Füyuzat 132

Millətəm

Çəkil torpağımdan, ey yağı düşmən,
Mən şeytanın ümidini üzən millətəm.
Dünyanı üstümə qaldırdın yetər,
Dünyanın dərdinə dözən millətəm!

Qədimlik uydurdun, hamısı yalan,
Ruhuma əl atdın, öz ruhun talan,
Qoynumda qıvrılan, ay şahmar ilan,
Mən ilan başını əzən millətəm.

Tarix yaradanam, yalan yazansan,
Açıq okeanam, bağlı qazansan,
Torpaq becərənəm, qəbir qazansan,
Qəbri ayaq tutub gəzən millətəm…

Düzmə qabağıma çopur daşları,
Səslənsəm, dikələr dağ qardaşlarım,

İstəsəm, tarixi bir də başlaram,
Mən durğun həyatdan bezən millətəm!

Bu şeytan çömçəni durmadan fırla,
Özünü hesaba vur da, sıfırla,
Mənim barmağımda dünya fırfıra,
Gün boyu, ay boyu əsən millətəm.

O yunan qardaşın, o rus qardaşın
Verdi qoltuğuna qarpızı, daşı,
Bircə sənətin var, o da başdaşı,
Mən daşı mehraba düzən millətəm!

 Mənim yoluma bax, əzəldən haqdı,
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!..