Füyuzat 133

İstiqlal şahidi Mirzə Bala Məhəmmədzadəyə ithaf

Tariximizin ən şanlı dövrünə, Cümhuriyyət dönəminə şahid, canlı arxiv –

Mirzə Bala Məhəmmədzadə…

Elə bir şahid ki, təkcə müşahidəçi olmaqla kifayətlənməyib, ömrünü bu yurdun istiqlaliyyəti, hürriyyəti naminə fəda edib.

Elə bir fədakarlıq ki, candan keçməklə deyil, diyarbadiyar dolaşdığı yerlərdə təkcə onun sahib olduğu bilgilər uğruna canını qorumaqla ödəyib bədəlini.

Elə bir bədəl ki, parlament binasında dalğalanan – düşmən əlinə keçməsin deyə götürüb illərlə saxladığı üçrəngli bayrağa vəfaya bərabərdir.

Elə bir vəfa ki, bircə an da təzyiqlərdən, təqiblərdən uzaq qalmayıb mühacirət etdiyi bütün ölkələrdə vicdanının səsinə – son nəfəsinə kimi usanmadan çarpışdığı azadlıq mübarizəsinə çevrilmişdir.

Elə bir mübarizə ki, bu çətin mücadilədə əqidədaş olmağı, çıxdıqları bu keşməkeşli yolu zəfərlə tamamlamağı qüdsi amal uğrunda mübarizəyə tay tutmuşlar. Qarşılarına çıxan saysız-hesabsız əngəllərin, aşılması çətin maneələrin qarşısında bu cür mətanətli dayanmaqla birliyin gücünü göstərmişlər.

Elə bir güc ki, daim haqdan yana olan bir qələmin mürəkkəbi tariximizin ən şərəfli dönəminə ayna ola bilmişdir.

Elə bir ayna ki, dövrün ümumi mənzərəsinə işıq tutmaqla yanaşı, cümhuriyyətimizin ziyalı şəxsiyyətlərinin, ümidə boyanan parlaq fəaliyyətinin, bu məşəqqətli yolun mübarizlərinin bərraq əksindən ibarətdir. Yazılmasına fürsət olmayan bilgilər, müzakirəsi yarım qalmış məsələlərin hamısı bu sənədlərdə məhz bu qələm sahibinin dəyanəti sayəsində mövcudluğunu mühafizə edə bilmişdir…

Davamı…