəş olsan, sən özün də yanarsan.

– Bulaq olmaq istəyirəm, ay ana!
Dağdan axım bağçaya mən, bağa mən.
– Eh, ay bala, anan qurban boyuna!..
Özün dağsan, sığarsanmı dağa sən?!

Nəbi Xəzri