Xəbərlər

II Uşaq Kitab Festivalı keçiriləcək

MİMTA Yayımları balaca oxucuları 8-12 aprel tarixlərində təşkil olunan II Uşaq Kitab Festivalına dəvət edir.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən növbəti Uşaq Kitab Festivalı Bakı İdman Sarayında baş tutacaq. Festival çərçivəsində on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.

Bir sıra nəşriyyatların da iştirak edəcəyi festivalda MİMTA Yayımları öz balaca oxucularının görüşünə uşaqlar üçün nəzərdə tutulan nəşrləri ilə gəlir. Sərgiyə gələrək Lev N. Tolstoyun “Qu quşu”, Əzizə Cəfərzadənin “Anamın nağılları”, Ayşegül Dedenin “Biri, o biri, başqası, digəri”, Qasım bəy Zakirin “Təmsillər, hekayələr”, “Dünya nağılları-1”, “Dünya nağılları-2”, Seyid Əzim Şirvaninin “Hekayələr və Təmsillər”, Nizami Gəncəvinin “Xəmsədən hekayələr”, Jan de Lafontenin “Nağıllar”, Xacə Nizamülmülk “Siyasətnamədən hekayələr” və s. kitabları əldə edə bilərsiniz.

Kitab festivalı beş gün boyunca Heydər Əliyev adına Bakı İdman Sarayında saat 10:00-dan 19:00-a qədər davam edəcək.