Bu gün sizə Narsisin hekayəsini danışmaq və onun nərgiz çiçəyinə çevrilməsinin mənasını izah etmək istəyirəm.
Yunan mifologiyasında Narsis öz yaraşığı, cazibəsi və “cool” görünüşü ilə tanınan bir gənc idi. O çox gözəl qızı özünə məftun etmişdi, lakin özünə olan ifrat sevgisi və təkəbbürü səbəbindən heç kəsə ürəyini verməzdi. Ona könül verən bütün qızların qəlbini qırardı. Bu taleyi yaşayanlardan biri də gözəllər gözəli Exo idi.
Exo Zevs ilə münasibətinə görə cəzalandırılmış və yalnız eşitdiyi sözlərin son hissəsini təkrarlamağa məhkum edilmişdi. Onun özünəməxsus fikrini ifadə etmək imkanı yox idi. Bacardığı yeganə şey eşitdiyi sözlərin sonunu təkrarlamaq idi. Bu gün “əks-səda” mənasında istifadə etdiyimiz “exo” sözü də məhz buradan qaynaqlanır. Öz sözü olmayanlar yalnız başqalarının dediklərinin exosu – əks-sədası olarlar.
Bir gün Exo gənc Narsisi ov edərkən görür və ona aşiq olur. Amma o da sevgisinə qarşılıq tapa bilmir. Narsisə nəsə demək istəyir, amma bacarmır. Sadəcə onun dediklərini təkrarlaya-təkrarlaya qalır. Narsis Exonun niyyətini anlayanda təkəbbürlə belə deyir: “Sən kimsən ki, məni sevməyə cürət edirsən?”
Bu sözlər Exonun qəlbini parçalayır. Cavabsız qalan sevgisi ucbatından xəstələnib dünyasını dəyişir. Ölümündən sonra onun sümükləri dağa, nəfəsi isə əks-sədaya çevrilir. Yunan tanrıları bu vəziyyətə çox qəzəblənir və Narsisi cəzalandırmaq qərarına gəlirlər.
Bir gün Narsis çay kənarına gəlir, su içmək üçün əyiləndə suda əksini görür və özünə aşiq olur. “Bu nə gözəllikdir?” – deyib özünə eşq elan edir. Lakin çox keçmədən anlayır ki, bu sevgi onu içindən yeyib bitirir. Çünki özünə aşiq olan bir insanın bu sevgiyə qarşılıq tapması mümkün deyil. Beləcə, sudakı əksinə, öz surətinə, özünə aşiq olan insanın faciəvi hekayəsi başlayır.
Özündən başqa heç kimi görməyən, kimsəni bəyənməyən və başqasına iltifat etməyən Narsis yavaş-yavaş ölməyə başlayır. Nəhayət, son nəfəsini verib suya düşür. Onun düşdüyü yerdə nərgiz adlı bir çiçək bitir.
Nərgiz – ortası sarı, ətrafı ağ ləçəklərlə əhatələnmiş könül oxşayan zərif bir çiçəkdir. Zərif tumurcuğu boynunu bükdüyü üçün təvazökarlığın rəmzi sayılır. Narsis nə qədər təkəbbürlü idisə, nərgiz bir o qədər zərif və təvazökar çiçəkdir.
Narsisin özünə ifrat sevgisi və təkəbbürü onun sonunu gətirdi. Amma onun ruhundan və bədənindən boy atan nərgiz sevməyi, paylaşmağı, lətafət və zərifliyi ifadə edir.
Nərgiz həm də “gəlin çiçəyi” kimi tanınır. Gəlin kimi zərif, sevgi və həyat dolu bir çiçəkdir. Nərgiz eyni zamanda sevgi çiçəyidir: bizə göstərir ki, sevgi paylaşdıqca artır və dünyanı gözəlləşdirir.
Narsisin əsas problemi onun özünə duyduğu ifrat sevgi səbəbi ilə ətrafındakı gözəllikləri görə bilməməsi idi. İnsanın özünü sevməsi, əlbəttə ki, vacibdir. Bu sevgi olmadan başqalarını da sevmək mümkün deyil. İçində sevgi olmayanın onu kənarda tapması da qeyri-mümkündür.
Lakin bir çox şeydə olduğu kimi, özünü sevməkdə də həddini aşanda tarazlıq pozulur, sevgi təkəbbürə, təkəbbür isə fəlakətə çevrilir. Narsisin başına gələn də məhz bu idi.
Müasir psixologiyada bu hal “narsist şəxsiyyət pozuntusu” adı ilə tanınır. Bu pozuntunun iki əsas xüsusiyyəti vardır.
Birincisi, yalnız özünü sevmək və bəyənmək duyğusudur. Narsist şəxsiyyət özündən başqa bir gözəlliyin mövcud ola biləcəyini təsəvvür belə edə bilmir. Başqalarının gözəlliyini inkar edir və hətta hamının gözəl saydığını çirkin göstərmək üçün müxtəlif yollar axtarır. Çünki onun dünyasında özündən daha gözəl, sevilməyə daha layiq, daha dəyərli heç nə yoxdur. Buna görə də onun xaricindəki hər şey qüsurlu, çirkin, yararsız və dəyərsizdir.
Narsist şəxsiyyətin ikinci problemi isə heç vaxt doymayan “bəyənilmə aclığı”dır. Belə bir insan üçün yalnız özünü sevmək və bəyənmək kifayət etmir: hər kəs onu bəyənməli və sevməlidir. Bu bəyənmənin nə sərhədi, nə də sonu var.
Narsist şəxs nə qədər səmimi olsa da, heç bir tənqidi qəbul etmir. Heç kimin ağlına, fikrinə, məsləhətinə ehtiyacı olmadığını düşünür. Hər kəsin onu sevməsi, bəyənməsi və təqdir etməsi lazımdır, əks halda, əsla xoşbəxt ola bilməz.
Bu iki problemlə üzləşən insanlar heç vaxt xoşbəxt olmurlar. Çünki xoşbəxtliyi daim kənarda axtarırlar. Dünyaya eqoist pəncərədən baxdıqları üçün onu yalnız özlərinə xidmət etməyə borclu kimi görürlər. Başqalarının sevinci, uğuru onları sevindirmir. Çünki onlar üçün xoşbəxtliyin yeganə meyarı yalnız öz xoşbəxtlikləridir. Elə bilirlər ki, dünya onların xoşbəxtliyi üçün dizayn edilib.
Özünü kainatın mərkəzində görən insan, əlbəttə ki, həqiqi xoşbəxtliyi yaşaya bilməz.
Çünki reallıq bundan tamamilə fərqlidir. Zehnində qurduğu dünya ilə reallıq, insani arzularla həyatın gerçəkləri arasındakı fərq onu dərin məyusluğa sürükləyir.
Halbuki insan yalnız özü xaricindəki varlıqlarla: digər insanlarla, təbiətlə, kainatla münasibət qurduğu, onlarla birlikdə yaşadığı, ünsiyyət və yaxınlıq yarada bildiyi qədər insandır.
“İnsan” kəlməsinin ərəb dilində iki kökü var: birincisi “n-s-y” kökündən gəlir və “unutmaq” mənasını daşıyır: insan unudan varlıqdır. İkincisi isə “ə-n-s” kökündən yaranıb və ünsiyyət, bağ qurmaq, yaxınlıq deməkdir.
İnsan təbiəti etibarilə başqaları ilə, varlıq aləmi ilə, özü kimi olmayanlarla və bütün bunların fövqündə Yaradanla bağ qura bilən varlıqdır. Bu bağ və ünsiyyət vasitəsilə insan böyük varlıq dairəsinin bir parçası olduğunu anlayar, öz insani keyfiyyətlərini kəşf edər və yer üzündə insana yaraşan bir həyat mühiti qura bilər.
İnsan öz xaricinə çıxdığı, nəfsini və eqosunu aşdığı ölçüdə özündəki həqiqəti kəşf edə bilən bir varlıqdır. Toxum torpağa atılar ki, özündən çıxıb kök salsın, qol-budaq atsın. Torpağın altından çıxıb göyə doğru yüksəlsin. Küləyə nəğmə, quşlara yuva olsun. Bar verib qida olsun, nemət olub şəfa versin.
Toxum yalnız toxum kimi qalsa, çürüyər, öz içində tükənib gedər. Özündə qalan öz içində tükənməyə məhkumdur.
Özündən başqa tərəfi görə bilməyən – mütləq korluğun içindədir.
Özündən başqasını eşitməyən – amansız karlığın əsarətindədir.
Özündən başqasını bəyənməyən – dünyadakı bütün gözəlliklərdən məhrumdur.
Bəşər övladı varlıq aləmindəki mənaları, sirləri, səsləri, nəğmələri eşitməyə, görməyə və hiss etməyə başladığı zaman həqiqi mənada insan olmağa başlayır.
Öz nəfsini nəzarətdə saxlayan, başqalarına diqqət göstərən, dəyər verən, anlayan, zaman ayıran və onlarla empati qura bilən şəxs insanlıq yolunda mühüm məsafə qət etmiş sayılır.
Narsist şəxsiyyət pozuntusu yaşayan insanlarda isə ünsiyyət yaratmaq, bağ qura bilmək, başqasına diqqət göstərmək bacarığı yoxdur. Onlar yalnız özlərini tanıyır, özlərini bəyənir və sevirlər. Onlar üçün “mən”in, nəfsin, eqonun fövqündə heç bir dəyər mövcud deyil. Başqaları sadəcə onların ehtiyaclarını ödəyən bir vasitə, xidmətçi və dayaqdır. Bu məqsəddən kənar heç bir mənaları və dəyərləri yoxdur.
Lakin paradoks ondadır ki, dəyər vermədikləri həmin insanlar tərəfindən bəyənilmək və təsdiqlənmək istəyirlər. Onların təsdiqi olmadan özlərini xoşbəxt hiss edə bilmirlər. Elə bu səbəbdən başqalarının əsirinə çevrilirlər. Başqaları tərəfindən bəyənildikcə və təsdiq ediləcəklərini düşündükcə özlərini tam və bütöv hesab edirlər. Həmişə başqalarından diqqət və maraq gözləyirlər. Bu diqqət və maraq olmadıqda isə həyat onlar üçün zindana çevrilir: hər şeyi tənqid etməyə, qaralamağa və mənfi tərəflərini qabartmağa başlayırlar. Bir sözlə, ruhlarına çökən qaranlığı bütün dünyaya şamil etməyə çalışırlar.
Bu problemin kökündə insanın özünü kainatın mərkəzində görməsi dayanır. Lakin bunu yalnız fərdi xəstəlik kimi qiymətləndirmək doğru olmaz. Müasir insanlıq özünü varlığın mərkəzinə qoyduğu andan etibarən hər şeyi bəşəri istəklərinə görə tənzimləməyə başladı. Zehnindəki “dəli köynəyi”ni varlığa geyindirməyə çalışan modern insan bu mümkünsüz cəhddə uğursuz olunca özünü düzəltmək əvəzinə, varlıq nizamını alt-üst edib dağıtmaq yolunu seçdi. Buna görə də günümüzdəki ekoloji böhranlardan iqlim dəyişikliyinə, regional münaqişələrdən qlobal xaosa qədər bütün problemlərin kökündə məhz bu yanaşma dayanır.
XVII və XVIII əsrlərdə baş vermiş böyük elmi və fəlsəfi dönüşlərdən bəri insanlıq özünü kainatın mərkəzində dayanan, ona məna verən yeganə varlıq kimi təqdim etdi. İnsan varlığın hakimi kimi hər cür gücə, səlahiyyətə və ixtiyara sahib olduğunu düşündü, lakin məsuliyyət götürməkdən qaçdı. Halbuki hər bir güc və səlahiyyət məsuliyyətlə birlikdə gəlir. Məsuliyyətsiz səlahiyyət özbaşınalığa, səlahiyyətsiz məsuliyyət isə yükə çevrilir. Hər iki vəziyyət insanı çətinliklə üz-üzə qoyur və nizamı pozur.
Tam səlahiyyət sahibi, amma məsuliyyəti olmayan müasir insan özünü kainatın mərkəzinə yerləşdirməklə kainatın mənasını da dəyərsizləşdirdi. Maddəni mənadan ayıraraq onu konkretləşdirdi və mexaniki-fizikalist kainat təsəvvürü formalaşdırdı. Kainatı mexanikiləşdirdikdən sonra özünü də mexanikiləşdirdi: bədənini sadəcə bioloji cəsəd, ağlını sinir sistemi, ruhunu kimyəvi reaksiyalar, qəlbini isə yalnız qan pompalayan üzv səviyyəsinə endirdi. Beləcə, yalnız maddə və fiziki gerçəklik həqiqət sayıldı. Özünü kainatın sahibi etməyə çalışarkən həm kainatı, həm də özünü mənasız hala gətirdi.
Halbuki insan nə kainatın hakimi, nə də sahibidir. O, varlıq aləminin sadəcə bir parçası, ortağı və yoldaşıdır. Maddi baxımdan kainat üzərində ağalıq etmək onun imkanı xaricindədir, çünki kainat insanı bəsləyir, insan da kainatı. İnsan bütün ehtiyaclarını təbiətdən qarşılayır, lakin buna baxmayaraq, onu sanki düşməniymiş kimi istifadə edir, tükədir və zədələyir. O, təbiəti amansızcasına istismar və məhv edir. Halbuki insanın varlığına təbiətin ehtiyacı yoxdur, amma insanın havaya, suya, torpağa, toxuma, günəşə, yağışa, bitkilərə və heyvanlara ehtiyacı var. Bu baxımdan insan kainatın ağası, hakimi və ya sahibi ola bilməz. Ontoloji və metafizik mənada insan böyük varlıq dairəsinin sadəcə bir parçasıdır. Hər parça da mahiyyət etibarilə bütündən kiçikdir və ona bağlıdır. Parça bütünü üstələməyə çalışdıqda nə parça qalar, nə də bütöv. İnsan varlıq içindəki bu mövqeyini dərk etməli və parça–bütöv münasibətini düzgün zəmində qurmalıdır.
İnsan kainata bu prizmadan yanaşdıqda ona ağalıq iddiasından əl çəkər. Əksinə, kainatın himayədarı, qoruyucusu, sirdaşı və yoldaşı olar. Öz varlıq məqsədini kainatın varlıq səbəbindən ayrı görməz. Hər əməlini “Varlıq niyə var?” sualını düşünərək və anlayaraq yerinə yetirər. Bunu bacardığı ölçüdə varlıq və təbiət aləmi onunla dialoqa girər. İnsan özünü varlığa açdıqca varlıq da öz sirrini ona açar. O zaman anlayar ki, varlıq yalnız maddədən ibarət deyil: fiziki gerçəklik varlıq mərtəbələrinin yalnız bir qismini təşkil edir.
Biz bir hissəsi olduğumuz varlıq aləminin və yaradılış nizamının mənasını ağlımızda, ruhumuzda və qəlbimizdə dərk etməyə başlayanda varlığın bizə dediklərini eşitmək imkanı əldə edirik. Bu məqamda başa düşürük ki, dinləmək və eşitmək sadəcə fiziki qulaqla baş vermir: bu, ağılla, qəlblə, sezgi ilə, xəyalla – bir sözlə, insanın bütün varlığı ilə həyata keçən dərin bir prosesdir.
Çağımızın iki böyük problemi var: korluq və karlıq. Nə yaradılış nizamındakı işarələri görə bilirik, nə də qulağımıza pıçıldanan həqiqətləri eşidirik. Öz əlimizlə yaratdığımız qaranlıq və səs-küyün içində görməyin və eşitməyin həqiqi mənasından uzağıq. Görməyi ekranda sürətlə axıb gedən təsvirlərə baxmaq, eşitməyi isə cihazların səslərini 294 və telefon siqnallarını dinləmək zənn edirik. Şəhərin süni işıqları üzündən hər gecə göydə milyonlarla ulduzun sərgilədiyi möhtəşəm mənzərəni görə bilmirik. Neon işıqların üzümüzə düşən parıltısını isə aydınlanma və işıqlanma sanırıq.
Öz qopardığımız səs-küyün ucbatından təbii səslərin fərqində belə deyilik.
Təbii su səsi, quzu mələrtisi, yarpaqların xışıltısı, dalğaların uğultusu, küləyin nəğməsi – bunları ən son nə vaxt dinlədiyimizi belə xatırlamırıq.
İnsan yalnız mənəvi gözünü və mənəvi qulağını inkişaf etdirdikdə həqiqi mənada görmə və eşitmə imkanına sahib olur. Heç bir texnoloji cihaz bu imkanı əvəz edə bilmir.
Sokrat “Yalnız onu bilirəm ki, heç nə bilmirəm” deyəndə həm ironiya edir, həm də dərin bir həqiqətə işarə vururdu. İroniya edirdi, çünki dövrünün ən böyük müdriklərindən birinin “Mən heç nə bilmirəm” deməsi, əlbəttə ki, müəyyən bir məqama diqqət çəkmək məqsədilə söylənmişdi. Sokrat burada hər şeyi bildiyini zənn edən və bildiklərini varlılara pulla öyrədən sofistlərə eyham vururdu. Eyni zamanda o bir həqiqəti də dilə gətirirdi: insanın hər şeyi bilməsi mümkün deyil. Daha çox bilmək üçün daim çalışmaq, oxumaq və öyrənmək lazımdır. Bu öyrənmə cəhdinin son məqsədi sadəcə məlumat toplamaq deyil, əsas hədəf “özünütanıma” mərtəbəsinə çatmaqdır. İnsanın “Mən kiməm? Nə üçün buradayam?” suallarına doğru cavab verməsidir. Bilginin məqsədi sadəcə informasiya, data, rəqəm və fakt yığmaq deyil, əsas məqsəd “Niyə?” sualına cavab tapmaqdır. İnsanın özünü tanıması öyrənmənin son hədəfidir. Buna görə də Sokrat, Platon və Aristotelin tez-tez ziyarət etdiyi Afinadakı Delfi məbədinin girişində “Özünü tanı!” ifadəsi yazılmışdı. Özünü tanı, özünü bil, özünü tap. Fizikadan riyaziyyata, fəlsəfədən tarixə qədər bütün elmlərin məqsədi insanın özünü bilib tanımasıdır.
Amma “özünü tanı” ifadəsi “nəfsini böyüt” və ya “eqonu şişirt” mənasına gəlmir. Əksinə, bu ifadə “Böyük varlıq dairəsi içində öz yerini tap və həqiqətə buradan yol al” mənasını verir. Özünü bilmək – özünü tapmaqdır. Ərəbcədə “var olmaq” (vücud) həm tapmaq, həm də tapılmaq deməkdir. Latınca “var olmaq” (existere) isə gizləndiyin yerdən üzə çıxmaq anlamını daşıyır. Deməli, insanın varlığı böyük varlıq dairəsində digər varlıqlarla birlikdə ortaya çıxması və özünü tapmasıdır. Buradakı bilmək yalnız məlumat sahibi olmaq və ya informasiya yığınları toplamaq deyil. Tapmaq mənasında bilmək arifanə şəkildə anlamaq, dərk etmək və qavramaq deməkdir, yəni dərindən bilməkdir. İnsanın özünü tanıması – özündən kənara çıxması, eqosunun fövqünə qalxaraq həqiqətin təkcə özündən ibarət olmadığını görməsidir. Elə buna görə də müsəlman mütəfəkkirlər qədim yunanların fikrinə mühüm bir əlavə etdilər: “Özünü tanıyan Rəbbini tanıyar”. Həqiqətən də, özünü düzgün şəkildə tanıyan insan yalnız öz içində qalmır. O, həqiqətin özündən uca olduğunu dərk edir və ona yönəlir. İlk mərhələdə insan özündən kənardakı varlıq aləmini görür, onunla əlaqəsini və ünsiyyətini anlayır. Sonra varlıq aləmini var edən həqiqətə, yəni mənbəyə yönəlir. Bütün varlığın bir məqsəd üçün yaradıldığını dərk edir və Rəbbi tanıma mərhələsinə keçir.
Özünü tanımaqla başlayan səfər Rəbbini tanımaqla kamala çatır. Lakin bu səfər burada da bitmir: bu idrak səviyyəsinə çatdıqdan sonra insan yenidən varlıq aləminə qayıdır və hər şeyin mənasını öz yeni mərtəbəsindən dərk etməyə başlayır.
Buna görə də “özünü tanı” elə “özünü tap” deməkdir. “Özünü tapmaq” isə kainatda öz yerini görmək, hər şeyi yerli-yerində nizama salmaqdır. Belə bir insan kainata təkəbbür və qürurla baxmaz: narsist baxışla özünü kainatın mərkəzi, ağası və sahibi kimi görməz. O, böyük varlıq və həqiqət dairəsi içindəki yerini dərk edər, varlıq aləmi, digər varlıqlar və insanlarla mübarizədən əl çəkər. Onların mövcudluğunu özünə təhlükə saymaz. Əksinə, onları öz həqiqətini aşkara çıxara biləcəyi bir ayna kimi görər, yoldaş sayar. Onlarla birgə var olmağın və yaşamağın yollarını axtarar. Onları “varlıqdaşları” kimi qəbul edər, varlıq nizamını paylaşdığı ortaq kimi onlara sahib çıxar. Onların üzərində hökmranlıq qurmaq əvəzinə, onlarla birlikdə özünü və kainatı zənginləşdirməyə çalışar. Belə bir insan özünü heç kəsdən və heç nədən üstün saymaz.
Özünü üstün görmək fərdi səviyyədə eqoizmə, ictimai səviyyədə isə irqçiliyə aparan təhlükəli yoldur.
Öz soyunu, etnik mənsubiyyətini, qanını, tayfasını və ya qəbiləsini üstün saymaq başqalarına qarşı irqçiliklə nəticələnir. Tarixdə ortaya çıxan bütün irqçi hərəkatlar kollektiv üstünlük duyğusuna söykənir. “Mən digərlərindən üstünəm və məndən başqa hər şey mənə xidmət etmək üçün var” yanaşması irqçiliyin əsas fərziyyəsidir. Özünü başqalarından üstün görmək həmçinin Yaradanın hikmətinə və ədalətinə qarşı çıxmaq deməkdir. Bu Onun hər şeyi məqsəd, hikmət və nizamla yaratdığını unutmaq və digər varlıqlara haqsızlıq etməkdir.
Tarixdəki ilk irqçi İblisdir. O özünün oddan, Adəmin isə torpaqdan yaradıldığını əsas gətirərək üstün olduğunu iddia etmişdi. Bunu nə vaxt etdi? Uca Allah insanı yaratdıqdan sonra bütün mələkləri ona səcdə etməyə çağıranda. Özünün mələklər aləminə məxsus olmasına baxmayaraq, İblis Adəmə səcdə etmədi, çünki yaradıldığı maddənin, yəni odun torpaqdan üstün olduğuna inanırdı. Bununla həm Allahın əmrinə qarşı çıxdı, həm də “ilahi nəfəs üfürülən” (“Hicr” surəsi, 29) insana hörmətsizlik etdi. Adəmin yaradılışı barədə suallar verən, lakin sonra Allahın iradəsinə təslim olan mələklərin əksinə, şeytan inad etdi və səcdədən boyun qaçırdı, üsyan etdi. Məhz irqçiliyin hekayəsi buradan başladı və bu anda da lənətləndi. Niyə? Çünki Allahın yaratdıqları arasında irq və mənşə əsasında üstünlük iddia etmək və saxta iyerarxiyalar qurmaq yaradılışın hikmətinə qarşı çıxmaqdır.
İnsan başqa bir insandan yalnız ağlı, ruhu, təqvası, ixlası, sədaqəti, vətənpərvərliyi, fədakarlığı, inancı və əxlaqı ilə üstün ola bilər.
Bu bir növ yarışdır: daha çox çalışan, daha çox zəhmət çəkən daha layiqdir. “Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır” (“Hucurat” surəsi, 13) ayəsinin işarə etdiyi də budur: heç kim irqinə, dərisinə, dilinə, soyuna və ya qəbiləsinə görə digərlərindən üstün deyil. Həqiqi üstünlük yaxşıya, doğruya və gözələ bağlanmaqdır; Yer üzündə ədaləti qurmaq üçün çalışmaq, ağıl və fəzilət yolunu tutmaqdır. Bununla insana “həddini bil və zəhmətinin qarşılığı üçün çalış” prinsipi öyrədilir. Heç kimə irqinə, mövqeyinə, statusuna və ya gücünə görə üstünlük verilməyib. Buna görə də təkəbbürə qapılan kəs əvvəl Allahın, sonra isə varlıq aləminin qarşısında məğlubdur.
Dünyada özünü bəyənən və təkəbbürlü insan axirətini itirməyə məhkumdur.
Peyğəmbərimiz (s) buyurur: “Qəlbində zərrə qədər təkəbbür olan cənnətə girməyəcək”. Bu hədis çox sarsıdıcıdır və dərindən düşünülməyə layiqdir. Axirətə gedən insanın özü ilə apardığı yeganə şey əməl dəftəridir, yəni bu dünyada etdiyi əməllərdir. Onların xülasəsi isə qəlbdir. Deməli, insan axirətə yalnız qəlbi ilə gedir. Qəlbi nə qədər nurani, təmiz, mərhəmətli və xeyirxah olarsa, axirəti də o qədər nurlu olar. Amma o qəlbdə zərrə qədər belə təkəbbür saxlayarsa, cənnəti də itirər. “Zərrə qədər” ifadəsi isə gözlə görünməyəcək qədər kiçikliyi bildirir – yəni atom zərrəsi boyda. Böyük mənzərəyə baxanda nəzərdən qaçacaq qədər kiçik bir təfərrüat! Amma iş qəlbə və təkəbbürə gəldikdə o kiçik zərrə böyük bir kütləyə çevrilir və zərrə qədər təkəbbür qəlbi qaralda bilir. Qəlbində zərrə qədər təkəbbür olan insana cənnətin qapıları açılmır. Dünyada saysız-hesabsız yaxşılıq etmiş ola bilərsən, saraylar, məktəblər inşa etdirmiş, ehtiyacı olanlara yardım göstərmiş ola bilərsən. Lakin, bəlkə də, bunları riya üçün etmisən, edərkən təkəbbürlənmisən, “Pulum var, gücüm var, edirəm!” demisən. Bu halda bütün “xeyir işlər” təkəbbürünün qurbanına çevrilər və Allah qatında dəyərsiz, mənasız hala gələr. Qiyamət günü qəlbin açılıb tərəzilərə qoyularkən orada zərrə qədər təkəbbür aşkar edilərsə, əlini-qolunu sallaya-sallaya cənnətə girəcəyini düşünərkən cənnətin qapıları üzünə bağlanar. Orada donub qalar, təəccüb və təşviş içində nə edəcəyini bilməzsən. Artıq geriyə dönüş yolu bağlıdır, keçmişi düzəltmək imkanın yoxdur. Qəlbindəki o ləkədən xilas olmağın da mümkünsüzdür.
Yeganə yol təkəbbürə əsla yer verməmək, o ləkəni qəlbə salmamaqdır. Məqamın, mövqeyin, gücün, imkanın, şöhrətin, uğurun, zəfərin, mükafatın nə olursa olsun, bir anlıq belə qafil olub lovğalanma.
Yaxşılıq və gözəllik sənin özündən deyil, sənə verilmiş bir əmanətdir. “Necə də gözələm, yaraşıqlıyam, güclüyəm…” demək əvəzinə, sənə verilmiş nemətlərin şükrünü yerinə yetirmək üçün daha təvazökar, comərd, mərhəmətli və bağışlayıcı ol.
Çıxış yolu hər birimizin Allahın qulu olduğunu və bir gün bu dünyadan köçəcəyimizi unutmamaqdadır. Bu gün nəyə sahib olduğuna deyil, sabaha nə qoyub getdiyinə əhəmiyyət verməkdədir. Xırda və bəsit şeylərə görə qəlb qırmamaqda, mənfəət üçün kimisə alət etməməkdədir. Əşrəfi-məxluqat olaraq yaradılmış insanı əşya və ya əmtəə kimi görməməkdədir. Kimliyi, mövqeyi, şöhrəti nə olursa olsun, qarşındakı insanın da sənin qədər hörmətə, sevgiyə, anlayışa, şəfqət və mərhəmətə layiq olduğunu dərk etməkdədir.
Peyğəmbərimizin (s) həyatında çox təsirləndiyim bir səhnə var. Bu hadisə təkəbbür və lovğalığın dəyərsizliyini anlamağımıza kömək edə, qəlb gözümüzü aça, həqiqi dəyərin məqamda, mövqedə, gücdə və ya pul-parada deyil, qəlbin ixlas və səmimiyyətində olduğunu göstərə bilər. Ola bilsin, bu səhnə ağlımıza işıq, qəlbimizə rəhbər olar və bizi təkəbbürdən uzaq tutar.
Bir gün Peyğəmbərimiz (s) beş-altı səhabəsi ilə bir yerdə oturarkən Məkkə müşriklərindən biri qəzəbli halda onlara yaxınlaşır. Görünür, o dövrdə Məkkənin nizamını pozmaqda günahlandırılan Allahın Rəsuluna (s) ağır söz demək niyyətində idi. Oturan dəstəyə qəzəblə yaxınlaşan adam Peyğəmbərimizi (s) simaca tanımadığı üçün oturanlara diqqətlə baxmağa başlayır. Amma nə geyimlərindən, nə oturuşlarından, nə də başda oturmasından hansının peyğəmbər olduğunu ayıra bilmir. Qəzəbi daha da artır və yüksək səslə soruşur: “Muhəmməd hansınızdır?”
Hadisə buraya qədərdir. Yəqin ki, davamında qəzəblə verilən bu suala mərhəmət və şəfqətlə cavab verilir: Peyğəmbərimizi işarə edən səmimi təbəssümlər, sadə əl hərəkətləri… Adamın sifəti bir anda dəyişir, üzündə işıq yaranır, qəlbi yumşalır. Qəzəbin yerini mərhəmət tutur. Çünki Allahın Rəsulu (s) səhabələri ilə çox sadə, səmimi və dostcasına otururdu. rəbistanın irq, qəbilə və sinfi iyerarxiyasından gələn bu adam bir anın içində tamamilə başqa bir dünyanın qapısını görür. Artıq o qapıdan keçməsinə heç kim mane ola bilməz. Hirs, kin və qərəzlə verilmiş “Muhəmməd hansınızdır?” sualı həmin şəxsin qurtuluş vəsiləsinə çevrilir. Eyni şəkildə Allahın Rəsulunu (s) öldürməyə gələn Ömər ibn Xəttab da bu mərhəmət sayəsində yeni bir həyata qovuşmuşdu.
“Muhəmməd hansınızdır?” sualını soruşmağa vadar edən əxlaq, səmimiyyət və təvazö bizim həqiqi hekayəmizdir. Bu, Narsisin nərgizə çevrildiyi andır. Burada ruh azad olur, ağıl işıqlanır, qəlb yumşalır, könül rahatlayır və varlıq öz mənasını kəşf edir. Cənnət qapısından geri çevrilməyəcəyimiz yolun başlanğıcı məhz bu məqamda başlayır.
Tərcüməçi: Muxtar Cəfərli
Mənbə: İbrahim Kalın “Özə qayıdış”. Bakı, MİMTA YAYIMLARI, 2026, 304 səh.




