Əli Rzazadə Kültür-sənət

“Könül məhəbbət istər, iftar bir bahanədir”

Xatirimdədir, dostlardan biri belə bir əhvalat danışmışdı. Deyirdi:

– Əski Ramazanların birində, şəhər mərkəzində harasa gedirdim. Ehtiyatsızlıq ucbatından qəfil qarşıdakı avtomobillə toqquşdum. Təbii ki, belə hallarda məsuliyyəti arxadan vuran sürücü daşıyır. Maşının sürücüsü zərbənin təsirindən çevrilib arxaya baxdı. Avtomobili yol qırağına çəkib dəymiş zərəri ödəmək haqqında fikirləşirdim ki, qarşıdakı zərərçəkən sürücü əli ilə işarə edərək, onu təqib etməyimi istədi və saxlamadan hərəkətini davam etdirdi. Düşündüm ki, avtomobili yaxınlıqdakı servisə aparır və məni də dəymiş zərəri ödmək üçün ora çağırır. Mən də onun arxasıyla sürdüm. Lakin o, yaxınlıqdakı servisə girməyib, heç nə olmamış kimi yoluna davam edirdi. Arxadan siqnal verir, işıqları yandırıb-söndürür, saxlamasını tələb edirdim, amma o yenə də onu təqib etməyimi istəyir, əli ilə işarə edərək çağırırdı. Avtomobili sürətlə idarə etməsindən harasa tələsdiyi məlum idi. Lakin onun bu hərəkəti hövsələmi daraltdığından siqnal verməkdə davam edirdim. Bir xeyli yol qət etdikdən sonra bir evin qarşısında saxlayıb düşdü, iti addımlarla həyətə doğru addımladı, yenə də əliylə mənə işarə edərək maşını saxlayıb onun ardıyca gəlməyimi istəyirdi. Mənsə artıq əsəblərimi çətinliklə cilovlayırdım. Avtomobilin pəncərəsindən, – “Ay qardaş, dayan bir söhbət edək də. Hara gətirmisən məni? Gəl dəymiş zərər nədirsə, ödəyim, çıxım gedim, işim gücüm var axı”, – deməyimə heç məhəl də qoymayıb “gəl, gəl, danışarıq” deyib, dəmir darvazadan içəri daxil oldu. Maşından düşüb, yenə də onun arxasıyca addımlayaraq evə daxil oldum.

Çox da böyük olmayan bu evdə bir neçə nəfər yemək masasının arxasında oturmuş, sanki bizi gözləyirdilər.

“Gəlin çıxın, a qardaş, harda qaldınız, iftar vaxtından bir neçə dəqiqə keçir e”, – deyə digərlərindən nisbətən yaşlı olan biri bizi qarşıladı. Arxasına düşüb gəldiyim, adını da bilmədiyim sürücü ilə qucaqlaşıb görüşdü, mənim kimliyimlə maraqlanmadan, stol arxasında mənə bir yer göstərdi. Özləri isə namaz qılmağa başladılar. Mən isə nə oruc tutmuşdum, nə də namaz qılmağı bacarırdım. Az sonra hamı süfrə arxasında əyləşib oruclarını açdı. Maşınını vurduğum sürücü isə mənlə üzbəüz oturmuşdu. Yemək yeyə-yeyə dostları ilə söhbət edir, ara-sıra mənə də diqqət ayırırdı.

– Hə, buyur eşidirəm indi, nə deyirdin bayaqdan? – deyə birdən mənə yönəldi.

– Necə nə deyirdim?! Maşınını vurduğumu bilmirsən? Hesab-kitab edək, nə qədər zərər dəyibsə, ödəyim ya da aparaq ustaya düzəltsin.

– Boş ver qardaş, halal xoşun olsun… Nə hesab-kitabı? – deyə yeməyə davam edir, arabir stol ətrafında deyib-gülən dostların söhbətinə müdaxilə edirdi. Az sonra yenə mənə qayıtdı:

– O hadisə olmasaydı, indi sən burada bizimlə bu mübarək məclisdə iştirak etməyəcəkdin. Təki əzilən dəmir olsun. Çörəyini ye.

Onun bu sözləri, insanların mənə olan doğma münasibəti içimdə təsvir edə bilməyəcəyim bir duyğu yaratdı. O duyğunun nə olduğunu bilmirəm, bildiyim yalnız odur ki, olduqca şirin duyğu idi. Özü də çox şirin.

Az sonra mən məclisdə oturan bu tanımadığım insanlarla söhbət edir, deyə-gülə zarafatlaşırdıq. Sanki onları uzun illərdir tanıyıram.

O vaxtdan bir neçə il keçib və biz hər Ramazan ayı bir yerdə iftar məclisi təşkil edir, bir-birimizlə görüşürük. Necə deyərlər: “Könül məhəbbət istər, iftar bir bəhanədir”. Artıq oruc tutur, namaz qılıram.

Bəli, dinimiz bizim milli-mənəvi dəyərlərimizin ayrılmaz bir parçasıdır. Bu dəyəri yaşatmaq üçün hansısa yad ünsürlərdən bəhrələnməyə, kimlərinsə təsirinə məruz qalmağa gərək yoxdur. Bu gün Azərbaycan xalqı öz dəyərlərinə yüksək şəkildə sahib çıxaraq onu nəsildən-nəsilə ötürür. Azərbaycan xalqı bu ülvi dəyəri mükəmməl şəkildə yaşatmağa qadirdir.