Köşə Yazıları Xəbərlər Yunus Müşfiq

Nənəmin gülüstanı

Əslində, uşaq vaxtı, məktəb illərində, dövr etibarı ilə 90-cı illərdə çox da şanslı olmamışam. Yenə də müəyyən qədər hekayələr, nağıllar oxumuşam. Buna dərslik vaxtı əsərlərin geniş icmalını da əlavə etmək olar.

Xatırlayıram, 5-6-cı sinifdə idim. Nənəmgilin həyət evində, aynabəndli ikinci mərtəbəsində, masasının üstündə onun kitabları – Rumi, Füzuli, Şirazi, Hafiz, Nəsimi, Nizaminin əsərləri var idi. Öz evimizdə də həmişə kitab rəfimiz olub. Atamın ixtisas kitabları aşağı rəfdə, orta və yuxarı rəflərdə isə Azərbaycan və dünya klassikası əsərləri yer alırdı. Onlar daha çox böyüklər üçün idi, ən azından atam elə deyirdi. Yadımda qaldığı qədər deyim ki, “Ovod”, “Başsız atlı”, Skandinaviya dastanları, “Səfillər”, “Martın İden” kimi əsərlər idi. Onlar mənimçün o vaxt bir az əlçatmaz idi. Böyüyəndə oxuyacaqdım atamın deyimi ilə, elə də oldu. Bir də dünya uşaq ədəbiyyatı seriyası mövcud idi. Həmin seriyadan çoxlu hekayələr oxumuşdum.

Düzünü desəm, nənəmgildəki xüsusi parça örtüklü, nöyüt lampasının yanında, stolüstü böyük kristal saatın tam qarşısındakı kitablar mənə daha sehrli gəlmişdi. Şallı, ağsaçlı nənəmi əlində kitab, gözlərində eynəklə görürüdüm. O qədər hüzurlu bir görünüşü, həyatdan kamını almış halı var idi nənəmin. Onun kitabları də mənə təskinedici gəlirdi. Sonra nənəm mənə aşağı otaqda, alt evdə, sobanın yanında çox əsrarəngiz, maraqlı hekayələr danışırdı. Barmaqlarımı o səhifələr üzərində gəzdirdikdə müqəddəs bir nəsnəyə toxunmuş kimi gəlirdi mənə. Kitabı açanda, necə deyərlər, əsl kitab qoxusu bürüyürdü ərtafı. Həmin vaxta qədər heç onun kitablarını oxumamışdım. Mənə onlara baxmağa icazə verirdi. Onlara toxunanda sanki, ayrı bir sehrli aləmin qapılarına yaxınlaşırdım. Bilmirəm niyə, bəlkə də, nənəmin kitablara nəvazişlə davranışının təsirində idim. O kitablar arasında ən çox da “Gülüstan” əsəri gözümü boyamışdı. Ensiz, uzun, düzbucaqlı formada, mavi və yaşıl tonlarında bir kitab idi. Xüsusilə yol hekayələri, atanın oğula nəsihətləri, ilahi sevgi, dostluq, vəfa kimi sufi mövzular məni başqa bir aləmə aparırdı. İllərlə o kitabı təkrar-təkrar oxudum. Kitabı oxuyanda həmin aləmdə olurdum. Yolda başlarına qəribə, ibrətlik hadisələr gələn adamlar görürdüm. Deyə bilərəm ki, bəlkə də, həyatıma uşaq ikən yön verən elə ən təsirlisi o olub. Sonradan anladım ki, onun danışdıqlarının bir qismi elə bu kitabda da var imiş.