İnsan bəzən yaşamının mənasını – daha doğrusu özünü itirir. Depressiyaya düşür, ruh halı və enerjisi tamamilə çökür, elə bil həyatla arasına böyük bir sədd çəkilir və susqunluğa qərq olur. O an insan hamıdan, hər şeydən uzaqlaşmaq, yalnız qalmaq, özünü, “mən”ini, həyatdakı amalını axtarıb tapmaq istəyir. Bu axtarışlarda ya itirdiyini tapır, ya da birdəfəlik hər şeyini itirib qeyb olur.
Amal demişkən, bizim həyatdakı amalımız nədir? Biz, doğrudan da, yaşayırıq, yoxsa sadəcə mövcuduq? Bəzilərimiz bu sualı özünə verməkdən çəkinir. Boşa keçən zamanını fərqinə varmaqdan qorxur. Biz o qədər öyrəşmişik ki, səhər açılsın, gündəlik işlərlə məşğul olaq, daha sonra axşam olsun, yenə növbə ilə bu şəkildə həyat davam etsin. Heç bir dəqiqə də olsun bu təkrar yaşamdan kənara çıxmaq istəmirik. Bizə verilən 24 saatı boş-boş işlərlə keçiririk, sonra da deyirik ki, vaxt çatmır. Vaxt necə çatsın? Sosial şəbəkələrlə, elektron cihazlarla zamanımızı hədər edirik, çünki onlardan doğru şəkildə necə istifadə edəcəyimizi bilmirik. Ya da ki, boş vaxt tapan kimi tez kiminsə həyatına müdaxilə etmək, onu yarğılamaq istəyirik. Guya özümüz çox mükəmməlik, hələ başqalarının da dərdini çəkir, onları özümüz kimi olmağa səsləyirik. Başımız bu “həyati” məsələlərə o qədər qarışır ki, bir də görürük gün bitdi. Bəs sən nə qazandın? Əlbəttə ki, heç nə, qızıldan da dəyərli vaxtından, ömründən, günündən getdi. Başını qaldırıb özünə baxmağa vaxt çatanda saçlarının ağardığını, üzünə yaşlılıq ləkələrinin düşdüyünü, yaşadığın yerə həbs olunduğunu görürsən. Bunca zaman boyunca nə olduğun yerdən başqa bir yerə getmisən, nə də oranı doya-doya gəzmisən. Hanı sənin uşaqkən qurduğun xəyallar, neçəsini həyata keçirmisən? Onda deyirsən: “ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”.
Bəzən də əksinə ətrafa baxdıqda görürük ki, bəlkə də, heç 30 yaşı yoxdu, gəncliyinin ən gözəl çağlarındadı, amma gün boyu əsəbidi, gərgindi, təlaşlıdı, sinir sistemi məhv olub, yaşlı insanlar kimi əlləri əsməyə başlayıb. İnsanları bu vəziyyətə nə gətirib çıxarıb?
Bəzən düşünürsən ki, bu qədər yorğunluq doğulduğumuz coğrafiyadandırmı? Yoxsa yaşama tərzimizdirmi bizi əzən? Yəqin ki, siz də tez-tez bu ifadəni eşitmisiniz: Coğrafiya qədərdimi? Bəli, məncə. Çünki biz Finlandiyada doğulan uşaqla, Fələstində, ya da Afrikada doğulan uşağı müqayisə edə bilmərik. Buna gücümüz çatmaz. Elə bölgələr var ki, orda doğulmuş uşaqlar gözünü açandan qızğın mübarizə meydanına atılır. Həyatda qalmaq, xoşbəxt gələcək, mükəmməl həyat, gözəl yaşam uğrunda durmadan savaş verir. Bozarmış həyatın içərisində hey çırpınır.
Bəzən gərəyindən çox düşünürük. Sonda özümüz belə fərqinə varmadan həm fiziki, həm də mental cəhətdən çökürük. Həmişə daha böyük şeyləri fikirləşirik. Amma görəsən bir dəfə olsun, başımızı yerə qoyanda bu gün kiminsə qəlbinə dəydim, kimisə incitdimimi deyə fikirləşirikmi?
Bəlkə də, özümüzü bu qədər yormağa ehtiyac yoxdur. Bəlkə də, çıxış yolu düşündüyümüz qədər mürəkkəb deyil. Sadəcə sağ olduğumuzu, hər səhər gözümüzü açmağı bacardığımızı, yanımızda bizi sevən ailə üzvlərimizin olduğunu xatırlamaq kifayətdir. Özümüzə vaxt ayıracaq bir məşğuliyyətimizin, başımızı salacaq bir evimizin, qarnımızı doyuracaq yeməyimizin olması – bunlar elə ən böyük nemətlərdir.



