Qardaş Pakistan dövlətinin qurulmasında, eləcə də onun siyasi-hərbi idarəçiliyinin formalaşmasında, ictimai institutlarının inkişafında və mədəni həyatının çiçəklənməsində azərbaycanəsilli Qızılbaş icmasının müstəsna rolu olmuşdur. Belə ki, Pakistan idarəçiliyində iki qızılbaş nazir fəaliyyət göstərmişdir – Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş (1897–1960) və Nəvvab Müzəffər Əli xan Qızılbaş (1908–1982). Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş 1897-ci ildə Britaniya Hindistanının Uttar Pradeş əyalətinin Aqra şəhərində nüfuzlu Gülabxana Qızılbaş ailəsində dünyaya gəlmişdir. Gülabxana Qızılbaş ailəsi Şamlı tayfasına mənsub idi və şəcərədəki məlumatlara əsasən, ailənin əcdadı Herat bəylərbəyi, Böyük Şah Abbasın lələsi və Şah Təhmasibin kürəkəni olmuş Əliqulu xan Şamlıdır. Əliqulu xan Şamlının özbəklər tərəfindən öldürülməsindən bir müddət sonra Səfəvi sarayında baş verən siyasi çəkişmələr və saray çevrilişləri onun ailəsini Böyük Moğol Hindistanına köçə məcbur etdi. Ailə XVII əsrin sonlarında Moğol Hindistanın Multan şəhərinə köçdü. XVIII əsrin əvvəllərində nəslin iki nümayəndəsi Böyük Moğol imperiyasının keçmiş paytaxtı olan Əkbərabada, indiki adıyla Aqra şəhərinə köçərək orada məşhur Gülabxana və Katra Hacı Həsən adlı ailə ocaqlarını qurdular. Britaniya Hindistanının bölünməsindən sonra ailə üzvləri Hindistandan Pakistanın Sind əyalətinin Kəraçi və Xayrpur Mirs şəhərlərinə köçdülər.
Xan Bahadur Mirzə Mümtaz Həsən Qızılbaş ali təhsilini Müsəlman-İngilis Şərq Kolleci və Allahabad Universitetində almışdır. Ali təhsilini başa vurduqdan sonra əyalət dövlət qulluğuna qəbul olunaraq birləşmiş əyalətlərdə bir sıra inzibati vəzifələrdə çalışmışdır. Uttar Pradeş əyalət hökuməti onu Hindistanın ali qanunverici orqanlarından biri olan Dövlət Şurasına öz nümayəndəsi kimi göndərmişdir. Burada Mümtaz Həsən Qızılbaş kənd təsərrüfatı islahatları və iqtisadi inkişafla bağlı proqramlar hazırlamış və onların həyata keçirilməsinə nail olmuşdur.
1938–1944-cü illər arasında o, Dehli Bələdiyyə Komitəsinin katibi vəzifəsində çalışmış və bu sahədə uğurlu fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. Onun xidmətlərini yüksək qiymətləndirən Britaniya Hindistanı hökuməti Mümtaz Həsən Qızılbaşı Hindistan Dövlət Xidmətində (ICS) ən yüksək vəzifəyə təyin edərək “Xan Bahadur” fəxri adı ilə təltif etmiş və Əfqanıstanın paytaxtı Kabil şəhərinə ticarət attaşesi vəzifəsinə təyin etmişdir. Bu vəzifə həmin dövrdə mühüm diplomatik post hesab olunurdu.
O, Pakistan qurulduqdan sonra bir müddət Əfqanıstandakı Pakistan səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra etdi. Daha sonra Qaidi-əzam Məhəmməd Əli Cinnahın göstərişi ilə Xayrpur knyazlığına göndərildi…
Vahid İbayev



