Köşə Yazıları

NİFRƏTİN ÇÖKÜŞÜNDƏN DOĞAN SEVGİLƏR

İnsanlarımızın ağrılarını hayqırmağa, dərdini çəkməyə zamanı və küncü olmur çox vaxt. Ürəyimizdə yığılıb qalır, ağır yükə çevrilir. O yükün çəkisi heç vaxt azalmır, şəxsi, ictimai, milli ağrılar çoxdur. Sadəcə o yükü daşıyacaq mənəviyyata, xarakterə sahib olmaq gərək, aqressiyaya çevirmək yox. Mübarizə aparmaq üçün sağlam düşüncə, sağlam mühit, dünyagörüşü, ən əsası, dəyərlərimiz olmalı. Məhz o zaman taleyimizi ləyaqətlə daşıya bilirik. Məhz o zaman ağrı bizi cılızlaşdırmır, böyüdür.

Bir dəfə işə gələndə küçədə qonşu qadınla rastlaşdım. Küçəmizin asfaltlanması mövzusu ilə söhbətə giriş verdi. Bir dəqiqənin içində necə oldusa, insanlara və həyata nifrət elədiyini dedi. Məni çox narahat edir bu, ətrafımızdakı hər on adamdan yeddisi ürəyində, içində nifrət gəzdirir. Bir də rastlaşmadığımız, həmsöhbət olmadıqlarımız var.

Həyatımı bunlardan qorumuşam həmişə: nifrət, qorxu, şübhə, peşmanlıq. İnsanı yaşamağa qoymayan, ömrünü-gününü çürüdə bilənlər… Məsələn, mən buna inanıram, kiməsə, nəyəsə nifrət etsəm, mənəvi ölümümü gerçəkləşdirə bilərəm. Ona görə daim içimdə və çölümdə axtarışdayam, nifrətə, şərə, şübhəyə, qorxuya qarşı qoya biləcəyim, onları yenə biləcəyim məfhumlar, hisslər axtarıram. Tapıram, belə rahatam, belə yaxşıyam, xoşbəxtəm. Ağrılarım yoxdurmu? Var, amma bu həyata və insanlara nifrət etməyə əsas deyil.

Ağrılar sevgini də doğa bilir, seçimimi sevgidən yana etmişəm. Qorxuram nifrətdən, hikkədən, nifrət dolu evlərdə uşaqların doğulub-böyüdülməsindən qorxuram. Bacardığım qədər insanların ürəyindən bu mənfi hissləri yox etməyə kömək olacaq yazılar yazıram, onlarla görüşüb söhbətləşirəm, sevgiyə, yaxşılığa inandırmağa çalışıram. Amma və lakin… tək bununla olmur. Mən çox yaxşı anlayıram, insanların həyat şəraiti ağırdır, eyni problemlərlə mən də çarpışıram, hamımızın həyatı və qayğıları bir-birinə oxşayır artıq, amma hər insan eyni mənəvi və fiziki gücdə deyil, hər kəs eyni ruha, ürəyə, iradəyə sahib deyil. Hamı sevgiylə həyatı və insanları qucaqlaya bilmir. Şər də öz işini yaxşı görür, qələbə qazanır. Şər bilirsiniz nədir? O qadının, 2 ay bundan əvvəl itirdiyi həyat yoldaşının öhdəsindən gələ bilmədiyi problemlərdir, mübarizə aparıb aşa bilmədikləri əngəllərdir, işsizlikdir, xroniki yorğunluqdur, müalicə edə bilmədikləri xəstəlikləridir, tükənmişlikdir.

Məsələn, biz yaşadığımız küçəni keçib evə çatmaq üçün bir balaca avtobusdan da istifadə edilir, insanların həyat, düşüncə tərzi ilə tanış olmaq üçün hərdən o avtobusda beş dəqiqə yol getməyim kifayət edir. Düşünəndə dəhşətə gəlir insan, hər şey bir yana, sübh tezdən yola düşüb axşamın qaranlığında evə qayıdan bu qadınlar, kişilər nəinki həftədə, ayda, ildə bir dəfə istirahət edə bilmir. Onların buna vaxtı və imkanı yoxdur. İstirahət etsələr, acından ölə bilərlər… Çoxdan qəbul etmişəm bütün reallıqları, həyat budur, belə çətindir. Amma mənim insanlardan gözləntim nədir? Özünüzü bir az inkişaf etdirin, özünüzü yenidən yaradın. İnkişaf deyəndə nəticədə “atom parçalayın” demirik. İnsan özünü yetişdirəndə onun dəyərləri formalaşır, o dəyərlərə sığınıb yaşaya bilir, sevə bilir. Özünü qoruya bilir, yel dəyirmanı ilə mübarizə apara bilir. Nifrət həm də cəhalətdən doğur, cəhalət aydınlığı, işığı görməyə imkan vermir. Nifrət etməyə nə var ki? Bir insana və ya həyata nifrət etməklə nə əldə edirsiniz ki? İnsan dağıdıb-tökməyi seçəndə dağıntının altında birinci özü qalır, yaralanır, məhv olur. Onda illərdir gözlədiyiniz olur; yolunuza asfalt salınır, amma siz həyata və insanlara nifrət etməyə davam edirsiniz… Bunu bir düşünün, düşünməklə özünüzü, sizi xilas edən səbəbləri bu məmləkətdə. Çünki sevmədən və düşünmədən olmur, nifrətlə heç olmur.