Tarix

Pəncab Qızılbaşları

Bu gün istər Pakistan Pəncabında, istərsə də Hindistan Pəncabında xeyli sayda Qızılbaşlar yaşamaqdadır. Britaniya müstəmləkə dövrünün dövlət xadimləri qeyd edirlər ki, bu icmanın ata yurdu Şərqi Qafqaz, xüsusilə də Şirvan əyalətidir, yəni günümüz Azərbaycan Respublikası.

Pəncab Qızılbaşları Pakistanın siyasi və hərbi həyatında mühüm rol oynayıblar. Bu icmadan çıxmış nüfuzlu şəxsiyyətlər arasında Pakistanın 3-cü prezidenti General Yəhya Xan Qızılbaş, nazir və səfir Müzəffər Əli Xan Qızılbaş, General Ağa İbrahim Əkrəm Qızılbaş və General Ağa Əli Rza Qızılbaş (Ali Raza Qizilbash), Parlament sədri Ağa Əli Heydər Qızılbaş kimi tanınmış simalar və eləcə də adlarını ayrıca qeyd etməyə dəyər bir çox başqa qızılbaşlar yer alır. Bu nümunələr Qızılbaşların yalnız keçmişdə deyil, müasir Pakistan cəmiyyətində də dərin iz buraxdıqlarını açıq şəkildə göstərir.

“Qulam xana və ya Qulam xanzadə” termini əfqan hökmdarlarının elit qvardiya dəstəsində xidmət edən Qızılbaş mənşəli əsgər və zabitləri adlandırmaq üçün işlədilirdi.

Qulam – Bu adamlar Pişəvər bölgəsində Qulam Xanzadə adı ilə 3 347 nəfər, Multan bölgəsində isə sadəcə Xanzadə adı ilə 90 nəfər olaraq qeydə alınmışdır. Sonuncuların adı, bəlkə də, səhvən Xanzadə kimi yazılıb.

Lakin sonradan gördüm ki, Məhəmməd Hayat xan özünün “Haiyat-i-Afghani” adlı əsərində Kabil Qızılbaşlarının ümumi şəkildə Qulam-xana adlandırıldığını bildirir. Əgər bu doğrudursa, onda bizim Qulam Xanzadələr, çox güman ki, sadəcə Qızılbaşlardır. Bununla belə, yuxarıda təsvir olunanlar Pişəvərdə əhəmiyyətli sayda mövcuddur.

Qızılbaş – Qızılbaşlar Şərqi Qafqazdan (Azərbaycandan) olan Tatar (Türk) atlılarından ibarət bir tayfadır. Onlar qədim İran (Səfəvi) ordusunun və Nadir şahın Hindistana hücum etdiyi ordunun əsas dayağını təşkil edirdilər. Böyük Moğol imperiyasının bir çox dövlət ərkanı Qızılbaş olmuşdur, xüsusilə də Övrəngzibin tanınmış vəzirlərindən olan Mir Cumla. Bildirilir ki, onların adı geyindikləri və xüsusi formaya malik qırmızı papaqdan götürülüb. Bu çalma İranda Səfəvi dövlətinin qurucusu tərəfindən həmin məzhəbi fərqləndirmək üçün icad edilmişdi. Onun oğlu Şah Təhmasib Humayunu İran (Səfəvi) sarayında sığınacaqda olduğu vaxt bu papağı taxmağa məcbur etmişdi. Təkcə Kabil şəhərində təxminən 1 200 Qızılbaş ailəsi var. Onlar burada Nadir Şah tərəfindən yerləşdirilmiş və bu günə qədər mühüm hərbi koloniya kimi mövcudluğunu saxlamışdırlar. Həmçinin yerli siyasətdə əhəmiyyətli təsirə malikdirlər, Əfqanıstan boyunca geniş yayılmışdırlar. Qızılbaş kimi qeydə alınanlardan əlavə, 66 nəfər Pathan kimi qeydə alınıb, onların da 48-i Dehra İsmayıl Xan bölgəsində yaşayır.

Yerləşmə – Bu çox kiçik tayfa, əsasən, Lahor və Layalpurdə (indiki Feysəlabad) yaşayır. Tayfanın bir neçə tanınmış üzvü həm orduda, həm də mülki xidmət sahəsində zabit kimi fəaliyyət göstərir.

Aparıcı ailələr – Ən məşhur ailə Lahordan olan Nəvvab Müzəffər Əli xan ailəsidir. Əfqanıstandakı yüksək rütbəli Qızılbaş ailəsinə mənsubdur; Hindistana yürüşü zamanı Nadir Şahla birlikdə Xəzər dənizinin qərb sahilində yerləşən Şirvan əyalətindən gəlmiş Sərdar Əli xan nəslindəndir. Dehra İsmayıl Xan bölgəsində də yüksək statuslu (Qızılbaş) ailələr mövcuddur.

Mənbələr

1. “Panjab Castes. Being a reprint of the chapter on “The Races, Castes and Tribes of the People” in the Report on the Census of the Punjab published in 1883 by the late SİR DENZİL IBBETSON, K.C.S.I. Lahore: Superintendent, Government Press, 1916, page 213.”

2. “Punjabi Musalmans” by Lt. COL. WİKELEY, J. M, 1915, page 121.”

3. “Sir Roper Lethbridge, The golden book of India, a genealogical and biographical dictionary of the ruling princes, chiefs, nobles, and other personages, titled or decorated, of the Indian empire. London 1900, page 386.”

Vahid İbayev
Qızılbaş Qlobal İrsi Təşkilatının sosial media moderatoru, araşdırmaçı