Mövzumuzla bağlı ilk yazımızda müasir dövrün tələbi olan ömürboyu öyrənmə konsepsiyasına toxunmuşduq. Qeyd olunan bacarıq sürətlə dəyişən iş dünyasında tələb olunan çox önəmli özəlliklərdən hesab olunur. Qeyd etmişdik ki, ömürboyu öyrənmə insanın həyatının bütün dövrlərində davamlı olaraq öz bilik, bacarıq və kompetensiyalarını artırması və yeniləməsidir.
Mövzumuzun növbəti vacib tərəfi yumşaq bacarıqların inkişafıdır. Hansı ki fəaliyyət göstərdiyimiz bütün sahələrdə öz aktuallığını qoruyur. Yumşaq bacarıqlar həyati problemləri həll etmək və digər insanlarla işləyə bilmək qabiliyyətidir. Bura ünsiyyət, liderlik, komanda işi, emosional zəka, problem həll etmə və s. bacarıqlar daxildir. Beynəlxalq terminologiyada yumşaq bacarıqlar “soft skills” olaraq bilinir. Yumşaq bacarıqlara qarşı istifadə olunan bacarıqlar isə sərt bacarıqlar hesab olunur ki, bu da konkret peşə bacarıqlarıdır. Hər iki bacarığın zəruriliyini özündə ehtiva edən belə bir deyim var: “peşə bacarıqlarının olması mütləqdir, yumşaq bacarıqlar isə sizi hamıdan fərqli edir”. Göründüyü kimi, yumşaq bacarıqlar bizi (sizi) digərlərindən fərqləndirən xüsusiyyətlərdir. Araşdırmalar göstərir ki, peşə uğurunun 85%-i yumşaq bacarıqlarla, 15%-i isə sərt bacarıqlarla mümkün olur.
Yumşaq bacarıqlardan danışarkən ünsiyyət mövzusuna toxunmadan keçmək olmaz. Ünsiyyət, sadəcə, söhbət aktı deyil. Ünsiyyət eyni zamanda aktiv dinləmə bacarığıdır. Bura qarşı tərəfin nə dediyinə, necə dediyinə və bədən dilinə diqqət etmək, eyni zamanda düzgün başa düşmək, həmçinin söylənilənləri ümumiləşdirə bilmək, aydın suallar vermək və empatiya nümayiş etdirə bilmək aiddir.
Söylədiyiniz fikirlərin qarşı tərəfin başa düşməsi üçün məlumatı aydın və qısa şəkildə çatdıra bilmək çox önəmlidir. Effektiv ünsiyyət bacarıqları həmkarlarla, müştərilərlə şəxsi və peşəkar münasibətlər qurmaq, anlaşılmazlıqların qarşısını almaq və münaqişələri həll etmək üçün çox vacibdir.
Liderlik bacarığı bir qrup əməkdaşı yönətməkdən daha artığı deməkdir. Liderlər nümunə olmağı bacarmalı, aydın təkliflər verməli, eyni zamanda tələbləri, hədəfləri də aydın olmalıdır. Həmçinin müsbət və aktiv iş mühiti yaratmağı, komanda üzvlərini də motivasiya edə bilməyi bacarmalıdırlar.
Komanda işi koorporativ mühitdə uğurun vacib şərtlərindən biridir. Mükəmməl oyun sərgiləyən basketbol komandası kimi, hər bir əməkdaşın özünəməxsus rolu var. Səbətə topu bir oyunçu atsa da, bu, əslində, komandanın planlaması, koordinasiyası və əməkdaşlığının nəticəsidir. Bu gün işəgötürənlər təkcə kollektiv ilə yaxşı işləməyi bacaran deyil, həm də hər uğurun yalnız bir nəfərin deyil, bütöv komandanın birgə səyi ilə əldə olunduğunu dərk edən insanları axtarırlar. İş yerində hamı eyni məqsədlərə çatmaq üçün birlikdə çalışdıqda daha böyük nailiyyətlərə imza atılır ki, bu da komandada işləyə bilməklə mümkün olur.
Yumşaq bacarıqlardan olan emosinal zəka son dövrlərin ən çox araşdırılan və haqqında yazılan mövzularındandır. Belə ki, emosional zəka, insanların öz emosiyalarını anlamaq, idarə etmək və həmçinin başqalarının emosiyalarını tanımaq və onlara təsir etmək bacarığıdır. Bu anlayış ilk dəfə 1990-cı ildə Con Mayer və Peter Salovey tərəfindən irəli sürülsə də, psixoloq Daniel Qoleman tərəfindən geniş şəkildə tanıdılıb və populyarlaşdırılıb. Qoleman emosional zəkanın liderlikdəki rolunu vurğulayaraq qeyd edir: “ən təsirli liderlər bir mühüm cəhətdə eynidirlər: onların hamısı emosional intellekt kimi tanınan bacarığa sahibdirlər. Emosional zəka şəxsi inkişafda və liderlikdə çox önəmlidir”.
Problem həll etmə, əslində, onun səbəblərini düzgün müəyyən etməklə başlayır, bu da davamlı və təsirli nəticələr əldə etmək üçün ən uyğun həll yolunun seçilməsi və həyata keçirilməsi ilə özünü göstərir. İş mühitində müəyyən problemlərin olması qaçınılmazdır. Bu problemlər işçi heyətinə, prosesə və ya təşkilatın ümumi fəaliyyətinə ciddi təsir göstərə bilər. Bəzi problemlər mütəmadi olaraq təkrarlandığı halda, özü ilə bərabər daha böyük problemlərin meydana çıxmasına səbəb ola bilər. Bu mənada hər zaman vəziyyəti diqqətlə qiymətləndirib ən uyğun həll yollarını tapmaq çox önəmlidir.
Buraya qədər yumşaq bacarıqların zəruriliyini qeyd etdik və bəziləri barədə də məlumat verdik. Bəs bu bacarıqlar necə formalaşdırıla bilər? Təbii ki, yumşaq bacarıqları inkişaf etdirməyin müxtəlif yolları var. Bu məqsədlə müəyyən təlimlərdə, kurslarda iştirak etmək olar. Eyni zamanda. bu mövzuda yazılmış ədəbiyyatlardan da öyrənə bilərik. Həmçinin yumşaq bacarıqları müşahidələr əsasında, xüsusən də təcrübəli şəxslərin, idarəedicilərin, menecerlərin fəaliyyətini, müxtəlif situasiyalarda necə davrandıqlarını müşahidə etməklə də inkişaf etdirmək mümkündür.



